Statements

İlham Əliyevin açıqlaması lazımdır

25.07.2012 | 00:11

Razi Nurullayev

Yeni Azərbaycan Partiyası 2013-cü il Prezident seçkiləri üçün namizədinin adını açıqladı: – hazırki prezident İlham Əliyev. Bu açıqlamaya qədər isə həm mətbuat, həm də ekspertlər iqtidar daxilində müxtəlif senarilər üzərində mülahizələr irəli sürüblər.

Bu mülahizələr hələ də davam edir və davam edəcək. Səbəb odur ki, hazırkı dövlət başçısı hələ ki, iştirak edib-etməməsi ilə bağlı fikir səsləndirməyib. Bu o deməkdir ki, YAP-ın İcra katibi Əli Əhmədovun namizədlərinin İlham Əliyev olması ilə bağlı açıqlaması variantların irəli sürülməsini dayandıra bilməyəcək.

Təzədən, hakim komandanın içindən kiminsə, yaxud ölkənin birinci xanımının namizəd olması ehtimalı da gündəmdən düşməyəcək. Məsələnin qapanması üçün İlham Əliyevin açıqlaması lazımdır. Bu açıqlamanı isə, yeni siyasi şərait yaranmazsa, bu il eşitmək mümkün olmayacaq. Ola bilsin ki, payızda keçiriləcək YAP-ın qurultayında bu məsələ təsdiqlənsin. Amma. Dövlət başçısı, ola bilsin ki, yenə də birmənalı fikrini açıqlamayacaq.

2013-cü il prezident seçkiləri fərlqi seçkilər olacaq. O nə 2003-cü ilin təlatümlü, nə də 2008-ci ilin alternativsiz seçkisinə bənzəyəcək. Çünki, 2008-ci il ilə müqayisədə dünyanın qütblərində ciddi yerdəyişmələr baş verib, super güclər xarici siyasətlərinə dəyişiklik ediblər. ABŞ-ın dövlət katibi xanım Klinton Obama adminstrasiyasının ölkələrlə işləmək mexanizmini açıqlayıb: xalqlarla dost olmaq və xalqlarla işləmək. Demək ki, prezidentlər xalqla işləməli, xalqın dəstəyinə malik olmalıdır ki, ABŞ və Avropa Birliyi ölkələrinin dəstəyini qazana bilsin.

Ərəb baharı Azərbaycana da münasibəti dəyişdirib. Bunu “Eurovision” mahnı müsabiqəsi zamanında da gördük. Azərbaycan tarixində görmədiyi diqqəti çəkdi. Azərbaycan dünya üçün tam çılpaqlaşdı və gizlinləri qalmadı. Indi hamı daha çox görməyə və öyrənməyə çalışacaq. Nəyisə gizlətmək, imitasiya yaratmaq və vaxt udmaq imkanları get-gedə məhdudlaşmaqdadır.

Elə Əhmədovun açıqlamasının arxasında dayanan faktorlar da yuxarıda sadaladığım narahatlıqlardan irəli gəlməkdədir. Bununla bərabər, Azərbaycan iqtidarının xarici siyasət və qonşu ölkələrlə ciddi problemləri yaranıb. İndi bu faktorları və problemləri sıralamaq istərdim:

Birinci faktor ondan ibarətdir ki, Azərbaycan bir yandan İran və Rusiya arasında sıxılmaqda, o biri yandan isə ABŞ və Avropa Birliyinin təzyiqləri ilə üzləşməkdədir. Azərbaycanı biri Cənubdan, o birisi isə Şimaldan sıxmaqdadır. Qərb isə demokratiya tələb edir. Rusiyaya üz tutmaq, müstəqilliyi itirmək və sanki SSRİ birliyinə qayıtmaqdır. Bu bir daha baş verərsə, o zaman Azərbaycan onun məngənəsindən çətin qurtara. Qərb də Azərbaycandan təmamilə üz döndərəcək. İranla isə Azərbaycan birgə yaşamaq imkanına malik deyil. Dinc yanaşı yaşamaq uğrunda çabalar göstərilməkdədir. İran iqtidarın hakimiyyətinə ciddi maneələr törədir və hakimiyyət dəyişikliyinə də çalışdığını artıq gizlətmir. Məhz, hazırkı prezident İlham Əliyevin də iki müddət prezidnetliyini nəzərə alsaq, İran da gözəl başa düşür ki, 2013 ciddi yarış və savaş ili olacaq. Bundan isə o da yararlana bilər. Bu baxımdan hakim partiya indidən bütün qüvvələrə mesajını verməkdə və tərəzinin ağır gözünü öz tərəfinə endirmək niyyətindədir.

Lakin…

Bu baş verəcəkmi? İran və Rusiya yeni tələblər irəli sürəcəklər. Çıxış yolu Azərbaycanın təlatümlərdən qurtulması üçün Qərbin demokratiya tələblərinə müsbət cavab vermək və inteqrasiyasıdır. Qərb demokratiya tələb edir. Bəs, iqtidar demokratiyaya hazırdırmı? Bu sualın cavabından bir çox siyasi həllər doğacaq.

İkinci faktor hakmiyyət daxilindəki potensial daxili qruplaşmalardır. Bu qruplaşmalar arasında gizli savaşın getdiyi heç kimə sirr deyil. Onlar pərdə arxasında öz potensial namizədlərini də müəyyənləşdiriblər. Hakim elita daxilində mümkün parçalanmanın qarşısını almaq üçün konstitusiyada dəyişiklik edildi və prezidentin iki dəfədən artıq seçilə bilməməsi ilə bağlı maddə aradan qaldırıldı.
Məhz, bu addım hakim elitanı ayaqda saxlamağa kömək etdi, amma Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı məsələni daha da çətinləşdirdi və Qərb dünyasını fakt qarşısında qoydu. Bu fakt qarşısında qalmağın nədəninin nədən ibarət olması İlham Əliyevin seçkilərlə bağlı öz məqsədini açıqlayandan sonra üzə çıxacaq. Bu zaman hadisələrin hansı yöndə getməsi maraq doğurmaya bilməz. Doğrusu, bunu analiz etmək çox çətindir və onu zamanın ixtiyarına buraxıram.

3-cü faktor ikinci faktordan qaynaqlanır. Əli Əhmədovun açıqlamasının arxasında bu nədənin nədən ibarət olduğunu öyrənmək meylləri də var. Hakim partiya rəsmi mövqeyini açıqlamaqla beynəlxalq ictimaiyyətin də münasibətini öyrənmək məqsədi güdür. Çox güman ki, sabahdan bununla bağlı beynəlxalq mediyada kifayət qədər təhlili yazılar yer alacaq və bu yazılarda Qərbin mövqeyi özünü biruzə verəcək. Bu münasibətdən çıxış edərək, YAP 2013-cü il üçün siyasətini müəyyən edəcək.
Bir məsələnin gün kimi aydın olduğunu bir daha vurğulamaq istəyirəm. 2013-cü il prezident seçkiləri əvvəlki seçkilərdən kardinal surətdə fərqlənəcək. Rusiya, İran, ABŞ və Avropa Birliyinin maraqları üst-üstə düşməyəcək və bu da seçkilərin nəticəsinin necə olacağına indidən bu və ya digər şəkildə birmənalı fikir bildirməyə mane olur.

Aydın olan isə bir nəticədir: 2013 Azərbaycan üçün ciddi sınaq ilidir.

qafqazinfo

Related Articles

Back to top button