Klinton siyasi ismarıcla gəlir
Razi Nurullayev
ABŞ-ın dövlət katibi Hilari Klintonun Cənubi Qafqaza səfəri bundan öncəki səfərindən təmamilə fərqlənir. Xanım Klintonun, bu dəfə konkret təklif və qətiyyətli mövqe ilə gəlməsi aydın görünür. Bu səfər həm də Rusiyaya bir ismarıc xarakteri daşıyır. Dövlət katibinin Çənubi Qafqaza bir ildə iki dəfə səfər etməsi onu deməyə əsas verir ki, ABŞ-ın Cənubi Qafqazda olan maraqları get-gedə daha da güclənməkdədir və bu regionu Rusiyanın ixtiyarına buraxmaq fikrində deyil.
Hal-hazırda münaqişənin təzədən qızışması və iki ölkə arasında diplomatik savaşın getməsi ABŞ-ın və o cümlədən Avropa dövlətlərinin maraqlarına cavab vermir. Çünki, onların başı Əfqanistandan qoşunların 2014-cü ilin sonuna kimi çıxarılması və bunun üçün də yeni transit məkanlarının tapılmasına, “Ərəb baharı”na məruz qalmış dövlətlərdə siyasi inkişafın sonrakı mərhələsinə, Suriyada Əsəd rejiminin devrilməsinə və İrana mümkün hücum məsələlərinə qatışıb.
Bununla bərabər, ABŞ anti-terror əməliyyatlarında və enerji resurslarının diversifikasiyası sahəsində uğurla əməkdaşlıq etdiyi dövlətlərlə dünyada yaranan yeni şəraitə və özünün qəbul etdiyi xarici siyasətə uyğun başqa rakursda və məzmunda danışmalı olur. Bu da ənənəvi dövlətləri, o cümlədən Azərbaycanı razı salmır. Çünki, ABŞ artıq vurğunu demokratiya və fundamental azadlıqlar üzərinə gətirir və sonrakı uğurlu əməkdaşlığın bu tələblər yerinə yetirildikdən sonra mümkün olacağını deyir. Bu söhbətlərin isə telefon və elçilər vasitəsilə həllinə nail olmaq mümkün olmadığından xanım Klinton özü dövlət başçıları ilə üz-üzə, göz-gözə danışmağa vadar olur. Məhz, onun regiona ikinci səfərinin səbəblərindən də biri budur.
İndi isə səfərin detallarına varmaq istərdim.
İki həftə öncə ABŞ Dövlət Departamenti Azərbaycanda insan haqlarının durumu ilə bağlı hesabatını açıqlayıb və xanım Klintonun səfəri bu ərəfəyə təsadüf etdiyindən, hesabatda vurğulanan insan haqları və demokratiya ilə bağlı ciddi məqamlar müzakirə ediləcək. Bu adını çəkdiyim məqamlar Azərbaycanda danışıqların ən ağır hissəsini təşkil etməli olacaq.
Görüşün rəsmi hissəsində tərəfdaşlığın yeni yolları, regional təhlükəsizliyin və sabitliyin, enerji təhlükəsizliyinin, iqtisadi və siyasi islahatların gücləndirilməsi müzakirə edilsə də, xanım Klinton ictimaiyyət, media və rəsmilər qarşısında da demokratik inkişaf və insan haqları ilə bağlı məsələləri səsləndirməli olacaq. İnsan hüquqları və demokratiya isə, əsasən bağlı qapılar arxasında çox ciddi şəkildə hədəfə alınacaq.
Bu gün ABŞ Azərbaycanı tərəfdaşı kimi görür, amma bununla bərabər ölkənin demokratikləşməsinə də ciddi əhəmiyyət verir və onun Bakıda verdiyi ismarıc ondan ibarət olacaq ki, ABŞ ancaq və ancaq demokratik yol ilə irəliləyən ölkə ilə tərəfdaş olmaq istəyindədir. Azərbaycan rəhbərliyi isə onunla tərəfdaş olmaq üçün bu istəyə cavab verməlidir. Amma, bu o demək deyil ki, Azərbaycan belə əməkdaşlıq şərtindən imtina edərsə, ABŞ bizdən əl çəkəcək. Xeyr, ABŞ Azərbaycanı istədiyi rakursda inkşaf edən ölkəyə çevirmək üçün çalışacaq və sonunda buna nail olacaq. Artıq faktlar göz qabağındadır ki, ABŞ-la münaqişəyə gedən ölkələrin hökumətləri ya iqtisadi çətinliklər və sanksiyalar içində boğulurlar, ya da hakimiyyəti tərk etməli olurlar.
Xanım Klinton, birmənalı olaraq bütün siyasi motivlə həbs edilən məhbusların azadlığa buraxılmasını və ölkədə siyasi azadlıqların tam bərqərar olunmasını istəyəcək. Bununla yanaşı, məhz, rəsmi Bakının bu məsələlərdə elastiklik göstərməsi, rəsmi Vaşinqton tərəfindən Bakıya səfirin göndərilməsini də tezləşdirə bilər ismarıcını qabardacaq.
