Interviews

Azərbaycan müxalifəti, AXCP fəalları Facebookda olmasaydı, Facebook da digər sosial şəbəkələr kimi bir əyləncə mərkəzinə çevriləcəkdi

Razi Nurullayev

AXCP sədrinin müavini Razi Nurullayevin “Olaylar”a müsahibəsi:

-Razi bəy hazırkı ictimai-siyasi proseslərdə müxalifətin rolunu necə dəyərləndirirsiniz?
-Azərbaycanda müxalifətin rolu olmadan ictimai-siyasi proseslər maraqsız olar. Bununla bərabər, müxalifətin əli-qolu açıq deyil. Həm ancaq onun boyuna biçilən qanunlar, həm də kənar qanunsuz müdaxilələr, maliyyə məhrumiyyəttləri bizi küncə sıxışdırıb. Eynşteynin yerinə düşən gülməli bir aforizmi var. “Boş qarın heç də yaxşı siyasi məsləhətçi deyil”.

Buna baxmayaraq, müxalifət qanun çərçivəsində fəaliyyət göstərməkdədir. Ancaq, qanunlarda nəzərdə tutulmuş hüquqlarından tam istifadə edə bilmir. Sonuncu keçirilən aksiyalarda da bunun şahidi olduq. Belə ki, həmin aksiyalar icazəli olsa da ora yüzlərlə müxalifət fəallarının çatmasında problemlər yaranmışdı. Müxtəlif şirkətlər öz tabeliyində olan marşurutların həmin istiqamətdə hərəkət etməməyi əmr etmişdilər. Bu son zamanlar müsbət məcraya yönəlik proseslər ciddi kölgə saldı.

Bildiyiniz kimi 2013-cü ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. 2013 yaxınlaşdıqca ölkədə ictimai-siyasi proseslər özünün pik nöqtəsinə çatacaq. Ancaq mən bir məsələni qeyd etmək istəyirəm ki, bütün dünyada ictiami-siyasi proseslərin avanqardı kimi müxalifət rol oynayır. Müxalifət iqtidarın güzgüsüdür. Müxalifət hər zaman iqtidarın zəif nöqtələrini görür və onu deyir. Həmin o zəif nöqtələr üzərində də siyasi mübarizə müstəvisini seçir və “hücum” taktikası hazırlayır. Digər ölkələrdə iqtidar müxalifətin bu tənqidlərindən və “hücum”larından nəticə çıxararaq öz siyasətində düzəlişlər edir. Azərbaycanda müxalifətin ictimai-siyasi proseslərdə fəaliyyəti iqtidar tərəfindən məhdudlaşdırılır. Belə çıxır ki, iqtidar öz səhflərini müxalifətin dilindən eşitmək istəmir. Bunu görmək istəmir. Belə bir hərəkət də ölkədə ictimai-siyasi proseslərin inkişafına çox mənfi təsir göstərir. Maraqlı haldır ki, ölkədə təbii olaraq ictimai-siyasi proses yaranmır. İctimai-siyasi prosesi müxalifət özü yaradır və özü də idarə etməyə çalışır. 2010-cu ilə qədər cəmiyyətdə müəyyən süstlük var idi. 2005-ci ildə müxalifətin aldığı zərbədən özünə gəlməsi uzun çəkdi. Həm də, sanki, dünyada da siyasət ölmüşdü. Sönmüş ocağın külündən müxalifət qığılcım yarada bildi və bu gün yenə də ayaqdadır. Problem ondadır ki, Azərbaycanda orta sinif təmamilə nəzarətə götürülüb və zəiflədilib. Aristotel deyir ki, “ən mükəmməl siyasət orta sinfi nəzarətdə saxlamaqdır və yaxşı olar ki, o da digər sinifləri sayca üstələsin”.

-Sizcə müxalifətin 5 il sakit dayanmasına səbəb nə idi?

– 2005-ci il noyabr mitinqində müxalifətin mitinqi zorla dağıdıldı. Həmin prosesdən sonra aradan 5 ilə yaxın müddət keçdi. Bu müddət ərzində dünyada ciddi bir siyasi proses baş vermədi. Mən 2005-2010-cu illəri dünyada, siyasətdə ən süst dövr kimi xarakterizə edərdim. Demək olar ki, siyasət çox zəifləmişdi. İnsanların siyasətə marağı ölmüşdü. Belə hal yaranmışdı ki, sanki dünya daha dəyişməyəcəkdi. Sanki, hamı zombiləşəcəkdi və tonton-makut olacaqdı. Həmin dövrdə demokratiya idealları da ölmüşdü. Özlərini demokratiyanın avanqardı görən ölkələr də artıq digər ölkələrdə demokratiyanın yaradılması yönündə heç bir addım atmaq istəmirdilər. Dünyada baş verən iqtisadi böhran xüsusi rol oynayırdı. Dünya dövlətləri bütün güclərini daha çox öz iqtisadiyyatlarının bərpasına yönəltmiş, bu da siyasi proseslərin ikinci plana keçməsinə şərait yaratmışdı.

