Analysis

Yeniliklə Köhnəliyin Zehniyyəti – Acı və Şirin xatirələr I

Razi Nurullayev, "Region" Beynəlxalq Analitik Mərkəzin rəhbəri
Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri

Ətrafımızda baş verən nəinki ictimai-siyasi hadisələrə, sosial, iqtisadi və mədəni sahələr üzrə də müxalifətin aydın və oturuşmuş zehniyyətinin olması zəruri şərtdir. Əfsus ki, bunu hələ iddia etmək mümkün deyil. görmək mümkün olmur. Klassik siyasətin olmadığı bir durumda qarışıq bir zehniyyətlə nəticə əldə olunması real deyil. Təkmil proqram, sağlam düşüncə və təşkilatdaxili demokratiya olmadan xalqı səmimi və ardıcıl mübarizə və gerçək nəticələrin gözlənildiyinə inandırmaq da real deyil.

Son on beş ilin təhlilləri göstərir ki, müxalifətdaxili birləşmələr, koalisiyalar və digər bilriklər heç zaman xalqın ümumi maraqları üzərində qurulmayıb. Müxalifətin ən uğurlu birləşmə modeli sayıla bilən və şəxsən iştirakçısı və təsisçilərindən biri olduğum İctimai Palata AXCP və Müsavat partiyalarının dartışmasının qurbanına çevrildi. Kimliyini müxtəlif adlar atlında gizləməklə ekspert, müstəqil, vəkil və başqa peşələr adıyla səs çoğluğu qazanmaq naminə yaxın bildikləri hər kəsi ictimai mövqeyinə, statusuna rəğmən oraya üzv etdilər. Yəni, hər bir üzv öhdəlik götürərək İP-ya daxil olurdu. Tərəf tutmaqdan imtina edən digər siyasi təşkilat və partiyalar isə İctimai Palatadan kənar saxlanıldı. İctimai Palata məhz bu öhdəliklərin qurbanı oldu və cəmiyyətin ideal mübarizə variant ola biləcək bir qurum siyasi iflasa uğradı. Əli Kərimli bu iflasdan sevindi. Nədən? Cəmiyyətin növbəti dəfə ölən inamına görə bir siyasi liderin sevinməsi nədən doğur görəsən? Siyasi korluqdanmı, alınan tapşırıqdanmı? Təəssüf ki, cəbhəçi dostlarımız hələ də bunun fərqində deyillər. fərqində deyillər ki, müxalifətdə olmaq nə sənət, nə peşə, nə də Allahın verdiyi doğal, konstitusiyadan irəli gələn siyasi hüquq deyil. Sadəcə siyasi liderin və ya partiyanın avtoritar rəhbərinin yanlış siyasətinin nəticəsidir.

Bu gün də üzvü olduğum Milli Şura fərqli notlar üzərində yaradıldı. Amma, onun da fərqliliyin və müstəqilliyinin ağırlığı gündən-günə Əli Kərimli tərəfə əyilməkdədir. Əli Kərimlinin süzgəcindən keçməyən adamlar Milli Şuranın üzvü ola bilmir. Milli Şuranın hələ də cəlbedici qalmasının sirri hörmətli Cəmil Həsənlinin şəxsiyyəti, eyni zamanda Rüstəm İbrahimbəyov mifi üzərində qalmaqdadır. Bundan əlavə, orada olan bəzi adamlara, Vidadi Mirkamal, İbrahim İbrahimli, Mehman Əliyev, Fuad Ağayev, Eldəniz Quliyev, Mehriban Vəzir, Qurban Məmmədov, Rövşən Əhmədli, Nurəddin Mustafayev, Rafiq Manaflı və digər az qisim kimi müstəqil düşüncələrini bir partiyanın maraqlarına qurban verməyən şəxslərə görədir. Şəxsən mən də onlari siyasi oyunlara qoşulmayan, və səmimi bir abi-havanın yaradılmasını arzulayan şəxslər kimi görürəm.

