Articles

Avropada Millətçilik: Yeni Eranın Başlanğıcı?

Razi Nurullayev
Razi Nurullayev, AXCP sədrinin Xarici Əlaqələr üzrə müavini

2008-ci ildə başlanan böhranın birinci dalğasının fəlakətləri qurtarmamış dünya ikinci böhranla üzləşməkdədir. Bu böhran ABŞ-ı və Avropa Birliyi dövlətlərini artıq vurub. On minlərlə insan iş yerlərini itirməkdədir. Yunanıstanın dövlət kimi məhv olmasının qarşısını almaq üçün digər Avropa dövlətləri özlərini də riskə atmalı olurlar. Barak Obama iqtisadi təzyiqlər və çətinliklər üzündən ikinci dəfə namizədliyini verməyə də bilər. Fransa prezidenti Sarkozinin ikinci dəfə seçilmə şansı zəifdir. Italiya və İspaniya Yunanıstanın yanında yer ala bilər. İşsizlər ordusunun artması ilə bağlı digər Avropa Birliyi dövlətləri də daxili təlatümlərlə qaynaya bilər.

Dünya yeni iqtisadi böhranla üzləşir. Hər bir dövlət özünü qoruma instiktini yaşayır. Kimdə hansı instinktin təzahür edəcəyi yavaş-yavaş aydın olacaqdır. Avropa Birliyi dövlətlərində bu artıq təzahür edib. Avropa millətçiliyə yuvarlanır.

Multi-kulturizm (çox mədəniyyətlilik) yerini millətçiliyə verə bilər. Artıq bir sıra Avropa dövlətlərində, xüsusən Fransa, Almaniya və Avstriyada bu meyllər güclənməkdədir.
Tarixi də xatırlayaq. Avstriyalı siyasətçi, Avstriya faşistlərinin lideri, Karantiya torpaqlarının qubernatoru Yorq Hayder 1999-cu ildə başçılıq etdiyi Azadlıq Partiyası ilə parlament seçkilərində ikinci yeri tutmuş və 2000-ci ildə koalisiya hökumətinin tərkibinə daxil olmuşdu. Bu, bütün dünyada, ilk növbədə Avropa Birliyində qalmaqala səbəb olaraq Hayderi partiya liderliyindən istefaya məcbur etmişdi. Buna baxmayaraq, AB üzvü olan 14 ölkə Avstriya ilə münasibətləri məhdudlaşdırmağa qərar vermişdi.

Yorq Hayder 2008-ci ilin oktyabrında avtomobil qəzasında həlak olub. Lakin, bu o demək deyil ki, qatı millətçilik meylləri də həlak olub. Əksinə, böhranın başlanması ilə multi-kulturizm yerini millətçiliyə verib.

Fransada 2012-ci ildə keçiriləcək prezident seçkiləri sensasiyalar vəd edir. Hazırkı prezident Nikola Sarkozi populyarlığını itirib. Ultrasağ yönümlü «Milli Cəbhə»nin lideri Marin Le Pen reytinqə görə onu üstüləməkdədir. Marin Le Pen «Kommersant» qəzetinə müsahibəsində maraqlı məqamlara toxunub.

Marin Le Pen prezident seçiləcəyi təqdirdə, sərhəd siyasətinə yenidən baxacağını və miqrantların axınını qarşısını alacağını deyib. Buradan belə çıxır ki, Fransa Şenqen viza sazişindən çıxacaq. Fransanın Şenqen sazişindən çıxması zəncirvari reaksiya yaradaraq, digər ölkələrin də sazişi tərk etməsinə və sonunda onun fəaliyyət dairəsinin məhdudlaşdırılmasına gətirib çıxara bilər.

Marin Le Penin Fransada hakimiyyətə gəlməsi onun ABŞ ilə münasibətlərini yeni müstəvidə qurmasına səbəb ola və ABŞ-ın Avropada dayaqlarını sıradan çıxara bilər. Le Penin «Biz müstəqil, güclü və nüfuzlu Fransa uğrunda mübarizə aparırıq. Fransa ABŞ kimi ölkələrin deyil, öz maraqlarından çıxış edərək strateji maraqlarını qurur» deməsi çox mətləblərə aydınlıq gətirir.

Le Pen hakimiyyətə gələrsə evrozonadan çıxaraq özünün milli valyutasını bərpa edəcək. O, böhranda Fransa üçün yeni imkanlar görür. Fransanın evrozonadan çıxması Avropanın vahid valyuta siyasətini də iflasa uğrada bilər. Bu isə, doğurdan da, Avropada yeni meyllərin əmələ gəlməsinə şərait yaradar. Bu şərait digər AB ölkələrində də millətçilərin güclənməsinə və tədricən hakimiyyət eşalonlarında yer almasına gətirib çıxara bilər.
Fransa, doğurdan da ciddi seçim qarşısındadır. Dolayısı ilə bu seçim Avropa Birliyinin də birbaşa başının üzərində Demokl qılıncı kimi asılıb. Çünki, Fransanın iqtisadi cəhətdən zəifləməsi, Sarkozinin reytinqdən düşməsi, Le Penin güclənməsi, ABŞ-ı inkar edib Rusiyaya meyllənməsi, və NATO-dan imtina etməsi Avropaya ciddi inqilabi dəyişikliklər vəd etməkdədir.

Le Pen deyir: «Mən əvvəldən də Fransanın alyansda iştirakının əleyhinə olmuşam. Biz Rusiyaya doğru getməliyik. Mən çoxdan bəri, deyirəm – biz Vaşinqtonla deyil, Moskva ilə münasibətləri qurmalıyıq».

Belə çıxır ki, Fransa da Putinin irəli sürdüyü “Avrasiya İttifaqı” blokuna qoşula, Çin ilə də dostlaşa və ciddi müttəfiqlik qura bilər. Belə halın baş verəcəyi təqdirdə dünyanı hansı yeni təlatümlərin gözləməsi sirr deyildir.

Le Penin prezident seçilməsi həm də onun demokratik dəyişikliklər uğrunda mübarizə aparan xalqları müdafiə etməyəcəyindən xəbər verir. Fransa ərəb baharının əsas müdafiəçilərindən biri olub və bu təşəbbüsdən geri çəkilməsi dünyada baş verən demokratik dəyişikliklər dalğasının yenidən kilidlənməsinə gətirib çıxara bilər.
Dünya ciddi düşünməlidir. Xüsusən də, Avropa. Multi-kulturizm yerini millətçiliyə verərsə, dünyanın düzəni yenidən dəyişəcək və bu zaman Çin, Rusiya, İran, Braziliya, Hindistan və Venesuela yeni güclər kimi öz ətraflarında bloklar yaradacaqlar.

16 oktyabr 2011, Reytinq qəzeti

Related Articles

Back to top button