Analysis

Diktator kimi başlayıb, demokrat kimi hakimiyyəti təhvil verənlər

dictators4Diktatorlar, avtoritar rejimlər və imitasiyalı demokratiyalar maraqlı mövzudur deyə araşdırmalar apardım. Bu sahə kifayət qədər öyrənilməyib. Kembric Universitetindən Şaun Lark, Oksford Universitetindən Tim Villems və Keyp Taun (Cape Town) universitetindən Map Kappın müəyyən işlərini tapdım.

Ortaya ciddi təzadlar çıxır. Diktator dediklərimiz, əslində hakimiyyətə gələn zaman ilk illərini demokrat kimi başa vururlar və sonralar diktaturaya sürüklənirlər. Amma, diktator kimi başlayıb, demokrat kimi hakimiyyəti təhvil verən liderlər də var.

Zimbabve prezidenti Robert Müqabenin hazırda 91 yaşı var.  Bu saata o, dünyanın ən yaşlı prezidentidir.  Müqabe 35 il əvvəl, 1980-ci ildə Zimbabveyə başçılıq etməyə başlayıb. “Qərbin müstəmləkə zülmü”ndən azad olan Zimbabve onun rəhbərliyi altında iqtisadi möcüzələr yaratmağa başladı. Nyu York Times 1986-cı ildə yazırdı ki, oun ağıllı və düşünlümüş iqtisadi siyasəti aqrar sektoru dirildib. Qəzet onun irqlər arası dözümlülük yaratmasından pafosla bəhs edirdi. Ağlarla qaralar arasında barış saxladığına görə, hətta Müqabe 1980-ci ildə Nobel mükafatını almaq üçün sonuncu siyahıya qədər gəlib çıxmışdı. Hakimiyyətinin ilk illərində beynəlxalq mükafatlar onun üzərinə yağış kimi yağırdı. İİ Elizaveta ona cəngavər titulu vermişdi, aclıqla mübarizə apardığı üçün müxtəlif mükafatlar almışdı. Hər kəs Müqabenin bacarıqlı olduğunu və vətəninin rifahı üçün çalışdığını vurğulayırdı. Zimbabve ikirəqəmli templə inkişaf edirdi. Savadlılıq səviyyəsi 45%-dən 80%-ə, orta məktəblərdə təhsil alanların səviyyəsi isə 2 %-dən 70%-ə qalxmışdı.  

Sonra həyəcanlı anlar başlayır. Müqabe Şimali Koreya lideri Kim İr Sen ilə müqavilə bağlayır. Müqaviləyə əsasən, Şimali Koreya onun şəxsi mühafizəsi üçün 20 min nəfərlik xüsusi hərbi heyət hazırlayır. Daxili İşlər Nazirliyinə rəhbərlik edən və rəqib partiyanın sədri Coşua Nkomo isə xəyanətdə ittiham edilir və qaçır. Nkomonun qəbiləsi üsyanı qalxır və Müqabe onu xüsusi qəddarlıqla yatırdır. Ölənlərin sayının isə 50,000 – 100,000 arasında olduğu deyilir. Müqabe üsyan sonrası deyir: “Hitler bir şeyi – ədaləti, suvereniteti, xalqı üçün müstəqilliyi və öz ölkəsinin resurslarına sahib olma hüququnu – əldə etmək üçün çalışırdı. Əgər siz belə olmanı Hitler adlandırırsınızsa, o zaman mən üç dəfə Hitlerəm”.

Müqabe hakimiyyətinin üçüncü onilliyinin sonuna doğru artıq 90% əhali işsiz, beşdən bir hissəsi QİÇS xəstəliyinə yoluxmuş və dörddən bir hissəsi isə ölkədən qaçmışdı. Torpaq bölgüsü zamanı onlarla ağdərili fermer öldürülmüşdü. Müqabe ömürlük prezidentə çevrilmişdi. 2008-ci ildə Zimbabvedə inflyasiya 231 milyon faizə çatmışdı. 1990-2006-cı illər ərzində kişilərin orta ömür həddi 58-dən 45-ə, qadınların isə 61-dən 34-ə düşmüşdü.

Qananın banisi, ABŞ və İngiltərə təhsilli, filosof Kvame Nkruma 1957-ci ildə hakimiyyətə gələndə məktəb və xəstəxana tikintisi ilə başladı. Qananın əsas istehsal sahəsi kakao istehsalıdır. Kakaonun dünya bazarında qiymətinin üç dəfə artması onu korlayır. Fermerlərin üzərinə daha böyük vergi yükü qoyur və nəticədə baş verən xalq etirazlarını xüsusi amansızlıqla yatırdır. Hakimiyyətinin 6-cı ilində məhkəməsiz həbslərə qərar verir, 12-ci ilində özünü ömürlük prezident elan edir, 14-cü ilində hərbiçilər tərəfindən devrilir və xaricə qaçır. Filippin diktatoru Markos da hakimiyyətinin ilk illərində yol tikintisi, təhsil müəssisələrinin inkişafı və sənaye obyektlərinin tikintisi ilə yadda qalıb. Sonra eyni senari: korrupsiya, rəqiblərin aradan götürülməsi, sürgünlər və digər pis əməllər. Çauşesku Ruminiyada, Kaddafi Liviyada, Fuximori Peruda xalqa ağır tale yaşadaraq acı tale ilə də qurtardılar. Bəşər Əsəd isə hələ də Suriyada eyni senarini təkrar etməkdədir.

Başqa senarilər də var. Qana prezidenti Ceri Rolinqs adam yeməklə başlayıb, sonra iqtisadi islahatlar və liberallaşma, milli barış siyasətini həyata keçirdi, ölkəyə xarici sərmayələr cəlb edərək stabil demokratiya yarada bildi. Könüllü olaraq hakimiyyətdən getdi və bu gün dünyanı gəzərək davamlı inkişaf barədə mühazirələr söyləyir. Zambiya prezidenti Kennet Kuanda repressiyalarla və müxalif partiyaların qadağası ilə başlayıb, sonda isə, 27 il hakimiyyətdə olandan sonra onları yenidən leqallaşdırdı və hakimiyyəti qansız-qadasız qələbə qazanan partiyaya təslim etdi.

Bu nümunələri genişləndirmək də olar. Ilk paraqrafda adını çəkdiyim elm adamlarının fikri belədir ki, diktatorlar o zaman getmək istəmirlər ki, keçmişləri çox bərbaddır. Arxada qanlı əlləri ilə silinməz iz qoyublar. Onlar əmindirlər ki, getsələr xalq onları cəzalandıracaq. Onlar ölüm hökmündən və ya ömürlük həbsdən canlarını qurtara bilməyəcəklər. Əslində, bu yanaşmanı iki il əvvəl bir neçə yazımda vurğulamışdım. Bu həqiqətən də belədir. Diktatura və avtoritar rejimlərdə müxalifət gücləndikcə, hakimiyyət daha çax repressiyalar tətbiq edir. Onlar hakimiyyəti itirməkdən qorxurlar. 2008-ci ildə Müqabe Zimbabvedə hakimiyyətdən getmək istəyirdi. Amma, generallar buna imkan vermədi. Onlardan biri deyib ki, biz ömrümüzün qalan hissəsini Haaqa tribunalında keçirmək istəmirik.

Related Articles

Back to top button