English

Demokratik inkişaf, azad cəmiyyət, liberal iqtisadiyyat

Razi Nurullayevin Versus.Az saytına müsahibəsi

– Razi bəy, Tiflisdə təşkil olunacaq Şərq Tərəfdaşlıq Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakı nəhayət ki, dəvət olundu. Dəvətin gecikməsinə səbəb nə oldu?

– Bəli, sonunda təzyiqlər nəticəsində Azərbaycan foruma dəvət olundu. Bunun əsaslı səbəbi var. Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan Avropa Birliyi ilə sıx əməkdaşlığa malik deyil. Bu sahədəki münasibətlər o qədər qaranlıqdır ki, nə Azərbaycan, nə də Avropa Birliyi harada başlayıb, harada qurtaracağını bilir. Çünki başlayan bir nöqtə, tutulacaq bir vasitə yoxdur. Belə qeyri-müəyyən münasibətlərdən fürsət kimi istifadə edən xarici qüvvələr Azərbaycanın, o cümlədən hazırkı iqtidarın beynəlxalq nüfuzuna zərbə vurmaq üçün Avropa Birliyi qurumlarına təzyiq göstərirlər. Məsələ burasındadır ki, Azərbaycan da bu düşmən qüvvələrə istifadə etmək üçün əsaslar verir. Uzun illərdir ki, Azərbaycan ilə Avropa Birliyi arasında nə sözügedən çərçivədə, nə də Azərbaycanın təklif etdiyi strateji əməkdaşlıq barədə irəliləyişlər var. Bunu doğru hesab etmirəm və ölkəmizin Avropaya inteqrasiyasında fayda görürəm.

– Bu məsələlər Azərbaycanın Benəlxalq münasibətlərində hansı proseslərin getdiyini göstərir?

– Hazırda dəyişən bir münasibət yoxdur. Azərbaycan xarici siyasətində hər hansı bir əsaslı dəyişiklik etməyib və etmək niyyətində olduğu da görünmür. Azərbaycan beynəlxalq müstəvidə baş verən və ya təklif olunan təşəbbüslərə həmişə açıq olub və olacaq. Əgər o beynəlxalq və ya regional təşəbbüslər ölkənin daxili siyasətinə, ölkədaxili proseslərin yaxın və uzaq perspektivdə iqtidarın xeyrinə ola bilməyəcək məcrada inkişafına apararsa, hakimiyyət təşəbbüsə qoşulmayacaq.

– Məlum olduğu kimi, Norveç səfirliyi öz qərargahını Tiflisə köçürdü və ondan sonra Azərbaycan da öz səfirliklərini müəyyən ölkələrdən geri çağırdı. Bunun ardınca da Şərq Tərəfdaşlığının Tiflisdə keçirilən görüşünə Azərbaycan dəvət almadı. Bu prosesi bir-biriylə nə dərəcədə əlaqələndirmək olar? Qərb Tiflisi Cənubi Qafqazın əsas mərkəzi dövləti kimi qəbul edə bilərmi?

– Demokratik inkişaf, azad cəmiyyət, liberal iqtisadiyyat anlamında Gürcüstan Qərb üçün öndədir və əsas mərkəz kimi daha da irəli gedəcək. Skandinaviya ölkələri demokratik inkişaf, şəffaflıq, düzlük, ənənələrə sadiqlik baxımından bütün dünya ölkələri içində öndədirlər. Onların oturuşmuş prinsipləri var. Onun üçün də onlar addım atarkən bu nüansları nəzərə alırlar. Norveçin Azərbaycanda enerji maraqları var idi və bu maraqlar solub getdi. Heç İsveç də səfirliyini tam olaraq açmayıb. Bakıda müvəqqəti işlər vəkili oturur. Danimarka və Finlandiya da səfirlərini başqa ölkələrdə otuzdurur. Görünür ki, onların Azərbaycanda əsaslı maraqları və uzunmüddətli əməkdaşlıq fikirləri yoxdur.

– Gürcüstan hansı “cazibəsi” ilə Qərbin diqqətini özünə çəkə bildi?

– Demokratik inkişaf, azad cəmiyyət, liberal iqtisadiyyatı ilə.

Related Articles

Back to top button