Interviews

“Bəşər Əsədin gəmisi batır” – Müsahibə

21.07.2012 | 10:48

“Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayevin “Olaylar”a müsahibəsi:


– Razi bəy bu gün Suriya ətrafında baş verən proseslər pik nöqtəsinə çatıb. Prosesin axarını necə xarakterizə edirdiniz? Bəşər Əsədin sonu necə olacaq?

– Bəşər Əsəd hakimiyyətini saxlaya bilməyəcək. O sonunda iqtidarını bir neçə senari üzrə tərk etməli olacaq.
Birinci senari BMT Təhlükəsizlik Şurasının BMT-nin Nizamnaməsinin 7-ci bəndinə əsasən hərbi müdaxilə ilə bağlı qətnamə qəbul etməsidir. Hal-hazırda buna maneçilik törədən BMT TŞ-nın 5 daimi üzvündən olan Rusiya və Çinin həmin qətnamənin qəbul edilməsinə qoyduğu vetodur. İstənilən halda, bu veto da sonsuz ola bilməz və adı çəkilən ölkələr sonunda razılığa gələcəklər. Yeganə problem Rusiya və Çinin geostrateji, hərbi və iqtisadi maraqlarındadır. Bəşər Əsəd rejimi gedərsə, yeni Suriya ABŞ, Avropa Birliyi və Türkiyəyə daha yaxın olacaq. Rusiyanın Suryanın Tartus şəhərində olan hərbi-dəniz donanmasının oradan çıxarılması məsələsi gündəmə gələcək. Rusiya və Çinin iqtisadi dayaqları zərbə alacaq. Amma, təzad burasındadır ki, bu dövlətlər daha ağıllı və uzaqgörən siyasət yeridib NATO-ya üzv dövlətlərlə bu məsələləri daha açıq və şəffaf şəkildə müzakirə etsəydilər, yəqin ki, “qızıl orta” tapılardı. Bunun da nəticəsində minlərlə insanın öldürülməsini qarşısı alınardı. İndiyə kimi Suriyada 17 000-dən çox dinc sakin və müxalifətçi öldürülüb. Suriya müxalifəti və Bəşərin gedişindən sonra iqtidara gələcək insanlar bu qədər insanın öldürülməsinə yardımçı kimi Rusiya və Çini görməkdədirlər.

Analizlərimə görə Bəşər sonrası iqtidar bu ölümləri və məhrumiyyətləri nə Rusiyaya, nə də Çinə bağışlayacaq. Onlar da bunu bilmiş olduqlarından Bəşərin ömrünü uzadırlar. Zənnimcə, BMT-nin TŞ qətnamə qəbul etməkdə həmin ölklərin vetosu ilə üzləşməkdə davam etsə, NATO qüvvələri digər yollar taparaq, Bəşərə hücum edəcəklər.

– İkinci və üçüncü senarilər hansılardır?

– İkinci senari Azad Suriya ordusunun ölkədə çevriliş etmək imkanının ola bilməsi ehtimalıdır. Bu gün onlar o gücdə deyillər ki, hərbi çevriliş həyata keçirsinlər. Amma, bildiyimə görə onların ciddi şəkildə silahlandırılması prosesi gedir və bununla bərabər xüsusi hərbi düşərgələrdə təlimlər də keçirilir. Artıq onların kifayət qədər uğurları da var. Son zamanlar isə Bəşərin ətrafında olanların da əksə tərəfə keçmə meylləri güclənməkdədir. Ordu rəhbərliyi özünü qorumaq üçün Azad Suriya ordusu ilə birlikdə hərbi çevriliş edə və özlərinin gələcəyini sığortalaya bilərlər. Bu baş verməsə də yaxın zamanlarda daha böyük hərbi rütbəlilərin müxalifət tərəfə keçməsi gözləniləndir. Bəşərin gəmisi batır və həmin gəmidə olmaq onunla birlikdə batmaq anlamına gəlir.

