“İsa Qəmbəri hədələmək ağlımdan belə keçməz”
“AXCP-dən hələ heç kim Müsavat başqanına qarşı qeyri-adekvat hərəkət etməyib, onun xətrinə dəyəcək ifadə də işlətməyib. ”
Müsavat AXCP-nin müttəfiqidir və İsa Qəmbər AXCP-nin ən yaxın dostudur. Bu ifadəni biz açıq və qapalı toplantılarımızda tez-tez işlədirik və mən bunu çox səmimi deyirəm.
Ümumiyyətlə, açıqlamamda yer alan “amma, bizim də səbrimizin həddi var” kəlməsi, müxalifətə yox, yaranan vəziyyətdən istifadə edib, AXCP ilə Müsavatın arasını vurmaq istəyənlərə yönəlib. Əlbəttə, əgər sən 100 cümlə danışırsansa, və ondan yalnız 20-si çapa gedirsə, çaşqınlığın yaranması labüddür.
Bəli, mən indidən namizədlik məsələsinin gündəmə gəlməsinin əleyhinəyəm. Çünki, elə vəziyyət yaranır ki, müxalifətin bəzən nəzarətindən çıxır və müttəfiqlər arasında sıxıntlar yaranır. Buna da səbəb, görünür ki, Müsavatla AXCP-nin müttəfiq olmasını və İctimai Palata tərkibində 2013-cü ildə birgə iştirakı çoxlarını narahat edir. Məhz, bunun üçün, namizədlik məsələsi hələ ki, gündəmə gəlməsə bu çətin zamanı daha ağrısız yola verə bilərik.
Fikrimdə qalıram ki, əsas prioritet məsələ Əli Kərimlinin də dediyi kimi hakimiyyət dəyişikliyinin olmasıdır. Qalan məsələlər ikinci dərəcəli işlərdir.
Mən siyasətə gələn zaman özüm üçün meyar müəyyən etmişdim. Jurnalistlərə “yox” deməmək və onlarla dostluq etmək. Amma, dostluq da gərək qarşılıqlı olsun. Xahiş edirəm, əziz jurnalistlər, bizim dediyimizi yazın və icazə verin öz yerimizə özümüz düşünək. Ümid edirəm ki, bir daha siyasətçiləri layiq olmadıqları durumlara salmayacaqsınız!”