Statements

“O, qalan ömrünü sakit yaşaya bilməyəcək”

01.06.2012 | 16:33

AXCP sədrinin müavini, “Region” Beynəlxalq Analitik Mərkəzin İH-nin sədri Razi Nurullayev Suriyada baş verən son proseslərə münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, sədr müavini regionda baş verən prosesləri şərh edərək qeyd edib ki, Suriyanın Hula şəhərində 108 nəfərin qətliamı ilə nəticələnən hadisə Suriya prezidenti Bəşər əl-Əsədin hakimiyyətdən xoşluqla əl çəksə belə sonrakı taleyini şübhə altına alır. Onun sözlərinə görə, bu gün Suriya prezidentini müdafiəsi altına almaq istəyən demokratik bir dövlət yoxdur: “Məhz, bu səbəbdən, gələcəkdə onun üçün Yəmən prezidenti Əli Abdullah Saleh üçün seçilən variant belə razılaşdırıldığı halda, o qalan ömrünü sakit yaşaya bilməyəcək. O, izlənəcək, məhkəmələrə çəkiləcək, sui-qəsdlələ üzləşəcək və bir gün Beynəlxalq Cinayət Məhkəməsi onun həbsi barədə order verəcək. Gez-tez o, Haaqa şəhərinə gəlməli və dəmir barmaqlıqlar arasında müstəntiq və prokurorların suallarını cavablandırmalı olacaq. BMT-nin məlumatına görə artıq bu günə kimi Suriyada 10,000-dən çox adam öldürülüb. Lakin, Suriya müxalifətinin dediyinə görə bu rəqəm 13,0000-dən çoxdur. Bu cinayətdə birbaşa günahlandırılan və məsuliyyət daşıyan prezidentdir. Cinayətdən qaçmaq heç kim üçün mümkün deyil. Prezident olsan belə. Bu artıq sübuta yetirilib. Neçə prezident öldürülüb, neçəsi sürgündədir, neçəsi məhkəmələrdə və neçəsi də gec-tez nəzarət altına alınacaq. Liberiyanın eks prezidenti Çarlz Teylor niyə özünü qoruya bilmədi? Iki gün öncə Haaqa məhkəməsi Liberiyanın eks prezidenti Çarlz Teylora 50 il həbs hökmü oxudu. 11 hərbi cinayətdə ittiham olunan 64 yaşlı sabiq diktator qonşu ölkə olan Syera Leonedə 120 min nəfərin ölməsinə səbəb olub. Bəşər əl-Əsəd də cinayətdən yaxa qurtara bilməyəcək. O vaxtında çıxıb getməli idi, indi getsə də artıq gecdir”.

R.Nurullayev bildirib ki, Koffe Annan planının iflasa uğraması NATO-nu Suriya məsələsi barəsində konkret addım atmağa vadar edəcək. BMT-nin TŞ-nın Suriya ilə bağlı qəti qərar qəbul etməsinə Rusiya və Çin maneə olduğu üçün BMT TŞ-nın bu yöndə hər hansı qəti addım atacağını gözləmək olmaz: “Amma, ABŞ, Türkiyə, Almaniya, İngiltərə və Fransa BMT-nin TŞ-nın qərarını gözləmədən hərbi müdaxilə qərarı çıxara bilərlər. Söhbət humanitar məqsədlər naminə atılmış qərardan gedir. Hal-hazırda adını çəkdiyim ölkələr Suriyadan diplomatlarını çıxarırlar. Yəqin ki, hərbi intervensiya ilə bağlı qərar veriləcək. Bundan sonra, Rusiya və Çin öz addımları barədə düşünməli olacaqlar. Çünki, belə halda Bəşər əl-Əsəd batan gəmiyə çevriləcək. Batan gəmidən isə hamı canını qurtarmaq istəyir”.

Politoloq, daha sonra qeyd edib ki, BMT və digər beynəlxalq təşkilatlarda vacib qərarların çıxarılması dalana dirənir və nəticədə insanların bu qurumlara get-gedə marağı azalmaqdadır: “Bu isə təhlükəli tendensiyadır. Nəticədə bu təşkilatların sonrakı fəaliyyəti şübhə altına alına bilər. Əgər BMT on minlərlə insanın ödürülməsinin qarşısını vaxtında ala bilmirsə, və bir sıra dövlətlər və siyasətçilər insan həyatını kazino ruletkalarında firlatmağa meyylənirsə, bu artıq sonun başlanğıcıdır. Bu səbəbdən, NATO-nin Çikaqo zirvə toplantısında verdiyi qərarlar müstəsna əhəmiyyət daşıyır. NATO daha mobil və çevik olmalı və dünyada baş verən hadisələrə yerindəcə reaksiyalar göstərməlidir. Ümid etmək olar ki, NATO-nun qəbul etdiyi qərarların ilk müsbət nəticəsini görən Suriya xalqı olacaq”.

Related Articles

Back to top button