Interviews

Rəhman Əbişov və Elyar Muradovla danışdım…

– Razi bəy, siyasi partiya sədrlərindən daha çox siz öz çıxışlarınızda Azərbaycanda məmur özbaşınalığını faktlarla göstərirsiniz. Həmin məmurlar tərəfindən bu kimi çıxışlarınızdan sonra sizə, yaxud partiyanızın üzvlərinə təzyiqlər olmur ki?

Razi Nurullayev, AXCP sədri

– Olur, amma kütləvi təzyiq demək olmaz. Əslində, bu məsələyə başqa prizmadan yanaşmaq istərdim. Məmurların məsuliyyətsizliyi, yekəxanalığı, saymazlığı, özündən razılığı və cəzasızlığı göz önündədir. Faktlar deyəcəm.

Bir yaxın adamımız uzun illədir ki, dəmiryolu sərnişin daşıma xidmətində çalışırdı. Onu işdən azad ediblər. Bakı Vaqon Deposunun rəisi Rəhman Əbişov və Sərnişin Daşımaları Departamentinin rəhbəri Elyar Muradova zəng etdm, danışdım. Araşdırma aparmışdım və bilirdim ki, nə üçün belə edirlər. İşçiləri bu və ya digər səbəblərlə işdən uzaqlaşdırır və sonra başqa şəxslərin vasitəçiliyi ilə onları rüşvət müqabilində yenidən işlərinə qaytarırlar. Bu, birbaşa rüşvətxorluq və özbaşınalıqdır.

Əgər siz onların adını yazıb internetdə axtarış etsəniz, yazılanlar doğrudursa, oxuduqlarınızdan aydın olacaq ki, onlar həm də mənəvi və əxlaqi cəhətdən aşılanmış adamlardır.

Sonra, axşamüstü “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova zəng etdim. Telefonu götürən adam özünü köməkçi kimi təqdim etdi və dedi ki, sədr müşavirədədir. Yəqin hərdən gecəyarısı da müşavirə keçirir. Özümü təqdim etdim və vacib danışmaq istədiyimi bildirdim. Belə çıxır ki, zəngimi vecinə də almadı. O biri işçiləri də həmçinin. Əminəm ki, bu gün onlar tutduqları vəzifənin və bir altdan o biri alta keçən oturduqları kresloya güvənib belə hərəkət edirlər, sabah isə kimin harada olduğunu bir uca Allah bilir. Heç nə yaddan çıxmır, heç nə unudulmur. Mütləq hər kəs etdiyi hörmətsizliyin, saymazlığın, qanunazidd əməllərinin cəzasını çəkəcək. Şəxsən deyə bilərəm ki, ciddi araşdırma aparılır, faktlar toplanılır. Adını çəkdiyim və çəkmədiyim şəxslər barəsində çox məsələləri açıqlamaq və hüquqi müstəviyə götürmək niyyətindəyəm.

“Prezident də, Birinci xanım da xalqla açıq təmaslarında gördülər ki…”

– Bəzən belə fikirlər səslənir ki, ölkədəki neqativlər Prezidentə çatdırılmadığı üçün o, vətəndaş narazılığından xəbərsizdir. Siz necə düşünürsünüz?

– Dediyinizdə həqiqət payı da olmamış deyil. Amma indi Prezident hər şeyi bizdən də yaxşı görür və bilir. Əvvəllər, Prezidentə yalan məlumatlar və yalan statistikalar çox verilib. Amma bu gün cidanı çuvalda gizlətmək olmaz. Prezident də, Birinci xanım da xalqla açıq təmaslarında gördülər ki, onilliklərlə yığılmış problemlər qalıb və büdcə vəsaitləri təyinatı üzrə xərclənməyib. Ayrılan pulların bəzən 80 %-ə qədəri oğurlanıb və yeyilib. Həyata keçirilən layihələr 10-15 dəfə şişirdilib və büdcə pulları talanıb. Prezidentin təyin etdiyi və etibar göstərdiyi vəzifəli şəxslər nalayiq və qanunazidd hərəkətləri ilə Prezidentə və dövlətçiliyə qarşı fəaliyyət göstəriblər.

Hələlik hansısa səbəblər Prezidenti tam radikal addımlar atmaqdan çəkindirir, amma güman edirəm ki, atacaq, atmalıdır. Çünki, xalqın narazılığı pik vəziyyətdədir və xalq konkretlik tələb edir. Talançılar, qanunazidd hərəkət edənlər, büdcə vəsaitini talayanar mütləq ən ağır cəzanı almalıdırlar.

