AB-nin yeni Cənubi Qafqaz strategiyası nə vəd edir?
Razi Nurullayev: “Bu planlar Azərbaycanda demokratiya üçün müəyyən rol oynayacaq”
11 September, 2009, 23:26
Avropa Birliyi – Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı yeni strategiya üzərində işləyir. Birliyə sədrlik edən İsveç üzv ölkələrdən, Cənubi Qafqazın bu üç ölkəsi ilə əlaqələri daha da dərinləşdirməyi nəzərdə tutan bir planın cızılmasını istəyib. Artıq sentyabrın 14-də Birlik ölkələrinin xarici işlər nazirləri həmin plan barədə fikirləri müzakirə edəcəklər. Avropa Birliyinin əsas narahatlığı regionun sabitliyi ilə bağlıdır. Birlik Rumıniya və Bolqarıstana genişlənəndən sonra Qara dəniz regionunun əhəmiyyəti kəskin artdı. Digər məsələ isə enerci, xüsusilə də Azərbaycan və Gürcüstandan neft və qaz tranziti kimi istifadə olunması məsələsidir.
“Azadlıq” radiosunun Brüsseldəki əməkdaşı Ahto Lobyakasin yazdığına görə, yeni strategiya Birliyin əvvəlki siyasətindən tam fərqli bir yanaşma nəzərdə tutmur. Təşkilatın məqsədi üç ölkədə qanunların və siyasətin mümkün qədər Avropa standartlarına yaxınlaşdırlmaqdır. Artıq hər üç Qafqaz dövlətinin hər birinə ümumi razılaşma forması təklif olunub. Bu razılaşmaların tətbiqi azad ticarətə və vizaların verilməsində liberallaşmaya gətirib çıxara bilər. Amma yeni strategiyada Avropa Birliyinə üzvlükdən söhbət getmir.
Maraqlıdır ki, strategiya barədə fikirlər ortaya çıxanda Gürcüstan Azərbaycan və Ermənistanla eyni cərgədə müzakirə olunmaq istəməyib. Gürcüstanda hesab edirlər ki, Avropa Birliyi onu Ukrayna ilə bir sırada nəzərdən keçirməlidir.
Avropa Birliyinin təklif etdiyi plan perspektivdə nələri vəd edə bilər?
Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Razi Nurullayev Avropa Birliyinin Azərbaycanla bağlı göstərdiyi bütün səylərin diqqətəlayiq olduğunu qeyd etdi. Politoloq təkliflərin yaxın zamanda həyata keçə biləcəyinə ümid etdiyini də vurğuladı: “Zaman keçdikcə bu təkliflər həm Azərbaycanda, həm də o biri dövlətlərdə öz yerini tutacaq. Çünki bu artıq zamanın tələbidir. Azərbaycan yaxın qonşuluq siyasəti, eyni zamanda Şərq tərəfdaşlığı proqramına qoşulub və öhdəliklər götürüb. Həmin öhdəliklərin necə yerinə yetirilməsini Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyi diqqətində saxlayır, vaxtaşırı hökumət nümayəndələri ilə görüşlər keçirilir. Bu baxımdan Azərbaycanın və qonşu dövlətlərin demokratikləşməsi və Avropa standartlarına uyğunlaşdırılması üçün bu səylər diqqətəlayiqdir”. R.Nurullayevin sözlərinə görə, Avropa Birliyi ölkələrini proseslərə cəld etməklə demokratikləşdirməyə çalışır: “Avropa Birliyi qurumları ölkəni tənqid etmək, müxtəlif sankisiyalar tədbiq etməklə deyil, onları proseslərə cəlb etməklə demokratikləşdirmək yolunu tutublar. Buna addımlar da məhz ona görə atılır. Azərbaycan neft-qaz ixracatçısı, Gürcüstan isə tranzit ölkə kimi Avropa Birliyinin marağındadır. Neft və qaz amili Azərbaycanın demokratikləşməsi üçün nə qədər böyük problemlər yaratsa da, Avropa Birliyi bu amillərdən istifadə edərək ölkəmizdə demokratiyanın inkişafına yol açmaq istəyir. Politoloq atılan addımların ölkədə demokratiya üçün müəyyən rol oynayacağını da vuğluladı: “Bu planları yüksək dəyərləndirirəm və hesab edirəm ki, bunlar Azərbaycanda demokratiya üçün müəyyən rol oynaya bilər. Eyni zamanda viza reciminin yüngülləşdirilməsi, azad ticarət əlaqələrinin genişləndirilməsi, sərhədlərin açılması da proseslərin dərinləşməsinə gətirib çıxaracaq. Azərbaycan hökuməti Avropa Birliyinin bir üzvü olmaq istəyirsə, müxtəlif konvensiyalara, öhdəliklərə imza atıbsa, ölkədə də həmin Avropa mühitini, demokratiyanı yaratmalıdır”.
Fizzə