Türk Dövlətləri Birliyi yaranarsa…
Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TÜRKKON) üzv ölkələrin xarici işlər nazirlərinin iclasının keçirilməsi və ardınca dövlət başçılarının görüşünün baş tutması özü-özlüyündə müsbət məqamdır və Türkdili dövlətlərin yaxınlaşmasında əhəmiyyətli rol oynaya bilər.
Onun sözlərinə görə TÜRKKON (Türk Dili Konuşan Ülkeler İşbirligi Konseyi) 2011-ci ilin oktyabrın 21-də Almatı şəhərində keçirilən Birinci Zirvə Toplantısında çox mühüm Bəyannamə qəbul edib və Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi qanunu Azərbaycan Prezidenti 2012-ci ilin mayın 22-də təsdiq edib. Amma, bu bəyannamədə Türkmənistanın və Özbəkistanın imzası yoxdur. Qazaxıstan Bəyannaməyə qol çəksə də, bu dövlətin Putin tərəfindən Avropa Birliyinə alternativ kimi irəli sürülən Avrasiya İttifaqına qoşulmaq ideyasına isti münasibəti və Rusiya, Belarus və Qazaxıstanın yaratdığı Gömrük Birliyinə qoşulması Türk Dövlətləri Birliyinin yaradılmasını mümkünsüz edir. Putin bildirib ki, Avrasiya İttifaqı Rusiya, Belarus və Qazaxıstanın yaratdığı Gömrük Birliyinin dayaqları üzərində təşəkkül tapacaq. Belə nəticə hasil olur ki, Rusiya Türk dövlətlərini öz tərəfinə çəkməklə, iqtisadi və siyasi təzyiq altında saxlamaqla birliyin yaranmasının qarşısını alır.
Ekspert qeyd edib ki, “Türkdilli dövlətlər arasında da fikir birliyi və qəti anlaşma yoxdur. Bu anlaşılmazlığın yaradılmasında İranın da rolu Türkmənistan üzərində olan təsiri ilə ölçülür. Xəzərin hüquqi statusunun müəyyən edilməməsi, Türkmənistanla Azərbaycan arasında “Kəpəz” yatağı ilə bağlı mütamadi gərginliyin yaşanması, Rusiyanın Türkmənistan və Özbəkistana təzyiqi Birliyin baş tutmasını çətinləşdirir. Amma, proses gedir və müsbət haldır ki, artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Parlament Assambleyası, Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY fəaliyyətə başlamışdır. Prosesin uğurla başa çatması üçün ölkələr arasında mövcud olan ikitərəfli münasibətlər tam nizama salınmalıdır”.
“Türk Dövlətləri Birliyinin yaradılması Dağlıq-Qarabağ münaqişəsinin də həllində istifadə edilə bilər. Acınacaqlı haldır ki, Dağlıq-Qarabağ münaqişəsinin həllində Türk dövlətlərinin aparıcı rolu yoxdur. Nədən Türk dövlətlərindən biri ATƏT-in Minsk Qrupunda həmsədr ölkələrdən biri olmasın? Əgər Türk Dövlətləri Birliyi mövcud olsa idi, bütün Türk dövlətləri adından Birlik həmsədr ölkələrdən birinə çevrilərdi. Axı, Dağlıq-Qarabağ münaqişəsi həm də Türk dövlətlərinin problemidir” – deyə ekspert fikrini tamamlayıb.