Interviews

Siyasi proseslərin iştirakçısı və sifarişçisi xalqdır

1- Razi bəy, sirr deyil ki, bu gün ölkədə mövcud ictimai-siyasi vəziyyətin heç də ürəkaçan olmadığı müxtəlif rakuslarda müzakirə və təhlil olunmaqdadır. Vəziyyətin sosial partlayışa səbəb olacağı ilə bağlı müxtəlif arqumentlər irəli sürülür. Siyasətdə olan köhnə liderlərlərə “cazibəli” görünən bu durum yenidən “canlanmaları” üçün fürsət ola bilərmi?

Razi Nurullayev

Gördüyünüz kimi dünya sürətlə dəyişməkdədir. Hətta, əvvəllər dəyər hesab olunan davranışlar, hərəkətlər bu gün əvvəlki kimi cazibəli görünmür. Avropa Birliyi kimi monolit bir qurum belə çalxalanır. Dünyanın demokratiya beşiyi olan ABŞ-ın belə anti-demokratik hərəkətlər etməsi ilə bağlı fikirlər irəli sürülür, bu ölkədə belə seçki saxtakarlığından danışılır, söz azadlığının boğulmasına cəhdlər barədə narahatlıqlar var. Azərbaycan da dünyanın sərhədlərini məhv edən internet vasitəsilə bu prosesin iştirakçısıdır. Həm də maraqlısı odur ki, bu prosesin iştirakçıları ayrı-ayrı fərdlər və siyasətçilər, onların səfərbər etdikləri dəstəkçilər deyil, birbaşa xalqın özüdür.

Əvvəlki dövrlərdə televiziyalar, çap mediyası kimin əlində idisə, proseslərin sifarişini də onlar verirdi və xalq da iştirakçıya çevrilirdi. İndi sifarişçi xalqdır və buna da səbəb internetin açdığı və yaratdığı sərhədsiz imkanlardır. Bu gün reytinqlər televiziyaya daha çox çıxmaq və çap mediasında daha çox görünməklə yox, sosial şəbəkədə qazandığın ‘bəyənmə’ və şərhlərlə, video baxışlarla, paylaşımlarla, televizyada yox, YouTube-da qazandığın baxış sayları ilə ölçülür. Xalqın elə sadə nümayəndəsi var ki, populyar siyasətçilərdən daha çox baxılır və müzakirə edilir.

Bu gün siyasi proseslərin iştirakçısı və sifarişçisi xalqdır. Aparılan islahatların və Prezidentin xalq naminə atdığı müsbət dəyişikliklərin sifarişçisi və tələb edən qüvvəsi xalqdır. Xalq istəyir və alır. Yeni siyasətçilər, yeni simalar bunu görür və bu axarda özünə normal yer tutmaq və saxlamaq istəyir və deməliyik ki, buna da nail ola bilirik. Biz də yeni nəslin nümayəndələri kimi, yeni proseslərə, dəyişikliklərə və siyastin yeni çalarlarına daha tez uyğunlaşa bilirik və hətta bəzən öz xeyrimizə işləməyən prosesləri də həzm edə bilirik.

Amma, köhnə fikirli siyasətçilər bunu həzm edə bilmir, gedən dəyişikliklərə uyğunlaşa bilmir. Onlar xalqın prosesdə fəal iştirakından yararlanaraq parlamaq istəyirlər. Etiraz dalğasının üzərində populizmlə liderliyə yüksəlmək cəhdləri var. Onlar hesab edir ki, indiki yaranan vəziyyət 88-ci illərin sonu, 90-cı illərin əvvəlində olan prosesə bənzəyir və onlar da belə vəziyyətlərin mahir ustalarıdır. Amma, yanılırlar. Onlara cazibəli görünən bu vəziyyətin iştirakçıları və hərkətverici qüvvəsi olan xalq indi daha mütərəqqi, daha mütəşəkkil və daha aydın fikirlidir. İndiki prosesin iştirakçıları konkret məqsədlər üçün çallışır və onu da əldə etmək üçün səy göstərirlər.  

Bu gün xalqı tərəfinə çəkmək üçün onlara bilmədikləri və həyatlarrnı daha çox firavan edə bilən resept təqdim etməlisən. Xalqın böyük bir hissəsi xaos, başıpozuqluq, üsyan, inqilab istəmir. Xalq daha yaxşı yaşamaq, daha yaxşı iş yerinə sahib olmaq, gələcəyinə ümidli olmaq axtarışındadır. Demokratiya adi bir quru sözə çevrilib. Kim xalqın istədiyini verəcəksə, hazırkı iqtidardan daha yaxşı islahatlar, proqram təqdim və gələcək vəd edəcəksə, siyasi gələcək də onundur.

2- Müxalifətdə olan müəyyən bir kəsim sosial narazılığı xaricdəki müxalifətin apardığı fəaliyyətin nəticəsi kimi təqdim edir. Sizcə ənənəvi müxalif liderlərinin sosial sistemin narazı qismini idarə etmə gücü varmı?