Azərbaycanda müxalifətin fəaliyyət göstərməsi üçün şərait tələb olunsa da, o da yox idi. Müxalifət siyasəti diriltmək üçün bir neçə dəfə cəhd göstərmişdi. Ancaq proses işləmədi. Bunun üçün də müəyyən taim-aut götürüb zamanı gözləməyə başladı. 2010-cu ilin Parlament seçkiləri siyasi prosesləri diriltdi və seçki sonrası həmin ilin noyabrında İctimai Palatanın yaradılması böyük hadisə idi. Ilk dəfə olaraq, müxalifət seçkidən sonra tənəzzülə uğramadı, hətta parçalanmadı da. Əksinə təmərküzləşdi və birləşdi. Hər kəs müxalifətin Ərəb Baharından sonra fəallaşdığını deyir. Təmamilə yanlışdır. Tunisdə ərəb baharı başlayanda Azərabycanda güllər açmışdı. Sadəcə, biz fərqli ölkəyik. Müxalifət də qanunsuz və iğtişaşlar törətməkdən uzaqdır. Biz hər şeyin qanun çərçivəsində olmasını arzulayırıq.

– Bu gün müxalifətin faəllaşmasında sosial şəbəkələrin rolunun olduğunu qeyd edirlər. Siz necə hesab edirsiniz sosial şəbəkələr siyasi təşkilatlar üçün önəmli fiqurdur?

– Sosial şəbəkələrin rolu böyükdür. Ancaq müxalifətin fəallaşmasında rolu böyük deyil. Sosial şəbəkələr bir vasitədir. Həmin vasitədən müxalifət ictimai-siyasi proseslərin idarə olunması, siyasətin inkişaf etdirilməsi və fəallığın artırılması üçün istifadə edir. Əgər bu gün Azərbaycan müxalifəti, AXCP olmasaydı, AXCP fəalları Facebookda olmasaydı, Facebook da digər sosial şəbəkələr kimi bir əyləncə mərkəzinə çevriləcəkdi. Yəni Facebook-un Azərbaycanda siyasi ortama gətirilməsi və siyasi aktivizmdə istifadə olunması AXCP-çilərin xidməti nəticəsində baş verib. Bu vasitədən Azərbaycan müxalifəti gözəl istifadə edir. Bildiyiniz kimi, Azərbaycan müxalif partiya liderlərinin televiziyalara çıxışı yoxdur. Biz sosial şəbəkələr vasitəsilə ismarıclarımızı, təkliflərimizi, planlarımızı xalqa çatdıra bilirik. Bu da bizə 1000-lərlə tərəfdarın qazanılmasına səbəb olub və bu gün də televiziyaların bizə yaratdığı boşluğun yarı faizindən çoxunu internet vasitəsilə ödəməyə nail olmuşuq.

– Qarşıdan prezident seçkiləri gəlir. Seçkilərə hazırlıq işləri ilə əlaqədar təmsil olunduğunuz AXCP-də nə kimi addımlar atılır?

– AXCP-də gələn il keçiriləcək prezident seçkiləri üçün müəyyən hazırlıqlar aparılır. Partiyanın təşkilati cəhətdən gücləndirilməsi, rayon şöbələrinin yenidən təşkilatlanması, daha çox üzvlərin toplanması və.s fonunda bu inkişaf baş verməkdədir. Hal-hazırda, ACXP müəyyən proqramlar və ismarıclar üzərində ciddi işləyir. Müəyyən siyasi partiyalarla danışıqlar aparır. AXCP 2013-cü il prezident seçkilərində iştirak edəcək. Partiyanın sədri Əli Kərimli də KİV-ə müsahibəsində bildirib ki, qarşıdan gələn prezident seçkilərində iştirak etmək niyyətindədir və özünü də seçkidə iştirak etmək, qalib gəlmək bacarığında görür. Bu baxımdan seçkidə iştirakla bağlı qərar verilib. Bu istək var. Bizim partiya da 2013-cü il seçkilərində tam gücü ilə iştirak edəcəkdir.

-AXCP-nin də təmsil olunduğun İctimai Palata seçkilərə vahid namizədlə gedəcək ya necə, ümumilkdə bu məsələ müzakirə mövzusu olarsa siz hansı liderin vahid namizəd olmasının tərəfdarısınız?

