Interviews

…Prezidentdən bir istəyi var – dəmir yumruqla idarə etsin, cəzalandırsın

“Hakimiyyət xalqla hesablaşmalı olacaq” –
Razi Nurullayevin Versus.Az-a müsahibəsi

Razi Nurullayev, AXCP sədri

 – Razi bəy, yəqin siz də razılaşarsınız ki, insanların sosial durumu ilə bağlı ölkə başçısının verdiyi göstərişlər, imzaladığı sərəncamlar böyük səs-küyə, eyni zamanda bəzi dairələrdə çaşqınlıqlara səbəb oldu. Necə düşünürsünüz, son sərəncamlar nəyə hesablanmışdı?

– Prezident İlham Əliyev ard-arda sərəncamlar verdi ki, buna da mütləq mənada müsbət yanaşmaq lazımdır. Çünki həmin sərəncamların nəticəsində bu və ya digər şəkildə sosial problemlərin qismən həllinə nail olundu. Amma bu o demək deyil ki, artıq sosial problem yoxdur. Əslində verilən sərəncamlar nəticəsində sosial müavinətlər artsa da, müəyyən qədər digər sahələrdə də irəliləyişlər olsa belə, yenə də cüzidir. Çünki neft-qaz ölkəsi olan Azərbaycanda bu cür artımlar daha çox və xeyli əvvəl olmalı idi. Artıq insanlar elə bir vəziyyətə çatdı ki, narazılıq “pik” həddində idi. Bu sərəncamlar olmasaydı, artıq hakimiyyət xalqla hesablaşmalı olacaqdı. Çıxışlarımda vurğulamışam, bu gün isə açıq şəkildə demək istəyirəm ki, əgər hakimiyyət normal müxalifətlə bir masa arxasında əyləşib dialoq aparmasa, xalqla hesablaşmalı olacaq. Amma xalqın dili müxalifətin dilindən daha kəskin, daha sərtdir. Bu üzdən hakimiyyət bu barədə çox ciddi düşünməlidir.

– Deyirsiz yəni sosial vəziyyətlə bağlı imzalanan bu sərəncamlar yetərli deyil?

– Təbii ki, Prezidentin insanların sosial durumunun yaxşılaşdırılması ilə bağlı verdiyi son sərəncamlar yaxşıdır. Amma gözləntiləri tam doğruldur da demək doğru olmaz. Dollarla olan kreditlərlə bağlı güzəştlərin edilməsi kifayət qədər müsbət addımdır. Amma onu da nəzərdə saxlamaq lazımdır ki, hazırda insanların əməkhaqları çox aşağıdır. Qaza, elektrik enerjisinə tətbiq olunan limit vətəndaşlarımızı üzür. Bu ödəniş onların iki-üç aylıq maaşına çatır. Ondan sonra yüksək taariflə ödəməli olur. Hökumət bu problemi limiti tam ləğv etməklə aradan qaldırmalı, ya da kasıb əhalnin yükünü azaltmaq üçün limiti heç olmazsa 2200 yox, 3000 etməlidir. Axı siz insanlara nə verirsiniz – 150, 200 AZN? Azərbaycanda düzdür, 500, 600, 700, bəzən 1000 azn alan da var. Axı, hər kəs neft-qaz sahəsində işləmir. Sadə insanların əmək haqqı da çox cüzidir, bununla isə dolana bilməz. O əmək haqqı ilə necə deyərlər, qara günü üçün pul yığa bilməz, evini təmir etdirə bilməz, istirahətə, sanatoriyaya gedə bilməz. İnsanlar “bu aydan o aya necə yaşayacam, dolanacam” çıxılmazlığında işləyir.

Üstəlik, vətəndaşların əmək haqlarının, qazanclarının bəlkə də 70 faizi tibbi ehtiyaclara xərclənir. 1999-cu ildə Prezidentin sərəncamı olub ki, tibbi sığorta tətbiq olunsun, bununla bağlı işlər aparılsın, amma hələ də Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmayıb. Amma bizdən qat-qat kasıb olan Gürcüstanda artıq 10 ilə yaxındır ki, icbari tibbi sığorta tətbiq edilib.

Bax bunlardır narazılığı yaradan. Bildirirlər ki, hələ 2020-ci ildə tibbi sığorta tətbiq olunacaq. Bu gün isə vətəndaş həkim reseptini cibində gəzdirir, amma dərmanı ala bilmir, cərrahiyyə əməliyyatına ehtiyac duyulduğu halda imkansızlıqdan bunu etdirə bilmir. Bir sözlə, əcəliylə deyil, dərmanlara pul tapa bilmədiyindən, xəstəliyi ilə ölür. Bu da ölənin yaxınlarının gözü qarşısında baş verdiyindən istər-istəməz narazılıq yaranır. Bəs onda xaricdə toplanan 40-50 milyard dollar nə üçündür? Əgər bu milyardlar bu gün Azərbaycan əhalisinin tibbi ehtiyacını ödəmirsə, mənzil ehtiyacını ödəmirsə, maaş, kredit ehtiyacını ödəmirsə və bizim pullarımızla xarici vətəndaşlar daha da varlanırsa, təbii ki, öz insanlarımız narazı olacaq. Mən bu bu narazılığa haqq verirəm.

– Bəlkə büdcəmiz bu problemlərin həlli üçün kifayət qədər deyil?..

– Dövlət satınalmalarının qiyməti bəzən 15-20 dəfə şişirdilir. Azərbaycanın dövlət idarələri Azərbaycanda olan məhsulları həvəslə almır, əvəzində xaricdən 10 qat şişirdilmiş qiymətlərlə alır. Büdcə bu cür talanır və bu gün Azərbaycanda gördüyümüz milyonerlər, milyarderlər, xeyli sayda mənzillərə, villalara, bağ evlərinə sahib olanlar bütün bunları həmin o büdcədən oğurladıqları pullar hesabına əldə ediblər. Hər kəs bir MMC yaradıb və bu MMC dövlətin pulunu mənimsəyir. MMC özü pul qazanmır.