Azərbaycanda baş verən siyasi fəallığın və yeni proseslərin ən böyük iştirakçısı xalqın özüdür. Sağlam siyasətçilər, normal bloqerlər və fəallar isə xalqın sözlərini daha konkret və aydın şəkildə çatdıranlardır. Ümumi prosesin aparıcı qüvvəsi xalqın özündən qaynaqlanır. Bu prosesi nə xaricdə söyüş söyənlərə, nə də təhqir edənlərə şamil etmək olar. Bunu bizim kimi tərəqqipərvər, sağlam siyasi qüvvələr edir. Hədə-qorxu ilə nəyəsə nail olmaq mümkün olsa idi, bu 30 ildə ona Əli Kərimli nail olardı. Bizim kimi müxalifətin irəli sürdüyü normal təkliflər və tövsiyyələr hakimiyyət tərəfindən analiz olunub və qismən də olsa Prezidentin imzaladığı fərman və sərancamlarda yer alıb.  

Prezidentin atdığı müsbət addımlar xalqın istəyi ilə reallaşıb, kiminsə söyüş söyməyi və təhqir etməsi ilə yox. Biz bu təklifləri seçkilər zamanı da səsləndirmişdik, bütün etaplarda deyir və inandırmağa çalışırdıq. Xalq da bu islahatların dəstəkçisi idi və iqtidarların da vəzifəsi xalqın səsinə qulaq vermək və onun istəklərini yerinə yetirməkdir. Prezident də xalqın xidmətçisi kimi olmağı özünə şərəf bidliyini deyir və addımları atır. Daha bunu kiminsə ayağına yazmaq lazım deyil. Amma, nə qədər olmasa da biz daxil olmaqla sağlam müxalifətin bu qərarların qəbul edilməsində xidmətləri vardır.

3- ADP sədri Sərdar Cəlaloğlu 26 il siyasətdə aparıcı olan  müxalifəti savadsızlıqda ittiham edərək bildirir ki, AXCP sədri Əli Kərimli və tərəfdarları bütün müxalifətdən kənarda dayanmaqla məhz ümummilli birliyə maneə törədən qüvvə olaraq Rusiya tərəfindən idarə olunur. Vəziyyəti siz necə təhlil edərdiniz? Deyildiyi kimi, müxalifətdə “5-ci kolona” işləyən qüvvələr varmı və nə dərəcədə güclüdür?

‘5-ci kolona’ işləyən qüvvələr hər zaman olub və olacaq da. Mili Şuranın Rusiyanın ortaya atdığı bir təzyiq vasitəsi olmasında müəyyən həqiqətlər var. Əli Kərimli də bunu çox gözəl bilirdi. Həm də bilirdi ki, onun bu qurum daxilində fərdi siyasi maraqları da təmin edilir. Əfsuslar olsun ki, Əli Kərimli hakimiyyətə gəlmək üçün hətta Rusiya və İrandan gələn təklifləri belə dəyərləndirməyə və öhdəliklər götürməyə hazır görünür. Bu öhdəliklər isə Azərbaycan dövlətçiliyinin və xalqının xeyrinə ola bilməz. Azərbaycan xalqı yeni bir boyunduruğu qəbullanmaz. Ona görə də 5-ci kolonun güclü olduğuna da inanmayaq. 

4- – Milli Şura – Əli Kərimlinin rəhbərlik etdiyi AXCP fevralın 23-də, martın 2-də mitinq hazırlıqlarında bulunsa da, daha çox kütləviliy təmin etmək üçün sosial mediada təbliğat aparsa da, icazə verilmədiyi üçün alınmadı. Ayrı-ayrı qruplar şəklində keçirilən mitinqlər və hansı qrupun daha çox adam yığa bilməsi ilə bağlı aparılan mitinq marafonu nəyə xidmət edir? Mitinqlərə icazə verilsəydi, milyonlar meydana gedəcəkdimi və niyə?

2 mart mitinqinə icazə verilmədi, amma mitinqlər yeni tarixlərə təyin ediləcək. 19 yanvar mitinqinə kifayət qədər narazı adamlar toplaşmışdı. Çünki, ilk dəfə olaraq Əli Kərimli şeytanın qıçını sındırıb,  içindəki “mən”i öldürüb kifayət qədər siyasi qüvvələrin iştirakını xahiş etmişdi. Həmin mitinq müxalifətin və xalqın ümumi gücü idi. Yalnız Əli Kərimlinin mitinqinə xalqın ciddi dəstək verəcəyi düşüncəsində deyiləm. Hər şeyi öz adına çıxmaq, ‘mən’ xəstəlyinə tutulmaq və özünü xilaskar kimi sırımaq cəhdi başqa siyasi qüvvələrin zəhləsini tökür və onları qıcıqlandırır. Xaqlı isə bizdən də çox qıcıqlandırır. Hətta bu gündən sonra o bütün siyasi qüvvələrə çağırış etsədə daha ona qoşulan o qədər olmayacaq. 30 ildə siyasi çəkiyə və nəticəyə nail olmayan, daxili demokratiya və daxili demokratik idarəçilik prinsiplərini boğan, tərəfdarlarını yanlış siyasi idarəçilik ucbatından həbsxanalara dolduran, içində Himalay dağı boyda kin-küdurət saxlayan birisi istədiyi zivəyə qədər sürünə bilər, amma ayağa qalxmaq istəyəndə yenidən yuvarlanıb dərənin dibinə düşəcək.

