Müsahibələr

“Azərbaycan iqtidarı Türkiyəni müdafiə etmədi”

Рази Нуруллаев, зам-председатель ПНФА

30.01.2012. “Türkiyənin Fransanı həmsədrlikdən çıxarmaq kimi gücü yoxdur”

Politoloq Razi Nurullayevin Bia.az-a müsahibəsi:

-Türkiyə İranla əməkdaşlıq edəcəyini bildirir.
Bunun sonu nə ilə nəticələnə bilər?

– Mənə belə gəlir ki, Fransa Senatının soyqırımla bağlı qəbul etdiyi məlum qərarından sonra Türkiyə xarici siyasətində dəyişikliklər edəcək. Hazırda senatın bu qərarının fonunda Türkiyə İranla bağlı siyasətində bəzi dəyişikliklərin olması gözlənilir. Zənnimcə, Türkiyə, hazırda tələskən addımlar atmağa başlayıb və ABŞ onun bu siyasətinə korrektələr etməyə sğy göstərəcək. Amma, artıq faktdır ki, Türkiyə İranla əməkdaşlıq edəcək, qonşularına nisbətdə daha mülayim mövqe tutacaq. Çünki, Türkiyənin özü də soyqırım məsələsinə görə kövrək vəziyyətə düşüb. Artıq əvvəlki sürətlə regionda siyasətini davam etdirə bilməyəcək. Türkiyə Suriya ilə gərgin münasibətlərə malikdi və yenidən digər qonşusu İranla da eyni münasibətlərə malik olmaq istəmir. Amma Türkiyənin yəqin ki, İranın nüvə silahı ilə bağlı proqramına siyasəti dəyişməz olaraq qalacaq.

-Nəzərə alsaq ki, İran da Ermənistanı dəstəkləyir, o zaman Türkiyənin bu addımı atması nə dərəcədə doğrudur?


-Düşünürəm ki, hörmət və münasibətlər qarşılıqlı olmalıdır. Türkiyə cəmiyyətində belə fikir var ki, Azərbaycan Fransa Senatının qəbul etdiyi qərar zamanı Türkiyəni kifayət qədər dəstəkləmədi. Bunu birmənalı olaraq bu şəkildə demək düzgün deyil. Düzdür, Azərbaycan Xarici İşlər Nazirliyi və eyni zamanda Prezident Aparatı səviyyəsində Senatın qərarı pislənildi. Amma, prezident İlham Əliyevin çıxışı yer almadı. Baxmayaraq ki, həm Xarici İşlər Nazirliyi, həm də Prezident Aparatı ölkə başçısının mövqeyini sərgiləyir. Bununla bağlı Türkiyənin Hüriyyət qəzetində Azərbaycan prezidentinə Taha Akyol adlı yazar  müraciət edib. Məqalədə qeyd edilir ki, Azərbaycan prezidenti öz mövqeyini ortaya qoymalıdır, Türkiyəni dəstəkləməlidir.

