Analysis

Bidzina İvanişvili Azərbaycana nə vəd edir?

03.10.2012 | 18:01

“Region” Beynəlxalq Analitik Mərkəzi İdarə Heyətinin sədri Razi Nurullayev Gürcüstanda keçirilən parlament seçkilərini analiz edib. “Qafqazinfo” R.Nurullayevin hazırda qonşu ölkədə qalib gələn “Gürcü arzusu” müxalifət koalisiyasının Azərbaycana nə vəd edəcəyi ilə bağlı təhlili yazısını təqdim edir:

Forbes jurnalının milyarderlər siyahısında 153-cü yerdə olan, 6,4 milyard sərvətə malik, 56 yaşlı Bidzina İvanişvilinin qələbəsi tək bizim region üçün yox, həm də dünya üçün sürpriz oldu. Demokratiyanın bu qədərini də gözləmirdik. “Qızılgül” inqilabının lideri, Gürcüstan prezidentinin Putin-Medvedev tandemini işə salacağı söylənilirdi. Saakaşvilinin belə fikri olubsa da, o artıq arzu olaraq qaldı. Amma, gürcülərin arzusu qələbə çaldı. O, öz arzusunu gürcülərin arzusuna qurban verdi.
Bidzina İvanişvilinin liderlik etdiyi “Gürcüstan arzusu” müxalifət koalisiyası da gürcülərin arzusuna çevrildi.

Gürcülər iki tarix yazdı

Birinci tarix ondan ibarətdir ki, Gürcüstan Pribaltika ölkələri istisna olmaqla, keçmiş Sovet İttifaqı məkanında çaxnaşmasız, sakit tərzdə hakimiyyətin demorkatik keçidini təmin etdi. Bu bir unudulmaz və ilk tarixdir. Gürcüstan artıq mədəni, siyasi mədəniyyətə malik, demorkatik inkişafın Avropa standartlarına ən çox yaxınlaşmış bir dövlətinə çevrildi. O, şübhəsiz ki, inkişaf edəcək və regionda ən arzu olunan ölkələrdən birinə çevriləcək.

Gürcüstanın ikinci yazdığı tarix “Gürcüstan arzusu” platformasıdır. Indiyə kimi, “Amerika arzusu” məfhumu var idi. Bundan sonra “Gürcüstan arzusu” da var. Bundan öncə qansız-qadasız “Qızılgül” inqilabı tarixini yazmışdı. Gürcüstanın keçmiş prezidenti Şevardnadze də 2003-cü ilin noyabrında yüksək siyasi yetginlik nümayiş etdirərək, gürcü xalqına hakimiyyətdən çəkilərək sonuncu xidmətini göstəmişdi.

Regiona təsir

Gürcüstanda demorkatiyanın qələbəsi və siyasi yetginlik, şübhəsiz ki, Azərbaycan və Ermənistana, o cümlədən Rusiyaya ciddi təsir göstərəcək. Bununla bərabər, həm ABŞ, həm də Avropa Birliyi adı çəkilən ölkələrə təzyiqlərini artıracaq. Gürcüstan bu ölkələrə bütün danışıqlarda nümunə kimi göstərilmə haqqını qazandı. Gürcü müxalifətinin apardığı siyasət effektiv oldu. Bidzina İvanişvili nüfuz, pul və əlaqələrindən istifadə edərək, ABŞ və Avropa Birliyində onu dəstəkləyəcək siyasətçilər tapdı. O, öz proqramının effektivliyinə onları inandırdı. Məsələ burasındadır ki, Saakarşvili neoliberalizm ideyalarına nə qədər sadiqdirsə, İvanişvili də bir o qədər solçu ideologiyaya meyllidir.
Saakaşvili gürcülərin sosial vəziyyətini yaxşılaşdıra bilmədi. O ölkədə rüşvətin kökünü kəsdi, polsidə ciddi reformalara imza atdı, amma bu sadə gürcülərin cibinə gözə görünəcək səviyyədə təsir edə bilmədi. Belə demək olar ki, Saakaşvili sosial siyasətində uğurlar qazana bilmədi və nəticədə solçu ideologiyaya söykənən

İvanişvili gürcüləri sosial yönümlü vədlərinə inandıra bildi.
Ivanişvilinin Saakaşvilidən fərqli siyasət yeridəcəyi artıq məlumdur. O, seçkidən sonra keçirdiyi mətbuat konfransında deyib ki, Gürcüstan NATO və Avropa Birliyinə inteqrasiyanı davam etdirəcək. Mən şübhə etmirəm ki, bunun əksi ola bilər. Amma, Saakaşvili dönəmindəki dərəcədə olması mümkün deyil. Çünki, İvanişvili təbii ki, Rusiya ilə əlaqələri bərpa etmək və nəticədə diplomatik münasibətləri yoluna qoymaq niyyətindədir. Ola bilsin ki, viza rejimi aradan qaldırılacaq və Gürcüstan malları üçün Rusiya bazarı açılacaq.

