Interviews

RAZİ NURULLAYEV: “AZADLIQ” BLOKU İLƏ BİR YERDƏ OLMAĞIMIZ DÜZGÜN DEYİLDİ”

“Lalə Şövkətin seçkilərdə iştirak etməməsi “Azadlıq” blokunun dağılmasında böyük rol oynadı”

Ötən həftə ictimai-siyasi gündəmin bir nömrəli məsələsi “Azadlıq” blokunun fəaliyyətinin dayandırılması və Müsavatla AXCP-nin parlament seçkiləri öncəsi birgə blok yaratması oldu. Ölkə siyasətinə yeni gündəm gətirən məsələ və digər bir neçə məqamla bağlı AXCP sədri Əli Kərimlinin Xarici Məsələlər üzrə müavini Razi Nurullayevlə söhbətləşdik.

“Biz birləşməsəydik, adamlar bizdən üz döndərə bilərdi”

–          Razi bəy, bir-iki ay bundan öncə AXCP ilə Müsavat partiyaları arasındakı münasibətlərin gərgin olduğu anlarda, iki ay sonra bu partiyaların birgə seçki bloku yaratmaq qərarına gələcəyini təxmin edə bilərdinizmi?
–          Bu birlik məsələri həmişə gündəmdə olan məsələ idi. Bizdə belə bir inam var idi ki, “Azadlıq” bloku və DUİ də daxil olmaqla, Müsavat və AXCP böyük seçki bloku yaradacaq. Çünki seçkilər yaxınlaşdığı zaman siyasi partiyalar da daha konstruktiv mövqeyə gəlməyə razı olurlar. Hesab edirəm ki, “Azadlıq” bloku da daha genişlənə və bloka digər partiyalar da qoşula bilərdi. Amma biz düşünürdük ki, bugün Müsavat partiyasının istənilən blokdan kənarda qalması və yaxud AXCP-nin hər hansı bir blokdan kənarda qalması müxalifətin birliyinin tam mənada anlamını verməyəcək. Ona görə də, hesab edirdik ki, Müsavatla istənilən halda birlik olmalıdır. Ancaq, eyni zamanda da, biz “Azadlıq” blokundakı həmkarlarımızın fikirlərinə hörmətlə yanaşır və onların dediklərini də dinləyirdik. Son hadisələr də onu göstərdi ki, “Azadlıq” blokunda sağlam bir mühit var idi. Lalə xanımın “əgər AXCP-Müsavat birliyi cəmiyyətin sifarişidirsə, mən dəstəkləyirəm” mənada olan fikirləri də buna dəlalət edirdi. Nəzərə çatdırım ki, biz istənilən halda, partiyanın aşağıdan gələn səslərinə də qulaq asmalıyıq. Həm AXCP-nin, həm də Müsavatın elektoratı da tələb edirdi ki, siz birləşməlisiniz. Yerlərdən gələn səslər də onu göstərdi ki, bu iki partiyanın birləşməsi həqiqətən də sosial sifarişdir. Biz birləşməsəydik, həmin adamlar bizdən üz döndərə bilərdi. Eyni zamanda, Müsavat partiyasında eyni hal mövcud idi.
–          Bildirdiniz ki, sıravi cəbhəçilərin tələbləri nəticəsində Müsavatla birliyə getdiniz. Belə çıxmırmı ki, Əli bəydən olsa idi, “Azadlıq” blokundakı müttəfiqlərindən ayrılmazdı?!
–          “Azadlıq” Bloku artıq 5 il idiki ki, fəaliyyət göstərirdi. Bu 5 ildə bizim blokdakı həmkarlarımızdan ayrılmaq, onları yarı yolda qoymaq barədə fikrimiz olmayıb. Biz hər zaman istəyirdik ki, Müsavat da “Azadlıq” blokuna qoşulsun. Amma Müsavat bundan birmənalı imtina edəndən sonra vəziyyət dəyişdi. Ancaq Əli bəy də çox gözəl başa düşürdü ki, Lalə Şövkət və Əli Əliyevlə bir neçə il birgə fəaliyyət göstərib və etik cəhətdən onları atıb getmək düzgün olmazdı. Hesab edirik ki, “Azadlıq” blokunda biz onları tərk etmədik, sadəcə bu təbii proses kimi getdi və bu şəkildə də alındı. Biz blokdakı müttəfiqlərimizdən də dostcasına ayrıldıq və hesab edirik ki, onlarla əməkdaşlığımız da başqa bir şəkildə davam etməlidir.
“Heç bir partiya bu bloka qoşulmamalıdır”
–          YAP-ın İcra Katibi Əli Əhmədov müxalifətin yeni böyük birliyinə münasibət bildirirkən deyib ki, biz, belə birlikləri çox görmüşük. Bu birlik də əvvəlkilər kimi dağılacaq. Bu fikirlərə münasibətiniz necədir?
