Public speakingStatements

AXCP-dən İsa Qəmbərin namizədliyinə reaksiya gəldi – Yenilənib

29.08.2012 | 10:45


“İİsa Qəmbər buna aydınlıq gətirməlidir”

Dünən Müsavat başqanı İsa Qəmbər 2013-cü il prezident seçkilərində namizəd olacağı ilə bağlı açıqlama verib. Hər kəs bu məsələyə ən maraqlı mövqeni AXCP-dən gözləyir. Artıq reaksiya özünün çox gözlətmədi. Məsələ ilə bağlı AXCP-nin sədr müavini Razi Nurullayev Facebookda status paylaşıb. “Qafqazinfo” xəbər verir ki, R. Nurullayev statusunda AXCP-nin həmişə müxalifətin böyük birliyinə çalışdığını və bu gün də onun üçün əlindən gələni etdiyini bildirib: “İsa bəy dünən Azadlıq radiosuna namizəd olacağını açıqlayıb. Müsavat başqanının açıqlamasının süngü ilə qarşılanmasını istəməzdim. Bununla bərabər, bizim partiya siyasətini bəyanatlar, açıqlamalar və verilən şərhlər üzərində qurmaqdan uzaq olsun gərək. AXCP Azərbaycanda köklü dəyişiklik üçün çalışır.

Partiya sədri dəfələrlə öz müsahibəsində də vurğulayıb ki, bizim üçün prioritet hakimiyyət dəyişikliyidir. Ona görə də AXCP bütün məsələlərə bu prizmadan yanaşır. Hər bir partiya seçkilərdə iştirakla bağlı niyyətini ortaya qoya bilər. Amma, böyük birliklərin namizədi ora daxil olan qurumlar tərəfindən müəyyən edilməlidir. Müxalifətin birliyinə xələl gətirən və onu pozulmasına rəvac verən məsələlərdən uzaq olsaq, 2013-ə qələbə gözü ilə baxa bilərik.

İctimai Palata hələ vahid namizədini müəyyən etməyib. Həm İctimai Palata, həm də bizim partiya vahid namizəd məsələsinin indidən gündəmə gətirilməsinin lehinə deyil. Çünki, vahid namizəd məsələsi bizə dost olmayan qüvvələr tərəfindən mənfi tərəfə yönəldilir və müxalifətin birliyinə xələl gəlir. AXCP bu gün müxalifətin vahid birliyini saxlamaq, xalqın müxalifətə inamını artırmaq üçün əlindən gələni və bəzən gücü xaricində olan missiyanı yerinə yetirməkdədir. AXCP bu missiyasına sadiq qalacaq.

Bununla bərabər, AXCP bütün qüvvələrin, ziyalıların, vətəndaş cəmiyyətinin, sadə xalqın və adını çəkə bilmədiyim bütün qurumların razılığı ilə müəyyən edilmiş namizədin 2013-cü ildə dəyişiklik yarada biləcəyinə inanır. Bu inamımızın həyata keçirilməsi üçün partiya sədri və rəhbərliyi ciddi işlər görür və bu ciddi işlərin böyük nəticələr verəcəyinə də inanır”.

Related Articles

Back to top button