Razi Nurullayevin seçki proqramı – Yeni Başlanğıc-Layiqli Namizəd
Prezidentliyə namizəd Razi Nurullayevin seçki proqramı
Siyasət
Dövlət idarəçiliyi
Dövlət insanların hüquq və azadlıqlarını qorumaq üçün yaradılmış və onun strukturları – QANUNVERİCİLİK, İCRA və MƏHKƏMƏ hakimiyyəti vətəndaşların iradəsi ilə formalaşır. Dünyada ən yaxşı Qanun xalqın xoşbəxtliyinə xidmət edən qanundur. Ən güclü hakim isə ədalətdir. Ölkənin ədalətli idarəedilməsinin əsas şərti qanunların işləməsini təmin etməkdir. Azərbaycanın hər bir vətəndaşının azad, firavan yaşaması, qanunların və onun icrasının hamı üçün bərabər, ali və ədalətli olması uğrunda mübarizə bizim fəaliyyətimizin əsas istiqamətidir. Ədalətli qanunlar, onların hər bir insan üçün aliliyi baxımından tətbiqi xalqı birləşdirir, cəmiyyəti inkişaf etdirir, dövləti möhkəmləndirir.
Dövlət idarəçiliyində əsas şərtlərdən biri xalqın həyat səviyyəsinin yüksəlməsi üçün güclü və dinamik inkişaf edən iqtisadiyyatın yaradılmasıdır. Hesab edirik ki, ədalətli dövlət idaərçiliyi üçün sosial-iqtisadi problemlərin həllinə nail olmaq vacibdir. Bunun üçün,
– Azad bazar iqtisadiyyatının inkişafı və ədalətli rəqabət mühitinin formalaşması, o cümlədən iqtisadi azadlıqların təmin edilməsi;
– korrupsiyaya qarşı sistemli mübarizə, barışmazlıq və milli sahibkarların yaranmasını ləngidən süni maneələrin aradan qaldırılması;
– sosial yönümlü layihələrin icrasının genişləndirilməsi və şəffaflığının təmin edilməsi; – ölkənin ÜTM-yə üzv olması və kiçik biznesin inkişafına ayrılan kreditlərin sayını artıqmaqla faiz dərəcələrinin aşağı salınması;
– Mülkiyyətin toxunulmazlığının təmin olunması;
İnsan haqları və hüquqlarının təminatı
Dövlət idarəçiliyində ədalətli üsullardan biri də insan haqları və hüquqlarının təminatıdır. Cəmiyyətin bir hissəsinin qanunsuz yollarla sürətlə varlanması, digər hissəsinin yoxsullaşması kimi sosial konflikt yaradan vəziyyətin aradan qaldırlması əsas məqsədlərimizdəndir. Ölkədə yaşayan bütün xalqların mədəniyyətinin, dini əqidəsinin, hüquq və azadlıqlarının qorunması əsas vəzifələrimizdən biridir.
Azərbaycan Respublikasının ən böyük sərvəti onun vətəndaşlarıdır. Hər şey xalqa, hər şey insana, vətəndaşa xidmət etməlidir!
– Qanunun aliliyinin, dövlət də daxil olmaqla bütün hüquq subyektlərinin qanun qarşısında bərabərliyinin təmin olunması;
– Qanunların qəbulu zamanı xalqın milli-mənəvi xüsusiyyətlərinin gözlənilməsi, demokratikləşmə və insan hüquqlarına hörmət prinsiplərinin əsas götürülməsi istiqamətində müvafiq addımların atılması;
– İctimai birliklərin, siyasi partiyaların və kütləvi informasiya vasitələrinin qanunla müəyyən olunmuş qaydada fəaliyyəti üçün bərabər şəraitin yaradılması və onların inkişafı üçün əməli addımların atılması;
– Vətəndaşların siyasi hüquqlarının, fəaliyyət azadlıqlarının, sosial hüquqlarının, şəxsi mənafe və maraqlarının qorunması mexanizminin inkişaf etdirilməsi.
Vətəndaş Cəmiyyətinin inkişafı
Vətəndaş cəmiyyəti vətəndaşın suverenliyinə, hüquqi, demokratik dövlət quruluşuna, azad sahibkarlığa,yerli özünüidarəçiliyə, parlamentarizmə, insanların könüllü birləşməsi birliklərinə, qeyri-dövlət, qeyri-siyasi münasibətlərə, azad rəqabətə, əməkdaşlığa, müxtəlif mülkiyyət formalarına, konsensus və kompromisə, özünütəşkilə və sinergetik başlanğıclara, tolerantlığa, humanizmə, fərdlərin uyğunlaşdırılmış fəaliyyətinə, qarşılıqlı yardıma, azadlığa, demokratiyaya əsaslanan, yüksək inkişaf etmiş, xüsusi tipli açıq cəmiyyətdir. Bu cəmiyyəti qurmaq bütün bəşəriyyətin əzəli, əbədi, müqəddəs məqsədidir.
Vətəndaş cəmiyyətinin mənəvi sahəsinə aşağıdakı elementləri aid etmək olar: söz, fikir azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığı, öz mövqeyini açıq ifadə etmək azadlığı, yaradıcı, elmi birliklərin müstəqilliyi və dövlətdən asılı olmaması. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını aşağıdakı prinsiplərin möhkəmlənməsində görürük:
– İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri, o cümlədən insan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması;
– Müstəqil kütləvi informasiya vasitələri, azad mətbuat, söz, fikir azadlığının möhkəmlənməsi və dövlətin şəxsi və ictimai həyata müdaxilə etməməsi, vətəndaş və dövlətin qarşılıqlı vəzifələri, məsuliyyət və öhdəlikləri;
– Milli barışıq, kompromis, qarşılıqlı əməkdaşlığın inkişafı;
Qarabağ probleminin həlli
Azərbaycan Respublikası qarşısında duran ən ciddi problem Qarabağ münaqişəsi və dövlət ərazimizin 20 faizinin işğal olunmasıdır. Torpaqlarımızın işğalı ilə bitən Birinci Qarabağ müharibəsində atəşkəsin imzalanmasından 20 ildən artıq vaxt keçir. Ədalıtli həll planı və sülh yolu bir nəticə verməyib. ATƏT-in Minsk Qrupunun müxtəlif təklifləri illərlə müzakirə edilsə də, konkret nəticəyə nail olunmayıb. Artıq kifayət qədər zaman keçib və Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün hüquqları özündə saxlayır.
Ermənistn tərəfi sülhə gəlmək və torpaqları işğaldan azad etmək əvəzinə cəbhə boyu yeni təxribatlar törətməkdən əl çəkmir. Dəfələrlə belə təxribatlar törədilib. 2016-cı ilin aprel ayında növbəti təxribata cəhd edildi, lakin Azərbaycan ordusu düşmənin layiqli cavabını verdi və torpaqlarımızın bir hissəsi, əss strateji yüksəkliklərdən bir neçəsi işğaldan azad edildi.
Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etmək gücü və vardır və eyni zamanda bu hüquqa maikdir. Lakin humnaizm prinsiplərinə söykənərək sülh yolu əsas götürülür. Amma işğaln 25 ildən də çox bir müddəti artıq Azərbaycan xalqında, ictimaiyyətdə səbrsizlik yaradır. AXCP olaraq hesab edirik ki, hüquqi baxımdan, yəni beynəlxalq normalar, konvensiyalar prizmasından Qarabağ probleminin həlli faktiki olaraq öz “ölü” nöqtəsindən tərpənmir və bunu Azərbaycanın son 30 illik təcrübəsi də göstərir. Ona görə də hesab edirik ki, Azərbaycan bu problem həll etmək üçün bir neçə addım atmaldır və yalnız bu yolla Qarabağ probleminin həlli mümkündür. Hesab edirik ki,
– İlk olaraq, Azərbaycan “Nüvə silahının yayılmaması haqqında” Müqavilədən imtina edir və eyni zamanda Qoşulmama Hərəkatından çıxdığını bəyan edir. Bununla da məhdudlaşdırıcı hərbi hüquqlardan imtina edərək, Azərbaycan hərbi əməliyyatların keçirilməsi ilə bağlı üstünlük hüququ əldə edir;
– Daha sonra Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyən və Ermnistanın müstəqilliyini tanımayan nüvə dövlətlərindən biri olan Pakistanla hərbi əməkdaşlıq sazişi imzalanır və Pakistan ordusunun müəyyən taborlarının Qarabağətrafı regionlarda dislokasiyasna icazə verilir. Hərbi əməkdaşlığa əsasən həmin taborlar da Qarabağda antiterror əməliyyatlarına cəlb edilir. Pakistanın nüvə dövləti olması maraqlı və Ermənistanı müdafiə edən dövlətlərin münqaişəyə cəlb edilməsini əngəlləyəcək.
– Azərbaycn yalnız bu sazişlərdən şərtlə çıxmaya bilər və Pakistan hərbi hissələrinin ölkə ərazisində yerləşdirilməsindən imtina edə bilər ki, ATƏT-in həmsədr ölkələrinin prezidentlərinin, o cümlədən qonşu Türkiyə və İran prezidentlərinin birgə iştirakı ilə Qarabağ probleminin həllinə dair Beynəlxalq Konfrans keçirilir, Qarabağın işğaldan azad edilməsi ilə bağlı konkret tarix (6 ay və ya bir il) təyin edilir.
– Azərbaycan-Pakistan hərbi-strateji müttəfiqliyini möhkəmləndirmək üçün Azərbaycan Dövlət Neft Fondundan Pakistan İslam Respublikasına müxtəlif investisiyalar formasında 5 milyard manat həcmində sərmayə yatırılır və Pakistanla hərbi sahədə olduğu kimii iqtisadi sahədə də geniş və hərtərəfli müqavilələr imzalanır.
Ordu quruculuğunda kibersilahlar və Qarabağ problemini həllinə təsiri
Kibersilahlar almaq Azərbaycanın təbii haqqıdır. Çünki müasir dünyada kiber əməliyyatları kifayət qədər mürəkkəbləşib və rəqiblərə ciddi zərər vura biləcək gücə malikdir. Bununla da, kiber əməliyyatlar ölkənin təhlükəsizlik idarələrinin əsas siyasi alətinə çevrilir. Lakin bu kiber silahlar kimisə təhdid etməyə deyil, müdafiəyə hesablanır. Lakin Azərbaycan dövlətinə qarşı olan təhdidlər zamanı həm ölkə daxilində, həm də xaricdə kibercasusluq, yaxud opponentlərə qarşı hücumlar keçirməklə, müdafiə olumaq mümkündür.
Siyasi və struktur islahatlarının aparılması
Diaspora üzrə Dövlət Komitəsinin ləğv edilərək Xarici İşlər Nazirliyinin tərkibində idarə kimi fəaliyyət göstərməsini,
“Azərenerji”, “Azərişıq”ın Energetika Nazirliyinə birləşdirilməsini,
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyinə birləşdirilməsini,
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin ləğv edilərək səlahiyyətlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Xarici İşlər Nazirlikləri arasında bölüşdürülməsini,
Səhiyyə Nazirliyinin ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsini,
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilməsini,
Vergilər Nazirliyinin və Gömrük Komitəsinin Maliyyə nazirliyinə birləşdirilməsi,
Mərhələ-mərhələ yerli icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə verilməsini (icra hakimiyyətləri isə çox kiçik bir ştatla Prezidentin səlahiyyətli nümayəndələri olaraq qalır) və onların səlahiyyətlərinin genişləndirilməsini,
Böyük şəhərlərdə (Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Naftalan və Mingəçevir) icra hakimiyyətlərinin ləğvini və şəhər merinin seçkilər yoli ilə seçilməsi və Bələdiyyə Şuralarının yaradılmasını,
Təhsildə islahatların dərinləşdirilməsi çərçivəsində rektorların seçkilər yolu ilə seçilməsini.
QHT-lərin əngəlsiz fəaliyyətinin və beynəlxalq təşkilatların Azərbaycana qayıdışının təmin edilməsi
Yerli, xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının xətti ilə 2013-cü ilə qədər hər il Azərbaycana 300 milyondan çox vəsait daxil olub. Hökumət 2009-cu ildən başlayaraq qeyri-hökumət təşkialtları və fondlar haqqında qanuna bir sıra məhdudlaşdırıcı müddəalar əlavə edib və nəticədə QHT-lərin fəaliyyəti çətinləşib. 2014-cü ildən başlayaraq xaricdən vəsaitlərin alınmasının qadağan edilməsi vətəndaş cəmiyyəti sektorunu iflic edib.
Düzgün statistika aparılmadığına görə qeyri-hökumət təşkilatlarında çalışan insanların sayını birbaşa demək çətindir. Lakin, yerli, xarici və beynəlxalq təşkilatlarda çalışan insanların sayı təxmini hesablamalarımıza görə 11,000-12,000 nəfər arasında olub.
Bizim siyasətimizin əsasında QHT-lər və Fondlar haqqında Azərbaycan Respublikasının qanununa edilmiş məhdudlaşdırıcı müddəların aradan qaldırılması, QHT-lərin xarici donorlardan maliyyələşməsi ilə bağlı sərt məhdudiyyətlərin ləğv edilməsi, Azərbaycanda dövlətçiliyə qarşı fəaliyyət göstərməyən xarici donorların, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyəti üçün məhdudiyyətlərin götürülməsi dayanır. Azərbaycana normal və dost münasibət bəsləyən xarici donorların və beynəlxalq təşkilatların Azərbaycanda ofislərini açmaq üçün daha münbit şərait yaradılacaq.
Bizim hakimiyyətin bu sahədəki idarəetməsi yalnız ölkəyə daxil olan vəsaitin qeyri-qanuni siyasi fəaliyyətlərə xərclənməməsinə nəzarət etmək olacaq.