–          Ümumiyyətlə, birliklər əbədi olmur. İstənilən halda bu, Avropa da belədir. Siyasi birliklər yaranır, öz missiyasını yerinə yetirdikdən sonra dağılır və ya yenisi yaranır. Həmçinin “Azadlıq” bloku da yarama məqsədi olaraq, öz işini ləyaqətlə yerinə yetirdi. Biz, o zaman elə bir vəziyyət yaratmışdıq ki, demək olar ki, iqtidar müxalifətin qabağında duruş gətirə bilmirdi. Bu böyük bir devrim idi. Amma sonrakı hücumlardan sonra müxalifət bir qədər zəiflədi, imkanlarını itirdi, ofislər tərk olundu və belə bir şərait yarandı. Hesab edirəm ki, AXCP-Müsavat birliyi də 2010 parlament seçkilərində öz sözünü deyəcək. Əminən ki, biz Azərbaycanda səslərin çoxunu almağı bacaracağıq. Düşünürəm ki, bu dəfə elə bir situasiya yaranacaq ki, artıq hakimiyyət seçkilərin nəticəsini saxtalaşdırmağa imkan tapa bilməyəcək, həmçinin, əvvəlki illərə nisbətən seçkilər zamanı beynəlxalq ictimaiyyətin də mövqeyi sərt olacaq və hakimiyyət geri çəkilmək məcburiyyətində qalacaq. Bu blok nüvə olaraq yaradılıb və mən bura digər xırda partiyaların qoşulmasının tamamilə əleyhinəyəm. Heç bir partiya bu bloka qoşulmamalıdır. Çünki digər kiçik partiyalar qoşulduğu zaman bərabır hüquqlu iştirak etmək istəyirlər, ona görə də biz buna imkan verməməliyik. Bu AXCP və Müsavatın birliyi olmalıdır. Digər partiyalar isə onun kənarında yaranan bir quruluşdu təmsil oluna bilərlər. Biz digər partiyalara da hörmətlə yanaşırıq. Lakin kifayət qədər qeyri-ciddi, ancaq liderdən ibarət partiyalar var. Həmin partiyaların iddiaları o qədər böyükdür ki, onlarla söhbət etməyə dəyməz. Hesab edirəm ki, həmin xırda partiyalarla bir masada əyləşmək, onlarla eyni mesajları vermək bizim nüfuzumuza da xələl gətirir və bizə də qeyri-ciddilik qatır.
“VİP də ALP də bugün zəif partiyadır”
–          Amma siz özünüz qeyd elədiniz ki, 5 ildir ki, tək liderdən ibarət olan Əli Əliyevin partiyası və Lalə Şövkət və ya Əvəz Temirxandan ibarət ALP ilə bir blokda idiniz və onlarla eyni masadan, eyni mesajları verirdiniz.
–          “Azadlıq” blok 2005-ci ildə yaranmışdı və yaranan zaman da dediyiniz hər iki partiya orada təmsil olunurdu. Həmin dövrdə onların gücləri var idi. Düzdür, sonradan onların gücləri zəiflədi, amma nəzərə alın ki, Azərbaycan siyasətində Lalə Şövkət faktoru var. Dediyiniz fikirlərlə tam razıyam ki, hər iki partiya zəifdir, şöbələri yoxdur, ancaq Lalə Şövkətin özünün seçiciləri var. Bununla bugün də hesablaşırıq. Əli Əliyevlə bağlı isə deyə bilərəm ki, o, Milli İstiqlal partiyasından ayrıldı və tərəfdarları ilə birlikdə bizə qoşuldu. O dönəm siyasi proseslər də, tamam başqa idi və Əli Əliyev də o dövr üçün öz xidmətlərini göstərib. Onun üçün də ondan imtina etmək də etik cəhətdən düzgün olmazdı. Bəli, hesab edirik ki, VİP-də bugün zəif partiyadır, tərəfdarları az olan bir partiyadır.
“Lalə Şövkətin seçkilərdə iştirak etməməsi “Azadlıq” blokunun dağılmasında böyük rol oynadı”
–          Hələ ötən ildən parlament seçkilərində iştirak etməyəcəyini açıqlayan Lalə Şövkət Əli Kərimli və AXCP tərəfindən niyə bu qədər uzun müddət müdafiə edildi? Çünki seçkiyə getməyən Lalə xanımın seçiciləri də yəqindir ki, parlament seçkilərində iştirak etməyəcəklər.
