Rusiyanın Ermənistanla müqaviləsində qanunsuz məqamlar
Razi Nurullayev: «Kağız üzərində hər şey qanunauyğundur, amma əslində…»
Rusiya prezidenti Dmitri Medvedevin avqustun 20-də İrəvana səfəri zamanı bu ölkənin Ermənistandakı hərbi bazasının ömrünün uzadılması və onun funksiyalarının daha da dəqiqləşdirilməsi ilə bağlı yeni sənəd imzalanıb.
Sənəddə deyilir ki, həmin baza Rusiyanın maraqlarını qorumaqla yanaşı, həm də Ermənistanın təhlükəsizliyini təmin edəcək. Bunun üçün Ermənistana silahlar və müasir hərbi texnika veriləcək. Rusiyanın Ermənistanda hərbi baza saxlaması, bu bazanın müddətini 50 ilə yaxın bir müddətdə uzatması və ona Ermənistanı müdafiə etmək statusunu verməsi beynəlxalq qanunlara nə dərəcədə uyğundur?
Politoloq Razi Nurullayev bildirir ki, bir dövlətin ərazisində onu məcbur edərək, ərazisini istila edərək başqa bir dövlət tərəfindən hərbi baza yerləşdirilməsi beynəlxalq qanunlara ziddir.
«Amma burada vəziyyət fərqlidir. Ermənistanın öz xahişi ilə Rusiya orada öz hərbi bazasını gücləndirir. Və Rusiya kağız üzərində «Adi silahlar haqqında Cenevrə Konvensiyasının» da tələblərini pozmur. Yəni verilən informasiyalarda beynəlxalq qanunları pozmur. Amma əlbəttə ki, mən hesab edirəm, burada Rusiya gizli olaraq beynəlxalq qanun pozuntularına yol verməmiş deyil. Lakin bu cür pozuntular böyük bir istintaq araşdırması tələb etdiyindən bu barədə danışmaq mümkün deyil».
R.Nurullayev bildirir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınıda iştirak edən dövlət olması da Rusiyanın əlinə belə bir addım atmağa əsas verir:
«Bundan əlavə də Rusiyanın əlində böyük bir bəhanə var ki, hətta beynəlxalq güclər də ona heç bir təzyiq göstərə bilməz. Belə ki, ABŞ da müxtəlif ölkələrdə, hətta beynəlxalq qanunlara ziddi olaraq qoşunlarını yerləşdirib. Və Cenevrə Konvensiyasını da, digər müvafiq qanunları da araşdırsaq görərik ki, Amerikanın İraqda və Əfqanıstanda qoşun yerləşdirməsi, üstəlik bu ölkələrdə dövlət qurumları yaratması bu qanunlara ziddir. Bu mənada beynəlxalq qanunlarla Rusiyaya təzyiq etmək mümkün deyil. Amma orada yerləşdirilən silahların nə dərədədə uyğunluğunu müzakirə etmək olar. Və burada S-300 raketlərinin yerləşdirilməsi məsələsi gündəmə gələ bilər. Çünki bilirsiniz ki, 2008-ci ildə Rusiya Gürcüstan müharibəsi zamanı əldə olunan danışıqlara əsasən, Rusiya müəyyən mənada Gürcüstanın təhlükəsihliyinə zəmanət verirdi. Və Gürcüstana yaxın yerlərdə Rusiyanın üzərinə gediləcək məqamlar bunlardır». Modern.az
http://modern.az/articles/6938/1/