Public speakingStatements

Qohumluqdan imtina etmə və ya çıxarma, ya da siyasət və tənqiddən imtina

siyasetHakimiyyət son zamanların ən sərt siyasətini reallaşdırmağa başlayıb. 2014-ün əvvəllərindən başlayan sərt siyasət və aqressiv hərəkətlər onlarla siyasi məhbusun dörd divar arasına düşməsinə səbəb oldu. Arada bir az fasilə verən rejim yenidən repressiyalara başlayıb. Məsələnin maraqlı tərəfi odur ki, hakimiyyət opponentlərinə təzyiq üçün onların günahsız qohumlarını hədəfə alır.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin yaxın qohumlarının – əmisi oğlu Rövşən Zahidovun narkotik maddə ilə həbs edilməsi, daha bir qohumu – qardaşı oğlu Tural Zahidova da 30 sutka həbs cəzasının verilməsi çox ciddi ədalətsizlik və sovet tipli siyasətin təzahürüdür.

Meydan TV-nin direktoru Emin Millinin qayını Nazim Ağabəyovun da narkotik maddələrin satışında təqsirləndirilərək həbs edilməsi repressiya siyasətinin nəticəsidir və mən bunu şiddətlə qınayıram. Fəalların qohumları vasitəsilə cəzalandırılması ən pis və NKVD metodlarına oxşar təcrübədir.

Meydan TV-nin 4 jurnalistinin ölkəni tərk etməsinə qadağa qoyulması da repressiya siyasətinin davamıdır və hakimiyyət bu tip metodlardan əl çəkməlidir.

Azərbaycan rəsmilərinin ölkədə heç kimin siyasi mülahizələrlə təqiblərə məruz qalmadığını, onların konkret cinayətlərə görə həbs olunduğunu söyləməsi həqiqəti əks etdirmir.

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin qardaşı Sirac Kərimli, AXCP üzvü Natiq Ədilovun qardaşı Murad Əbilov və digər onlarla siyasi məhbus bunun əksini sübut edir.

Təzə təzyiq vasitəsinin bir yolu da işə düşüb. Qohumlara təzyiq.

Qohumların siyasətçilərdən və ictimai fəallardan imtinasına Azərbaycanda çox şahidlik etmişik. İmtinanın yeni dalğası başlayıb. Emin Millinin və Qənimət Zahidin qohumları onlardan imtina etməyə başlayıb. Məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır.

Birincisi, qohumundan hakimiyyəti tənqid etdiyinə görə imtina etmək yaraşan hərəkət deyil. İstənilən halda, buna müsbət don geyindirmək mümkün görünmür. Qohumu tənqid etmək, mövqeyini qəbul etməmək barədə danışmaq və yazmaq olar. Sadəcə, bu qədər.

Amma, əgər qohumlar da ciddi təzyiq ilə üzləşərək və çarəsizlikdən ediblərsə o zaman bəlkə də onları da başa düşmək olar. Yəni doğurdanmı onların digər çıxış yolu olmayıb?

Emin Milli hakimiyyəti sərt tənqid edir. Amma, o xalq düşməni deyil axı. Belə görünür ki, biz də qohumlarımızı gərək təlimatlandıraq.

Amma, məsələnin ədalətli bir tərəfi də var. Emin Milli və Qənimət Zahid Avropada təhlükəsiz yaşayırlar. Siyasi təzyiq və məhrumiyyətlər yaşamırlar. Onların əvəzinə isə hakimiyyət məhrumiyyəti və həbsi onların qohumlarına yaşadır. Bax bu nə qədər ədalətlidir? Təbii ki, bu cəmiyyətin problemidir, siyasi sistemin repressiyasıdır. Amma, hər kəsin iradəsi, hər kəsin yaşayışı və baxışı eyni deyil. Qohum da olsan belə.
İki ilə yaxındır ki, Şimali Koreya ilə bağlı çox oxyur və araşdırma aparıram. Faktlar var ki, kimsə canını qurtarı qaçır, amma onu geridə qalan qohumları həbsxanalara doldurulur və bəziləri isə güllələnir. Bir nəfər canını qurtardı, bəs geridə qalanları düşünmək lazım deyil?

Emin Milliyə münasibətim çox müsbətdir. O həbsxana həyatı da yaşayıb. Geriyə dönsə də yeri yenə də həbsxanadır. Onun qohumları ilə bağlı münasibətini hələ bilmirəm. Amma, Qənimət Zahidin münasibəti isə qıcıqvericidir. Münasibətini heç bəyənmədim və düşnmürəm ki, kimsə aydan arı, sudan durudur.

Belə bir zamanda və şəraitdə daxili çəkişmələrin kənara qoyulması, müxalifət daxili vəziyyətin sağlamlaşdırılması və bir cəbhə ilə hakimiyyətin üzərinə gedilməsi vacibdir.

Related Articles

Back to top button