InterviewsRazi Nurullayev

Metyu Brayzanın təyinatı kimə mesajdır?

2010-05-28

Razi Nurullayev

Razi Nurullayev: «Brayzanın təyinatı ABŞ-ın Azərbaycanda insan hüquqları ilə bağlı siyasətinin effektiv yerinə yetirilməsinə kifayət qədər köməklik göstərəcək»

Bir ildən artıqdır boş qalan ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə bu dövlətin ATƏT-in Minsk qrupundakı keçmiş təmsilçisi Metyu Brayzanın təyin edilməsi ciddi müzakirələrə səbəb olub. Yerli mətbuatla yanaşı, Qərb mediasında da bu təyinat geniş şərh edilir və Brayzanın səfir təyin edilməsi Moskvaya siqnal kimi qiymətləndirilir. Yəni bu təyinatla ABŞ Qafqazdakı böyük oyunda maraqlı olduğunu nümayiş etdirir.
Türkiyə mətbuatının yazdığına görə, Ağ Ev Metyu Brayzanın səfir təyin edilməsinə dair qərar qəbul etməklə Türkiyə ilə Ermənistan arasında səssiz diplomatiyanın aparılması və gələcəkdə bu prosesə Azərbaycanı da daxil etmək istiqamətində önəmli bir addım atmağı planlaşdırır.
Yerli ekspertlərin fikrincə isə ABŞ Azərbaycan hakimiyyəti ilə yaxın münasibətlərdə olan Metyu Brayzanın vasitəsilə lazımı mesajları çatdıracaq.
Xarici mətbuatda yazılanlarla razılaşmadığını deyən AXCP sədrinin müavini, politoloq Razi Nurullayevin fikrincə, ABŞ Azərbaycanla, regionla bağlı siyasətini yalnız Dağlıq Qarabağ üzərində qurmur. Ekspert Brayzanın Rusiyaya mesaj kimi Azərbaycana səfir göndərilməsi fikrini də bölüşmür: “Azərbaycandakı səfirin nə Rusiyaya, nə də  digər ölkələrə təzyiq imkanları yoxdur. Saakaşvili ilə tanışlıq münasibətlərinin də onun təyinatına heç bir təsiri yoxdur”.
Ekspertin sözlərinə görə, Brayzanın Azərbaycana səfir təyin olunması hakimiyyətlə ABŞ-ın anlaşması kimi də qiymətləndirilməməlidir: “Bəzi fikirlər var ki, artıq ABŞ Azərbaycanda demokratiya, insan hüquq və azadlıqları ilə bağlı mənfi fikirlər səsləndirməyəcək. Bunun da əksini düşünürəm. Ölkəyə göndərilən səfir ABŞ-ın dövlət siyasətinin tərkib hissəsidir və o siyasəti yeridir. Ancaq bu siyasət yalnız səfirlikdən alınan məlumatlar üzərində qurulmur. Amerikanın kifayət qədər müstəqil təşkilatları, dövlət qurumları var ki, onlar da ölkə ilə bağlı məlumatları departamentə çatdırırlar. Bütün bunların əsasında yekun qərar verilir”.
Metyu Brayzanın Azərbaycanda siyasətçilərin mentalitetini, onlara yaxınlaşmaq yollarını yaxşı bildiyini deyən ekspertin fikrincə, bu şəxs ABŞ-ın mesajlarını daha zərərsiz və acısız bir şəkildə Azərbaycan hökumətinə çatdırıb onların buna əməl etməsinə çalışa bilər. R.Nurullayev ölkəni tanıyan şəxsin səfir təyin edilməsini müxalifət üçün də uğurlu saydı: “O, Azərbaycandakı demokratiyanın dərəcəsini, müxalifət-iqtidar münasibətlərini, seçkilərin necə keçirildiyini, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi barədə kifayət qədər məlumatlı insandır. Bu da onun ölkəsinə qərəzsiz məlumatların vaxtında çatdırılmasını təmin edəcək. Brayzanın təyinatı həm də ABŞ-ın Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı siyasətinin effektiv yerinə yetirilməsinə kifayət qədər köməklik göstərmiş olacaq”.

http://azadliq.info/aktual/973.html

Related Articles

Back to top button