English

İmişli camaatı, əli qabarlı kəndçi və onlara çarə axtaranlar!

İstər dövlət vəzifəlisi olsun, istər məmur, istər də deputat olsun, heç olmasa ildə bir dəfə xalqın yaşadığı kimi yaşamırsa o xalqı necə başa düşə, hiss edə bilər? İmişlidə yaşayışım gözüm önündən bir gün də çəkilmir, hər kəsə də həvəslə danışıram. İmişlidə doğulub böyümüşəm, İmişlidə yaşamışam, yayda çöl-bayırda ayaqyalın, qışda isə donmamaq üçün bir otağa sığınmışıq. Çünki, soba ancaq bir otaqda yanıb. Qalan otaqlar isə Sibir olub.  Evin başqa otaqlarından, zallarından istifadə edə bilməmişik.

İmişli, Razi Nurullayev

Elə bu cür yaşadığıma görə sadə xalqın problemlərini yorulmadan həm televiziya ekranlarında, qəzet səhifələrində, internet televiziyalarda və sosial şəbəkələrdə danışmışam. Biz siyasətçiyik, danışmağı yaxşı bacarırıq. Xalqın da vəkili danışmalıdır, xalqın problemlərini deməlidir, usanmadan onun problemlərini gündəmə gətirib həllinə nail olmalıdır.

Mən yorulmadan kredit borclarının bağışlanması və ya həlli üçün gecə-gündüz danışdım, mübarizə apardım və bu məsələni gündəmdən düşməyə qoymadıq. 2018-ci ilin Prezident seçkilərində Prezidentliyə namizəd kimi ən böyük vurğunu xalqın sosial problemlərinə yönəltdim. Cənab Prezident xalqın səsini eşitdi və kredit borclarını həll etdi. Biz gecə-gündüz təbii yanar qazın limitinin götürülməsi üçün mübarizə apardıq, həftədə 3-4 dəfə bu məsələ ilə bağlı yazdıq, dedik, danışdıq və məsələni kampaniyaya çevirdik. Xalq da dəstək verdi. Limitin xalqa bəs etdiyi mif yalanı üzə çıxdı və Prezident qaz limitini xalqın xeyrinə həll etdi. Amma, yenə də bu məsələnin tam olaraq xalqın xeyrinə həll olunmasına ehtiyac var.

Yorulmadan deyirdim ki, kasıb əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün onlara sosial biznes krediti verilməlidir və həm də onlara verilən kreditdən sərfəli istifadə edərək pul qazanmağı öyrətmək lazımdır. İndi bu məsələ hökumət tərəfindən yerinə yetirilməkdədir, amma bu məsələnin əsaslı şəkildə təkmilləşdirlməsinə ehtiyac var. Çünki, heç də verilən yardımlar insanların ehtiyaclarını həll edə bilmir.

Mən sosial evlərlə bağlı Fransa təcrübəsinin tətbiqini təklif etmişdim. Prezidentin bu məsələ ilə bağlı iradəsi var. Sosial evlər tikilir, amma insanların ehtiyacını ödəmək üçün bu məsələyə kökündən yanaşmaq və yaxın 10 il ərzində hər bir vətəndaşın evlə təmin olunmasına nail olmaq zərurətdir və bunu deməliyik, danışmalıyıq.

Uşaq pulunun verilməsi, hər doğulan uşağa birdəfəlik yardımın verilməsi ilə bağlı dayanmadan danışmışıq, mübarizə aparmışıq və aparacağıq. Bu məsələ bu və ya digər şəkildə xalqın xeyrinə həll olunmalıdır. Yeni doğulan uşaq sağlam böyümürsə, onun valideynləri övladını zülm içində böyüdürsə vətəni kim qoruyacaq, bu ölkənin gələcəyini kim təmin edəcək?

Biz necə olmalıyıq! Problemləri necə həll etməliyik?

Ən azı ildə bir neçə dəfə xalqın yaşadığı kimi yaşayıb, onun kimi hisslər keçirmək. Bu birmənalıdır.

Vəzifəli şəxs, məmur, deputat ayağına rezin sapox geyinib, ya bir potu geyinib su sulamırsa xalqı başa düşə bilərmi? O, şor yemirsə xalqı başa düşə bilərmi? O çöldə ocaq qalayıb yemək bişirmirsə, onun tüstüsünə batmırsa xalqı başa düşə bilərmi? O, kanallardan, arxlardan gələn bulanıq suyu duruldub ondan çay dəmləyib içmirsə xalqı başa düşə bilərmi? O, təzək yandırıb onun istisinə qızınmırsa xalqı başa düşə bilərmi? Palçıqlı və ya tozlu yolda gedərək ayaqqabısını batırmırsa xalqı başa düşə bilərmi?

Bu yaxında Çin dövlətini araşdırdım və gördüm ki, çində məmurları, vəzifəli şəxsləri xalqın içinə göndərirlər və o xalqla bir yerdə yaşayır, xalqın yediyindən yeyir, geydiyindən geyir, xalqın getdiyi yolla gedir, onun içdiyindən içir və o xalqı başa düşməyə başlayır. Bu eksperimentdən sonra bir neçə il ərzində çində pis yol qalmayıb. Kəndlər çox effektiv şəkildə surətlə inkişaf etməyə başlayıb və Azərbaycanda da bunu tətbiq etmək lazımdır. Deputatı da, vəzifəli şəxsi də, naziri də, komitə sədri də gedib heç olmasa bir həftə, on gün, ildə bir neçə dəfə xalqla yaşamalı, xalqın çətinliyini görməlidir. Bundan sonra, o xalqı başa düşə bilər. İsti yerdə oturan, isti maşında gəzən, gözəl yeyib, gözəl içən, gözəl geyinən təbii ki, xalqı başa düşə bilməz.

Mən xalqın yanında olmanın tərəfdarıyam! Vətəndaşların sözünü demək, sadə insanların dilində danışmaq, fəhlə-kəndli sinfini müdafiə etmək bizim işimizdir!

ÜzünüzGülsün

Related Articles

Back to top button