Interviews

4-5 aydan artıqdır ki, QHT-lər durğunluq və qeyri-müəyyənlik dövrünü yaşayırlar

Razi Nurullayev, "Region" Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti
Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti

14 Oktyabr 2014

“Qafqazinfo” “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) təsisçisi və eksperti Razi Nurullayevin vətəndaş cəmiyyətinin durumu ilə bağlı müsahibəsini təqdim edir:

– Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətini necə qiymətləndirirsiniz? Bir çox QHT nümayəndələri vəziyyətin çox kritik olduğunu vurğulayır, bəziləri təşkilatlarını bağladıqlarını bəyan edirlər. Təşkilatınızı bağlamaq fikrində deyilsiniz?

– İlk öncə vurğulayım ki, doğrudan da vətəndaş cəmiyyətində vəziyyət ağırdır. Artıq 4-5 aydan artıqdır ki, QHT-lər durğunluq və qeyri-müəyyənlik dövrünü yaşayırlar. Bir çoxları aldıqları qrantlar üçün Ədliyyə Nazirliyindən bildiriş almaqda çətinlik çəkir və ya aldıqları qrant layihələrinin müqavilə sənədlərini tərcümə etdirdikdən sonra Notariat idarələrində təsdiq etdirmək üçün günlərlə ayaq döyməli olurlar. Elə notariatlar var ki, tərcüməni təsdiq etməmək üçün elə arqumentlər gətirirlər ki, elə əhəmiyyətsiz detallara ilişirlər ki, mat-məəttəl qalırsan. Bir də ki, bəzən qrant layihələrinin müqavilə sənədi 100-200 səhifədən çox olur. Bu 200 səhifənin maksimum 5-6 səhifəsi təqdim edilən qrant layihəsinə aid olur. Qalan səhifələr isə bütün QHT-lər üçün ümumidir və əsasən, onların ekoloji məsuliyyəti, davranışı və s. məsələlər barədə olur. Yəni bu bəndlər əhəmiyyətsizdir. QHT-nin hər səhifəni tərcümə etdirmək üçün 10-15 AZN pul xərcləməsi, bununla bərabər hər səhifəsinə görə də notarial təsdiq üçün də 2-3 AZN ödəməsi nə qədər ədalətlidir? Bir donordan 10-15 QHT qrant alıbsa və hər biri üçün bağlanan 150 səhifəlik müqavilənin 4-5 vərəqi əsasdırsa, və qalan 145 səhifəsi hər biri üçün eynidirsə, onların o qrant müqavilələrini ayrı-ayrılıqda tərcümə etdirməsi, ayrı-ayrılıqda təkrar-təkrar notarial təsdiq üçün küllü miqdarda pul xərcləməsi nə qədər məntiqlidir?

Banklar ayrı söhbətin mövzusudur. Elə banklar var ki, QHT-lərə bank hesabı açmaqdan imtina edirlər. Amma, elə banklar var ki, onlar heç bir problem yaratmır. Belə çıxır ki, banklara QHT-lərə hesab açmamaq haqqında siyasi göstəriş yoxdur. Bir sıra banklar katolikdən çox katolik olmaq istəyir. Məsələn, Access Bank mənim təşkilatıma hesab açmaqdan imtina etdi. Bizim təşkilatın hesabı Respublika bankında idi. Onlar QHT-lər üçün aylıq xidmət haqqını fantastik dərəcədə qaldırandan sonra, biz daxil bütün QHT-lər hesablarını bağlamalı oldular. Access bankın bu hərəkəti mənim üçün göydən düşən ildırım effekti yaratdı. Artıq o bank mənim üçün “Sizin Avropa Bankınız” deyil. Bu şüar özünü doğrultmadı. Təəssüf!

– Vətəndaş cəmiyyətində baş verən hadisələr Azərbaycanın beynəlxalq imicinə də təsir göstərir. Sizcə iqtidar nümayəndələri nədən birdən-birə bu qədər sərt mövqeyə keçdilər? Bəlkə də bilmədiyimiz ciddi səbəblər var? 

– Etiraf edim ki, mən də çaşqınlıq içindəyəm. Səbəbini bilmirəm. Nədən hakimiyyət bumeranq rolunu oynayan addımlar atmaqda davam edir, bax bu mənim də bilgim xaricindədir. Bildigim bir həqiqət var ki, o da hakimiyyətin özünü çətin duruma salmasıdır. Amma, hakimiyyət yetgililərinin verdiyi açıqlamalardan belə başa düşmək olar ki, QHT-lər guya ki, aldıqları qrantları müxalifətə ötürüblər. Xarici güclər Azərbaycanda ərəb inqilablarına bənzər və ya Maydan senarisinə uyğun fəaliyyət həyata keçirmək istəyiblər. Bunların doğruluğuna inana bilmərəm. Azərbaycan müxalifətinin maliyyə durumu göz önündədir. Digər tərəfdən, inandırıcı deyil ki, QHT-lər vasitəsilə müxalifətə böyük pullar ötürülüb.