Xarici siyasət
Azərbaycan dövləti mövcud təbii-coğrafi, tarixi, ənənəvi, milli-psixoloji, iqtisadi və digər amilləri nəzərə almaqla öz xarici siyasətində aşağıdakılara xüsusi diqqət yetirəcək:
– Azərbaycan dövlətinin xarici ölkələrdən və beynəlxalq təşkilatlardan asılı düşməməsi, müqavimətinin artırılması, bütün istiqamətlərdə azad və ədalətli rəqabət mühitinin yaradılması üçün ölkədəki siyasi qüvvülər arasında qarşılıqlı inam və etimada nail olunmaq;
– Beynəlxalq və regional təşkilatlarla, hərbi-siyasi bloklarla münasibətlərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması prinsipini başlıca məqsəd və vəzifə kimi əsas götürmək;
– Bütöv Azərbaycan ideyasını təbliğ etmək, Cənubi Azərbaycandakı soydaşlarımızın milli oyanışına və milli özünüdərkinə nail olunmasına, bu prosesin genişləndirilməsinə və onların sosial-siyasi və mədəni hüquqları uğrunda apardıqları mübarizəyə hərtərəfli siyasi dəstək vermək;
– Bölgədə sülhün, əminamanlığın təmin olunması üçün Qafqaz xalqları ilə həmrəylik nümayiş etdirmək, onlarla iqtisadi, mədəni və s. istiqamətlərdə sıx əməkdaşlıq etmək;
– Azərbaycan-Türkiyə siyasi-iqtisadi və hərbi əlaqələrinə xüsusi önəm verilməklə strateji tərəfdaşlığı bütün türk dünyası miqyasınadək genişləndirmək;
– Türk dövlətləri və topluluqları ilə əlaqələri genişləndirmək, milli-mənəvi dəyərlər sistemini əlaqəli araşdırmaq və bu dəyərləri gələcək nəsillər üçün qoruya bilmək məqsədilə hərtərəfli qarşılıqlı inteqrasiyanı təmin edəcək ümumtürk mədəni-iqtisadi birliyinin gerçəkləşdirilməsinə nail olmaq;
– Sülh, əmin-amanlıq və bəşəriyyətin tərəqqisi naminə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, beynəlxalq hüquqa, ədalət prinsiplərinə söykənən xarici siyasət yürüdən dövlətlərlə əlaqələri hərtərəfli inkişaf etdirmək.
– Azərbaycanda Qərb siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsinə, Avropaya inteqrasiyaya və parlamentarizmin inkişafına nail olmaq;
– Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin tikintisinin başa çatdırılması, multimodal nəqliyyat infrastrukturunun mövcudluğunun təminatı, Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin Şərq-Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilməsinə təminat vermək;
Bütöv Azərbaycançılıq
Azərbaycan Xalq Cəbhəsi Partiyası Əbülfəz Elçibəyin “Bütövləşmə, Millətləşmə, Dövlətləşmə” konsepsiyasını əsas tutmaqla hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü geniş mənada bərpa olunmalı və ikiyə bölünmüş Azərbaycan xalqı da birləşməli, dünyada vahid Azərbaycan dövləti olmalıdır. Lakin 200 illik bölünmə tarixi olan Azərbaycan və Azərbaycan xalqı hələ də bu problemi yaşamaqdadır. 1991-ci ildə Azərbaycan Demokratik Respublikasının varisi olaraq müstəqil Azərbaycan dövləti bərpa edilsə də, Güney Azərbaycanın müstəqilliyi və bütöv Azərbaycan uğrunda mübarizəmiz davam edir.
Azərbaycan türkləri «Gülüstan» və «Türkmənçay» müqavilələrinin şərtləri ilə barışmayaraq, Bütöv Azərbaycan uğrunda daim mübarizə aparır. 1988-ci ildən başlayaraq milli-azadlıq hərəkatları nəticəsində Sovetlər Birliyi dağıldı və Azərbaycanın quzeyi müstəqil dövlət oldu. İndi əsas qayəmiz Güney Azərbaycanın İran imperiyasından ayrılması, müstəqil dövlətçiliyini bərpa etməkdir. Biz bunu İran islam Respublikası ilə danışıqlar, qarşılıqlı hörmət və beynəlxalq normalar çərçivəsində reallaşdırılmasını istərdik. Bizim bu niyyətimiz dinc qonşuluq siyasətinə zidd deyil və bir xalqın birləşmək hüququnun digər xalqlar və dövlətlər tərəfindən də tanınamsının vacibliyi anlamındadır.
İnanırırq ki, XXI əsr Azərbaycan türklərinin milli və ərazi bütövlüyünü təmin edilməsi əsri olacaqdır. Bunun üçün ilk növbədə Azərbaycan türkləri təşkilatlanmalı və mübarizəsini davam etdirməlidir:
– Bütöv Azərbaycan regional və geosiyasi problemlərin həlli, Avropa Birliyinin bir hissəsi olmaqla, Yaxın və Orta Şərqi terrorizm, fanatizm təhlükəsindən xilas edərək sivil, demokratik və açıq cəmiyyətin, demokratiyanın timsalı kimi Avropa, Asiya, Güney, Quzey, Qərb, Şərq yolları üstündə planetar sülh proqramının əsas iştirakçısı olacaq;
– Bütöv Azərbaycan türk dünyasının coğrafi və etnik-kültürəl birləşməsini təmin etməklə türk dünyasının tarixi problemlərini həll edəcək;
– Azərbaycanın birləşməsi ilə dünya bölünmüş xalqlar probleminin birindən xilas olacaq və ötən əsrdə Almaniyanın birləşməsi Avropanın bütünləşməsinə səbəb oldusa, Azərbaycanın birləşməsi Avropa ilə Asiyanın, Şərqlə Qərbin bütünləşməsinə səbəb olacaq.
Sosial siyasət
Qeyri neft sektoru – Strateji yol xəritələri
2016-cı ilin dekabrında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı olub. 12 yol xəritəsi təsdiq edilib.
Bu 12 strateji yol xəritəsini həyata keçirməklə Azərbaycanı İsveçrəyə çevirmək olar. Lakin hazırda bu yol xəritələrinin həyata keçirilməsi qənaətbəxş deyil. Biz dünya ekspertlərinin də cəlb olunaraq hazırlanan bu xəritələrin ölkəni tam olaraq böhrandan çıxara biləcəyi düşüncəsindəyik və bunun üçün də onun həyata keçirilməsinə nəzarət etmək üçün Beynəlxalq Maliyyə, Audit, Nəzarət təşkilatlarının, Dünya Bankının, o cümlədən xarici mütəxəssislərin, yerli vətəndaş cəmiyyəti təşkilatlarının, yerli bank, özəl sektor nümayəndələrinin, İqtisadiyyat Nazirliyinin və Prezident Administrasiyasının iştirakı ilə Nəzarət Şurası yaradılacaq. Nəzarət Şurası yol xəritələrinin gecikmədən və keyfiyyətlə həyata keçirilməsinə nəzarət funksiyasını həyata keçirəcək və 2025-ci ilə kimi Azərbaycanda neftdən asılılıq tam olaraq aradan qaldırılacaq, bununla da ölkədə işsizlik səviyyəsi real olaraq 2%-ə düşəcək.