Ivanişvili biznesmendir və biznes düşüncəsi siyasi düşncəsindən daha itidir. Digər tərəfdən, o, kifayət qədər sosial yönümlü vədlər verib və hər bir gürcü vətəndaşının sosial rifahının radikal dəyişəcəyini deyib. Amma, siyasi danışıqlar, PR kampaniya, NATO və Avropa Birliyinə birmənalı inteqrasiya kimi bəyanatlar və siyasət gürcü xalqına verdiyi vədləri yerinə yetirməyə kömək edə bilməz. Ona görə də Gürcüstan üçün Rusiya bazarınnın açılması İvanişvili üçün prioritetdir.
Rusiya isə NATO-nun Gürcüstanda yerləşməsinə göz yuma bilməz və yəqin ki, Gürcüstanı yenidən işğal fikrinə düşə də bilər. Bu isə İvanişvilinin siyasi karyerasının sonuna gətirib çıxarar.

Kreml özünü çox gözlətmədən İvanişviliyə məsləhət görüb ki, qonşu Azərbaycandan nümunə götürsün. Yəni, balanslı siyasətə üstünlük versin. Inteqrasiyanı hələ ki, sözdə desin, amma praktik əməllərə keçməsin. Çox güman ki, İvanişvili daha çox sosial proqramlar üzərində çalışacaq və Rusiyanı qıcıqlandırmaq istəməyəcək. Abxaziya və Cənubi Osetiyanın isə Gürcüstanın yurisdiksiyasına keçməsindən söhbət gedə bilməz. Rəsmi Moskva onu Suxum və Tsxinval ilə danışıqlara getməyə sövq edəcək. Ivanişvilinin isə buna getməsi onun xarici siyasətdə atdığı ilk yanlışlıq olacaq.

Azərbaycana baxış

Gürcüstanda kimin hakimiyyətə gəlib-gəlməməsindən asılı olmayaraq ölkənin Azərbaycanla bağlı siyasətində kardinal dəyişikliyin olması gözlənilən deyil. Birmənalı olaraq demək olar ki, Qərbin dəstəyi ilə həyata keçirilən neft və qaz layihələri yeni hökumət tərəfindən də dəstəklənəcək. Iki ölkə arasında strateji əməkdaşlıqın davam etməsində problem yoxdur.
Amma, bir sıra problemlərin Azərbaycan sərmayələri və Azərbaycanın planlaşdırdığı layihələrdə iştirakı üçün var. Xüsusən, Azərbaycan neft şirkətinin bir sıra layihələri senzuraya məruz qala bilər. Bununla bərabər, hökumətdə kardinal dəyişikliklərin olacağı gözlənilir və nəticədə yeni rəhbərlərlə təzədən anlaşmaq və izahatlar vermək lazım gələcək. Nəticədə, ARDNŞ-in bir sıra layihələrinin həyata keçirilməsində gecikmələr də ola bilər.

Digər bir tərəfdən, Azərbaycan şirkətlərinin bu və ya digər layihələrin əldə edilməsində qanun pozuntuları olubsa və birbaşa Saakaşvilinin tapşırığı ilə həyata vəsiqə alıbsa, bu layihələrin də başı üzərindən “Damokl qılıncı” asıla bilər.
Digər təhlükələr Gürcüstanın turizm və bu sektorla bağlı infrastruktur layihələrinin həyata keçirilməsində olacaq. Artıq İvanişvili bildirib ki, Saakaşvilinin “arzular şəhəri” olan Lazika layihəsini bağlayacaq. Abxaziya sərhəddinə yaxın ərazidə tikilən bu şəhər biznes mərkəzi və dəniz limanı kimi fəaliyyət göstərəcəkdi. Əgər Azərbaycan bura sərmayə qoyuluşu edibsə, onun batdığını söyləmək olar.
Azərbaycanın Gürcüstanla münasibətlərdə qarşılaşacağı digər bir məsələ demokratiya ilə bağlı yanaşmalar ola bilər. İvanişvili və liderlik etdiyi koalisiyaya daxil olan qüvvələr Gürcüstanda demokratiyanın olduğunu inkar edirdilər və Saakaşvilini az qala diktator səviyyəsinə qaldırırdılar. İvanişvilinin əlində silah kimi tutduğu həm də Gürcüstanın demokratiya problemləri idi. Buna görə də Azərbaycanla münasibətdə yeni hökümət distansiya saxlama kimi manevrlər edə və yeri gəldikcə Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsi vacibliyini də vurğulaya bilər. Bu senari rəsmi Bakı üçün ən arzu olunmayan sürprizə də çevrilə bilər.

http://qafqazinfo.az/BIDZINA_%C4%B0VANI%C5%9EVILI_AZ%C6%8FRBAYCANA_N%C6%8F_V%C6%8FD_EDIR-26779-xeber.html

Related Articles

Back to top button