Məsələnin bu cür qabarması və son həbslər ölkənin beynəlxalq imicinə zərbə vurub desək yanılmarıq. İqtidar nə istəyirdi? QHT-lərdən və müxalifətdən gələn tənqidləri dayandırmaq, QHT-lər tərəfindən göndərilən tənqidi hesabatları durdurmaq və bununla da problemi kökündən həll etmək. Nə baş verdi? Hər şey əksinə oldu. Hakimiyyətin bu senarisinin xəritəsini kim cızıbsa, ciddi yanlışlıqlara yol verib. Baxin nələr oldu? 

Həbs olunan hüquq müdafiəçiləri bir neçə beynəlxalq mükafata layiq görülüblər. Nəticədə, dünyaya kifayət qədər səs salındı. Azərbaycanı tanımayan və oxumayan da onu tanımağa və oxumağa başladı. Avropa Parlamenti Azərbaycanla bağlı çox sərt qətnamə qəbul etdi, AŞPA ölkəni ciddi tənqidə məruz qoydu. Beynəlxalq təşkilatlar – Human Rights Watch, Freedom House, Amnesty international və onlarla digərləri demək olar ki, ayda bir neçə dəfə tənqidi hesabat təqdim edir.

Görünən budur ki, hökumətlə vətəndaş cəmiyyəti arasında qarşıdurma yaranıb, körpülər yanıb və hər kəs çarəni sərhədlərin o tayında axtarır. Əslində isə, cəmiyyətdə anlaşma və dialoq mühiti olmalıdır.Mənə belə gəlir ki, vətəndaş cəmiyyəti nümayəndələri ilə birbaşa dialoq aparılarsa, bir çox anlaşılmazlıqlar aradan qalxar.Bu qədər həbslər kimə lazım idi? Vəziyyət bu şəkildə davam etdikcə ən çox itirən insanlardır, cəmiyyətdir və Azərbaycandır. Buna görə də tezliklə dialoq mühiti işə düşməli, problemlər və onu tərədən səbəblər aradan qaldırılmalı və vətəndaş cəmiyyətinin normal işi bərpa edilməlidir. Vətəndaş cəmiyyəti olmadan hansı müsbət demokratik dəyişikliklərdən danışmaq olar?

– Demək istəyirsiniz ki, hakimiyyət bunu əvvəlcədən hesablaya bilməyib? 

– Bunu deyə bilmərəm. Amma, axı məsələ yalnız bununla bitmir. Xaricə mühacirətə gedənlər də çoxdur. Artıq onlar da ciddi şəkildə təşkilatlanıb və hakimiyyətə ciddi müqavimət təşkil edə bilirlər. Bir ildən sonra, artıq onların hakimiyyət üçün yaratdığı başağrısı indikindən bir neçə dəfə çox olacaq. Onların Azərbaycanda qalıb fəaliyyət göstərməsi hakimiyyət üçün daha ziyansız və ucuz başa gələrdi. QHT-lərin qeydə alınmamasına baxaq. Bu da problemin tərkib hissəsidir. Nədən QHT-ləri qeydiyyata alıb da onların maliyyə vəsaitlərindən xəbərdar olmasınlar? Məgər onları qeydiyyata almayanda, onlar qrant ala bilmirmi? Əksinə, qeydiyyata alınmayan QHT-nin əli-qolu daha açıq olur, dili də uzun. Bəzən hakimiyyət, özü bilərəkdən və ya bilməyərəkdən problemlər yaradır və sonra da özü o problemlərin əsirinə çevrilir. 

– Azərbaycanda bağlanan beynəlxalq QHT-lərin fəaliyyətini necə dəyərləndirirsiniz və onların bağlanmasına münasibətiniz?