Yeni şəhərin salınması
Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və azad ticarət zonasının yaradılması Azərbaycanın ən böyük uğurlarından biridir. Ələt qəsəbəsinə şəhər statusu veriləcək və onun böyük, müasir, dünyanın ən gözəl, təmiz, texnoloji cəhətdən inkişaf etmiş bir şəhərə çevrilməsi həyata keçiriləcək.
Bu şəhərdə 1 milyon insanın yaşaması üçün bütün vacib infrastruktur yaradılacaq. Şəhərin 100,000 əhalinin yaşaması üçün birinci mərhələsinin tikintisi üç il ərzində yekunlaşacaq, ikinci mərhələsi 500 min adamın yaşamasını əhatə etməklə, dörd il ərzində tamamlanacaq.
Üçüncü mərhələdə isə 1 milyon insanın yaşayacağı və əlavə olaraq bir milyon insanın da işləməsi və səyahəti üçün də lazımi infrastruktur yaradılacaq.
Layihə özəl sektor, beynəlxalq maliyyə qurumları və xarici sərmayəçilərin iştirakı ilə maliyyələşdiriləcək. Dəniz Limanının birinci mərhələsinin işə düşməsi və Azad ticarət zonasının fəaliyyətə başlaması ilə xarici sərmayəçilər çox asanlıqla cəlb ediləcək və burada Azərbaycan vətəndaşları üçün ən azı 100 min iş yeri yaradılacaq.
Hər ailəyə 10,000 min manat verilməsi
Hər ailəyə öz ailə biznesini yaratmaq üçün 10,000 AZN veriləcək. Hökumət hər bir ailəyə biznes planın yaradılması və tövsiyyələrin verilməsi üçün hər bir rayon və şəhərdə məsləhət və inkişaf mərkəzləri yaradacaq. Burada işləyən ekspertlər, mütəxəssislər ailələrə yatırım etmək üçün köməklik göstərəcək.
Məqsəd bundan ibarətdir ki, insanlar aldıqları pulu real iqtisadiyyatın sahələrinə qoyub biznes qura, 10,000 manatlarını 20,000, 50,000 və 100,000 manata çevirə bilsinlər. Bu işlərin həyata keçirilməsi üçün xarici mütəxəssislər və beynəlxalq maliyyə qurumları, bank sindikatlaır ilə brilikdə yeni bri bank yaradılacaq və ya mövcud etibarlı banklardan biri seçiləcək. İdarəçilik isə xarici mütəxəssislərə tapşırılacaq.
Bu sosial layihə nəticəsində Azərbaycanda kasıbçılıq 100% aradan qaldırılacaq və əhalinin 80%-i orta təbəqəyə çevrilə biləcək. Bu yatırım həm də ölkə qitisadiyyatını yeni mərhələyə daşıyacaq.
Kreditlərin bağışlanması
Azərbaycan əhalisinin dollarla olan bank kreditləri ucbatından çox çətinlik çəkdiyinin fərqinə vararaq, hökumətin vətəndaşın yanında durmasını əsas götürərək, manatın dəyərdən düşməsində hökumətin də məsuliyyətini göz önünə alaraq, əhalinin yığılan bank borclarını ödəyə bilməməsini görərək:
1000 ABŞ dolları məbləğində borclar sosial cəhətdən ağır şəraitdə yaşayan əhali üçün tam olaraq bağışlanacaq.
1000 ABŞ dolları məbləğində borcları olan, amma hazırda işləyən vətəndaşlar isə borclarını manatın borc götürən zaman olan kursu ilə ödəyəcəklər. Əgər o kursla borc ödənişi tamamlanmışsa, o zaman kredit tam olaraq bağlanacaq.
1000 ABŞ dollarından – 5000 ABŞ dollarına kimi olan borclar manatın 0.78 kursu lə ödəniləcək. Əgər aparılan ödənişlər bu kurs ilə ödənib qurtarmışsa, borclar bağlanacaq.
5000 ABŞ dollarından – 10,000 ABŞ dollarına kimi olan borclar isə 1.05 AZN kursu ilə ödəniləcək. Əgər bu kurs nisbətində indiyə kimi edilən ödənişlər bank borcunu ödəyibsə, borc silinəcək.
Azərbaycanda, xüsusən Bakı şəhəri və Abşeron yarımadasında qanunsuz, plansız tikilən, yol, su, gaz, işıq problemli olan evlər
- Bütün qanunsuz tikilən fərdi evlər sənədləşdiriləcək. Baş plana uyğun tikilməyən evlər söküləcək, dəyəri vətəndaşı narazı salmadan ödənəcək.
- Azərbaycan ərazisində plansız və qanunsuz tikililər dayandırılacaq. Dövlət tərəfindən infrastruktur yaradılmış və planlaşdırılmış, fərdi evlərin tikilməsi üçün nəzərdə tutulmuş məhəllələr yaradılaraq, dövlət qiymətinə vətəndaşlara satılacaq.
- Vətəndaşlara verilən pay torpaqlarında evlərin tikintisinə qanuni şəkildə istisnalar olmaqla icazə veriləcək. Amma, bu ərazilər dövlət tərəfindən yenidən planlaşdırılacaq, plansız tikililərin qarşısı alınacaq. Ərazidə dövlət tərəfindən yol, su, qaz və kanalizasiya infrastrukturu yaradılacaq.
- Qanunsuz tikililərin aparılmasına rüşvət alaraq göz yummuş məmurlar, ən sərt şəkildə cəzalandırılacaqlar.
Sosial evlərlə təminat
Hazırda görülən tədbirlər gənclərin, gənc alimlərin sosial mənzillərlə təmin olunması üçün kifayət deyil. Onun üçün də ölkə boyu bütün rayon və şəhərlərdə sosial evlərin tikintisi davam etdiriləcək və 7 il ərzində bu problem birdəfəlik həll ediləcək. Özəl sektor, dövlət büdcəsi, Neft Fondunun vəsaiti və xarici kreditlərlə bu məsələ birdəfəlik həllini tapacaq.
Daş karxanalarının qadağan edilməsi
Seçki platformamda yer alan məsələlərdən biri də daş karxanalarının bağlanması, bəzi yerlərdə isə qismən bağlanmasıdır. İcazə verilən karxanalar isə ciddi dövlət nəzarəti altında fəaliyyət göstərəcək, nə insan əməyi istismar olunacaq, nə də ekoloji vəziyyət insan sağlamlığına səbəb olacaqdır.
Minlərlə insan sağlamlığını bu daş karxanalarda itirib. Karxanalarda qul əməyindən istifadə olunur.
Mişar daşlarının istismarı ekoloji disbalans yaradır. Digər yandan ekoloji təmizliyə və sağlamlığa da fikir verilmir. Mişar daşının tozu, Bakı və ətrafında yaşayan insanların ağ ciyərinə az qala bir sm qalınlığında hopub.
