Interviews

Maliyyəsiz bir qurumda demokratik mühit yaratmaq mümkün deyil

18 May 2011 15:52 (10 saat öncə)

“Hesab edirəm ki, Mirzə Sakit partiyadan istefa verməklə, tələskənliyə yol verib. Ancaq bu, faciə də deyil.

Əgər hesab edirsə ki, partiyada qalmaq ona sərf etmir, yolu açıq olsun. Amma onun partiya daxilində avtoritarizm yaradılması ilə bağlı dediklərini bölüşmürəm. AXCP-də tənqidi fikirlər də qəbul olunur. Partiya rəhbərliyi tərəfindən heç kimə də göstəriş verilməyib ki, Mirzə Sakitlə görüşməyin”.

Bunu Lent.az-a Mirzə Sakitin partiya sıralarından istefası barədə dediklərinə münasibət bildirən AXCP sədrinin müavini Razi Nurullayev deyib.

R.Nurullayev hesab edir ki, Mirzə Sakit gözlənilməz adam olduğu üçün belə gözlənilməz də addım atıb. Onun sözlərinə görə, Mirzə Sakit də daxil olmaqla, partiyadan gedən bütün üzvlərə görə heyfsilənirlər. Ancaq siyasi partiyada heç kim axıra kimi qalmaqla bağlı öhdəlik götürmədiyi üçün Mirzənin də gedişi normal qəbul olunmalıdır: “Mirzənin narazılıqları hələ parlament seçkiləri vaxtı yaranmışdı. Görünür, bu narazılıq məntiqi sonluğuna çatıb”.

Partiya daxilində avtoritarizmin olması ilə bağlı deyilənlərə də münasibət bildirən AXCP sədrinin müavini demokratik bir qurum kimi qalmağın çətinliyini ifadə edib: “Avtoritar mühit insanlara və təşkilatlara sirayət edir. Əgər, ölkədə insanlar avtoritarizmə meyllənirsə, o zaman maliyyəsiz-filansız bir qurumda sırf olaraq, demokratik mühit yaratmaq mümkün deyil. O baxımdan, ola bilsin ki, AXCP-də də avtoritarizm yox, müəyyən proseslərin qarşısını almaq üçün atılmış addımlar olur”. O deyib ki, üzvlərini və təşkilatı qorumaq üçün bəzən qeyri-standart addım atıldığı da olub: “Bu, özünüqoruma instinktidir. Ancaq bəzən demokratiyanı anarxiyaya çevirməmək üçün atılan sərt addımlar da olur”.

AXCP sədrinin müavini partiya sədri Əli Kərimlidə avtoritar meyllərin olduğunu hesab etmədiyini qeyd edib. Bununla belə, o, Ə.Kərimliyə olan təzyiqləri nəzərə alaraq, onu da başa düşdüyünü bildirib: “Amma onun partiyada avtoritar meyllər yaratmaq niyyətini hiss etməmişəm”.

Anar GƏRAYLI

http://lent.az/xeber_66157_AXCP_s%C9%99drinin_m%C3%BCavini-_%E2%80%9CMaliyy%C9%99siz_bir_qurumda_demokratik_m%C3%BChit_yaratmaq_m%C3%BCmk%C3%BCn_deyil%E2%80%9D

Related Articles

Back to top button