–          Çünki bizim Lalə xanımla bir blokda tərəfdaşlığımız var idi. Amma bu doğrudur ki, Lalə Şövkətin seçkilərdə iştirak etməməsi “Azadlıq” blokunun dağılmasında böyük rol oynadı. Bizim də müzakirələrimiz olurdu ki, Lalə xanım seçkidə iştirak etməsə, deməli, onun seçicilər də iştirak etməyəcək. Bir halda ki, o, seçkilərdə iştirak etməyəcək, seçicilərinə necə müraciət edəcək? Ona görə də, hesab edirəm ki, Lalə xanımın seçkilərdə iştirak etməməklə bağlı qərarı tələsik verilmiş qərar idi və qərar da AXCP üzvlərində birmənalı fikir oyatmadı. Biz hesab etdik ki, Lalə xanımın siyasətdə faktoru olsa da, bu, parlament seçkilərinə aid edilə bilməz. Lalə Şövkət faktoru özünü daha çox prezident seçkilərində göstərir. Parlament seçkilərində isə bu dağınıq formadadır. Bu baxımdan, hesab edirəm ki, Lalə xanımın bu qərarı dolayısı ilə “Azadlıq” blokunun zəifləməsinə səbəb oldu. Ancaq sevinirəm ki, biz bu cür dostluq şəraitində ayrıldıq. Əslində “Azadlıq” bloku ilə bizim bir yerdə olmağımız heç də düzgün deyildi. Çünki hesab edirəm ki, AXCP də gücdür, Müsavat da gücdür. Bu iki gücün bir yerdə təmsil olunmadığı qurum ciddi sayıla bilməz.
“KAXCP ilə barışa bilərik”
–          Qeyd etdiniz ki, xırda, bir liderlik partiyalarla bir masada əyləşmək istəmirsiniz. Söhbət konkret hansı partiyalardan gedir, DUİ-nin tərkibindəki partiyalar və KAXCP?
–          Hesab edirik ki, KAXCP-nin müəyyən qədər tərədarları var. Orada Elçibəy yoluna hörmət edən, ona bağlı müəyyən sayda insan var. Biz bunları qəbul edirik. Amma onların sayı da məhduddur, bunu da bilirik və onun da fərqindəyik ki, həmin azsaylı adamlar bugün ölkədə siyasi proseslərə təsir göstərəcək gücə sahib deyillər. Amma həmin insanları tanıdığımıza görə, onların əqidəsinə hörmət etdiyimizə görə, onlarla barışmaq istəyirik. Ola bilsin ki, seçkilərdə müəyyən dairələrdə onların namizədlərini də nəzərə alaq. Bu şərt isə sadəcə KAXCP-yə aiddir. DUİ-dəki partiyalarda isə Pənah Hüseyn faktorundan savayı heç nəyin olmadığını düşünürəm. Oradakı xırda partiyaların cəmiyyəti hansı təsirləri var ki? Buna görə də, biz onlarla heç bir halda bir yerdə ola bilmərik. Mən, birmənalı olaraq, bunun tam əleyhinəyəm. Partiyanın iclasında da bildirmişəm bunu. Əslində, o partiyalar özləri də başa düşməlidir ki, necə ki İsa Qəmbər söylədi, AXCP-Müsavat birliyinə maneçilik törətməmək üçün Azərbaycan naminə, demokratiya naminə hər kəs bu birliyi dəstəkləməlidir.
“Mirmahmud Mirəlioğlu ilə Əli Kərimlinin bir yerdə təmsil olunması mümkün olmayan bir şeydir”
–          Razi bəy, ötən ay KAXCP sədrinin mətbuata verdiyi müsahibələrdə Əli Kərimlini kəskin ittihamlara məruz qoyması kifayət qədər geniş rezonans doğurmuşdu. Bütün bu siyasi ajiotajın ardından Mirmahmud Mirəlioğlu ilə Əli Kərimlinin və ya KAXCP ilə AXCP-nin bir masada oturması nə dərəcə mümkündür?
–          KAXCP ilə, Mirmahmud Mirəlioğlu ilə Əli Kərimlinin bir yerdə təmsil olunması mümkün olmayan bir şeydir. Bunu AXCP-nin Rəyasət Heyəti də dəstəkləmir. Həmin o müsahibələr indiki məqamda deyilməli deyildi. Keçmişi qurdalamaq müxalifətin birliyinə zərbə vurmaq oldu. Mirmahmud Mirəlioğluna hörmət edirəm, onun adını sayğıyla çəkirəm, amma onun müsahibələri bizim əməkdaşlığımıza birdəfəlik son qoydu. Və hesab edirik ki, bu artıq müzakirə mövzusu belə ola bilməz, mən bunu qəti əleyhinəyəm. Ancaq mümkündür ki, biz seçkilərdə KAXCP-nin bir neçə çox ciddi namizədinin dairəsinə girməyək və onlara güzəştə gedək.
“İsa bəy də başa düşür ki, Azərbaycan xalqı kiminsə təkbaşına liderlik iddialarına düzgün baxmır”
