Oğul ataya təzyiq üçün zindanda çürüyürsə, mən necə sakit və rahat yaşayım?
Uzun müddət xarici firmalarda, bir müddət Avropada işləmişəm və bu səbəbdən müxtəlif sektorlarda çoxlu dostlarım var. Mənə tez-tez deyirlər ki, bu qədər tənqid edirsən, beynəlxalq aləmlə işləyirsən və özünü təhlükəyə atırsan. Nəyinə lazımdır, başını aşağı salıb, pulunu qazan, gələcəyini qur.
Məgər, kim istəməz ki, yaxşı təminatı olsun və sakit həyat yaşasın. Amma, bəs ədalət və vicdan. Məgər, bizim tənqid etməkdən və müxalifətçilikdən xoşumuz gəlir? İstərdim ki, ölkəmizin haqqında xoş sözlər deyim, ölkəmlə fəxr edim, başqa ölkə vətəndaşları mənə həsəd aparsın. Bu gün isə mən onlara həsəd aparıram.
Amma, necə? Dostlarımız günahsız yerə həbsdə yatırsa, ömründə əlinə siqaret belə almayan zorən narkoman damğası ilə həbs edilirsə, azad söz boğulursa, oğul ataya təzyiq üçün ömrünün bahar çağını zindanda çürüdürsə, mən necə sakit və rahat yaşayım? Necə, mübarizədən çəkilim və necə rahat uyuyum?
Biz bu həyatı şüurlu şəkildə seçmişik və peşman deyiləm. Mübarizənin işıqlı gələcəyinə inanıram. Dostlarımız uzun müddət girovluqda qala bilməz. Bu ölkə ya iqtidarın məcbur və ya xoş niyyəti (hələ ki görünmür) ilə, ya da xalqla birlikdə biz tərəfindən dəyişdiriləcək.
2015-ə böyük ümidlə addımlayırıq