ABŞ üçün digər vacib məsələ, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasıdır. ABŞ istəyir ki, Azərbaycan biznesdə şəffaflığa nail olsun, vergi və gömrük sistemini tam sadələşdirsin və biznes üçün daha uyğun şərait yaratsın. Bunun üçün də ABŞ üçün müstəqil məhkəmə və ədliyyə sisteminin formalaşmasıdır.
İranla-Azərbaycan arasında yaranan gərginlik müzakirə mövzusu olmaya bilməz. ABŞ dövlət katibi İrandan gələn təhdid və təhlükələrdən Azərbaycanı qorumaq üçün ABŞ-ın tərəddüd etməyəcəyini də rəsmi Bakının nəzərinə çatdıracaq. Çünki, söhbət Azərbaycanda olan ABŞ sərmayələrindən və neft-qaz boru kəmərlərinin qorunmasından gedir. ABŞ heç vaxt razı ola bilməz ki, Xəzər dənizinin karbo-hidrogen ehtiyatlarının istismarı və daşınması üçün təhlükə yaransın. Yeri gəlmişkən, Azərbaycan neftinin və qazının Avropa bazarlarına çatdırılması və boru kəmərlərinin diversifikasiyası da müzakirə mövzusuna çevriləcəkdir. ABŞ üçün enerji ehtiyatları ən öndə duran vacib prioritetlərdən biridir.
Görüşdə ən çox vaxt aparan və uzun-uzadı müzakirə edilən məsələlərdən biri də Dağlıq-Qarabağ münaqişəsi olacaq. ABŞ yuxarıda qeyd etdiyim kimi, münaqişənin yenidən alovlanmasına imkan vermək niyyətində deyil. Azərbaycan və Ermənistanın isə hərbi ritorika ilə danışması ABŞ-ı bərk narahat edib. ABŞ, eyni zamanda çox gözəl başa düşür ki, tərəflər Dağlıq-Qarabağ münaqişəsini istənilən zaman siyasi məqsədlər üçün də istifadə edə, ölkədə hərbi vəziyyət elan edə, siyasi və demokratik prosesləri tam dayandıra bilərlər. Amma, ABŞ bu məsələ ilə bağlı da xəbərdarlıqlarını tərəflərə çatdıracaq. ABŞ-ın nüfuzlu New-York Times qəzeti də xanım Klintonun Cənubi Qafqaz ölkələrinə səfər öncəsi geniş məqalə dərc edib. Məqalədə Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı deyilir ki “ATƏT vasitəçilik missiyası ilə münaqişəyə həllər arayır, amma danışıqlar artıq dayanıb. Kövrək olan atəşkəs tez-tez pozulur. Rusiya Ermənistanı silahlandırır və orada hərbi baza saxlayır. Azərbaycan neft gəlirlərini silahlanmaya sərf edir və onun müttəfiqi olan Türkiyə on ildən çoxdur ki, Ermənistanla sərhədi qapadıb. Belə çıxır ki, Dağlıq-Qarabağ münaqişəsi qəflətən “donmuş” statusundan çıxa bilər”.
ABŞ dövlət katibi Hillari Klinton Ermənistanla Azərbaycan arasında yaranan gərginliyə görə Ermənistan və Gürcüstanda narahatlığını ifadə edib. Xanım Klinton deyib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və ola bilməz: “Güc tətbiqi məsələni həll etməyəcək, odur ki, onun tətbiqini istisna etmək lazımdır”.
Xanım Klintonun səfərinin Azərbaycanla bağlı hissəsində daha bir maraqlı məqam var. Bu məqam Ermənistan-Türkiyə münasibətlərinə yanaşmadır. Dövlət katibi deyib ki, Vaşinqton həmişə hər hansı ilkin şərt olmadan münasibətlərin normalaşmasını alqışlayıb. Bu gün top meydançanın Türkiyə tərəfindədir, erməni tərəfinə isə heç nə etmək lazım deyil. Bu açıqlamanın özü bütün mümkün boşluqları doldurur və mənzərəni gözümüz önünə sərir. ABŞ Azərbaycandan Dağlıq-Qarabağ münaqişəsinin Ermənistan-Türkiyə münasibətlərinə bağlanmasını istəmir və bu yöndə Türkiyəyə Azərbaycan tərəfinin təzyiqini məqbul saymır. Azərbaycan tərəfinin bu məqamla razılaşacağı inandırıcı görünməsə də fakt ondan ibarətdir ki, Türkiyə də bu məsələdə özünün mövqeyini çilpaqlığı ilə ortaya qoymur və nəticədə bu cür dartışmalar üçün məsafələr qalır.