Azərbaycanın Qarabağ problemi olduğuna və Fransanın da Minsk qrupunda həmsədr olduğuna görə Azərbaycan Fransa ilə münasibətləri korlamaq istəmir. Digər bir tərəfdən, Fransa ilə prezident və onun xanımının  isti münasibətləri var. Türkiyəni müdafiə edən zaman məhz bu münasibətlərə xələl gələ bilər. Belə hesab edirəm ki, Türkiyənin haqqı var desin ki, Azərbaycan Türkiyəni müdafiə etməlidir. Amma Azərbaycan bunu etmədi. Mən dediyim faktlar- şəxsi münasibətlərin olması və Minsk qrupundakı həmsədrlik ola bilər. Bununla yanaşı, Türkiyənin Ermənistanla yaxınlaşmaq siyasətinin özündə bir səhvlik vardı. Xarici siyasətində boşluq var idi. Yadınızdadırsa, sərhədlər məsələsində Azərbaycan cəmiyyəti sərt mövqe nümayiş etdirsə də, Türkiyə höküməti Sürix protokollarını imzaladı, amma parlamentdən keçmədi. Bu həm də Ermənistanın günahı ucbatından oldu. Bax, bu cür addımlar Türkiyənin mövqeyində sabitlik, yumşaqlıq yaratdı. Erməni lobbiləri də Türkiyənin bu mülayimliyindən istifadə edib, onun zəif yerindən vurdu. Belə bir məqamda Azərbaycan onu müdafiə etməli idi. Türkiyənin də bundan sonraki məsələlərdə Azərbaycanı müdafiə etməsi, yəqin ki, şərtlərə söykənəcək. Müdafiə edəcək, amma bizdən bunun qarşılığını istəyəcək. Azərbaycan iqtidarı Fransa ilə bağlı Türkiyəyə tam dəstək verib-verməmək dilemmasında qalıb. Azərbaycan iqtidarı yəqin dşünür ki, indiyə kimi Türkiyəyə kifayət qədər iqtisadi dəstəklər veirlib. Böyük yatırımlar həyata keçirilməkdədir. Bu dəstəyin fövqündə türkiyə Azərbaycandan iqtidarın mümkün görmədiyi siyasi dəstəyi istəyib, onu da pis vəziyyətə qoymamalıdır.  Gözləyirəm ki, artıq bu müstəvidəki söhbətlər açıq məcraya keçsin və tərəflər ürəklərində olanları kənar vasitələrlə bir-birlərinə desinlər. Zatən, artıq bu proses başlayıb.

-Həmçinin, Türkiyə höküməti bildirir ki, Qərblə birlikdə Suriyaya müdaxilə etməyəcək. Bu addım Qərbin maraqlarına cavab verirmi?

-Yox, əlbəttə ki. Türkiyə,regiondan kənara çıxaraq dünyada lider rolunu oynamaq istədi, amma gücü çatmadı. Ona görə Türkiyə öz gücünü, xarici siyasətini yenidən analiz etməli olacaq. Ən çox, ABŞ, Fransa və İngiltərə Suriyadakı rejimin dəyişdirilməsinə maraq göstərirlər. Fransa burada aparıcı rol aparmağa çalışacaq. Türkiyə də bunu istəmir. Çünki Suriyada rejim dəyişən zaman Fransanın mövqeyi güclənəcək. Fransanın bu addımının qarşısını almaq üçün, Türkiyə müəyyən addımlar atacaq. Daha sonra isə Türkiyə Suriyaya qarşı qəti mövqeyini ortaya qoyacaq. Ən azından, mən belə düşünürəm.

-Türkiyə ATƏT-in Minsk Qrupundan Fransanın nümayəndəliyinin ləğvinə çalışır. Buna nail olacaq?

-Türkiyənin bu məsələləri əngəlləmək, Fransanın həmsədrlikdən çıxarmaq kimi gücü yoxdur. Heç hüquqi əsasları da yoxdur. Türkiyə, sadəcə, çağırıçlar edir və Azərbaycanı inandırmaq istəyir. Həmin mandat ATƏT tərəfindən geri alınmalıdır. Birinci növbədə Azərbaycan bu iddianı ortaya qoymalıdır. Bu zaman Fransa gedə bilər. Başqa cür mümkün deyil. Azərbaycan hakimiyyəti bununla bağlı qərar qəbul etməlidir. Mənə elə gəlir ki, bu, olmayacaq. Fransadan bu mandat alınmayacaq. Yəqin ki, Azərbaycanın da Fransaya qarşı mövqeyi getdikcə dəyişəcək. Bu gələcək aylarda baş verə bilər, amma indiki halda olmasını gözləmirəm. Tək Fransanın yox, Avropa Birliyinin təmsil etdiyi 27 dövlət adından Avropa Birliyinin özü təmsilçilik məsələsini gündəmə gətirrə bilər. Mümkündür ki, Avropa Birliyinin xüsusi nümayəndəsi Minsk Qrupuna təyin olunsun.

Back to top button