Interviews

“İqtidarın kim olmasını Rəsul Quliyev müəyyən etmir” – Müsahibə

07.06.2012 | 14:12

“Region” Beynəlxalq Analitik Mərkəzinin İdarə Heyətinin sədri, AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev Avrasiya.net-ə müsahibə verib.


– Necə fikirləşirsiniz ACP-AXCP əməkdaşlığı mümkündürmü?

– Əlbəttə, mümkündür. AXCP sədri artıq ACP-nin sədri Sülhəddin Əkbərlə görüşüb. Bundan öncə də yeni sədrlə AXCP-nin çox isti münasibətləri olub. Şəxsi münasibətlərin də normal olması əməkdaşlıq üçün münbit şərait yaradır. Əlavə olaraq, onu deyim ki, AXCP Azərbaycanda bütün siyasi qüvvələrin konsolidasiyasında maraqlıdır. Lakin, münasibətlər elə qurulmalıdır ki, kimsə kimsədən öz korporativ maraqları üçün istifadə etməsin. Əməkdaşlıq üçün səmimiyyətin olması vacibdir və ACP ilə münasibətdə belə olacağına inanıram.


– İP-in tərkibində bu əməkdaşlığın mümkünlüyünə mane ola biləcək amillər hansılardır?

– İP bağlı qurum deyil. Amma, strateji əməkdaşlıq üçün İP-nin Koordinasiya Şurası ciddi müzakirələr aparır. AXCP üçün ACP-nin İP-da təmsil olunması və qoşulması üçün bir problem görmürəm. Amma, İP-də qərarları da AXCP təkbaşına verə bilmir. Bu səbəbdən, ACP-nin İP-də üzvlüyü hamar olmaya da bilər. Ən vacibi isə odur ki, ACP-nin belə bir istəyi olsun. Belə bir istək olacaqsa, onlar özləri İP-ə daxil olan qurumlarla ayrı-ayrılıqda da danışıqlar apara bilərlər. Birinci qərar ACP-dən gəlməlidir.

– İsa Qəmbər faktoru burada önəm daşıyırmı?

– İP-də söz sahibi olan partiyalardan biri də Müsavatdır. Məntiqlə düşünsək, demək ki, önəm daşıyır. Əgər ACP-nin Müsavat partiyası ilə aralarında fikir ayrılığı olarsa, bunu da özləri həll etməlidir. AXCP bütün demokratik və səmimi qüvvələrin bir yerdə olmasında maraqlıdır. Bu maraq həm də Azərbaycan xalqının istəyindən qaynaqlanır.

– 2003-cü prezident və 2005-ci il parlament seçkilərində R. Quliyev Avropada Ə.Kərimli və İ.Qəmbərlə görüşüb və danışıqlar aparmışdı. Bu dəfə isə prezident seçkiləri öncəsi Avropaya başqa simaları dəvət edib. Bu Kərimli və Qəmbərə inamsızlıqdan irəli gəlmirmi?

– Xeyr. Burada inamsızlıqdan söhbət gedə bilməz. Əgər siyasətçilər və qərarverənlər arasında bu tip düşünənlər varsa, məntiqsizliyin olmamasından əziyyət çəkənlərdir. Azərbaycanda iqtidarın kim olmasını Rəsul Quliyev müəyyən etmir. Bununla bərabər, Rəsul Quliyev dövlət vəzifələri paylamır ki, kimə inanıb-inanmamağı saf-çürük etsin. Əslində, cənab Rəsul Quliyev Azərbaycandan kənarda olduğuna və siyasətə birbaşa təsir edə bilmədiyinə görə, təbii olaraq daha çıxılmaz vəziyyətdədir. Buna görə də, məntiqlə düşünsək, inam ABŞ-dan Bakıya yox, Bakıdan ABŞ-a olmalıdır. Cənab Quliyev bizim hörmət etdiyimiz və əməkdaşlıq etmək istədiyimiz bir siyasətçidir. Onun öz partiyası ilə bağlı verdiyi qərarlara da hörmətlə yanaşırıq.

– Necə fikirləşirsiniz Bakıdan ABŞ-a inam qalıbmı?

– Əgər yuxarıda əməkdaşlıq məsələləri barədə danışdımsa, demək ki var. Amma, bu inam iqtidarı müəyyən edən inam deyil. Partiyalar bərabərhüquqlu xüsusda əməkdaşlıq edir və gələcəklə bağlı planlar qururlar. Hətta, hər zərrənin və damcının istifadə olunması üçün həmişə məkan və şərait var. Gücə güc qatqısına inam olmasa, heç kim mənasız işlə məşğul olmaq istəməz.

– Müxalifətin vahid namizəd problemi də var ki, bu da seçkilərdə özünü göstərdi. Necə düşünürsünüz İsa Qəmbər, Əli Kərimli və Rəsul Quliyev arasında bu problem həll oluna bilərmi və necə?

