Corner articles

Siyasi hakimiyyət tüfəngin lüləsindən çıxır

Razi Nurullayev

Populyar olmaq, dildə-ağızda dolaşmaq, kimlərdəsə həsəd oyandırmaq çətin deyil. Pulun olması kifayət edir. Çünki, elə bir zamanda yaşayırıq ki, çox şey alınıb-satıla bilir.

Ali təhsil diplomundan tutmuş, akademikliyə, xalq artistliyinə və hətta müğənniliyə qədər. Xüsusən də, bizim cəmiyyətdə. Harada ki, saxtakarlıq və rüşvətin qarşısının alınmasında iqtidar da ciddi addımlar atmayıb. Amma, elə sahələr var ki, alınıb-satılsa da uzun müddət ayaqda qala bilmir və həqiqət ortaya çıxır.

Belə peşələrdən biri də siyasətdir. Siyasətdə bir qorxu var. Adiləşmək. Siyasətçinin sözünə qulaq asılmalı, dinlənilməli, hörmət edilməli və sözünün çəkisi cəmiyyəti əyməyi və düzəltməyi bacarmalıdır. Siyasətdə söz yarışına girmək də ziyanlı olaraq, adiləşməyə imkan yaradır. Siyasətçi, məcburən milli mentaliteti də nəzərə alaraq, bəzən psixoloji addımlar da atmağa vadar olur. Siyasətdə adiləşmək olmaz. Hər sözün, hər cümlənin çəkisi olmalıdır. Siyasətçi, hər gün düşünür ki, yeni söz desin, yeni ideya versin. Bununla bərabər, verilən ideya əmələ söykənsin.Siyasətçi bir sözü dedisə, söz verdisə və onu edə bilmədisə, siyasət və siyasətçilər ziyan çəkir. Inanmadığın və əmin olmadığın məsələ haqqında necə zəmanət vermək olar? Niyə siyasətçilər sözü havaya deməlidir? Söz yarışı nədən doğur, əfəndim?

Siyasətdə birincilik qazanmaq siyasətçilərin arzusudur. Amma, çox danışmaqla birincilik olmaz ki… Birincilik hər gün ulduz olmaqdan da keçmir. Birincilik siyasi prinsip, ardıcıllıq və özünə inamla qazanılır.

Siyasətçi əlçatan da olmamalıdır. O, əlçatan olduqda əli çatanlar onu adiləşdirir. Siyasətçiyə adiləşmək olmaz. Adiləşmək siyasətçinin xarizmasını yerlə-yeksan edir.

Siyasəti çoxları çirkin iş, yalançılıq, şəxsi maraqlara söykənən peşə, oyunbazlıq və s. adlandırırlar. Ola bilsin ki, buna da rəvac verən məsələlər olub. Mao Tse-Dun deyir ki, “siyasi hakimiyyət tüfəngin lüləsindən çıxır”. Keçmiş zamanlarda bunlar olub deyə siyasət haqqında ümumi fikir dəyişib.

Siyasəti balacalaşdırmaq və çərçivəyə salmaq olmaz. Siyasət nə qədər balacalaşırsa, özündən bir neçə dəfə də onunla məşğul olanları balacalaşdırır. Niyə də uğrunda mübarizə apardığımız ideallar fonunda siyasət cılızlaşsın?

Yenə də Mao Tse-Dun-dan sitat gətirmək istərdim. O deyir ki “ Biz quyunun dibində olan qurbağa qədər cılız düşünürük. Qurbağa düşünür ki, səma quyunun ağzı böyüklüyündədir. Yuxarı çıxsa, görər ki, orada təmamilə başğa görünüşdür”.

Azərbaycanın çox ciddi və ağır çəkili siyasətçiləri var. Mənə çox ağır gəlir ki, niyə ağır çəkili siyasətçilərimiz yüngül çəkili siyasətçilərin ziyanını çəkməlidir? Müxtəlif oyunlarla xalqı siyasətdən iyrəndirmək düzgündürmü? Müdrik xalqımız siyasi oyun və oyunbazlıq istəmir. O istəyir ki, ona əlçatmaz görünən siyasətçi elə əlçatmazlığı qədər də ona yaxın olsun, səmimi olsun və müdrik olsun.

Peşman deyiləm ki, mən də siyasətçiyəm. Sevinirəm ki, təmsil olunduğum partiya və təmsil olunduğumuz qurumlar və müttəfiqlik etdiyimiz partiya və təşkilatlar oyunlardan uzaqdır. Xöşbəxtəm ki, biz xalq və millət deyəndə, elə onu həqiqi mənasında işlədirik. Xalqdan heç umub-küsmürük də. Biz əminik ki, biz necə düşünürüksə, xalq da elə düşünür. Aramızda hava siqnalı var. Biz təmasda ola bilirik. Sadəcə, siqnalları öldürən o qədər cihazlar yerləşdirilib ki, təmasımız qırılır.

Biz hər gün oynayırıq, qaydalara uyğun və qanun çərçivəsində. Amma, bizə qanunsuz oynayanlar var. Biz yenə də qaydalara uyğun hərəkət edəcəyik.

Çünki, biz oyunçuyuq, oyunbaz deyilik.

Related Articles

Back to top button