Analysis

Qrant haqqında qanun vətəndaş cəmiyyətini yaşadacaqmı? – Analiz

region logo-Aze“Region” Beynəlxalq Analitik Mərkəz (RBAM) ve İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi vətəndaş cəmiyyəti ilə bağlı yeni situasiyanı analiz edib və təkliflər hazırlayıb

Müvafiq İcra hakimiyyəti kim olacaq: Hökumət, yoxsa QHT Şurası?

1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilən “Qrant haqqında” Azərbaycan Respublikasının qanununa və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununa bir neçə dəfə əlavə və dəyişikliklər edilmişdir. Sonuncuya dəyişikliklər 21 dekabr 2009-cu ildə edilib. “Qrant haqqında” qanuna isə 15 fevral 2013-cü il və 17 dekabr 2013-cü illərdə dəyişikliklər edilib.

Bu dəyişikliklər ümumi prosesə təsir etsə də, QHT-lərin fəaliyyətində əsaslı problemlərə, xarici donorların diskriminasiyasına səbəb olmamışdır. Dəyişikliklər, əsasən maliyyə hesabatlılığı, müqaviləsiz alınan ianələrin və ya vəsaitlərin qadağan olunmasını nəzərdə tuturdu. Lakin 2014-cü il oktyabr ayının 17-də Azərbaycan Respublikasının Milli Məclisində “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa edilən əlavə və dəyişikliklərin QHT-lərin fəaliyyətində problemlər yaradacağı istisna deyil. Bu vəziyyət eyni zamanda xarici donorların da fəaliyyətinə ciddi maneçilik yaradacaq. Artıq Qanuna əlavə və düzəlişlər parlament tərəfindən qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildikdən sonra tətbiq olunacaq. Yeni əlavə və dəyişikliklərdəki prinsipial məqamlar bunlardır:

Maddə 2. 5-ci bəndinə əlavələr: “…xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (xarici dövlətlərin QHT-nin “Qeyri-hökumət Təşkilatları (ictimai birliklər və fondlar” haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş saziş əsasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər. Qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur”.
5.1. “Bu maddənin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Maddə 3. 2-ci bəndinə əlavə edilib: “…həmin resipyentlər yalnız bu qanunun 2-ci maddəsinin 2-ci və 4-cü hissələrində nəzərdə tutulmuş donorlardan, habelə mənfəət götürmək məqsədi güdməyən xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (xarici dövlətlərin QHT-nin “Qeyri-hökumət Təşkilatları (ictimai birliklər və fondlar” haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş saziş əsasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri) olan donorlardan qrant ala bilərlər”.

Maddə 4. 4.2 (Əlavə ilə) Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qəbul edilən əlavə və dəyişikliklər bir neçə ciddi və cavabı hələki naməlum olan sual yaradır:

Birincisi, əlavə və dəyişikliklərdə nəzərdə tutulan və ya yeni səlahiyyət alan müvafiq icra hakimiyyəti kimi hansı dövlət qurumu müəyyənləşdiriləcək; Bu çox vacibdir. Çünki, QHT fəlsəfəsini, QHT yanaşmasını, əfsuslar olsun ki, heç də bütün nazirliklər düzgün başa düşmür. Əgər yerlərdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti ilə bağlı rəyi yerli icra hakimiyyətləri verəcəksə, bu böyük problemlər yradacaq. Çünki, hələ də elə icra hakimiyyətləri var ki, onlar QHT-lərin adındaki “qeyri-hökumət” söz birləşməsini dövlətə qarşı fəaliyyət göstərən təşkilat kimi başa düşürlər.

İkincisi, qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyinin qrantın profilinə uyğun olaraq alınmasının ayrı-ayrı dövlət qurumlarının, yoxsa vahid bir orqandan alınması məsələsi aydın deyil;
Üçüncüsü, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası hansı əsaslarla müəyyən ediləcək və müvafiq icra hakimiyyəti orqanı kimi hansı dövlət qurumu çıxış edəcək; bunun vahid bir orqan olması vacibdir. Çünki, mövzulara uyğun ayrı-ayrı nazirlik və idarələrin “müvafiq icra orqanı” olması süründürməçiliyə və fərdi yanaşmalara gətirib çıxara bilər.

Dördüncüsü xarici təşkilatlar, beynəlxalq donorlar Qanunun bu tələblərini qəbul edəcəkmi; çünki, süründürməçilik, hər bir verilən qrant üçün “müvafiq icra orqanı” ilə razılaşdırma və s. məsələlər onların təmamilə qrant verməkdən imtinasına gətirib çıxara bilər. Doğrudur, bu hazırda qəbul edilən qanunla uyğunluq təşkil edir. Amma qrantları yalnız QHT-lər yox, təhsil müəssisələri, dövlət orqanları, nazirliklər və komitələr də alır. Dövlət qurumlarının aldığı qrantlar üçün də təhlükə yaranır. Məsələn, Azərbaycan hökumətinin Avropa Birliyi ilə tvininq layihəlıəri var və bunlar Azərbaycanın nazilrik və idarələrinin iş mexanizminin Avropa standartlarına uyğunlaşması üçündür. Bunlarla bağlı problem yaşanması da gözlənilir. rafael

