English

Yaralı əsgər Şəmkirdən çıxıb, axsaya-axsaya, sarğının içində Astaraya, İmişliyə, Masallıya, Neftçalaya necə getsin?

Hər kəsdən xahiş edirəm ki, diqqətlə oxusun və paylaşsın. Bir də sizlər də fikir və təkliflərinizi yazın ki, “Yaşat” fondu daha hansı sahələri əhatə etsin.

Nağılı Firdovsi, Qubadlıda yaralanıb

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərmanını çox yüksək qiymətləndirirəm. Həqiqətən çox sevinirəm və bu gün mənim üçün ən gözəl günə çevrildi.

Neçə zamandır ki, bu mənim arzum idi, xalqımızın arzusu idi, şəhid ailələrinin, yaralıların arzusu idi. Bu arzunu reallaşdırdığına görə Prezidentə təşəkkürümü bildirirəm.

Çox yaralıları, ailələri ziyarət edirəm və yalnız dövlət dəstəyi ilə bütün problemlərin həll olunması mümkün görünmürdü. Çoxlu, saysız-hesabsız gözə görünməyən, dövlətin nəzərə ala bilmədiyi əlavə qayğılar ortaya çıxırdı və bu da haqlı narazılıqlar yaradırdı.

Üç misal üzərində dayanacam və əminəm ki, “Yaşat” Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də bu sahələr olacaq.

1-ci nümunə (misal)

İyul ayı, Tovuz döyüşlərində bir əsgərimiz – Zeynalov Məhyəddin Elsevər oğlu yaralanmışdı. Bir gözü yoxdur, baş nahiyəsinin bir tərəfi də demək olar ki, yoxdur, bir ayağı da sınıb və Yelezarov aparatındadır. Valideynləri Rusiyada yaşayırdı, iş adamlarının köməyi ilə Bakıya gəldilər, onları yerləşdiridm və iki aylıq da kirə pullarını ödədim. Kasıbdırlar. Onlar Bakıda necə yaşamlı idilər? Hansı pulla? Onlara yardımı kim göstərməli idi? Övladları dövlət hesabına müalicə edilirdi, demək olmazdı ki, ay valideyn sən çıx get evinə, xəstəxananın qarşısında gözləmə, sağalanda gəlib apararsan. Bütün valideynlər övladları çıxana kimi o xəstəxanın qarşısında gözləyirlər, belə də olmalıldır.

Şıxaliyev Nahid, Şuşada yaralanıb

Məhyəddin xəstəxanadan çıxdı. Dedilər ki, onu Şəmkir xəstxanasına aparmaq laızmdır və oradan məzuniyyətə çıxacaq. Valideyn onu nə ilə, hansı pulla aparsın? Mən 1000 AZN bir iş adamından alıb onlara verdim ki, aparıb gətirsin. Onlar 3 gün orada qaldılar. Nə yeyib, nə içməli idi?

Gətirdilər İmişlidə evlərinə. Yaralının evi yarımçıq qalmışdı. Onu tikmək və yaralının, əlilin yaşaması üçün şərait yaratmaq lazım idi. Bir neçə iş adamı ilə söhbət apardıq, sonunda məlum oldu ki, İmişli icra hakimiyyətinin büdcəsində bir az vəsait var və 16,000 AZN-in ayrılması üçün başçı sərəncam verdi. Evi təmir olunur.

Amma, indi bu əlilin evi təmir olunur deyə ona demək olmaz ki, düş yaxamdan, daha sənin üçün ev də təmir etmişik.

Bu 19 yaşında ağır xəstədir. Beyni zədələnib, elə olur ki, bir gündə 3 dəfə ambulans çağırılır. Dərman yazılır, müalicə təyin edilir. Valideyn o dərmanları hansı pulla alsın? Ayda bir-iki dəfə də təkrar yoxlanmaq üçün gah Bakıya, gah da Şəmkirə dəvət edirlər. Bu əlil, yarımcan əsgər 500 azn verib rahat maşın tutub necə getsin? Onunla gedən atası, anası harada gecələsin, nə yesin, nə içsin?

Bax bu problem bu gün də qalır və mən onun atasının zənglərinə daha cavab verə bilmirəm. Daha iş adamlarına ağız açmaq üçün limitim də qalmayıb.

Bu bir misal üzərində izah edilən minlərlə əsgərin taleyidir.