Köhnə müxalif fikirlə yeni müxalif fikrin savaşı

Yeniləşmə, təkmilləşmə və inkişaf müxalifətin uzun müddət qaldığı yerdən tərpənməsi üçün vacib amildir. Keçmişdə, kolxoz sədrləri “pul əl çirkidir” deyərək, kolxozçuları istismar edir və əvəzində cüzi maaş verirdilər. Bu, ümumiyyətlə Sovet İmperiyasının ideoloji xətti idi. İndi isə, kolxoz sədri vəzifəsini, yenilənməyi özlərininin kreslosuna təhdid kimi görən partiya sədrləri yerinə yetirir. AXCP sədri Əli Kərimli öndə gedir. Liberal Partiyasının sədri, çox hörmət bəslədiyim Lalə Şövkət Hacıyeva partiya sədri vəzifəsindən gedib. Amma, kim deyə bilər ki, o sədrlikdən gedəndən sonra nüfuzu aşağı düşüb? Əsla, zənnimcə bu addımına görə ona hörmət edənlərin sayı daha da artıb.

2013 prezident seçkilərindən sonra ADP sədri Sərdar Cəlaloğlu özündə güc taparaq istefaya getməli olduğunu dilə gətirdi. Bu, ən azı 2-3 ay dartışıldı. Sonunda, sədr kimi qalsa da ən azından istefaya getmək mədəniyyətinin olduğunu ortaya qoydu.

Hörmətli İsa Qəmbər Müsavat Partiyasının başqanlığından getdi. Onun dönəmindən sonrakı baş verən hadisələrə münasibətim birmənalı olmadığından bu barədə hələ ki, nəsə demək istəmirəm. Amma, İsa Qəmbər də bu nümunəni təqdir etdi və könüllü olaraq rəhbərlikdən getdi. Amma, partiya sədrliyindən getmək onun nüfuzuna mənfi təsir etdimi? Zənnimcə, xeyr, əksinə ona ictimai ve siyasi sferada nüfuz qazandırdı. Bu həm də, İsa Qəmbərin siyasətdən getmək anlamına da gəlmir. O yenə də həlledici məqamlarda sözünü deyir. Bu gözəl nümunələr nədən AXCP-də də formalaşmasın?

AXCP-nin və Əli Kərimlinin özəlliyi nədir ki, orada sədr dəyişikliyini dilinə gətirənlər partiyadan uzaqlaşdırılsın? Başqasından şəffaflıq, qanun və düzlük tələb edən birinin özünün niyə bu tələblərə uymaması çox sayda şübhəli suallar doğurur.

Bu təkcə Azərbaycanda belə deyil. Yaş fərqinə baxmadan elə Türkiyədə də belə nümunələr vardır. Əli Kərimliylə eyni zamanda siyasi səhnədə olan Türkiyənin Ana Vətən Partiyasını lideri Məsud Yılmaz hardadır? Bu gün Türkiyə parlamentində müstəqil millət vəkili kimi fəaliyyət göstərir. Amma hələ ötən əsrin 90-cı illərinin sonunda seçkini uduzub partiya mövqeyindən geri durdu. Yerini başqalarına verdi. Eləcə də Türkiyənin ilk qadın baş naziri Tansu Çillər. Seçkini uduzanan sonra yeni siyasi qüvvələrin meydana çıxmasına əngəl olmaqdan imtina etdi.

Iddia oluna bilər, bəs bizdə demokratik seçkilər keçirilmir ki, partiya sədri uduzduğunun fərqində olsun, yaxud siyasi səhvlərini müzakirəyə çıxarsın. Yaxşı, tutaq ki, belədir. Bəs müzakirəyə nə deyirsiniz? Məgər müzakirə də açmaq olmaz? Başqa bir nümunə. Ən cağdaş günlərdən daha bir nümunə burada yerinə düşür. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının son bələdiyyə seçkilərini və prezident seçkilərini uduzması partiya daxilində geniş müzakirələrə səbəb oldu. Partiyanın genel başkanı hörmətli Kamal Kılıçdaroğluna qarşı açıq tənqidi fikirlər səsləndirildi və partiyanın qurultayında alternativli seçki keçirildi. Amma partiya başkanı buna qısqanclıqla yanaşmadı, yaxud tərəfdarlarını səfərbər edib rəqibini partiyadan uzaqlaşdırmaq yolunu tutmadı. Əksinə demokratiya nümunəsi göstərdi və alternativli seçkidə qalib gəldi, rəqibi Məhərrəm İncənin əlini sıxdı.

AXCP sədri isə nəinki partiyada yeni siyasətin oturuşması üçün şərait yaratmağa, yaxud geri çəkilib yerini başqalarına verməyə hazırdır, əksinə alternativlik qoxusunu hiss edən kimi rəqiblərinə meydan oxuyur, onları partiyadan uzaqlaşdırmaq yolunu seçir. Çünki rəqib olmaqdan və şəffaf müzakirələrdən çəkinir.

