AXCP hər bir kəsin üzünə açıq partiyadır
Sosial İnformasiya Agentliyində Azad Yazarlar Ocağının hazırkı başqanı Seymur Baycan, keçmiş rəhbəri Rasim Qaraca, fəal üzvü Qan Turalı, o cümlədən AYO üzvü olmayan Elnur Astanbəylinin AXCP-yə transfer olacaqları haqqında informasiya getmişdi. Bu xəbərə rəğmən onu demək istərdim ki, AXCP hər bir Azərbaycan vətəndaşının üzünə açıq partiyadır. AXCP Azərbaycanda demokratiya uğrunda gedən mübarizənin müstəvisidir, aynasıdır. Hansı partiya bu qədər net və məqsədyönlü siyasət aparır? AXCP yolunu müəyyən edib. Bu gün Azərbaycan siyasətində AXCP ilə bağlı qaranlıq məqamlar, pərdəarxası oyunlar, parlamentdə yer qazanmaq üçün gizli görüşlər keçirən yetgilisi yoxdur. Sağlam düşüncəli hər bir vətəndaş AXCP-də Azərbaycanın gələcəyini görməkdədir. Bu gələcək Azərbaycan xalqının şanlı və şərəfli gələcəyi olacaqdır. Bu statusu AXCP-yə partiya sədri və yetgililəri ilə yanaşı başqa kimlər qazandırıb? Azadlıq qəzetində öd püskürən demokratiya acları, gələcəyin şanlı və şərəfli tarixini yazmaq istəyənlər! Müxalifətlə birlikdə bu tarixi yazanlar adı çəkilən və çəkilməyən Azad Yazarlar Ocağının qələm sahibləridir. AYO-ya daxil olmayan Elnur Astanbəyli gələcəyin tarixinin gündəliyini AZADLIQ qəzetində müəyyən edir, bu günə və gələcəyə mesajlarını göndərir. Bu yazarlar zatən bizim aramızdadırlar, mübarizəmizin təməl daşını öz yazıları ilə hörənlərdir. Hər bir yazdıqları yazı quracağımız təzə Azərbaycanın kərpiclərini bir-bir qoymaqdadır. Kərpiclərin bir-bir qoyulması isə bizi gecikdirir. Xalq quracağımız yeni binaya, yeni ünvana köçmək istəyir. Yeni ünvana köçü tezləşdirmək üçün kərpiclərin bir-bir yox, iki-iki və daha çox-çox qoyulmasına ehtiyac var. Məhz, ona görə də azad yazarların qatqısına böyük ehtiyac var.
Birlik mühümdür. Eyni amallar uğrunda da mübarizə aparanların bir yerdə olması, cəmiyyətə müsbət mesajlar göndərməkdir. Cəmiyyətdən gələn təpgi isə beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq anlamına gəlir. Xalqın narazı qüvvələrindən qaynaqlanan daxili müqavimət hakimiyyətin göstərdiyi əks müqavimətdən çox olmazsa, beynəlxalq güclər kömək əlini uzatmayacaq. Yazarların bir toplam müstəvidə mübarizəyə qoşulması, müqavimətin bizim xeyrimizə dəyişməsinə gətirib çıxarar. Yazarların AXCP-yə qoşulması onların siyasiləşməsi, karyera, şan-şöhrət axtarışı deyil. Bizim mübarizəmiz siyasət olmaqdan keçib. İndi dəyər, prinsip, haqq və ədalət mücadiləsi gedir. Azad yazarlarımız da ədalətsiliyə qarşı çarpışırlar. Bizim dəyərlər uğrunda apardığımız siyasət, yazarların xəyallarında qurub kağıza köçürdükləri ədalətli cəmiyyətə çağırış prototipləri ilə üst-üstə düşür. Bizi bir yerdə olmağa məhkum edən budur.