Başqa vacib bir neçə komponent var. Hər il Azərbaycan alimləri, tələbələri və elmi təşkilatları yüzlərlə qrant müsabiqələrinin qalibi olurlar. Fərdi şəkildə qrant qalibi olan alimlər nə edəcəklər? Avropa Birliyinin “Horizon 2020” Elmi İnnovasiyalar təşəbbüsü həyata keçirilməkdədir. Bu proqramın 2014-2020-ci il üçün nəzərdə tutulan büdcəsi 80 milyard avrodur. Özəl sektorun da 40 milyard ayıracağı gözlənilir. Toplam olaraq 120 milyard avro 28 Avropa Birliyi üzv dövləti və Yeni Qonşuluq Siyasətinə daxil olan ölkələr üçündür. Azərbaycan da bura daxil edilib. Artıq bu proqramın Elmlər Akademiyasında və Azərbaycanın digər elmi müssisələrində 20-dən çox təyin edilmiş kordinatorları var. Belə çıxır ki, saziş olmasa, Azərbaycan vətəndaşları, elm adamları və təşkilatları bu nəhəng büdcədən kənarda qalacaqlar.

Digər komponent isə qrant vermək üçün bütün donorların Azərbaycanda nümayəndəlik açması və lisenziya almasıdır. Axı, elə donorlar var ki, onlar nə nümayəndəlik açmaq istəyir, nə də dövlət orqanları ilə uzun-uzadı yazışmaqda maraqlıdırlar. Əsasən, Azərbaycan QHT-ləri donorlarla danışıqlar apararaq onları Azərbaycan QHT-ləri ilə işləməyə razı salırdılar. Amma, təbii ki, həmin donorların Azərbaycanda işləmək üçün xüsusi maraqları yox idi.
Beşincisi, bu tələbləri qəbul edən xarici təşkilat və beynəlxalq donorların müraciətləri və qeydiyyat prosesi necə yerinə yetiriləcək;

İlk öncə qeyd edək ki, təcrübədən məlumdur ki, əksər hallarda qanunda nəzərdə tutulan müvafiq icra hakimiyyəti kimi, əsasən nazirliklər və ya Nazirlər Kabineti çıxış edir. Xüsusən də əksər səlahiyyətlər Ədliyyə Nazirliyinin müvafiq idarəsinə (Notariat və Qeydiyyat Baş İdarəsinə) verilir. Lakin, hazırkı şəraitə uyğun olaraq, QHT-lərin bu idarədə müəyyən prosedurları aşmaq kimi ciddi problemləri olur. İndiyə kimi QHT Ədliyyə Nazirliyində qeydiyyatla bağlı çox böyük çətinliklərlə üzləşirlər. Halbuki, digər ölkələrin təcrübəsində qeydiyyat prosesi daha sadədir. Məsələn, Gürcüstanda xəbərdarlıq və məhkəmələrdə bu proses 3 gün müddətində həyata keçirilir. Azərbaycanda isə bunun üçün aylarla vaxt gedir, bəzən də ümumiyyətlə müraciət edən QHT qeydiyyata alınmır. Son zamanlar isə ölkədə fəaliyyət göstərən banklar QHT-lərin bank hesabları ilə bağlı problemlər yaratdı. Banklar Ədliyyə Nazirliyindən bildiriş olmadan QHT-lərin qrant vəsaitləri ilə bağlı bank hesabında əməliyyat aparılmasına icazə vermədi. Ədliyyə Nazirliyindən bildiriş alınması və banklara təqdim olunması ilə ciddi problemlər yaradır. Bir çox QHT-lər bildiriş ala bilmir. Artıq 3-cü aydır ki, bildirişlər verilmir. Bir çox QHT-lərin elə layihələri var ki, birinci mərhələsini həyata keçirilib, 2-ci mərhələ üçün bank hesabına vəsait daxil olub, amma Ədliyyə Nazirliyi bildiriş vermədiyindən ayrılan vəsaitin ikinci hissəsi bank hesabında “dondurulub”. Bunun günahını, təbii ki, Ədliyyə Nazirliyinin üzərinə qoymaq ədalətsizlik olardı. Yaranan vəziyyətin qeyri-müəyyənliyi Ədliyyə Nazirliyini də çıxılmaz vəziyyətə salıb.