5- Azərbayacan Xalq Hərəkatı təşkilatında cərəyan edən son narazılıqlar köhnə proseslərin davamını xatırlatsa da, eyni ssenari davam edir. Sizcə bu cür təşkilatlanma ilə hara qədər gediləcək?

Hərəkat haqqında tam məlumatlı deyiləm, amma orada olanların xeyli hissəsi artıq hakimiyyətdə olmuş və bir çoxlarının iddia etdiyinə görə Elçibəy hakimiyyətinin yıxılmasında rol almış adamlardır. Qarabağ Komitəsinin ikiyə bölünməsi təəssüf doğurur, qarşılıqlı ittihamlar isə insanları narahat edir.

Bir-birini təkrarlayan, missiyası və məqsədi eyni olan təşkilatlar yaratmaq nə demək…Münaqişənin həllinə yönəlik iqtidar və müxalifət söhbəti aparmaq, iqtidar və müxalifət təşkilatları yaratmaq, təşkilatlanmaya cəhd etmək, zənnimcə doğru adım deyil və Dağlıq-Qarabağın qaytarılmasına, azad edilməsinə xidmət etmir.

Dağlıq-Qarabağla bağlı mitinq keçirmək də vəziyyəti dəyişən deyil. Mitinqin keçirilməsi aşağıdakı hallarda məntiq kəsb edə bilər:

Birincisi, siyasi hakimiyyət bu münaqişənin həllində maraqlı olmasın və süni şəkildə prosesi uzatsın; ikincisi, siyasi hakimiyyət Dağlıq-Qarabağla bağlı xalqın maraqlarına cavab verməyən razılaşmalara getsin; üçüncüsü, beynəlxalq aləm Azərbaycanı təslimedici sülhə məcbur etmək istəsin. Hazırda, isə bunların heç birisi real deyil.

Bu baxımdan, Dağlıq-Qarabağla bağlı siyasi oyunlar qurmaq, təşkilatlar, komitələr yaratmaq düzgün siyasət hesab oluna bilmzə. Təbii ki, elə təşəbbüslər ola bilər ki, bu xeyirli, faydalı ola bilər. Amma, indiki halda gördüyüm cəhdlərin çoxu siyasi oyuna bənzəyir.

Bu cür ittihamlarla bürünən və bir-birini ağır sözlərlə ittiham edən qurumların dəstəyi mitinq iştirakçılarının sayına ciddi təsir göstərə bilməz. 

6- Ənənəvi müxalifətin “meydanda hamıdan güclü mənəm” tamaşası qurduğu bir vaxtda beynəlxalq aləm “xalqı sülhə hazırlama” proqramı üzərində işləyir, təlqin edirlər. Eləcə də Rusiya ekspertləri Qarabağla bağlı gizli danışıqların getdiyini, müəyyən bir razılıqların əldə olunmasından danışırlar. Bu istiqamətdə cərəyan edən prosesləri necə təhll edərdiniz?

Bununla bağlı çox fikir demişəm. Rusiya vadar etməzsə, Paşinyan hökuməti sülhə hazır deyil. Yaxın zamanlarda münaqişənin həllini gözləmək də reallıqdan uzaqdır. Azərbaycan xalqı torpaqların qaytarılması şərti ilə sülhə hazırdır və onun hazırlanmasına ehtiyac yoxdur. Erməni xalqını sülhə hazırlamaq üzərində işləsinlər. Bizim ölkəmizə lazım olan yeganə şey siyasət və xalqın birliyi və Dağlıq-Qarabağ üzərindən iqtidar-müxalifət oyunu qurmamaqdır.

7- Ölkəmiz Qarabağ məsələsi ilə bağlı hansı diplomatik üstünlüyü əldə edə bilib?

Dağlıq-Qarabağ həqiqətlərini dünyaya tanıda bilmişik. Bu sahədə Ermənistan bizdən öndə deyil. Əksinə, dünya Ermənistan rəhbərliyinin bu qədər naşükürlyünə təəccüblənir. Başqa dövlətin ərazisini işğal edib və özünü də haqlı görür. Doğurdan da bu çox təəccüblüdür. Diplomatik üstünlüyümüz olsa da, bu münaqişənin real həllinə hələ ki, kömək edə bilmir. Əfsuslar olsun ki, həmsədr ölkələr daha çox Ermənistana təzyiq əvəzinə, Azərbaycanı güzəştlərə vadar etmək istəyirlər. Azərbaycanın isə səsləndirdiyi fikirlərdən savayı başqa güzəştlərinin olması mümkün görünmür. Güzəştlər ola bilər, ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyünün saxlanılması çərçivəsində. Bu qırmızı xəttdir.

Razi Nurullayevin Versus.Az saytına  müsahibəsi

Related Articles

Back to top button