– Ölkədə fəaliyyət göstərən əksər müxalif və digər partiyalar qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyini bəyan edib. Bu yöndə müəyyən hazırlıq işləri də görülür. Bu təbiidir. ACXP olaraq hesab edirik ki, müxalifət bu seçkilərə vahid namizədlə qatılarsa, seçkidə qalib gəlmək imkanları daha da böyüyər. Vahid namizədlə bağlı hal-hazırda məsləhətləşmələr aparılmasa da sosial şəbəkələrdə, KİV-lərdə partiya sədrləri arasında müəyyən müzakirələr aparılır. Mənə belə gəlir ki, prezident seçkilərindən öncə sosial sifariş əsasında, ictimai rəy sorğuları əsasında müəyyənləşəcək ki, hansı namizəd müxalifətin vahid namizədi olmağa daha yaxındır. Bu müzakirələr, eyni zamanda prezidentlik kürsüsünə iddialı şəxslər arasında da keçiriləcək və bu zəmində yəqin ki, İP və İP-nın əməkdaşlıq etdiyi digər siyasi qruplar, bloklar bu məsələyə qoşulacaqlar və layiqli namizədi müəyyən etməyə çalışacaqlar. Biz buna ümid edirik. Qeyd edim ki, zamanı gələndə AXCP olaraq seçkiyə vahid namizədlə bağlı məsləhətləşmələrdə iştiraka hazırıq. Bununla bərabər, demək yerinə düşər ki, AXCP sədrinin seçkilərdə vahid namizəd olmaq şansı kifayət qədərdir və buna mənəvi haqqı da var.

– AXCP Müsavat Partiyası ilə bağlı qərar qəbul edib. Bu qərarın Müsavat Partiyasının növbəti qurultayında təsdiq olunması gözlənilir. Maraqlıdır gözlənilən qərar qəbul olunmasa AXCP Müsavat əməkdaşlığı hansı səviyyədə olacaq?

– Müsavat partiyasında da birləşməklə bağlı məsələlərin qaldırılacağı labüddür. Biz birtərəfli qaydada bu qərarı qəbul etdik. Müsavatla birləşmək və böyük bir partiyanın yaradılmasının tərəfdarıyıq. Ancaq bu baş verməsə də biz bunu faciə hesab etmirik. Müsavat Partiyası ilə AXCP arasında İP çərçivəsində əməkdaşlığımız və ciddi müttəfiqliyimiz var. Bu müttəfiqlikdən məmnunuq. Birləşmə olarsa daha cox mənmun olardıq. Olmazsa, bundan faciə də düzəltmək fikrində deyilik.

– Bu birliyin olmasına hansı ciddi səbəblər var?

– Biz istərdik ki, onlar da bu yöndə qərar qəbul etsinlər və bu istək insanların istəyi formasında reallaşsın. Ancaq Müsavat da öz qərarları və prinsipləri olan partiyadır. Partiyada kifayət qədər iddialı olan şəxslər var. Birləşmənin tərəfdarları və əlehdarları arasında yəqin ki müzakirələr gedəcək. Onlar düzgün olan qərarı qəbul edəcəklər. Müsavat Partiyası qurultayda kimi sədr seçəcəksə biz AXCP olaraq həmin şəxslə əməkdaşlıq edəcəyik. Bizim İsa bəyin zamanında qurduğumuz əməkdaşlığa yeni sədr zamanında da heç bir ziyan gəlməyəcək. Mənə belə gəlir ki, yeni sədrin zamanında partiyaların birləşməsi həm asanlaşa, həm də çətinləşə bilər. Bu kimin seçilməsi və hansı kursu götürməsindən asılı olacaq.

– Ümid Partiyası ilə AXCP-nin əməkdaşlığı mümkündürmü?

-Ümid Partiyası ilə bizim heç bir problemimiz yoxdur. Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara hörmətlə yanaşırıq və özümüzə də hörmət tələb edirik. Biz, bir sıra prinsipial məsələlər xaric, qeyd-şərtsiz Azərbaycanda demokratiya, sosial ədalət üçün çalışan istənilən siyasi partiyalarla əməkdaşlığa hazırıq. Prinsipial şərtimiz isə düzlük və səmimilikdir. Həqiqi müxalifətçilikdir. Müsavat Partiyası ilə Ümid Partiyası arasında müəyyən problemlər var. Biz də Müsavat Partiyası ilə əməkdaşlıq etdiyimiz üçün Ümid Partiyası ilə əməkdaşlıq edərək söz-söhbət yaratmaq istəməzdik. Ümid Partiyası da, zənnimcə daha konkret hərəkətlər edə və bir sıra siyasi məsələlərdə tam olaraq prinsipiallıq nümayiş etdirə bilər. Əgər bizim müttəfiqimiz olan Müsavat Partiyası ilə Ümid Partiyası arasında narazılıqlar aradan qalxarsa, əməkdaşlıq üçün zəmin yarana bilər.

Müsahibəni Ədil Əilzadə hazırlayıb

Related Articles

Back to top button