Ilham Əliyev, Konstitutsiya və Müxalifət

Beynəlxalq təşkilatlar və demokratik düşüncəli insanlar İlham Əliyev iqtidarının 2008-ci ildə Konstitusiyada prezidentin seçilməsi ilə bağlı iki dəfəlik müddət müddəasını dəyişməsini narazılıqla qarşıladı. Əli Kərimli də bunu hakimiyyətin zəbt olunması kimi dəyərləndirdi. Təbii ki, mən də bu dəyişikliklə bağlı tənqidi fikirlərimi zaman-zaman söyləmişəm. Amma, sual olunur ki, özü dəyişmək istəməyən bir müxalifətçinin opponentindən dəyişməyi tələb etməsi nə qədər məntiqlidir? Bu gün YAP-da sədr dəyişikliyi baş vermirsə, elə AXCP-də də bu baş vermir. Bəs o zaman biz xalqa hansı dəyişikliyi vəd edirik? AXCP YAP-dan fərqli hansı siyasətin çarçısıdır? Əli Kərimli AXCP-də özünün dəyişməzliyinə, əvəzolunmaz bir lider olduğuna hər kəsi inandırmağa çalışırsa, fərqli düşüncə sahiblərini sıxışdırırsa, xalqın inamını qazanmaq olarmı?

Şəxsiyyətə pərəstiş

Məmməd Əmin Rəsulzadənin şəxsiyyətinə böyük hörmətlə yanaşıram. Düşünürəm ki, o dünyanın ən böyük siyasi şəxsiyyətlərindən biridir. “İnsanlara hürriyyət, millətlərə azadlıq” şüarını dünyaya gətirən bir şəxsiyyətə pərəstiş etmək yanlş sayıla bilməz. Əbülfəz Elçibəy də mübarizəsi, saflığı və ideyalara sadiqliyi ilə könüllərdə məhəbbət qazana bilib. Ona da pərəstiş etməyi yanlış saymıram. Heydər Əliyev də Azərbaycan tarixində özünə yer tutub. Ona da səmimi pərəstiş edənlər var. Buna da münasibətim normaldır. Düşüncəmə görə, hər hansı bir şəxsə nəticəyə görə pərəstiş etmək olar. Stalinə də pərəstiş etmək qüsurlu deyil. Leninin də pərəstişkarları var. Mao Tsedunun da pərəstiş edənləri başa düşüləndir. Bəs Əli Kərimli niyə öz şəxsiyyəti ətrafıda pərəstiş yaratmağa meyllənir? Axı onun siyasi mübarizəsinin müsbət çalarları yoxdur. Nəticə də yoxdur. 25 ildir ki, tənqid etməkdən dolayı ortaya heç bir nəticə qoymayıb.

2013-cü ilin sonlarında, bir neçə günlük səmimi və yeni bir müzakirəyə girişdik. Hesab etdik ki, AXCP sədri ümumxalq sevgisinə iddia edirsə, o daha müdrik davranmalı, özünü siyasi qüvvələrin və cəmiyyətin lideri kimi aparmalı, onların fikirlərinin ifadəçisi olmalı və hərəkətlər etməlidir. Qərara gəldik ki, AXCP sədri Dədə Qorqud olsun. Bunu mən də, gizlətməyim ki, istəyirdim. Ən azından bu yolla, müxalifət daxili çəkişmələrdən və Müsavatla “müharibə”dən qurtulacaqdık. Əli Kərimli iki gün belə Dədə Qorqud olmağa təhamül edəmədi. Çünki Dədə Qorqud olmaq səbr, dözüm, tolerantlıq, siyasi qisasçılıqdan imtina, siyasi qısqanclıqdan uzaqlaşmaq idi. Dədə Qorqud olmaq barışdırmaq, intriqadan uzaq olmaq demək idi. Siyasi Dədə Qorqudluq bu gün Azərbaycan siyasəti üçün çox önəmlidir. Cəmiyyəti ifrat qütbləşmədən, ən azı eyni düşüncəli insanları bir yerə toplamaq bacarığı idi.