Mişar daşı ekoloji təmiz məhsul deyildir. Vətəndaşlar evlərini bu daşlardan tikir və qışda isə qızdıra bilmir.
Daş karxanaları real iqtisadi sektorun inkişafına maneçilik törədir. İndi bütün dünya qazobeton materialından istifadə edir. Ucuz, ekoloji təmiz və çox yüngül. Bakıda bir milyard dəyərində zavod tikilib, onun uyğun şəkildə istifadəsi dövlət tərəfindən tənzimlənəcək və kömək olunacaq. Ekoloji təmiz məhsul istehsal edən fabriklər yaradılacaq. Ən azından xalq arasında dediyimiz qırmızı bişmiş kərpic istehsalı daha sağlam və ekoloji cəhətdən daha təmizdir. Daş karxanalarında bağlanan iş yerləri əvəzinə 10 dəfə çox yeni iş yerləri yaratmaq mümkündür və bunu edəcəyik.
Mişar daşları Bakını və Azərbaycanın hər regionunu eybəcər hasarlara bürüyüb. Balaca ölkəmiz ancaq və ancaq mişar daşlarından ibarətdir və şəhərin görkəminə ciddi xələl gətirir.
Hər bir rayonda sənətkarlıq və yaradıcılıq guşəsi
Azərbaycanın hər bir rayon və şəhərində 10-15 hektar ərazidə sənətkarlıq və yaradıcılıq güşəsi salınacaq. Bura şairlər, yazarlar üçün Yaradıcılıq Evi, rəssamlıq emalatxanaları, İxtira evi, sərbəst çıxışlar məkanı, kinozal və sinema klubu, sənətkarlıq emalatxanaları, kulinariya məkanı, musiqi evi, Rəqs klubu, Yaşlıların təhsili mərkəzi, xarici dil öyrənmə mərkəzi və digər xidmətlər yerləşdiriləcək. Məqsəd rayon və kəndlərdə yaşayan insanların asudə vaxtlarını səmərəli keçirmələrinə yardımçı olmaqdır.
Azərbaycan Əlillər Cəmiyyəti nəzdində Xidmətlər şəbəkəsinin yaradılması
Azərbaycanın hər bir rayonunda və şəhərində özəl sektorun iştirakı və payçılığı ilə ancaq əlillərin çalışacağı restoran, kafelər və bir sıra turizm obyektləri yaradılacaq. Dövlət özəl sektor üçün əsaslı güzəştlər tətbiq edəcək ki, bu da onları ciddi sərmayə yatırmağa sövq edəcək. Ümumilikdə yalnız bu şəbəkədə 150 restoran və kafenin açılması nəzərdə tutulur ki, hesablamamıza görə burada 10,000 əlilin işlə təmin edilməsi mümkün olacaq. Illik gəlirlərin isə 25-30 milyon manat arasında olacağını təxmin edirik və bu vəsaitlər isə digər əlillərin sosial problemlərinin həllinə yönələcəkdir.
Dövlət qəzetinin bütün evlərə çatdırılması
Azərbaycan xalqının formalaşması, oxuması və dünyagörüşünün artması üçün onun mütaliə etməsi vacibdir. Insanlarda oxuma mədəniyyətinin formalaşdırlmasına zərurət var. Dövlət qəzetlərindən birinin tirajının artırılması yolu ilə hər bir Azərbaycan ailəsinə günaşırı nəşr olunan qəzetin çatdırılması təşkil ediləcək. Bu nəşrin içərisində ədəbiyyat, mədəniyyət, siyasət, sosial həyat, qanunlar, hüquqi məsləhətlər, dövlət siyasəti, sağlamlıq və sair bölmələr olacaq. Bu nəşrin, əsasən reklamlar vasitəsilə maliyyələşməsi nəzərdə tutulur.
Bu xidmət həm də ölkə boyu poçt xidmətinin daha da inkişaf etməsinə, dövlətin vətəndaşlara göstərdiyi xidmətlərin daha da yaxşılaşmasına səbəb olacaq. Bu xidmət vasitəsilə 2500-ə yaxın iş yeri açılacaq.
Daş hasarların sökülməsi
Dəniz heç kimin deyil. O, uca Allahın insanlara bəxş etdiyi nemətdir. Prezident seçiləcəyim halda ilk işlərimdən biri ekskavatorun sükanına şəxsən əyləşib dənizi hasarlayan kim olursa olsun, bir an belə tərəddüd etmədən onun hasarını, əgər mülkü də dəniz ərazisinə düşürsə, mülkünü də uçurmaq olacaq. Qanun hasar və mülk tikib dənizə çıxışı bağlamağı qadağan edir.
Bundan başqa ölkə üzrə yolların kənarı boyunca tikilən hasarları sökdürəcəm. Bu hasarlar ona görə tikilib ki, yolboyu miskin tikililər və abad olmayan yerlər görünməsin. Eybəcərliyi, pintiliyi, miskin tikililəri hasarlarla gizləmək yox, aradan qaldırmaq gərəkdir. Çünki, hasarlara çəkilən xərclərlə həmin yerləri abadlaşdırmaq və yaşıllaşdırmaq mümkündür.
Əlavə olaraq söz verirəm ki, bütün icra hakimiyyətlərinə hasar çəkməyi qadağan edəcəm və çəkdiklərini də özlərinə və öz şəxsi hesablarına sökdürəcəm.
Toy və yas mərasimləri qanunu
Toy və yas mərasimləri haqqında qanun hazırlanacaq. Yas məclislərində yemək tam yığışdırılacaq, 3 və 7 mərasimləri birləşdiriləcək, adına axşamlarında isə süfrə açılması qanunla qadağan ediləcək.
Şadlıq evlərindəki cah-cəlal yüksək vergiyə cəlb ediləcək. Əgər bir vətəndaş toy etmək istəyirsə və onun toy xərci adam başına 30 manatı keçirsə, o zaman hər artım yüz faizlik vergiyə cəlb olunacaq. Bu nə deməkdir? Əgər adambaşına stol 200 manatdırsa, 200 manat da vergisi edəcək. Bu məsələdə vergidən yayınma, vergi məmurunu aldatma isə yüksək cərimə ilə cəzalandırılacaq. Nəzərdə tutduğumuz cərimə rəqəmi isə 100,000 manatdan başlayan rəqəmdir. Mənim üçün bu sosial ədalətin bərpası və sosial dövlətin qurulması istiqamətində atılan addımdır.
Turizm sənayesi
Siyəzəndə turizm kompleksinin yaradılması
Sumqayıtdan başlayaraq Dəvəçiyə qədər Xəzərsahili ərazi turizmin inkişafı üçün çox əlverişlidir. Standartlara cavab verən turizm infrastrukturu yaratmaqla ildə iki milyon turistə xidmət göstərmək mümkündür. Bunun üçün sahilboyu ərazidə dövlət sərmayəsi ilə turizm infrastrukturu yaradılacaq və 10 il müddətinə həmin ərazidə olan bütün sahibkarlar bır sıra vergilərdən azad ediləcək.