– Razi bəy, aparılan kadr islahatları qaneedicidirmi? Diqqət edirsinizsə, dəyişikliklər məmurların yerdəyişməsi səviyyəsində aparılır. Sizcə, bu cür islahat nəyə hesablanıb?

– Məmurların yerdəyişməsinə o zaman isti yanaşmaq olar ki, onlar əvvəlki yerlərində çox gözəl fəaliyyət göstəriblər. Açığını deyək ki, bu belə də deyil. İcra başçısı rayonu inkişaf etdirməlidir, sərmayə cəlb etməlidir, elə mühit yaratmalıdır ki, biznes qurmaq istəyənlərin sayı çoxalsın. Amma, əksəriyyəti özünə biznes qurmaqla məşğuldur, kobudluqları ilə hər kəsi didərgin salırlar, danışıq aparmaq, nümunə göstərmək və yaratmaq bacarıqları çox zəifdir.

Təsərrüfatçıdır deyib, icra başçısı təyin etdirməyi doğru saymıram. İcra başçısı, nazir, dövlət idarələrinin, komitələrinin sədri menecer olmaldıırlar, rəhbərliyi bacarmalıdırlar. Qoy onlara təsərrüfatçılar müavin, müşavir, köməkçi təyin olunsunlar. Buna görə də “siyasi islahatlar olmadan iqtisadi və sosial islahatların ciddi nəticəsi olmayacaq” fikrini deməkdə davam edirəm.

“Bu 30 ildə zərrə qədər də dəyişməyiblər”

– Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni diasporu ilə görüşdə Azərbaycanı yeni müharibə ilə təhdid edərək, “yeni müharibə, yeni ərazilər” bəyanatını vermişdi. Sizcə qorxudur, yoxsa özü qorxur?

– O, nə qorxur, nə də qorxudur. Müdafiə nazirlərinin vəzifəsi güc nümayiş etdirmək və müharibə anonsları verməkdir. Onlar meydanda silahla, dinc zamanlar isə sözlə savaşırlar. David Tonoyan özü də pafosunun arxasında güclü Ermənistan ordusunun dayanmadığını çox gözəl anlayır. Onu danışdıran ermənilərin güvəndiyi güclərin müharibə aparılmasına icazə verməyəcəyi faktıdır.

– Ənənəvi müxalifət düşərgəsində hazırda diqqətinizi hansı məqamlar çəkir? AXH alındıra bilir?

– Diqqətimizi çəkən önəmli məqamlar var, demək olmaz. Hadisələr o zaman diqqət çəkir ki, onlar dəyişiklik yaratmağa malikdirlər. AXH isə müstəqilliyimizin ilk illərində baş verən neqativ prosesləri xatırladır. Təəccüblü o oldu ki, elə bil bu 30 ildə zərrə qədər də dəyişməyiblər. Yenə də xaos, bir-birinin sözünü kəsmək, ayaq altını qazmalar, bir-birini dinləməmək, qışqırıq, bağırıq. Bu cür yanaşma və davranış həm AXH-də, həm də Əli Kərimlinin yanında baş verir. Əbülfəz Elçibəy bu cür çəkişmələr nəticəsində hakimiyyətdən getməli oldu. Çox təəssüf edirəm!

“Mənim üçün bayram olmadı”

– Razi bəy, 10 milyonuncumuz dünyaya gəldi. Sevindik, bayram etdik. Necə düşünürsünüz, bu atəşfəşanlıqlarla torpaqlarımızı işğalda saxlayan 3 milyonluq ermənini özümüzə güldürmədik ki?

– Vallah, mənim üçün bayram olmadı. Demək olmaz ki, o, xoşbəxt bir cəmiyyətdə doğuldu. O, 20% torpağı erməni işğalı altında inləyən, bir milyona yaxın qaçqın və köçkünü olan, vətəndaşları sosial problemlər içində çabalayan bir cəmiyyətdə göz açdı. O cəmiyyətdə doğuldu ki, bir-iki sot, ya da hektarlarla torpaq alan vətəndaş yerindəcə onu hasarlayır ki, sabah gəlib görməsin ki, torpaq artıq onun deyil, başqası hasarlayıb. Bu da gələcəyə inam yoxdur deməkdir.

Related Articles

Back to top button