1998-ci ildə Əbülfəz Elçibəy bütün müxalifəti bir araya gətirmişdi. 90-cı ildən, Xalq Cəbhəsinin İdarə Heyətindən bəri bir-birini qəbul etməyən Etibar Məmmədov və İsa Qəmbər bir masa arxasında otura bilirdi. Lalə Şövkət, İlyas İsmayılov, Rəsul Quliyev mübarizə meydanında birgə addımlayırdı. Və biz Əli Kərimlini o müstəviyə gətirmək istəyirdik. Əli Kərimlini AXCP-nin siyasi varisi yox, həm də mənəvi varis etmək istəyirdik. Elçibəyin sözdə deyil, əməldə və siyasi uğurda əsl davamçısı etmək istəyirdik, onu bu statusda görmək istəyirdik. Amma o, bunu bacarmadı. Yenidən intriqalar, siyasi oyunlar və çəkişmələr. Özünün “siyasi rupor”unu öyrədib Müsavatın üzərinə göndərdi. O da ki, heç nədən iyrənmir. Özü də üzərinə beşini qoyub dedi. Müxalifət bir-birinə dəydi və əsas hədəfdən uzaqlaşdı.

Bir şəkili balası var. Sahib Kərimli. O, da başladı, diş çöpü ilə qəbir qazmağa. Çünki, o da iddialı idi. Ona siyasi rupor rolu verilmədi. O, da başladı Müsavatla AXCP arasında Dədə Qorqudluq etməyə. Çünki, partiyaya Dədə Qorqud lazım idi. Boşluq yarandı və buna Sahib Kərimli üstləndi. Onun da bu rolu sədrin səyi və fətvası ilə iflasa uğradı və az qala onun özünü də iflasa uğratmışdılar.

Tənqidə dözümsüzlük

Amma o nəniki Dədə Qorqud oldu, müxalifətin lideri oldu, cəmiyyətin aparıcı siyasi alternativinə çevrildi, əksinə adi bir etiraza, yaxud fikir ayrılığına dözə bilmədi. Siyasətdə olan adam hər zaman tənqid olunmalıdır. Elə bir demokratik düşüncəli ölkə və demokratik idarəçiliyi olan partiya tanımıram ki, orada tənqid olmasın. Türkiyədə, hətta bəyənmədiyimiz Rusiyada belə müxalifət partiyasında olanlar daxildə tənqidlərini dilə gətirə bilirlər. Heç kim toxunulmaz ehkam deyil. Rusiya kommunistləri belə Kommunist Partiyasının lideri Zyuqanovu çox sərt şəkildə tənqid edir və onu partiyada təkhakimiyyətlilik yaratmaqda günahlandırlar. Hətta, kommunistlər «КПРФ  vs Зюганов» adlı bir neçə seriydan ibarət tənqidi film də çəkiblər. Bu gün eninə-uzununa, sağına-soluna iqtidarı və prezident İlham Əliyevi tənqid edirik. Tənqidimizə heç sərhəd də tanımırıq. Haqq-nahaq tənqid edirik. Biz niyə İlham Əliyevi tənqid edəndə və bu tənqid ancaq sədrin arşını ilə düz gələndə qəhrəman, AXCP sədrinin özünü tənqid edəndə, yaxud onun fikrinə alternativ fikir deyəndə düşmənə çevrilirik? Əgər, o tənqdçilərinə bu qədər amansız yanaşırsa, hakimiyyətə gələrsə, belə çıxır ki, yeni həbsxanalar tikmək lazım gələcək?!

Daxili demokratiya

Demokratik cəmiyyət quruculuğu uğrunda mübarizə aparan siyasətçilər ilk növbədə öz ətraflarında demokratik abi-hava yaratmalıdırlar. Xalqın gözü tərəzidir. Amma, o tərəzi hələ də o demokratiyanı görə bilmir. AXCP-də daxili demokratiya yoxdur. AXCP funksionerləri belə iddia irəli sürürlər ki, ona görə ancaq sədr Əli Kərimlinin təklifləri keçir ki, o məntiqlidir, müdrikdir və inandırmağı bacarır. Həm də elə təkliflər verir ki, imtina etmək mümkün deyil. Çünki, o bir məktəbdir, məntiqi və nitqi Demosfen nitqindən güclüdür, sözü Siseron müdrikliyinə kölgə salır, sərkərdəlik qabiliyyəti Sezarı üstələyib, yazdığı yazılar Sofokl pərəstişkarlarını utandırır.