– Vahid namizəd məfhumu əsasən, avtoritar və demokratiyası oturuşmamış ölkələrdə gündəmə gəlir. Bütün dünyada belədir ki, iki nəfərin sözü düz gəlmir. Azərbaycanda da iddialı insanlar arasında qızıl ortanı tapmaq çətin olur. Bu siyasətin mahiyyətindən doğan reallıqdır. Seçkilərdə hamının bir nəfər kimi birləşməsi mümkün olmur və yəqin ki, 2013-cü il də bu sarıdan istisna təşkil etməyəcək. Amma, inanıram ki, əsas qüvvələr vahid namizəd müəyyən edəcəklər. Bu yöndə hələ danışıqlar başlamayıb. Danışıqlar başlayandan sonra mümkün variantlar adını çəkdiyiniz siyasətçilər tərəfindən səsləndiriləcək. Vahid namizəd olmasa da faciə yaşamaq fikrində deyilik. Ortada olan variantlardan ən məqbulunu seçib inamla qabağa addımlamaq fikrindəyik.

– Əgər Rəsul Quliyevin Bakıya gəlişi müəyyən səbəblər üzündən qadağandırsa müxalifətin onunla əməkdaşlığına nə maraq var?

– Rəsul Quliyev zamanında ölkədə söz sahibi olub. Uzun illər müxalifətin parlaq simaları arasında özünə yer alıb və almaqdadır. Onun da strategiyası, taktikası və tərəfdarları var. Rəhbərlik etdiyi partiya var. Ona da inanan yüzlərlə insan var. Bu baxımdan, bir fərdlə yox, çəki və təşkilatı bacarığı olan bir siyasətçi ilə əməkdaşlığa maraq var.

– Amma Rəsul Quliyev “Demokratiyaya gedən yol” adlı məqaləsində yazır ki, Azərbaycanda dəyişikliklərin baş verməməsinin, problemlərin səbəblərindən biri Azərbaycanda 1990-cı illərin aktivistlərinin hələ də siyasi səhnədə olmasıdır. Ona görə də onlar Azərbaycan naminə təcili istefa verməlidirlər. Bu Əli Kərimli və İsa Qəmbərə mesaj deyilmi?

– Rəsul Quliyev o siyasətçilərdəndir ki, bir-birinə zidd açıqlamaları ilə yadda qalır. Buna təbii yanaşıram. Amerikadan Azərbaycana baxanda hər şey o qədər sadə və gözəl görünür ki… Xaricdə olan bizim siyasətçilər yaşadıqları ölkənin vətəndaşları və siyasətçiləri ilə getdikləri ölkəni müqayisə etməyi xoşlayırlar. Şələni kürəyində daşıyanla, onun yanında addımlayanın çəkdiyi fiziki və mənəvi yük müqayisəsizdir. Gənc fəal Bəxtiyar Hacıyev ABŞ-da oxuyan zaman siyasi konyuktura, elmi yanaşma, siyasi gündəm və xalqla işləməyin yeni yolları, müxalifətin bacarıqsızlığı, yeni modern seçki texnologiyaları haqqında danışır və ölkəyə dönərək qısa zamanda bunu reallaşdıracağını deyirdi. Amma, 2010-cu il seçkilərində heç 3-lüyə düşə bilmədi. Mən bunu onu tənqid etmək üçün demirəm. Bəxtiyar dəyərli və savadlı gəncdir. Amma, onun düşüncəsindəki reallıqla Azərbaycan tərs mütanasib idi. Digər tərəfdən, məhz, Rəsul Quliyevin özü də dediyi dövrün siyasi elitasına daxil olan şəxsdir və dediyi fikirlər onun özünə də aiddir. Amma, düşünürəm ki, Rəsul müəllim bunu depressiya vaxtı, inamsızlığa düçar olduğu zaman yazıb. Buna görə də onu günahlandırmaq və tənqid etmək düzgün deyil. Hər bir siyasətçinin həyatında ağır və depressiya yaradacaq günlər olur. Digər yandan, keçmişin analizi yaxşıdır, amma siyasətçilər üçün günün reallığından doğan praqmatizm daha vacibdir. Ona görə də, söz savaşına çıxmaq yox, gələcəklə bağlı daha effektiv taktika və strategiyaların birlikdə işlənməsi daha vacibdir.

– Amma Razi bəy, Rəsul Quliyevlə müqayisədə Ayaz Mütəllibovun adı bu qədər müxalifətlə qoşa çəkilməyib. O da bu iqtidara düşmən idi, o, da mühacirətdə idi və s.

– Təbii ki, belə də olmalı idi. Ayaz Mütəllibovun hakimiyyətdən getməsində və birinci prezident kimi tarixə düşməsini Azərbaycan Xalq Cəbhəsi təşkil edib. Necə ola bilərdi ki, hakimiyyətini yıxdığın və bir sıra cinayətlərdə suçladığın adamla çiyin-çiyinə dayanasan? Haşiyə çıxım ki, bu suçlamalar o zaman kəskin şəkildə özünü biruzə verirdi, amma bu gün artıq onlar müzakirə mövzusu deyil. Şəxsən mən Ayaz Mütəllibovu heç zaman günahkar hesab etməmişəm. O zamankı şəraitdə baş çıxarmaq və günahsız qalmaq Azərbaycanın kosmik zavod açıb Mars planetinə adam göndərməsi qədər əndrabadi görünə bilərdi. Bu dediklərimə rəğmən hörmətli Ayaz Mütəllibovun müxalifətlə bir yerdə olması mümkün ola bilməzdi. 2000-ci ildən sonra baş verən hadisələr zamanı Ayaz Mütəllibovun əsas müxalifət partiyaları ilə bir yerdə olması şansı yaranmaqda idi. Amma, Araz Əlizadə olan yerdə nə əməkdaşlıq, nə ehtiram, nə müzakirə!

avrasiya.net

Related Articles

Back to top button