Interviews

Beynəlxalq təzyiqi dayandırmağın yolu var…

İqtidar sərbəst toplaşmaq azadlığını təmin etməlidir Razi Nurullayev: «Aksiyaların keçirilməsi üçün müxalifətə yer ayırmalıdır ki, onlar tərəfdarları ilə görüşə bilsin»

Ictimai Palatanın 2 aprel mitinqini polisin qəddarlıqla dağıtmasını beynəlxalq təşkilatlar və Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri pisləyib. Avropa Ittifaqı isə aksiya zamanı tutulanların dərhal azad olunmasını tələb edib. Eyni zamanda iqtidara islahatlara getmək çağırışı da edilib. Bütün bunlar dünya ictimaiyyətinin Azərbaycan iqtidarının atdığı addımlardan narazı qaldığını göstərir. Bu xəbərdarlıqdan hakimiyyət hansı nəticəni çıxarmalıdır?
AXCP sədrinin müavini, politoloq Razi Nurullayevin fikrincə, iqtidar ilk növbədə vətəndaşların konstitusiyada təsbit olunmuş sərbəst toplaşmaq azadlığını təmin etməlidir. Əgər bu baş verməsə, hakimiyyət gələcəkdə beynəlxalq ictimaiyyətin daha kəskin mövqeyi ilə rastlaşacaq. Bu, iqtidara qarşı gözləmə mövqeyi tutan digər beynəlxalq təşkilatların da sərt reaksiyasını doğuracaq.

Azərbaycan cəmiyyətində son illərdə bir neçə dəfə oyanmanın baş verdiyini deyən ekspert indi də belə bir prosesin getdiyini deyir: “1988-ci ildə başlayan dalğa Sovet Ittifaqını süpürüb atdı. Ikinci dalğa 1991-92-ci illərdə baş qaldırdı və demokratik qüvvələr hakimiyyətə gəldi. Növbəti belə bir dalğa 2005-ci ildə başlamışdı. Bu zaman Azərbaycana beynəlxalq aləmin ciddi dəstəyi olmadığından müxalifət başladığı işi sona çatdıra bilmədi. Ancaq o vaxtdan artıq çox zaman keçib. Əhalinin böyük hissəsi müxalif düşüncəlidir. Insanların sosial vəziyyəti daha da ağırlaşıb. Ona görə də ərəb dünyasında baş verən proseslərin fonunda Azərbaycanda yenidən dirçəlmə və insanların oyanma prosesi start götürüb. Bu oyanma prosesinin daha da inkişafını günü-gündən hiss etməkdəyik. Bu oyanmadan Azərbaycan iqtidarı narahatlıq keçirir. Aksiya zamanı və ondan sonrakı həbslər də bu narahatlıqdan irəli gəlir”.

Ekspertin fikrincə, iqtidar növbəti aksiyada tam geri çəkilməyəcəyini desə də, polis qəddarlığının bir qədər azalacağı ehtimalı var: “Hakimiyyətin növbəti aksiya ilə bağlı mövqeyini dəyişəcəyinə əmin deyiləm. Inanmıram ki, 17 aprel mitinqi üçün sərbəst toplaşmaq azadlığı təmin edilsin və müxalifətə aksiya üçün istədiyi yer verilsin. Ancaq ola bilsin kameralara düşən qəddarlıq görüntüləri bir qədər azalsın. Çünki iqtidar bununla bağlı çox böyük tənqidə məruz qaldı. Ola bilsin polis mitinqçiləri yeni bir taktika ilə dağıtmaq istəsin ki, orada müəyyən zorakılıq səhnələri yer almasın. Amma, əlbəttə, beynəlxalq təzyiqi dayandırmaq üçün hakimiyyətin yalnız bir yolu var. Aksiyaların keçirilməsi üçün müxalifətə yer ayırmalıdır ki, onlar sərbəst toplaşmaq azadlığından istifadə edərək orada tərəfdarları ilə görüşə bilsin. Azərbaycan müxalifəti narazılığını iqtidara çatdırmaq istəyir. Amma bunu gedib ucqar yerdə etmək niyyətində deyil”.

http://azadliqqazeti.com/new/index.php?option=com_content&view=article&id=4333:beynlxalq-tzyiqi-dayandrman-yolu-var&catid=326:siyaset1&Itemid=414

Related Articles

Back to top button