Sahələr su, işıq, qaz və kanalizasiya sistemini özündə birləşdirən turizm infrastrukturu ilə hazır paket şəklində simvolik – 1 ABŞ dolları məbləğində sərmayəçilərə təqdim ediləcək və onlar heç bir idarənin qapısını döyməyəcəklər. Onların işi sadəcə turizm kompleksini tikmək, iş yeri açmaq və pul qazanmaq olacaq. Burada yaradılan turizm xidmətləri və obyektləri sayəsində ən azı 100 (yüz) min iş yeri yaradılacaq və dövlət böyük gəlir əldə edəcək.
Eyni zamanda Siyəzəndə turizmin inkişafı bütöv olaraq şimal bölgəsində onlarla yeni istehsalat müəssisələrinin yaradılmasını, kənd təsərrüfatının və yüngül qida sənayesinin də inkişafını sürətəndirərək, əlavə iqtisadi və sosial sahələrin şaxələnməsinə şərait yaradacaq. Bu da, əlavə olaraq 30 (otuz) min iş yerinin yaradılmasına təkan verəcək.
Layihənin maliyyələşdirilməsi üçün özəl sektor, dövlət büdcəsi, Neft Fondunun və xarici maliyyə-kredit təşkilatlarının vəsaitləri sərf ediləcək.
Müalicə sanatoriyalarının bərpası və yenilərinin yaradılması
Bütün rayon və şəhərlərdə mövcud müalıcə-istirahət mərkəzlərinin bərpası və hər bir inzibati rayon ərazisində yenilərinin yaradılması proqramımıza daxildir. Sanatoriyaların bərpası və yenilərinin yaradılması hər il iki milyondan çox vətəndaşımızın xarici sanatoriyalara getməsinin qarşısını alacaq, o cümlədən yaxın beş il ərzində, əlavə olaraq yarım milyondan çox əcnəbinin də ölkəmizə gəlməsinə imkan imkan yaradacaqdır.
Ilk ilin prioritetlərinə Bakının Pirşağı qəsəbəsindəki “Qızıl-qum” sanatoriyası, Kürdəmir rayonunda yerləşən Mollakənd Ulusu sanatoriyası, Masallıda yerləşən və hazırda cəmi 200 nəfərə xidmət göstərə bilən İstisu “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyasının tutumunun 10 (on) min nəfər turustə çatdırılması, Qubanın son yaşayış məntəqəsi olan Xaltan kəndi yaxınlığındakı meşəlikdə, Çarxaçu çayı dərəsində istisu sanatoriyasının tikintisi və infrastruukturun yaradılmasıdır. Hər il 3 minə qədər turist qəbul edən Xaltan kəndin sanatoriya tikilərsə, 50 minə qədər insanın burada müəlicəyə gələcəyi şübhəsizdir.
Bu sahələrin maliyyələşdirilməsi, əsasən özəl sektorun vəsaiti ilə reallaşdırılacaq. Onlar üçün xüsusi vergi güzəşti yaradılacaq və infrastruktur isə dövlət büdcəsi və kreditlər vasitəsilə həyata keçiriləcək.
Nabran
Azərbaycanın əsas turizm məkanlarından biri sayılan Nabrana normal infrastrukturla bir il ərzində ən azı əlavə 200 min, növbəti illər ərzində isə yarım milyon və daha çox turist cəlb etmək mümkündür. Bunun üçün proqramımıza Nabranın abadlaşdırılması, onun dəniz kənarı bataqlıqdan, qamışlıqdan və çirkab sulardan təmizlənməsi, dənizboyu ərazinin normal çimərlik qumu ilə üzlənməsi daxildir.
Turizm infrastrukturunun modernləşdirilməsinə nəzarət dövlət tərəfindən həyata keçiriləcək və dövlətin maliyyəsi ilə yerinə yetiriləcək. Özəl sektor isə xüsusi vergi və güzəştlərdən faydalanaraq turizm obyektlərini tikəcəkdir. Nabranda turizmin inkişafı ilə əlaqədar 50 (əlli) min iş yerinin yaradılması hədəfimizdir.
Yüngül və ağır sənaye
İnnovasiyalar, Texnologiyalar və İxtiraçılıq İnstitutu
Bu gün Azərbaycanda onlarla innovasiya və ixtiraçılıq sahəsində fəaliyyət göstərən mərkəzlər, ictimai birliklər və institutlar var. Amma, onların fəaliyyətinin konkret nəticələri yoxdur. Bunun üçün də İnnovasiyalar və İxtiraçılıq İnstitutunun yaradılması və mövcud mərkəzlərin və digər qurumların bu çətir altında birləşdirilməsi vacibdir.
Əlavə olaraq, texnologiya sahəsində ən yaxşı şirkətlər, laboratoriya, universitetlər və ölkə boyu yaradılmış sənaye və texnologiya parkları ilə də birgə konsorsiumlar yaradilaraq bu və ya digər texnoloji brendin yaradılması və istehsalı üzərində iş aparılması günün tələbidir.
Məqsəd rəqabətə davamlı və yüksək texnologiyalara əsaslanan məhsulların Azərbaycan brendi altında dünya bazarına çıxarılmasıdır. Problemin həllinə gedən yollardan biri kimi adı çəkilən institutun yaradılmasını və bu işə müxtəlif ölkələrdən xarici mütəxəssislərin də cəlb edilməsini həyata keçirəcəyik.
Özəlləşmiş müəssisələrin təkrar özəlləşməyə çıxarılması
Özəlləşmiş müəssisələrə baxış keçirilməsi, qapısına qıfıl vurulmuş və ya qanunsuz olaraq istiqaməti dəyişdirilmiş müəssisələrin yenidən özəlləşməyə çıxarılacaq. Bu, ciddi iş adamları üçün çox böyük stimuldur və bunu qətiyyətlə həyata keçirəcəyik. Ölkədə minlərlə belə istehsalat fabrik və zavodları var.
Hər bir bölgədə sənaye parklarının və məhlələrinin yaradılmasının davam etdirilməsi
Ölkə boyu bütün rayon, şəhər və qəsəbələrdə sovetlər dönəmində mövcud olmuş bütün fabrik və zavodların yenidən dəyərləndirilməsi, qiymətləndirilməsi və mövcud potensialın araşdırılması işi aparılacaq. Hazırkı dövrdə ehtiyaclara və ixrac potensialına cavab verən bütün fabrik və zavodlar yenidən qurularaq, iş yerləri yaradılacaq. Bu o deməkdir ki, Azərbaycanın hər bir rayon, şəhər və potensialı olan qəsəbəsində sənaye, texnologiya və digər sahələrə aid park və məhlələr yaradılacaq.
