Interviews

Nabucco-nun Azərbaycan üçün nə əhəmiyyəti var?

Razi Nurullayev: “Bu, nəhəng layihənin işlək vəziyyətə gətirilməsi üçün mütləq Azərbaycan qazı lazımdır”

ABŞ-ın “Wall Street” jurnalında Alessandro Torellonun “Nabucco” qaz kəməri layihəsində Azərbaycanın rolu barədə yazdığı məqalə ciddi müzakirələrə səbəb olub. Müəllif məqaləsində göstərir ki, Nabucco layihəsinin taleyi Azərbaycandan asılıdır.

Mövzu ilə bağlı politoloq Razi Nurullayevin fikrini aldıq. Politoloq Xəbər.İnfo xəbər portalına bildirdi ki, 2008-ci ildə Brüsseldə Avropa Birliyi ilə Enerji Təhlükəsizliyi haqqında saziş imzalandıqdan sonra AB ölkələrində belə başa düşülür ki, bu layihədə Azərbaycan əsas rol oynayır: “Burda bir amil də var. Nabucco ona görə Azərbaycansız mümkün deyil ki, kifayət qədər nəhəng layihədir və bu lahiyənin işlək olması üçün Azərbaycan qazı mütləq lazımdır. Əgər Azərbaycan bu layihəyə qoşulmasa, Türkmənistanın da bura qoşulması sual altında qalır. Çünki, Türkmən qazı bizim ərazidən keçməklə bu kəmərə çatdırıla bilər. Ola bilsin ki, Qazaxıstan da müəyyən miqdarda öz qazından bu kəmərə ötürsün. Digər bir tərəfdən də, bu layihə daha çox siyasi amillərlə bağlıdır. Çünki, AB ölkələrini Rusiya asılılığından qurtarmaq zərurəti yaranıb. Burda Azərbaycandan investisiya qoymaq tələb olunmur. Əvəzində isə öz qazını kəmər vasitəsi ilə Avropaya nəql etmək xahiş olunur”.

Ekspert hesab edir ki, Azərbaycanın Nabucco-a qoşulması daha məntiqli görünür: “Bakı-Tbilisi-Ceyhan tam siyasi yüklü bir layihə idi və Azərbaycan bunu uğurla başa vurdu. Bu kəmər İran və Ermənistan ərazisindən keçsəydi, iki qat az xərclə başa gələrdi. Siyasi məsələ olduğu üçün mümkün olmadı. Kəmərin İrandan keçməsinə isə AB razılıq vermədi. AB  İranın bu kəmərdən siyasi təzyiq kimi istifadə edəcəyindən ehtiyyatlandı”.

R.Nurullayevin sözlərinə görə, AB Azərbaycan qazından nə qədər asılıdırsa, rəsmi Bakı da bu birlikdən o qədər asılıdır: “Rəsmi Bakı Moskvanın təzyiqlərini dəf edərək, bu layihəyə razılıq verməlidir. Əks halda Azərbaycanın Avropa və ABŞ-la münasibətləri korlana bilər”.

“Azərbaycan öz qazını Nabucco və digər kəmərlərlə Avropaya satmaq gücündədir. Azərbaycan bu layihəyə yatırım qoymamalıdır və AB maliyyə məsələsi ilə məşğul olmalıdır. Çünki bu layihə daha çox Avropaya sərf edir” – deyə bildirən R.Nurullayev əlavə etdi: “Azərbaycanın indiki mövqeyi Avropa və Rusiya arasında manevrlər etməkdir. Amma, bu manevr də bir uerə qədər. Artıq qərar vermək vaxtıdır. Düzdür, Azərbaycan layihəyə soyuq münasibətini Avropa maliyyə strukturlarının bu layihəyə yatırım qoymamaları ilə əsaslandırır. Elə, bu faktor da, Bakının Moskva ilə balanslaşdırılmış siyasət həyata keçirməsinə şərait yaradır. Lakin, istənilən halda, Azərbaycan Avropanı Rusiyanın qaz asılılığından qurtarmalı olacaq. Əks halda, rəsmi Bakı cəzalandırıla bilər”

Rövşən Ziya

Qısa bağlantı: : http://xeber.info/?p=5584

Related Articles

Back to top button