Statements

Siyasi məsələlərlə bağlı yazılan materiallarda Azərbaycana qarşı heç bir informasiya müharibəsi yoxdur

Razi Nurullayev

Son dövrlər dünya mediasında Azərbaycana qarşı informasiya müharibəsi gedir. Gələn ay ölkəmizdə baş tutacaq nüfuzlu “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar olaraq xüsusi ilə xarici mediada ölkəmizə qarşı bir sıra təxribat doğuran materiallar işıqlandırılır.

Ümumiyyətlə, ölkəmizə qarşı informasiya müharibəsinin hansı formada aparılmasına və bunun qarşısının alınması istiqamətində hansı işlərin görülməsinə aydınlıq gətirmək üçün ekspertlərin fikirlərini öyrəndik. Siyasi ekspert Razi Nurullayev qeyd etdi ki, Azərbaycanla bağlı aparılan media kampaniyaları heç də əvvəlcədən planlaşdırılmış və ölkəmizə qarşı qərəzli münasibət kimi yerinə yetirilən bir hal kimi dəyərləndirilməməlidir: “Hazırda Almaniya mətbuatının yazdığı problemlər Azərbaycanda həmişə olub. Yerli media dəfələrlə bu problemlər barədə yazsa da, dünya mətbuatının bu problemlərə diqqəti az idi. Azərbaycan ötən il “Eurovision” müsabiqəsində birinciliyi qazanandan sonra dünya mətbuatının ölkəmizə marağı artdı. Onlar Azərbaycanla bağlı araşdırmalar apararkən müəyyən problemləri görməyə başladıqdan sonra öz mətbu orqanlarında işıqlandırmağa başladılar. Mən bunu informasiya müharibəsi kimi dəyərləndirməzdim, bu, sadəcə, bəlli olan faktların aşkara çıxarılmasıdır”.

Bunun qarşısını almağın isə çox asan yolu olduğunu qeyd edən ekspert bildirdi ki, qanunlar kağız üzərində qalmamalı, həyata keçirilməlidir: “Məsələn, şəhərin gözəlləşməsi, parkların salınması məqsədilə evlərin sökülməsi vacibdir. Bəzi evlər doğrudan da qanunsuzdur, bəziləri isə qanuni yolla tikildiyinə görə onlara kompensasiyalar ödənilir. Amma məlumdur ki, Azərbaycanda yüz minlərlə ev qanunsuzdur. Bəs bu qanunsuzluqları yaradan vətəndaşlardırmı? Vətəndaşın qanunsuz ev tikməklə bağlı bir məsuliyyəti varsa, hökumətin daha çox məsuliyyəti var”. Həmin vətəndaşlardan rüşvət alaraq qanunsuz ev tikməyə göz yumulduğunu bildirən ekspert qeyd etdi ki, bu birbaşa dövlətin məsuliyyətidir: “Avropa mətbuatı da yazır ki, vətəndaşlarla bu cür davranılırsa, bu, hüquq pozuntusudur. Onun sözlərinə görə, bunlar Azərbaycanın xeyrinə olan məlumatlardır. Ümumilikdə götürdükdə isə, o məqalələr Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında, siyasətin daha da təkmilləşdirilməsində, xalqın güzəranının yaxşılaşmasında vacib məqamlardır”.

Siyasi məsələlərlə bağlı yazılan materiallarda heç bir informasiya müharibəsi görmədiyini vurğulayan ekspert əlavə etdi ki, dini mövzularda isə hər hansı qərəzli yazılar ola bilər. Politoloqun sözlərinə görə, Azərbaycan hal-hazırda İranla münasibətlərdə gərgin dövrlərini yaşayır: “İran mediası Azərbaycana qarşı ciddi informasiya müharibəsi aparmaqdadır. Rusiya mətbuatında da Azərbaycanla bağlı qərəzli materiallar gedir. Mətbuat orqanlarında Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini aşağılayan yazılar dərc olunur. Bu da əsasən Rusiyada erməni lobbisinin güclü olması və hər iki ölkənin maraqlarının üst -üstə düşməsi ilə əlaqədardır”.

http://gundelik-baku.com/index.php?newsid=5546

Related Articles

Back to top button