Üçüncü senari Bəşərin öz postunu könüllü tərk etməsidir. Bəlkə də, Bəşər öz postunu çoxdan tərk edərdi. Çünki, ona kifayət qədər zəmanətlər təklif edilmişdi. Amma, bu zəmanətlər onilliklər ərzində atasının və özünün iqtidarı zamanı xalqla qəddarcasına dolanmış komanda üzvlərinə şamil edilməyəcəkdi. Buna görə də komandası Bəşər Əsədi könüllü hakimiyyəti tərk etməyə icazə verməyəcək. Onların yeganə yaşam qarantı Əsəddir.

– Suriya diktatorunun öz şəxsi üçün çıxış yolları varmı?
– Bu baxımdan Bəşər çox ağır durumdadır. Durumdan çıxmaq üçün iki yolu var: Ya Qərblə separat danışıqlara getməli və hakimiyyəti tərk edərək onu qəbul edəcək ölkələrdən birinə sığınmalıdır, ya da sona qədər döyüşərək, Qəddafi kimi hərb meydanında ölməlidir. Birinci çıxış yolu zamanı, öz komandası onu öldürə və ya devirə bilər, ikinci variantda isə özünün və iqtidarının ömrünü bir neçə ay və ya il uzada bilər.

– Beynəlxalq güclər xüsusən də qərb ərəb inqilablarının yaradılmasında, alovlanmasında sanki maraqlı tərəf kimi rol oynayır. Sizcə ərəb ölkələrində demokratiya adı altında həyata keçirilən bu kampaniyanın son dayanacağı harda olacaq?

– Beynəlxalq güclərin maraqlarının olması təbiidir. Suriya rejimi dünyanın daha rahat və daha əlverişli olacaq yeni düzəninin yaradılmasında əngəl rolunu oynayır. Ərəb inqilabları dünyanın siyasi xəritəsini dəyişmək gücündədir və demokratik dünyanın əzəli problemi olan İranın da çökdürülməsində bir tramplindir. İnqilab dalğasının Suriyada ilişib qalması dünyanın yeni demokratik düzənin qurulması planını cızan beyinlərin səbr kasasını daşırıb. Suriyada inqilabın olmaması ərəb inqilablarının uduşunu heçə endirmək gücündədir. Amma, əminliklə demək olar ki, bu Qərbin demokratiya oyunu altında keçirilən və özlərinin iqtisadi və siyasi maraqlarına xidmət edən bir kampaniya xarakterli deyil. Bu uzun-müddətli bir kampaniyadır və hələlik məntiqi sonluğunu İranın çökdürülməsi ilə başa vuracaq. Qərb birmənalı olaraq son dayanacaq kimi İranı görür. Məntiq bizə onu deyir ki, İran nüvə silahını əldə etməyə yaxındır. Suriyanın ayaqda qalması və müqavimət göstərmək gücü İranı daha da ruhlandırır və bununla bərabər Qərbi son missiyasından uzaqlaşdırır. Suriya davam gətirdikcə İran güclənir. Suriya gedərsə, İran təklənir. Suriya və İran simbioz varlıq kimi baxıla bilər. Qərb də bunu bildiyindən Suriyanı tez zamanda çökdürmək və İranın sonunu gətirmək üçün minalı yolları təmizləmək istəyir. Suriya İrana gedən yolda basdırılmış güclü minadır.

– Qafqaz ölkələrində bu kimi inqilabların baş vermə ehtimalı varmı?

– Qafqaz ölkələri Ərəb dövlətlərindən kəskin fərqlənir. Orada baş verən inqilablara oxşar təlatümlərin baş verməsi ola bilər, amma kütləvi insan qurbanları ilə müşayiət olunması mümkün deyil. Qafqaz ölkələri dedikdə, “Qızılgül” inqilabı Gürcüstanda Şevardnadze iqtidarını süpürüb atdı. Fərəhlidir ki, bir insanın belə burnu qanamadı. Hakimiyyət dinc yolla inqilabçılara ötürüldü. İnqilab sonrası Gürcüstanda həbslər dalğası baş vermədi. Ölkənin xarici siyasətində kardinal dəyişiklik də olmadı. Sadəcə, yeni iqtidar Şevardnadze iqtidarının çoxqütblü siyasətini birqütblü siyasətlə əvəz etdi.