Bu işin həyata keçirilməsi üçün ən azı 50-60 nəfər xarici mütəxəssislərin ölkəyə dəvət edilməsi reallaşdırılacaq. Bü mütəxəssislərin köməkliyi ilə həm yaradılan parkların məhsullarının xaricə çıxarılması, həm də xarici sərmayələrin cəlb edilməsi asanlaşdırılacaq. Hökumət olaraq, həmin mütəxəssislərə ölkədə ən yüksək iş və əmək haqqı şəraiti yaradılacaq. Gözləntimizə görə altı ay ərzində bütün rayon və şəhərlər üzrə ehtiyaclar tam öyrəniləcək, bir il ərzində isə işlərə start veriləcək. Bu fəaliyyətin həyata keçirilməsi nəticəsində yeddi il ərzində ən azı 300,000 yeni iş yeri yaradılacaq.
Kəndlərin inkişafı ilə bağlı tərəfimizdən ayrıca proqram işlənilib və onun da həyata keçirilməsi nəticəsində 400,000 mindən artıq əlavə iş yeri yaradılacaq.
Sənaye və Texnologiyalar Parklarında idarəçilik sisteminin dəyişdirilməsi, xarici mütəxəssislərə vətəndaşlıq verilməsi
Hər bir rayonda yaradılmış və yardılacaq sənaye və texno parkların idarə edilməsinin təmamən dəyişdirilməsi mexanizmlərini nəzərdən keçirəcəyik.
Hər bir rayonun potensialı və xammalı nəzərə alınaraq sənaye və ya texno-park yaradılsa da, yerli icra hakimiyyətləri bu işdə səriştəsizdir və xarici sərmayələr cəlb etmək üçün bacarıqsızdırlar.
Işin uğurlu alınması üçün yaradılan texno və sənaye parklarına rəhbərliyin Yaponiya, Sinqapur, Malayziya, Cənubi Koreya, Kanada, ABŞ, Fransa, İngiltərə, Almaniya və digər inkişaf etmiş və inkişaf etməkdə ölkələrdən gətirilməsini həyata keçirəcəyik. Mütəxəssislər və rəhbərlik dünya maliyyə institutlarını, bankları, sərmayəçiləri və məsul edildiyi sahə üzrə aparıcı şirkət və mütəxəssisləri yaxşı tanımalıdır. Azərbaycana nou-hau gətirə biləcək və ölkənin sənayeləşməsində rol ala biləcək aparıcı xarici mütəxəssislərə Azərbaycan vətəndaşlığı da veriləcəkdir.
Ağır sənaye üzrə “Simurq” Texnologiya Korporasiyasının yaradılması
Xarici idxalı azaltmaq və ölkənin xarici ixrac potensialını gücləndirmək üçün “Simurq” brend adı altında dövlət korporasiyasının yaradılmasını həyata keçirəcəyik. Bu korporasiya yüksək texnoloji məhsullar hazırlamaq üçün yüzlərlə xarici və yerli ekspertləri işə cəlb edərək ən yüksək keyfiyyətli yerli məhsullar buraxacaq.
“Simurq” mobil telefon, paltaryuyan maşın, soyuducu, müxtəlif ölçülü televizor brendləri və digər bütün məişət texnikası avadanlıqlarının yerli istehsalı ilə məşğul olacaq.
Azərbaycan brendi altında texnoloji istehsal korporasiyasının yaradılması ölkə iqtisadiyyatına əvəzolunmaz töhvə olmaqla yanaşı, ölkənin xarici idxaldan asılılığını əhəmiyyətli dərəcədə azaltmış və ixrac potensialını artırmış olacaq.
Bu strateji müəssisənin açılması və xarici mütəxəssislərin cəlb edilməsi üçün Neft Fondunun vəsaitlərinin xərclənməsi məqbul hesab edirik.
Yerli Avtomobil brendi
Bu gün Azərbaycanda Gəncə, Naxçıvan və Neftçala avtomobil zavodları fəaliyyət göstərsə də, bu istehsal sadəcə xaricdən gətirilən komponentlər hesabına yığılır və istehsal olunan avtomobillər Azərbaycan brendi deyildir. Hazır komponentlərdən yığıldığı üçün də işçi qüvvəsi azdır.
Buna görə də, tam Azərbaycan brendi olan və keyfiyyəti ilə xarici analoqlarından geri qalmayan avtomobil brendinin yaradılması üçün bütün yerli və xarici qüvvələr səfərbər ediləcək. Sonrakı mərhələdə isə yerli brend olan yük maşınlarının, kənd təsərrüfatı texnikasının və minik avtobuslarının istehsalını həyata keçirilməsi həyata keçiriləcək. Azərbaycanda maşınqayırma sənayesi olub və təcrübə də var. Onlarla xarici mühəndislərin, yerli və xarici ixtiraçı və mütəxəssislərin cəlbi edilməsi ilə bu milli ideya uğurla həyata keçiriləcək.
Mütəxəssislərin ölkəyə gətirilməsi və maşınqayırma sənayesində yerli brendlərin yaradılması üçün Neft Fondunun vəsaitlərinin xərclənməsi özünü doğruldan sərmayə olacaqdır.
Bu işlərə yeni yaradacağımız İnnovasiyalar, Texnologiylar və İxtiraçılıq İnstitutu da cəlb ediləcək. Daha ətraflı məlumat üçün İnnovasiyalar, Texnologiylar və İxtiraçılıq İnstitutu bölümünə baxın.
Kəndlərin inkişafı proqramı
- Kənd təsərrüfatına dövlət dəstəyi
1.1. İri şirkətlərə rayonlarda ətçilik, meyvəçilik və digər sahələr üzrə böyük müəsisələrin yaradılması üçün dövlət dəstəyi göstərilməlidir:
– Rayonlarda və kəndlərdə yaradılan iri şirkətlərə vergi güzəştləri edilməlidir;
– Kəndli fermer təsərrüfatı mallarının böyük bazarlara daşınması üçün yerlərdə karqo şirkətlər qurulmalı, daşınmanın ucuz təşkilinə dövlət dəstəyi göstərilməlidir;
– Bölgələrdə yaradılan müəsisələrin bütün işçi qüvvəsinin həmin regiondan olması əsas şərtə çevrilməli, bu bölgədən ali məktəblərdə təhsil alan tələbələr həmin şirkətlər tərəfindən himayəyə alənmalı və sonradan mütəxəsis kimi işlə təmin edilməlidir;
1.5. Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Fond yaradılmalı bu Fondun dəstəyi ilə kəndlərdəki orta fermerlərlə bir tərəfi dövlət olmaqla şərikli inkişaf proqramları həyata keçirilməlidir.