2-ci nümunə (misal)

Yaralı Şıxaliyev Nahid İslam oğlunun çəkib paylaşdığı video hər kəsin yadınadır. Daha paylaşmayan və fikir bildirməyən qalmadı. Onu ziyarət etdim, dinlədim və geniş də yazmışam, istəyənlər səhifəmə baxıb oxuya bilərlər. Nahidin də evə məzuniyyətə buraxılandan sonra ağrıları başlayıb və dözülməz olub. O, necə xəstəxanaya getsin, kim aparsın və hansı vəsaitlə? Bir nəfər vətənpərvər insan onun xərclərini üzərinə götürüb və indi müalicəsi davam edir. O şəxslə də danışdım. təşəkkür etdim və dedi ki, nə olsa yenə də hazıram. Amma, axı bu məsələlər elə-belə, bir-bir, ayrı-ayrı fərdlər üçün edilməsi də çıxış yolu deyil.

Axı əsgər evə buraxılandan sonra da həkim nəzarətində olmalıdır və xərci ödənməlidir. Amma, ikinci misalımən tale yükü kredit məsələsidir. Nahidin ayda banka 600 azn-lik kredit ödəməsi var. O bunu necə ödəyə bilər? Yaxşı deyək ki, bank faiz hesablamadı, amma yenə də bir neçə aydan sonra ödəməli olacaq. Demək ki, döyüşdə iştirak edənlərin də kredit borclarının ödənməsi vacibdir və mütləqdir. O canını verib, əlil olub, kreditini də dövlət və xalq ödəməlidir.

Bu cür əsgər və zabitlərimiz yüzlərlədir.

3-cü nümunə (misal)

Bakıda kirayədə yaşayan yaralı qazi Firdovsi Nağılı Vüqar oğlunun timsalında izahım. Ayağına 12 mil qoyulub. Atası ilə birlikdə ailəsini dolandırıb və ayda kirə olaraq 300 azn ödəyib. Yaşadıqları kirə ev də yaxşı vəziyyətdə deyildi. Gücümüz çatanı etdik, bir iş adamından da xahiş etdik, Allah köməyi olsun. gedib ziyarət edib yardım göstərdi. Amma, axı yardımla yaşamaq mümkün deyil.

Yaralı əsgər Zeynalov Məhyəddin, İmişli

Bu nümunədə iki məsələni aydın edəcəm. Birincisi, Firdovsi kimi evi olmayan çox qazimiz var. Şəhid ailələrinə ev verilir və o da növbə ilə. Heç Birinci Qarabağ müharibəsində olanlar tam siyahı üzrə evlə təmin edilməyib. Belə çıxır ki, qazilər, əlillər də hələ illərlə növbəyə durmalıdır. Xeyr, onları tez həll etmək lazımdır. Firdovsi deyir ki, kənddə evləri yanıb, öz gücünə tikib və yarımçıq qalıb. Deyir ki, Bakıda dolanmaq bahadır, çətindir. İstəyir ki, evinə getsin, sağalandan sonra da təsərrüfatla məşğul olub ailəsini dolandırsın. Amma, evi yoxdur.

Firdovsi kimi yüzlərlə qazi var.

İkinci ağır məsələ bu gün də davam edir. Bu məsələdə isə konkret olaraq aidiyyatı qurumların məsuliyyəti də var və bunu ayrıca da olaraq ictimailəşdirəcəm.

Məzuniyyətə göndərilən yaralı əsgər Şəmkirdən, Qəbələdən çıxıb, axsaya-axsaya, sarğının içində, yaxud eləsi var ki, gərək əlinlə qaldırıb maşına qoyub aparasan, Asataraya, İmişliyə, Masallıya, Neftçalaya necə getsin? Bilirsiniz Firdovsi Şəmkirdən Bakıya necə gəlib? 06 Jiqulidə. Ayaq qoyulan yerdə oturub ki, ayağını yuxarı uzada bilsin. Bu nə deməkdir?

Elə yaralı əsgərlər var ki, məzuniyyətə buraxılsa da evinə gedə bilmir. Valideyninin maşın tutmağa pulu yoxdur. Belə yanaşma olarmı?

Müdafiə nazirliyi bununla bağlı vətəndaşlara müraciət etsəydi, əminəm ki, bütün xəstəxanaların önündə yüzlərlə vətəndaş öz maşını ilə gözləyərdi ki, qazini evinə aparsın. Elə vətənpərvər oğlanlar var ki, yarım milyon dollarlıq maşını ilə qazini evinə aparmağa, xəstəxanaya gətirməyə gedərdi. Bunu təşkil etmək lazım idi.

Uzun oldu deyə dayanıram. Amma, bu məsələ ilə bağlı əlimdə olan faktlara və ziyarətlərimdən yaranan söhbətlərə söykənərək min səhifə də yazaram, amma bitməz.

Qoy “Yaşat” fondu şəhid ailələrinin və qazilərimizin ləyaqətli və şərəfli həyatını layiqincə təmin etsin.

Related Articles

Check Also
Close
Back to top button