Statements

Bu görüş nəticə vermək üçün hesablanmayıb

14.06.2012 | 11:36

“Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin iyunun 18-də Parisdə keçiriləcək növbəti görüşü cəbhə bölgəsindəki gərginliyi azaltmaq üçün yetərli deyil.

Hal-hazırda olan status-kvo Ermənistana və onun arxasında dayanan Rusiyaya, hazırkı şəraitdə isə həm də İrana sərf edir. Amma, məncə artıq Azərbaycan hərbçiləri də, o cümlədən Azərbaycan xalqı da prosesin uzanmasından çox usanıblar. Dinc şəraitdə isə günahsız əsgərlərin öldürülməsinə haqq qazandırmaq mümkün deyil” Bu sözləri “Qafqazinfo”ya açıqlamasında AXCP sədrinin beynəlxalq əlaqələr üzrə müavini, “Region” Beynəlxalq Analitik Mərkəzin İH-nin sədri Razi Nurullayev deyib.

Politoloqun sözlərinə görə, bu görüş nəticə vermək üçün hesablanmayıb: “Görüş tərəflər arasında az da olsa səmimiyyət yaratmaq və nəticədə hər iki dövlətin prezidentləri arasında görüşə nail olmaqdır. Bunun üçün isə, ortada siyasi iradə və böyük dövlətlərin həqiqi istəyi olmalıdır. Artıq Azərbaycan tərəfi nəticəsi olmayan görüşlərrdən qaçır. Səbəb isə ondan ibarətdir ki, hər nəticəsiz görüşdən sonra Azərbaycan iqtidarına qarşı daxili qınaq güclənir. Danışıqlar Azərbaycan tərəfinə mənfilər, Ermənistan tərəfinə isə müsbətlər gətirir”.

Politoloq qeyd edir ki, yuxarıda sadaladığı faktlardan başqa bir neçə digər səbəblər var ki, onlar ucbatından danışıqlarda irəliləyiş əldə oluna bilməyəcək.

“Birinci səbəb ondan ibarətdir ki, nə Azərbaycan, nə də Ermənistan indiyə kimi tutduqları mövqedən zərrə qədər də geri çəkilməyiblər. Əksinə, Ermənistan Dağlıq-Qarabağın müstəqilliyinin tanınması yönündə səylərini gücləndirib, Azərbaycan isə müharibə ritorikasını artırıb.
İkincisi, hər iki dövlətin prezidentləri arasında şəxsi zəmində də ciddi gərginlik və əsəb dartışması var. Bu da münasibətlərin normallaşmasına və danışıqlar mərhələsinə keçməsinə əngəl yaradır.

3-cüsü ATƏT-in Minsk qrupunun həmsədrlərinin yeni təklifləri yoxdur və onlar sadəcə hal-hazırda quru vasitəçi kimi çıxış edirlər. Mümkün təkliflər də tükənib və onların verdikləri təkliflər də artıq ciddi qəbul edilmir.

Dördüncüsü və ən başlıcası isə ondan ibarətdir ki, Ermənistan Dağlıq-Qarabağla bağlı bütün addımlarını Kreml ilə razılaşdırır. Ermənistanın XİN başçısı Parisə təlimatla gedir və Moskvanın icazəsi olmadan müsbət irəliləyiş əldə oluna bilməz. Düşünürəm ki, Moskvanın təklifi ilə Ermənistan çalışacaq ki, ortada olan gərginliyi aradan qaldırmağa və status-kvonu saxlamaqda davam etsin. Moskva və Erevanın hazırda missiyası DQ münaqişəsinin hazırkı status-kvodan bir sm belə sağa-sola hərəkət etməməsidir.
Buna görə də, görüşün Azərbaycan üçün nəticəsiz bitməsi üçün Rusiya bütün mümkün addımlardan istifadə edəcək. Qeyd edim ki, Rusiya ilə Azərbaycan arasında hazırkı münasibətlər çox həssasdır və “Transxəzər” layihəsi ilə bağlı ABŞ rəsmisinin səsləndirdiyi fikir münasibətləri daha də gərginləşdirib. Buna görə də Rusiya heç vaxt imkan verməz ki, DQ kozırı onun əlindən çıxsın”, -deyə AXCP funksioneri bildirib.

Related Articles

Back to top button