Məlumdur ki, Türkiyə prezidenti mayın ikinci yarısında Çikaqoda NATO-nun zirvə toplantısında ABŞ prezidenti Barak Obama ilə görüşmüşdü. Qısa çəkən görüşdə ABŞ prezidentinin Türkiyə prezidentindən nə xahiş etdiyini ABŞ-ın Ermənistandakı səfiri açıqlayıb. O deyib ki, ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün çalışır və ilkin şərtlərin irəli sürülməsinə qarşıdır.
Nəticə bundan ibarətdir ki, ABŞ Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Azərbaycanı bir maneə kimi görür və dövlət katibi Azərbaycana bu yöndə təsir göstərməyə çalışacaq və iyun ayının 7-də Türkiyəyə səfəri zamanı bu ölkəni Ermənistanla münasibətləri normallaşdırmağa razı salmağa çalışacaq. Önəmli olan budur ki, dövlət katibi Bakıdan Ankaraya hansı mesajı aparacaq və bu Türkiyə tərəfini razı salacaqmı?
Xanım Klintonun Türkiyə səfərinin ən önəmli hissəsinin biri də Suriya və İran ətrafında cərəyan edən hadisələr olacaq. ABŞ Türkiyədən İran məsələsində ikili oyundan əl çəkməyə və birmənalı olaraq Qərbin yanında olmağı təklif edəcək. İranın zəiflədilməsi və diplomatik mühasirəyə alınması üçün Türkiyənin rolu əvəzedilməz olar. Türkiyə İrandan xoşlanmasa da İsrail faktoruna görə İranla münasibətlərini davam etdirir. Xanım Klinton Türkiyəni İsraillə barışdırmaq üçün bütün diplomatik bacarığını da işə salacaq. Onu də demək istərdim ki, çox güman ki, dövlət katibi İsrail tərəfinin də ismarıclarını və barış üçün mümükn şərtləri də rəsmi Ankaranın nəzərinə çatdıracaq.
Suriya məsələsinə gəldikdə isə, dövlət katibi mümkün hərbi intervensiya zamanı Türkiyənin də bu aksiyanın bir hissəsi olmasını istəyəcək. Bəşər rejiminin yıxılması Türkiyənin qatqısı olmadan mümkün görünmür və bu çox məharətlə Xristian-Müsəlman münaqişəsinə çevrilə bilər. Müsəlman dövləti olan Türkiyənin hərbi müdaxilənin bir hissəsi olması, həm də İrana verilmiş bir ismarıc olar. Güman etmək olar ki, xanım Klinton Azərbaycan hakimiyyəti ilə də Suriya məsələsini müzakirə edəcək və beynəlxalq qüvvələrin yanında olmasını istəyəcək. Rəsmi Bakı Əsəd rejimi yıxılmağa doğru yaxınlaşdığı zaman müəyyən şərtlər əsasında beynəlxalq güclərin yanında yer ala bilər. Bu həm də Azərbaycan hakimiyyətinin beynəlxalq güclərlə bir sırada durma iddiasından da qaynaqlana bilər. Amma, buna görə Azərbaycandakı demokratik proseslərə Qərbin göz yumması inandırıcı görünmür.
Bir neçə kəlmə də Gürcüstan barədə analizlərimi bölüşmək istəyirəm. Oktyabr ayında Gürcüstanda Parlament seçkiləri, ardınca isə Prezident seçkiləri keçiriləcək. ABŞ üçün Saakaşvilidən sonra Gürcüstanda hakimiyyətə kimin gəlməsi ehtimalını çözmək çox vacibdir. Bu dövlətin NATO-ya üzv olması üçün ABŞ Gürcüstana hərtərəfli köməkliklər göstərməkdədir. ABŞ, hal-hazırda Rusiyanın Abxaziya və Cənubi Osetiyada artan hərbi gücündən narahatlıq keçirir və bu baxımdan Tiflis üçün təhlükə hər zaman qalmaqdadır. ABŞ narahatdır ki, seçkiləri rusiyapərəst gürcü siyasətçiləri uda və bununla da ABŞ-ın Qafqazlardakı mövqeyi əsaslı şəkildə zəifləyə bilər.
Dövlət katibinin Ermənistana səfərinə gəldikdə isə, əlbəttə, danışıqalrın ana xəttini Dağlıq-Qarabağ münaqişəsinin həlli və Türkiyə ilə münasibətlərin normallaşdırılması təşkil edib. Ermənistan hakimiyyətinin əsas istəyi hazırki status-kvonun saxlanılmasıdır və dövlət katibindən də Azərbaycana təzyiq göstərməyi və Dağlıq-Qarabağ münaqişəsinin Türkiyə ilə olan danışıqlarda yer almamasını xahiş ediblər. Əfsus ki, rəsmi Vaşinqton erməni lobbisi ucbatından hələ də həqiqətləri həzm edə bilmir və seçki ili isə təmamilə həqiqətlərdən uzaqlaşır. Ağ Evin bu zəif nöqtələrini isə necə basmaq lazım gəldiyini ermənilər çox yaxşı mənimsəyiblər.