Corner articles

Ramil Səfərova görə mənim “qələmimi qıracaqlar”?

04.09.2012 | 17:52

Razi Nurullayev

Kollektiv Təhlükəsizlik Şurasının Baş Katibi Nikolay Bordyuja Ramil Səfərovun ekstradisiyası ilə bağlı deyib ki “Səfərovun ekstradisiyası və əfv olunması beynəlxalq hüquq normalarına ziddir və dövlətlərarası münasibətlərdə etimadsızlıq yaradır.

Bu siyasi addıma heç cür haqq qazandırıla bilməz. Bu hadisə regionda onsuzda gərgin olan vəziyyəti daha da alovlandırmağa xidmət edir”.
Birincisi, alovlandırırsa, qoy alovlandırsın. Onsuz da bu keçən 20 il ərzində alovsuz günümüz olmayıb. Rusiya, birmənalı olaraq yanan odun üzərinə benzin töküb. Elə cənab Bordyujanın açıqlaması da qərəzliyə və münasibətləri daha da gərginləşdirməyə xidmət edir. Bəyanat hədə tonunda verilib. Əgər verilməsəydi, o zaman deyərdi ki, “ümid edirəm ki, bu münaqişənin həlli yönümündə olan səylərə mənfi münasibət göstərməyəcək…”.

Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv olunması təmamilə düzgün addımdır. Biz niyə, on minlərlə Rusiya və Ermənistanın birbaşa günahı ucbatından öldürülən gözüyaşlı anaları, bacıları, ata və anaları unutmalıyıq? Onların ürəyinə toxtaqlıqı kim verəcək? Rusiyanın ədalətli mövqe sərgilədiyini görən olubmu? Rusiya Dövlət Dumasının sədri S. Narışkinin “Rusiyanın bu məsələdə mövqeyi dəyişməz qalır. Biz bu problemin kənardan hazır reseptlər əsasında həllinə qarşıyıq” fikirlərini unutmuşuqmu?

İnanmıram ki, Azərbaycan xalqı Ramil Səfərovun erməni zabitini öldürməsini və digərlərinin də bu hərəkəti təqlid etməsinin tərəfdarıdır. Azərbaycan xalqı sülhsüvər və tolerant xalqdır. Amma, əgər səni məhv etməyə qalxıblarsa və əsarət boyunduruğunu sənin boynuna keçirmək istəyənlər varsa, o zaman xalqın özünü müdafiə etmək və basqın edənləri məhv etmək haqqı var.

Ramil Səfərov cinayətkar deyil. Biz Ramil Səfərovu erməni zabitini öldürdüyünə görə müdafiə etmirik. Azərbaycan xalqı onu erməni öldürdüyünə görə qəhramanlaşdırmayıb. Erməni zabitinin ölməsini istəməzdik. Gəlin, bir az keçmişi qurdalayaq. Əgər, cənab Nikolay Bordyujanın torpaqları işğal olunsaydı, onun qohum-əqrabası gözü qarşısında öldürülsəydi, evini-eşiyini itirsəydi, onilliklər boyu əzab-əziyyət içində yaşasaydı və bir gün də onu bu hala salanlar Rusiya bayrağını da götürüb nümayişkarənə ayaqlar altına salıb təhqir etsəydi, o cümlədən təhqiramiz ifadələrlə onu alçaltsaydı, maraqlıdır, cənab Bordyujanın reaksiyası necə olardı?

Ramil Səfərov təhrik olunaraq bilmədən, affekt altında cinayət törədib və buna görə də amansız olaraq cəzalandırıldığı cəzasını çəkib. Əfv olunmaq onun haqqı idi. Çünki, o cinayətkar olmadığını sübut etdi. Öz ürəyi, poetikliyi, yaradacılığı və sınmazlığı ilə. Həbsxanada macar dilini öyrənib iki kitab tərcümə etdi. Siz neçə nəfər qatı cinayətkarın bədii tərcümə səviyyəsində dil öyrənməsinin və tərcümələr etməsinin şahidi olmusunuz?

Mən Ramil Səfərova cinayətkar deyən öz insanlarımızı və siyasətçilərimizi də başa düşmürəm. QHT-lər səviyyəsində bunu donorlara xoş gəlmək və siyasətçilər səviyyəsində beynəlxalq təşkilatlarla münasibətləri korlamamaq kimi başa düşürəm və bunu yolverilməz hesab edirəm. Azərbaycanda beynəlxalq təşkilatlarla və xarici vətəndaşlarla ən çox ünsiyyətdə olan adamlardan biri də mənəm. Belə çıxır ki, indi onlar mənim “qələmimi qıracaqlar”? Həqiqəti müdafiə etməkdən qorxmaq lazım deyil.

Related Articles

Check Also
Close
Back to top button