1.6. Aqrar Fond eyni zamanda qrant proqramları da həyata keçirməli və ən yaxşı layihələr dəstəklənməlidir.
- Kəndlinin həyat tərzinin yüksəldilməsi
- 1. İnsanları yaşadığı yerdə də mədəni xidmətlər alması günün tələbidir. Kəndlərdə məişət evləri yaradılmalı. Kəndlinin kiçik xidmətlər üçün rayon mərkəzinə və ya şəhərə getməsinə səbəb qalmamalıdır:
– Kəndlərdə yaradılan Məişət Evləri dövlət tərəfindən tikilib istifadəyə verilir;
– Kənd Məişət Evlərinin maddi, texniki təhcizatı və gələcək fəaliyyəti regionlardakı dövlətin güzəştli şərtləri əsasında yaradılan və inkişaf edən şirkətlərə tapşırılır;
– Kənd məişət evlərində qadın və kişi bərbəri, dərzi, ayaqqabı təmiri, elektronik mallar təmiri emalatxanası, rəssamlıq emalatxanası, toxuculuq emalatxanası fəaliyyət göstərəcək.
2.2. Kəndlərdə internet klubları yaradılmalı, bu klublarda vətəndaşların inernet biliklərinnin artırılması, həmçinin müəyyən kompütür və internet xidmətlərinin göstərilməsi həyata keçirilməlidir.
2.3. Kəndlərdə idman və əyləncə mərkəzləri yaradılmalı bu mərkəzlərdə kəndlilərin mədəni istirahəti təşkil edilməlidir. (idman və əyləncə mərkəzlərində şahmat və digər oyun kabinetləri, idman meydançaları, mini sinemaklublar, yaradıcılıq kabineti, kitabxana fəaliyyət göstərəcək)
– İdman və əyləncə mərkəzlərinin yaradılması bələdiyyələrin büdcəsinin imkan verdiyi halda mərhələlərlə həyata keiçirilir.
2.4. Kəndlərdə hər bir bələdiyyə ərazisində İnkişaf Məhəllələri yaradılmalıdır.
– Kənd İnkişaf Məhəlləsində kənd məhsullarının inkişafı üçün dövlət tərəfindən tikinti-quraşdırma işləri həyata keçirilir. Kənd sahibkarları burada yağ, pendir, süd də daxil omaqla kənd məhsulları istehsal edirək, həm daxili təlabatı təmin edir, həm də ölkə üzrə daxili bazara çıxarırlar.
2.5. Hər kəndin ərazisində sakinlərin istirahət etməsi üçün ən azı iki hektar ərazidə bələdiyyə tərəfindən park salınır və ictimai-iaşə obyektləri tikilməlidir (kafelər, kiçik satış köşkləri və s.).
2.6. Hər bir kənddə yüksək şəraitə malik kənd hamamlarının tikilməsi
- Kəndlərin boşaldılmasının qarşısının alınması
3.1. Böyük şəhərlərdə vətəndaşların müvəqqəti və daimi qeydiyyatına nəzarət gücləndirilməli, heç bir halda gecəqonduların artmasına imkan verilməməlidir.
3.2. Kəndlərin torpaq-katastr xəritəsi yenidən nəzərdən keçirilməli və yeni qurulan ailələrə ev tikintisi üçün dövlət tərəfindən torpaq sahələri hədiyyə olaraq verilməlidir.
3.3. Şəhər qeydiyyatında olan vətəndaşların ailəsi ilə birlikdə kəndə köçməsi müraciətləri kənd bələdiyyələrində qeydə alınmalı və dövlət tərəfindən onlara dəstək proqramı həyata keçirilməlidir.
3.4. Kəndlərdən olan ali məktəb məzunlarının xüsusi qeydiyyatı aparılmalı və onların dövlət, yaxud özəl müəssisələrdə işlə təmini təşkil edilməlidir.
- Malİyyələşmə
4.1. Həyata keçirilən layihələrin maliyyələşməsi bələdiyyə büdcəsi, Dünya Bankının, Asiya İnkişaf Bankının, digər beynəlxalq maliyyə agentliklərinin və korporasiyaların, özəl kapıtalın və imkanlı fərdlərin hesabına yerinə yetirilir.
- İdarəçilik
5.1. Kənd yerlərində yuxarıda adı çəkilən sahələrin idarəçiliyi, mülkiyyətçiliyi və bir sıra sahələr istisna olmaqla biznes yönümündə inkişaf etdirilməsi bələdiyyələrə həvalə edilir. Əldə edilən gəlirlər də bu təsisatların müstəqil inkişafına sərf edilir.
Milli dəyərlər
Soyqırım, Xocalı və Aprel şəhidləri parkının yaradılması
On hektar ərazidə Soyqırım və Xocalı parkının salınmasını həyata keçirəcəyik. Burada ermənilərin keçən əsrin əvəllərində törətdiyi vəhşiliklər və Xocalı faciəsi öz əksini tapacaq. Hər bir Xocalı şəhidinə adı və soyadı yazılmaqla abidə qoyulacaq. Ərazi dövlət protokoluna salınacaq və o cümlədən xarici turistlərin getdiyi yerlərdən birinə çevriləcək.
Parkın bir hissəsində ayrıca olaraq Aprel şəhidlərini əks etdirən güşə yaradılacaq və hər bir şəhid haqqında barelyef quraşdırılacaq.
Cümhuriyyət parkının yaradılması
On hektar ərazidə Cümhuriyyət Parkı salınacaq və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarına, dövlət xadimlərinə abidələr ucaldılacaq. Bu ərazi də dövlət protokoluna salınacaq.
Elçibəyə abidənin ucaldılması
Əbülfəz Elçibəy Azərbaycan xalqının azadlıq simvoludur. Böyük şəxsiyyətə Bakının görməli yerlərinin birində möhtəşəm bir abidə ucaldılacaq. Bu layihə prezidentliyimizin ilk ilində həyata keçiriləcək.
Din
AXCP 2017-ci ilin avqust ayında xaricdə dini təhsilin qadağan edilməsi və İslam məzhəblərinə ayrı-seçkilik qoyulmadan əcnəbi tələbələrin Azərbaycanda dini təhsil alması, İslamın dünyəvi elmlərlə birgə tədris olunması, yüksək tolerantlıq ənənələrimizin daha geniş üfüqdə yayılması üçün Beynəlxalq İslam Universitetinin yaradılması təklifini irəli sürüb. Bu təklif ictimaiyyət arasında və dini camiədə alqışlanaraq təqdir olunub. 09 fevral, 2018-cil tarixdə Azərbaycan Respublikasının Prezidenti İlahiyyat institutunun yaradılması ilə bağlı sərəncam verib.
Habelə, AXCP öz dini konsepsiyasında və təkliflərində də din siyasəti haqda bir çox dəyişikliyə və xüsuslara yer verir. Dinin xurafatdan kənar, elmi və dünyəviliklə uzlaşan formada yayılması, ölkəmizin zəngin din tarixini dünyaya yaymaq üçün qədim Quran nüsxələrinin sərgiləndiyi və Qurani-Kərimin bütün xüsusiyyətlərini ehtiva və əks etdirən bir mərkəzin, “Quran Evləri” nin yaradılmasını da təklif edib.
Bu təklif də ictimaiyyət tərəfindən müsbət qarşılanıb və təqdirəlayiq hesab edilib. Buna geniş ehtiyac olduğundan, ölkəmizin bütün regionlarında “Quran Evləri” nin yaradılmasını həyata keçirəcəyik.