–          Əli bəy də, İsa bəy də müsahibələrində bildiriblər ki, yeni superpartiya ideyası seçkiöncəsi narazı elektorat arasında çox güclü təbliğati yükə sahibdir. Sizcə, bu ideya sadəcə builki seçkilərə hesablanıb və seçkidən sonra unudulacaq, yoxsa 2013-cü il prezident seçkilərinə hesablanmış bir məsələdir?
–          Burada əsas məsələ partiya liderlərinin fikirləridir. Əgər onlar bu ideyaya zərbə vurmaq istəməsələr, kənardan da ziyan vurmaq istəyənlər çox olmasa, bu birlik baş tutacaq. Çünki İsa bəy də başa düşür ki, artıq yeni bir dövrdür və Azərbaycan xalqı kimində təkbaşına liderlik iddialarına düzgün baxmır. Deyim ki, İsa bəyin ideyası çox gözəl bir jestdir. AXCP tərəfindən də analoji bir jest var. Hətta mən deyərdim ki, ola bilsin ki, parlament seçkilərinə qədər də bu superpartiya ideyası işlənsin və seçkilər zamanı tətbiq olunsun. Amma biz hesab edirik ki, bu birləşmə mütləq olmalıdır. Ola bilsin ki, bu birlik Sülhəddin Əkbərin dediyi kimi, konfederativ birlik şəklində olsun. Yəni hər iki partiya öz sturukturlarını saxlayır, amma konfederativ bir birlik yaranır. Hətta bu iki partiya birlikdə qurultay keçirə, AXCP, Müsavat və ya tamam başqa adda bir partiyada özünə yeni başqan seçə bilər. Bu halda, cəmiyyətə çox gözəl bir mesaj verilə bilər və hakimiyyət də bu böyük birlik qarşısından duruş gətirməkdə aciz qalar.
“Mövqelərimiz əvvəlki illərə nisbətən çox yaxındır”
–          2000 və 2005-ci illərdəki parlament seçkilərinə nəzər yetirsək görərik ki, uyğun olaraq, AXCP və Müsavat parlamentə mandat qazandıqlarına görə, seçki blokları dağıldıldı. Ehtimal etsək ki, bu il də eyni hal təkrarlana və AXCP və Müsavatdan biri mandatsız qala bilər, eyni zamanda da mandat qazanan partiya parlamentə gedə bilər, bu halda AXCP-Müsavat birliyi yenə əvvəlki birliklərin halını yaşayacaq?
–          Belə təhlükələr həmişə mövcuddur. Amma bu məsələlər seçkiyə qədər kifayət dərəcədə müzakirə olunacaq. Bu məsələlərdə mövqelərimiz əvvəlki illərə nisbətən çox yaxındır. Ola bilsin ki, parlamentdən həm imtina olunsun, həm olunmasın. Əgər hər hansı bir partiya gedəcəksə, buna da müsbət yanaşılacaq. Amma istənilən halda, elə bir qərar qəbul ediləcək ki, bu partiyaların birliyinə xələl gətirməyəcək.
“2005-ci ilə kimə qrantlar almışam”
–          Razi bəy, siz AXCP sədrinin müavini olmaqla bərabər, həm də QHT rəhbərisiniz. Hakimiyyət adamları hərdən belə bir iddia irəli sürürlər ki, Razi Nurullayevə ayrılan qrantlar əslində AXCP-yə yönləndirilir. Bu barədə nə deyə bilərsiniz?
–          Razi Nurullayev 2005-ci ildən bəri heç bir qrant almayıb. Ortaya qoyulsun ki, mən hansı qrantı almışam. Mənim təsisçiliyimin olduğu bir neçə QHT müəyyən qrantlar alıb, ancaq onlar da mediada işıqlandırılıb və hesabatları da verilib. O pullar da çox kiçik rəqəmlər olub. Bu fikirlər tamamilə əsassızdır. Hesab edirəm ki, bu bədxahların və bəzən də mənim ətrafımda olan nankorların yaydığı söz-söhbətlərdir. Heç bir qrant dalınca da qaçmamışam. Elə böyük qrantlar alsaydım, indi güclü maliyyə resurslarım olardı. Çəkinmədən deyirəm ki, hazırda mənə qardaşlarım dəstək olurlar və eyni zamanda da kifayət qədər borcum var. Hətta sürdüyüm maşın da borcla alınıb. Bunu mənim dostlarım da yaxşı bilirlər. Amma onu da deyim ki, bəli, 2005-ci ilə kimə qrantlar almışam, 2005-dən sonra isə heç bir qrant ayrılmayıb mənə.
Anar GƏRAYLI
http://pia.az/index.php?l=az&m=news&id=5014

Related Articles

Back to top button