Əgər biz müxalifət olaraq hər zaman “İlham Əliyev yaxşıdır, ətrafı pisdir” deyimini sərt tənqid ediriksə, onda əcaba nədən bütün cəbhəçilərin ən öndə gedənlərindən və ümumiikdə onların cəminin ağıl və məntiqindən sədrin məntiqinin üstün olduğunu tirajlayırıq? Ay dostlar, siz nədən Şimali Koreyanın “çuçe” ideoloji xəttinə doğru yuvarlanırsınız? Şimali Koreyalılar inanır ki, indiki lider Kim Yonq Unun atası Kim Çen In 3 yaşında ilk kitabını və tələbə olanda 3 il ərzində 1500 kitab yazıb. O, ilk dəfə olaraq qolf oynamağa gedib və 15 qolf topuna eyni zamanda zərbə endirib və onların 15-ni də qolf deşiklərinə salıb. Yəqin ki, sizə də bu cür miflər uydurmaq lazım gələcək.

Mifologiya heç elm də deyil. Mifologiya ilə məşğul olanlar mifoloq adlanır. Bizəsə cəmiyyəti irəli aparmaq, demokratik dəyərlərin oturuşması üçün ağıllı, bilikli, miflərin əsiri olmayan ziyalılar, peşəkar məmurlar, savadlı gənclər lazımdır.

Nədən Əli Kərimli zəkasına bu qədər bütcəsinə yanaşırsınız? Ona görə ki, o 25 ildir ki, sizi Musa peyğəmbər yəhudiləri 40 il səhrada Allah tərəfindən vəd edilən torpaqları vermək adı ilə gəzdirdiyi kimi, o da sizi xoş gələcək vədi ilə yanında gəzdirir? 40 ilin tamamınımı gözləyirsiniz? Amma, unutmayın ki, Musa peyğəmbər möcüzələr göstərmişdi və xalqı 40 il dolandırmaq üçün ilahidən güc alırdı. Siz isə yalanlardan və sabun köpüyünü şişirtməkdən güc alırsınız. Musa peyğəmbər yəhudi xalqının düşüncəsindən köləliyi silib atmaq üçün 40 il onu səhralarda gəzdirdi. Bəs sizin düşüncənizdəki köləliyi silib atmaq üçün nə qədər zaman lazımdır? Allahın əmrinə görə daha peyğımbər gəlməyəcək.

Marginallıq

Müxalifətin zəif tərəflərindən biri, onun öz orbiti ətrafında fırlanmasıdır. Düz 15 ildir ki, AXCP öz orbiti ətrafında fırlanır və hər tərəfə də dəmir pərdələr asılır. Bu pərdələrin o tərəfində kimin nə düşündüyü, nə fikirləşdiyi və nə istədiyi AXCP-yə məlum deyil. Əli Kərimli onun siyasətini dəstəkləyən adamlarla görüşür. Bir sıra hallarda kənar müxalifətlə də Milli Şura çərçivəsində görüşə bilir. Hər kəs də bilir ki, Əli Kərimlinin müxalifətçilik süzgəci və meyarı nədir. Ona görə də Əli Kərimli ilə görüşən şəxs özünü onun istəyinə uyğun, onun hava limanında necə aparmalıdırsa, o cür aparır. Belə təəssürat yaranır ki, hər kəs onu sevir. Bu isə yanlışdır. Reallıq başqadır. Bunu müşahidə edənlər bilir. Əslində isə, şəxsiyyətə pərəstiş yaratdığı kəslərdən dolayı az qisim insanın ona siyasi simpatiyası var.

O, özü deyib özü eşidir, özü yazıb, özünə vurulur və yazdıqları Quran ayəsidir kimi, hər sətrinin, hər cümləsinin cəbhəçilər tərəfindən ictimailəşməsini istəyir. Cəbhəçilərin müəyyən qismi isə heç oxumadan candərdi Əli Kərimlinin adını nişanlayıb doğru və saxta profillərlə tirajlama siyasəti həyata keçirirlər. Elə buna görə də xalq ilə müxalifət arasında uçurum dərinləşib. Müxalifətin dediyini xalq eşitmir, xalqın səsini isə müxalifət eşitmir. Çünki, bütün yerüstü və yeraltı kommunikasiyalar sıradan çıxıb və ya çıxarılıb.

Özləri üçün bir dairə cızıb onun içində fırlanmaqla, böyük siyasi məqsədlərin reallaşacağını gözləmək yanlışdır.

Ardı var

Related Articles

Back to top button