– Təbii ki, beynəlxalq QHT-lərin fəaliyyətini dayandırması müsbət hal deyil. Milli Demokratiya İnstitutu gənclərin inkişafına kifayət qədər kömək edirdi. O, nəinki müxalifyönlü təşkilatlara pul ayırırdı, həm də iqtidaryönlü QHT-lərə pul ayırırdı. Mənə belə gəlir ki, nisbət bərabər, bəzi hallarda isə iqtidaryönlü təşkilatların xeyrinə idi. İREX Azərbaycan QHT-lərinin inkişafında müstəsna rol oynamışdı. Bu təşkilat QHT-lərin internet səhifələrinin yaranmasına yardım edən ilk təşkilat idi. İnternet resurslarının inkişafı və milliləşməsi ilə bağlı çox ciddi işləri var idi. Açıq Cəmiyyət İnstitutu QHT-lərin əlindən tutan və onlara yeriməyi öyrədən bir fond idi. Belə demək olar ki, o ilk gündən QHT-lərə atalıq və analıq etmişdi. Hazırda ABŞ-ın Peace Corps təşkilatının da üzərində qara buludlar dolaşır. Amma, bu təşkilat rayon və kənd yerlərində uşaqlara ingilis dilini öyrədirlər, Azərbaycan ailələrində yaşayaraq milli adət-ənənəmizlə tanış olurlar və öz ölkələrində də bizim dostlarımıza çevrilirlər. Onların bağlanmasına təəssüf etməkdən başqa əlimdən bir iş gəlmir. 

– QHT-lərin fəaliyyəti qadağan oluna bilərmi?

– Xeyr. İnanmıram. Hakimiyyət heç zaman bunu etməz. Əksinə, ola bilsin ki, yerli fondlara vəsait daha çox ayrılsın və bununla da QHT-lərin xarici donorlardan asılılığını azaltsınlar. Təbii ki, qeydiyyatsız QHT-lərin kitabı bağlanır və üstəlik çətin ki, QHT dövlətdən aldığı qrantla hakimiyyəti sərt şəkildə tənqid edə bilsin. 

Ümumiyyətlə, QHT-nin fəlsəfəsini düzgün başa düşmək lazımdır. QHT-lər dünyanın hər yerində tənqid edir. Tərif deyən QHT-yə az rast gəlmişəm. QHT-nin yaranış fəlsəfəsi budur. O, tərif təşkilatı deyil. ABŞ-da Quantanamo həbsxanasına görə ABŞ QHT-ləri ABŞ-ı bütün dünyada rüsvay edirdilər və bu gün də edirlər. ABŞ QHT-ləri bir çox Ştatlarda ölüm hökmünün qalmasını sərt tənqid edirlər və bununla bağlı ifşaedici hesabatlar hazırlayırlar. Bu cür nümunələr yüzlərlədir. Missiyasında saflıq dayanan QHT-lər, ümumiyyətlə tərif deyə bilmirlər, bu mümkün də deyil. Çünki, onlar qrant layihələrini mövcud problemlərin həllinə nail olmaq və ya yardımçı olmaq üçün həyata keçirirlər. Əgər, layihənin hədəflədiyi problem aradan qalxırsa, o zaman QHT bu uğuru qeyd edə bilər. Bunun da adına “uğur hekayəsi” deyirlər.

Amma, QHT-lərin fəaliyyəti qadağan olunmasa da, onların işinə yeni hazırlanan qanun mane ola bilər. Əgər, mətbuatda yayılan qanun müddəaları realdırsa, o zaman bu ciddi şəkildə geriyə addımdır. Bu qanun donorları çox məhdudlaşdırır və çətin ki, fondlar o şərtlərlə Azərbaycanla işləməkdə maraqlı olsunlar. Bu isə, QHT-lərin sıradan çıxmasına səbəb ola bilər.

– Bir çox QHT-lər və onların donorları ermənilərlə əməkdaşlıqda günahlandırılır. Buna nə deyirsiniz?

– Şərtlər və çərçivələr əsasında əməkdaşlıq etmək olar. Məsələn, iki il öncə Azərbaycan ziyalıları ilə erməni ziyalıları arasında dialoq qurulmuşdu. İndi davam edib-etmədiyindən xəbərsizəm. Bu da xalq diplomatiyası deyildimi?

Bu məsələyə iki rakursdan yanaşmaq istərdim. Birincisi, əgər bu əməkdaşlıq Ermənistan QHT-sinin Azərbaycanın ərazi bütövlüyünə hörməti çərçivəsində və yerinə yetirilən layihə Dağlıq-Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına xidmət edirsə, o zaman bir problem görmürəm. Yox, əgər Azərbaycan QHT-si alətə çevrilərək bilərəkdən və ya bilməyərəkdən Ermənistana xidmət edirsə, təbii ki, bu qəti şəkildə yolverilməzdir. Azərbaycanda isə, tanıdığım QHT-lər içində belələrinə rast gəlməmişəm. Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır və heç zaman razı ola bilmərik ki, Azərbaycan ərazisində ikinci bir erməni dövləti yaransın.

Related Articles

Back to top button