– Qazanmır, yoxsa əziyyətlə qazanmaq istəmir?

– Azərbaycanda normal biznes yoxdur, Azərbaycanda təmiz, halal qazanc götürən biznesmen yoxdur. O biznesmenlərin hamısının arxasında bir məmur var. Həmin məmurların göstərişi ilə də bu və ya digər şəkildə dövlət büdcəsini talayırlar. Hər bir şirkətin, dövlət komitəsinin, icra hakimiyətinin 10-15 MMC-si var, tender də keçirir, həmin MMC-lər udur. Bu xətt ilə dövlət büdcəsindən ayrılan pulları mənimsəyirlər.

Sözümü ona gətirirəm ki, bu kimi məsələlərə görə, yaranan narazılıqlar qeyd etdiyiniz sərəncamların verilməsini qaçılmaz etdi.

– Büdcədən danışdınız, vəzifəsindən kənarlaşdırılarn məmurların illər ərzində yığdıqları da xeyli vaxt müzakirə mövzusu olmuşdu.

– Mənim siyasi elektoratla, iqtisadçılarla, ekspertlərlə, pensionerlərlə, sadə insanlarla görüşlərim olur. Görürəm ki, bu insanların hamısında eyni suallar var ki, sosial şəbəkələrdə, xəbər portallarında, qəzetlərdə oxuduq ki, filan məmur neçə milyard dolları xaricə daşıyıb və əmlakının siyahısı da dərc edildi, bəs niyə həbs olunmayıb? Demək belə çıxır ki, bir kəs məmur olsun, milyardları oğurlasın, talasın, xalqın cibinə girsin, vəzifədən gedəndən sonra da oturub haram yollarla qazandıqlarını rahatlıqla yesin? Bunu görən insanlar necə narazı olmasın? İnsanlarda necə haqlı olaraq sual yaranmasın ki, o məmurlar niyə həbs olunmadı, onun yığdıqları niyə əlindən alınmadı. Yaxud, alındısa niyə bununla bağlı xalqa hesabat verilmədi?

Mən dəfələrlə məmur özbaşınalığı və saymazlığı ilə bağlı faktlara əsaslanaraq açıqlamalar verirəm. Əgər keçmiş prezidentliyə namizəd, partiya sədri olan mən, etdiyim müraciətlərə laqeyd və saymazyana münasibət görürəmsə, görün sadə insanların başına hansı oyunlar açırlar. Təbii ki, Azərbaycan xalqı bunu onlara bağışlamaz. O məmurlar bilsinlər ki, incitdikləri bu xalq bir gün onların yaxasından tutub başlarını divara vuracaq, hesab soracaq.

Bəlkə bu məmur özbaşınalığının qarşısını almağın başqa bir metodunu tapmaq lazımdır?

– Məsələ burasındadır ki, xalqın xeyli hissəsi Prezident İlham Əliyevdən narazı deyil. Əksəriyyətdə belə fikir var ki, problemləri ölkə başçısına çatdırılmır, məktubları ona verilmir, zibil qutularına atılır, buna görə də onun xalqın hazırki güzaranından xəbəri yoxdur.

Mən bununla razılaşmıram. Azərbaycan Prezidenti və Birinci vitse prezident əhalinin sosial durumundan artıq tam xəbərdardırlar. Rayonlarda xalqla görüşlərindən, insanlardan aldıqları məktublardan da bu bəlli olur. Prezident görüşlər zamanı xalqı dinləyərkən gördü ki, ona insanların güzaranı ilə bağlı düzgün məlumat çatdırılmayıbmış.

Azərbaycan xalqının Prezidentdən bir istəyi var – dəmir yumruqla idarə etsin, cəzalandırsın!

– Necə cəzalandırsın?

– Misal çəkərək deyəcəm. Məsələn, keçən il elektrik enerjisi ilə bağlı problem yarananda Prezident geniş tərkibli müşavirədə “Azərenerji”nin sabiq sədrinə dedi ki, siz utanmalısınız! Xalq isə tələb edir ki, Prezident deməməliydi ki, siz utanmalısınız, onu ordan qovmalı, cəzalandırmalı, oğurlayıb yediklərini burnundan gətirməli idi. Səhiyyə naziri prezidentə yalan məlumat verəndə ki, elektrik problemi yaranarkən səhiyyə sistemində heç bir problem yaranmayıb, “generator” işləyirdi, Prezident ona dedi ki, yalan danışırsınız. Prezident deməməliydi ki, yalan danışırsınız, onu həmin vaxt elə ordaca işdən azad etməliydi. Araşdırma aparılmalıydı və nazir öz vəzifəsini doğru-dürüst icra etmədiyinə görə, danışdığı yalana görə cəzalandırılmalıydı.

Xalq bunları Prezidentdən gözləyirdi. Bu gun də gözləyir ki, Prezident yumruğunu sərt şəkildə masaya vuracaq, bütün qanunsuzluqları aradan qaldıracaq.

Təbii ki, Prezident bu gün sistemli şəkildə işlər aparır ki, problemlər aradan qaldırılsın. Amma bu, sistemli şəkildə aradan qaldırılana qədər xalqın dözümü qalmır. Birmənalı olaraq, ciddi cəza mexanizmi olmalıdır. Hər bir məmur etdiyi qanunsuzluğun cəzasını çəkməlidir. Xalq bunu istəyir, amma görə bilmir.


Related Articles

Back to top button