ArticlesVisits

Saribaş kəndi, Qax, İlisu və Azərbaycan turizminin reallıqları

Çobanlar çox zəhmətkeş, məşəqqətlə yaşayan, ömrünü qoyunçuluq və maldarlığa həsr edən insanlardır. Qax rayonunda olan zaman Sarıbaş kəndini ziyarət etdim. Ora getmək üçün İlisu kəndindən niva markalı avtombobillə dağların arası ilə daş-qalaqdan ibarət yol ilə gedib, iki dəfə də Kürmük çayını dəyaz yerindən keçərək Sarıbaş kəndinə çatdıq. Gözəl kənddir. Bizi kəndə aparan Nivanın sürücüsü də bu kənddən olduğundan ətraflı məlumat verdi.

Sarıbaş kəndi, Qax, İlisu, arıçılıq
Sarıbaş kəndi, arıçılıq

Kənddə yay ərzində 25-30 ailə olur. Qışda isə cəmi 4-5 ailə. Qışda yollar keçilməz olduğundan (yol demək olar ki, yoxdur) orada yaşayan olmur.

Kəndi bir neçə faktı ilə xatirimdə saxladım. Birincisi, kənd çox mənzərəli bir yerdədir və qədimliyi də anındaca gözə çarpır. Kənddə böyük bir məktəb var, amma artıq qapadılıb və xarabalıqları xatırladır. Çünki, kənddə uşaq olmadığına görə məktəb qapanmaq məcburiyyətində qalıb. Kənddə cəmi 3 şagird var. Onları isə dövlətin ayırdığı niva avtomobili İlisu kəndinə məktəbə aparır və geri qaytarır. Qışda isə o məktəblilər də İlisu kəndində qalmalı olurlar və dövlət xərclərini ödəyir.

Sarıbaş kəndi, Qax, İlisu
Sarıbaş məktəbi, Qax, İlisu

Kənddə çobana heykəl qoyulub və çox əzəmətlidir. Çox bəyəndim, çünki, çobançılıq, zəhmətkeş olmaq, əlinin qabarı ilə dolanan şəxslər qəlbimdə xoş hisslər oyadır. Kənddə hələ sovet zamanında ucaldılmış Böyük Vətən müharibəsi iştirakçılarına ucalıdlmış bir abidə var. Sarıbaş kəndinin iki şəhidi də var.Allah onların ruhunu şad etsin.

Kəndi baş-boy gəzdim və insanlarla söhbət etdim. İki evi də ziyarət etdim. Birindən baldırğan turşusu, o birindən isə orqanik bal alaraq, həm də bu kəndin iki zəhmətkeş ailəsinə kiçik bir kömək etmiş oldum.

Sonunda kəndin məscidində uca Allaha dua edib, geri döndük.

Sarıbaş kəndinə yol çəkilməsi gündəmdədir və buna sevindim. Ümumiyyətlə, turizm, gəzinti, istirahət bahalı hotellərdə qalmaq, bahalı restoranlarda yemək yemək və bahalı əyləncə mərkəzlərinə getməklə ölçülməməlidir. Vətənimizin səfalı yerlərində gözəl infrastruktur yaradılsın ki, vətəndaşlarımız milyonlarla sayda qonşu ölkələrə getməsinlər, pullarını burada xərcləsinlər, elimiz-obamız inkişaf etsin, vətəndaşlarımız isə yerli turistlərdən faydalanıb dolana bilsinlər.

Həmişə deyirəm, yenə də deyim. Azərbaycan turizmi və Azərbaycanın gözəllikləri kasıblar və büdcə təşkilatları işçiləri üçün əlçatan deyil. Bu bahalı VİP turizmdir. Məhz, dediyim təbəqə üçün turizm xidmətləri, istirahət məkanları olmalıdır ki, hər kəs istifadə edə bilsin.

Bununla bağlı çox danışılır, amma konkret nəticə yoxdur. Bu işlər tezləşdirilməsə, ölkəmiz itirəcək, qonşu ölkələr izə bizim turistlərin hesabına daha da irəli gedəcəklər.

Qeyd: 1955-ci ildə istehsal olunmuş “Alagöz yaylağında” filmi Sarıbaş kəndinin çobanlarına həsr olunub. Bu filmi tapmaqda kömək edənlərə əvvəlcədən təşəkkürümü bidirirəm. Çox baxmaq istərdim!

Related Articles

Back to top button