Ona görə də bu təcrübədən çıxış etsək, əlavə və dəyişikliklərdə nəzərdə tutulan müvafiq icra hakimiyyəti ilə bağlı yenidən ciddi problemlərin yaranacağı istisna deyil. Bu səbəbdən də hökumət müvafiq icra hakimiyyəti məsələsinə tezliklə aydınlıq gətirməli və prosedurların daha asan və bürokratik əngəllərlə üzləşmədən yerinə yetirilməsini nəzərə almalıdır. Ekspertlərin və QHT-lərin fikrincə, əlavə və dəyişikliklərdə nəzərdə tutulan və ya yeni səlahiyyət alan müvafiq icra hakimiyyəti kimi inzibati fəaliyyəti həyata keçirən dövlət qurumu seçiləcəksə, istər qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası ilə bağlı, istər bu tələbləri qəbul edən xarici təşkilat və beynəlxalq donorların müraciətləri və qeydiyyat prosesi ilə bağlı problemlərin yaşanacağı istisna deyil. Eyni zamanda qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyinin alınması ilə bağlı da istər qrantın profilinə uyğun olaraq, ayrı-ayrı dövlət qurumları seçiləcəksə, bu hal da problemlərin yaşanacağına səbəb olacaq.

Lakin daha bir müsbət təcrübə vardır. Bu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə bağlıdır. Birincisi, QHT-lərə DDŞ müvafiq nazirlik və qurumlardan fərqli olaraq, QHT fəlsəfəsini dərk edir, ikincisi, bu Şuranın yaradılması və Konsepsiyasının əsas məqsədi QHT-lərin inkişafı, onların dövlətin tərəfdaşına çevrilməsinin təmin olunması, habelə sivil vətəndaş cəmiyyətinin formalaşması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsidir.

Belə olan halda, Qanunda göstərilən müvafiq icra hakimiyyətinin funksiyaları (qrantlarla bağlı bütün prosedurlar daxil olmaqla) QHT-lərə DDŞ-ına verilməsi daha məqsədəmüvafiqdir. Yalnız bu halda 2014-cü il oktaybr ayının 17-də Azərbaycan Respublikasının Milli Məclisində “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa edilən əlavə və dəyişikliklərdən vətəndaş cəmiyyəti daha az zərərlə çıxa bilər. Əslində QHT-lərin də ümumi fikri budur. Oktyabrın 16-da Qanun layihəsinin ictimai müzakirəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında keçirilən dinləmələrdə də QHT-lər bu məsələdə birmənalı israr etdilər.

Ona görə də hesab edirik ki, səlahiyyətlərin QHT-lərə DDŞ-yə verilməsi ilə həm xarici donorların (filial və nümayəndəliklərinin) Qanunun mövcud tələbləri ilə Azərbaycan Respublikasında donor statusu almasında maraqlılığını artırmaq, həm də xarici donorların bu tələblərin müqabilində donorçuluq missiyasını davam etdirməsini təmin etmək olar.

Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyinin alınması səlahiyyəti də vahid mərkəzdə cəmləşdirilməli və QHT-lərə DDŞ-yə verilməlidir. Çünki, QHT-lərə DDŞ istər QHT-lərin həyata keçirdiyi layihələri analiz edir, istərsə də özü donor olaraq daha çox ehtiyac duyulan sahələri tədqiq edir və bu sahələr üzrə qrant müsabiqələri elan edir, QHT-lərin layihələrinə maliyyə vəsaiti ayırır. Bundan əlavə QHT-lərə DDŞ xarici donorlarla, beynəlxalq təşkilatlarla vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı fikir və təcrübə mübadiləsi apardığından onları da daha vacib sahələrə istiqamətləndirmək imkanına malikdir. Digər nazirliklər isə daha çox inzibati fəaliyyəti həyata keçirdiyindən proseslərə bu yanaşmanı sərgiləməkdə həm çətinlik çəkəcək, həm də maraqlı olmayacaqlar.

Təkliflər

– 2014-cü il oktaybr ayının 17-də Azərbaycan Respublikasının Milli Məclisində “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa edilən əlavə və dəyişikliklərdə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı kimi (Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu verən orqan, qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəy verən icar hakimiyyəti orqanı, qrant vermək hüququnun əldə edilməsi qaydasını təsdiq edən müvafiq icra hakimiyyəti orqanı, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydasını təsdiq edən müvafiq icra hakimiyyəti orqanı funksiyalarının həyata keçirən) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tanınarsa, daha çox effektiv olar;

– Avropa Birliyinin “Horizon 2020” Elmi İnnovasiyalar təşəbbüsü vasitəsilə mövcud olan 80 milyard avrodan Azərbaycan vətəndaşları, elm adamları və təşkilatlarının yararlanması üçün sadələşmiş mexanizmlər müəyyənləşdirilərsə, Azərbaycan bu prosesdən kənarda qalmaz;

– Donorların Azərbaycanda nümayəndəlik açması və lisenziya alması tələb olunur. Elə donorlar var ki, onlar nə nümayəndəlik açmaq istəyir, nə də dövlət orqanları ilə uzun-uzadı yazışmaqda maraqlıdır. Kiçik qrantlar verən donorların nümayəndəlik açması real görünmür. Eyni zamanda o donorlar Azərbaycanla birbaşa işləmək üçün prioritetə malik deyillər. Hesab edirik ki, kiçik qrantlar verən və Azərbaycanın onlar üçün prioritet ölkə olmadığı donorlar üçün sadələşdirilmiş mexanizmlər tətbiq olunsa, daha məqsədəmüvafiqdir.

Related Articles

Back to top button