Demək inqilab dalğasından yan keçən Azərbaycan və Ermənistandır. Amma, bir məsələni tam anlamaq lazımdır ki, Azərbaycan və Ermənistan iqtidarları ərəb diktatorları deyillər və bu ölkələrin müxalifətçiləri də sivil mübarizənin, seçkilərə söykənən dəyişikliyin tərəfdarıdırlar. İnanmıram ki, Azərbaycan iqtidarı xalq ayağa qalxarsa, öz xalqına qarşı kütləvi qırğın törədə, nə də Azərbaycan müxalifəti silaha sarıla. Bunları tamamilə istisna edirəm.

– Niyə ərəb ölkələrində inqilab baş verə bilər, Qafqazlarda yox?

– Həmin dövlətlərdə ABŞ və Avropa Birliyi inqilablarda maraqlı tərəf idi. Çünki, həmin dövlətlərdə seçkilər və islahatlar vasitsəilə dəyişiklik mümkün görünmürdü. Yeganə yol, uzunömürlü diktatorları silah gücünə iqtidardan uzaqlaşdırmaq idi. Xalqın təpgisi ilə qarşılaşan diktatorlardan ABŞ və Avropa Birliyi üz döndərəndən sonra onların getməsi labüd hala çevrildi.

Qafqaz ölkələrində isə seçkilər və demokratik islahatlar keçirməklə dəyişikliyin olması ümidi tam qırılmayıb. Azərbaycan və Ermənistan, o cümlədən Gürcüstan AB-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Assosiativ üzvlüyə daxildirlər və bu çərçivədə üzərlərinə götürdükləri öhdəlikləri məcburi qaydada yerinə yetirməlidirlər. Azərbaycan bu sahədə danışıqlar mərhələsindədir. Əgər 2013-cü il Prezident seçkiləri Avropa standartlarına uyğun keçirilməzsə, ehtimalla nə ABŞ, nə də Avropa Birliyi seçkinin nəticələrini tanımayacaq. Bu isə ölkədə siyasi xaosun əmələ gəlməsinə aparıb çıxara bilər.

– ABŞ-ın dünyanın çəki düzəninin formalaşmasında rolu barəsində fikir yürüdənlər qeyd edir ki, son zamanlar bu proseslərdə ABŞ-ın rolu o dərəcədə deyil. Bu məsələyə münasibətiniz?

– Bu fikirlə razılaşmıram. ABŞ-ın rolu olmayan düzən həyata vəsiqə ala bilməz. NATO-da əsas güc ABŞ-ın tərəfindədir. ABŞ və Böyük Britaniya xarici siyasətdə birgə addım atırlar. Bu ölkələrin razılığı və gücü olmadan dünyada düzəni dəyişəcək bir prosesin şahidi deyilik. ABŞ razı olmasa idi, Mübarək devrilərdimi? ABŞ-ın dəstəyi olmasa idi, Müammar Qəddafi devrilərdimi? Irakda Səddam Hüseyni, Əfqanıstanda Talibləri kim devirdi? Sovet İmperiyasını kim dağıtdı? Suriya və İrana qarşı tətbiq edilən ciddi siaysi və iqtisadi embarqoların ideya müəllifi kimdir? ABŞ olmasa idi, Avropa Birliyinə daxil olan onlarla dövlət İranla ciddi işbirliyində olardı.

Bu günün reallığı odur ki, dünyanı ABŞ idarə edir. Yaxın onillikdə də bu prosesin dəyişəcəyini proqnozlaşdırmıram. Lakin ola bilsin ki, ABŞ (Böyük Britaniya və ayrılıqda NATO ilə birikdə) tək gücünü yeni yaranmaqda olan super güclərlə qismən paylaşmalı olsun. Bu güclərə, Rusiya və Çin tandemi, Hindistan, Pakistan və Braziliya olsun.

– Yeri gəlmişkən ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı nə deyə bilərsiniz? Obamanın yenidən Ağ Evə rəhbərlik etmək şansları varmı?

– İndiyə kimi ABŞ-ın tarixində ikinci müddətə seçilməyən bir prezident olub: Nikson. Obamanın onun taleyini yaşayacağına inanmıram. Obamanın ikinci müddətə seçilməsini gözləyirəm.

Related Articles

Check Also
Close
Back to top button