Interviews

Siyasətçilərin velosiped sürməsi və ictimai nəqliyyatın bərbad günü

Razi Nurullayev

Razi Nurullayev: “Təhlükəsizlik və mentalitet amilləri buna mane olur”

Azərbaycanda partiya liderləri qərargaha və ya hansısa tədbirə yollananda, nədənsə, həmişə xidməti maşınlarından istifadə edir. Bu üzdən xalqın dəstəyini qazanmaq istəyən siyasi liderləri ictimai nəqliyyatda, yəni xalqın içində görmək mümkünsüz hala çevrilib. Onlar sanki cəmiyyətdən qapalı fəaliyyət göstərməyi üstün tutur. İndiyə kimi özlərini bu və ya digər siyasi təşkilatın rəhbəri sayan həmin şəxslərin bir dəfə də olsun metro və ya avtobusdan istifadə etməsinin şahidi olmamışıq.
   Qeyd edək ki, geniş xalq kütlələrilə təmasın qurulması baxımından ictimai nəqliyyatdan istifadə etmək, heç şübhəsiz, hər bir siyasətçiyə reytinq baxımından əlavə xal gətirə bilər. Çünki kütlə adətən, bəyənib-bəyənməməsindən asılı olmayaraq, tanınmış adamlarla söhbət etməyə, onlarla, ən azından şəkil çəkdirməyə həvəsli olur. Xarici ölkələrdə, xüsusən də demokratiyanın dərin kök saldığı dövlətlərdə əhalinin nəinki bu və ya digər partiya liderlərini, hətta hökumət rəhbərlərini belə ictimai nəqliyyatda görməsi halları geniş yayılıb. Bəziləri hətta işə bir çox hallarda velosipedlə gedib-gəlir. Amma Azərbaycanda partiya liderləri ara-sıra ictimai nəqliyyatdan istifadə etməyi özlərinə sanki sığışdırmır. Bir çoxları düşünür ki, belədə onların imici yüksəlmək əvəzinə sarsıla bilər. Amma dünya təcrübəsi göstərir ki, əksinə, siyasilərin ara-sıra avtobus və metrodan yararlanması onların özləri üçün də faydalı olar. Partiya funksionerlərilə nədən liderlərin ictimai nəqliyyatdan istifadə etmədiyinə aydınlıq gətirməyə çalışdıq.
AXCP sədrinin müavini Razi Nurullayev bu halı təhlükəsizlik və mentalitetlə bağladı: “Sualın cavabı aydındır. Birincisi, Azərbaycanda oturuşmuş, rahat və təhlükəsiz yerüstü nəqliyyat sistemi yox dərəcəsindədir. Yeganə olaraq metronu rahat hesab etmək olar. Metrodan isə kifayət qədər siyasətçi istifadə edir. Amma partiya liderlərinin metrodan istifadə etməməsi bəlkə də onların özlərinin təhlükəsizliyilə bağlıdır. Çünki müxtəlif insanlar onlara qarşı bir çox təxribatlar törədə bilər. Belə təxribatlar zaman-zaman partiya funksionerlərinə qarşı olub. Bu narahatlığa görə onların ictimai nəqliyyatdan istifadə etməməsi daha məsləhətlidir. Azərbaycanda ictimai nəqliyyat sistemindən siyasilərin istifadə etməsi müsbət hal ola bilərdi. Amma milli mentalitet də buna imkan vermir. Məsələn, hər hansı bir lider ara-sıra velosipeddən istifadə edərək işə getsə, bəlkə də gülüş obyektinə çevrilə bilər. Qərbdə velosipeddən istifadə kütləvi hal olduğundan, siyasilərin də bu vasitə ilə işə gəlməsinə normal baxırlar. Azərbaycanda isə buna qeyri-normal yanaşılır. Siyasi partiya liderləri də, hesab edirəm ki, öz nüfuzunu itirməmək üçün belə bir addıma yol verməz”.

Açıqlama göstərdi ki, ölkəmizdə, tək-tük olsa da, bir çox partiya liderləri ara-sıra ictimai nəqliyyatdan da istifadə edir. Amma onların bildirdiyinə görə, təhlükəsizlik amili və mental xüsusiyyətlər bunun geniş yayılmasına mane olur”.

Rüfət SULTAN
http://www.baki-xeber.com/new/2011/11/02/get=67219

Related Articles

Back to top button