“İqtidar-müxalifət dialoqundan heç bir gözləntimiz yoxdur”
AXCP sədrinin müavini payızda baş tutacaq iqtidar-müxalifət dialoquna və gözləntilərə dair münasibət bildirib.
Partiya sədrinin müavininin sözlərinə görə, beynəlxalq ictimaiyyət, Azərbaycanın qarşısında öhdəlik götürdüyü beynəlxalq təşkilatlar da bu dilaoq “bum”unu yaxından izləməkdədir və konkret nəticələrin ortada olmasını istəyirlər. Görüş həm beynəlxalq təşkilatların, həm də müxalifətin gözləntilərini doğrultmalıdır. Buna görə də AXCP əvvəlcədən predmeti və formatı məlum olan görüşə münasibətini açıqlayacaq: “Eyni zamanda, İctimai Palatanın hakimiyyətə ünvanladığı təkliflər var və onlar hələ də qüvvəsini saxlayır. Bu təkliflər həm də AXCP-nin birmənalı mövqeyini əks etdirir! AXCP üçün maraqlı mövzular 2013-cü il seçkilərinin şəffaflığını təmin etmək üçün seçki məcəlləsinə edilməsi vacib olan olan dəyişikliklər toplusu, sərbəst toplaşmaq azadlığı, və digər köklü siyasi islahatlara hesablanan məsələlərdir.
Həm də AXCP bundan öncə mətbuat və QHT təmsilçiləri ilə baş tutan görüşün praktik nəticələrini izləməkdədir. Həmin görüşlərdə həm mətbuat, həm də QHT təmsilçiləri kifayət qədər problemləri qaldırıblar və hakimiyyət tərəfindən atılan addımları gözləməkdədirlər. AXCP bu addımların nədən ibarət olacağını və cəmiyyətin gözləntilərinə nə qədər cavab verə biləcəyini də izləməkdədir. Siyasi partiyalarla görüşün əhəmiyyətliliyi yuxarıda dediyim iki görüşün bu görüşə qədər verə biləcəyi nəticələrdən də asılı ola bilər”.