Interviews

Herkel Azərbaycana nəyin mesajını verdi?

2010-05-21

Razi Nurullayev: «Demək istəyir ki, bu seçkilər də standartlara cavab verməsə, Avropa Şurası onun legitimliyini tanımayacaq»

Mayın 19-da AŞPA Monitorinq Komitəsində Azərbaycanda demokratik institutların durumuna dair hesabat dinlənilib. Dinləmələr zamanı Komitənin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel seçkilər məsələsinə xüsusi olaraq toxunub. Həmməruzəçi bildirib ki, Avropa Şurasına qoşulandan sonra Azərbaycanda keçirilən seçkilərin heç biri bütövlükdə standartlara cavab verməyib. Herkel hakimiyyəti demokratik seçkilər keçirməyə, seçki kampaniyaları üçün bərabər şərait yaratmağa da çağırıb.
AXCP sədrinin müavini Razi Nurullayev hesab edir ki, hesabatda seçkilərlə bağlı qiymətləndirmə tamamilə obyektiv aparılıb: “ATƏT-in rəsmi missiyası Azərbaycanda keçirilən hər bir seçkidən sonra müəyyən texniki irəliləyişlərin olduğunu deyib. Amma seçkilərin azad və şəffaf keçirilməsi ilə bağlı birmənalı mövqe qoymayıb. Texniki irəliləyiş seçkinin demokratik keçirilməsinə, insanların istədiyi şəxsi seçə bilməsinə dəlalət etmir. Hesabatda yer alan məqamlar bir daha göstərir ki, Azərbaycanda indiyə qədər tam azad və ədalətli seçki keçirilməyib”.
R.Nurullayevin sözlərinə görə, Avropa Şurasının indiki mərhələdə seçkilərlə bağlı belə mövqe nümayiş etdirməsi təsadüfi deyil. Onun fikrincə, həmməruzəçi seçki məsələsinə toxunmaqla Azərbaycan hakimiyyətinə mesaj verib: “Bu il dünya ictimaiyyətinin Azərbaycandan gözləntiləri böyükdür. Azərbaycan demokratik seçki keçirib Avropa Birliyinə inteqrasiya etmək istəyini ortaya qoymalıdır. Bunu etməsə, bilməlidir ki, dünya ictimaiyyətinin və Avropa Şurasının mövqeyi əvvəlki qədər yumşaq olmayacaq. Seçkilərin Avropa standartlarına cavab vermədiyi açıq şəkildə vurğulanacaq. Mən bunu Azərbaycan hakimiyyətinə mesaj kimi qiymətləndirirəm. Demək istəyirlər ki, parlament seçkiləri standartlara cavab verməsə, onun legitimliyini tanımaq fikrində deyilik”.

http://azadliq.info/siyaset/770.html

Related Articles

Back to top button