Illərin fitnə-fəsadını gözündə əks etdirən və qozbelliyi simasına çökmüş siyasətçilərdən azad olmağın vaxtıdır
“Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev “Qafqazinfo”ya müsahibə verib.
– Son dövrdə fəaliyyətiniz nədən ibarət olub? Hansı işlər görülüb?
– Fikirləşmək, götür-qoy etmək və sonunda doğru qərar qəbul etmək də bir fəaliyyətdir. Bu zaman ərzində düşünmək üçün çox zamanım olub, dünya ölkələrinin siyasi tarixini, xalqların mübarizə tarixini oxumuşam. Çoxlu maraqlı insanlarla təmas yaratmış və yeni dostlar əldə etmişəm. Siyasi mübarizə üçün, ortaya ciddi nəticə qoymaq üçün savadlı və düzənli dostların olması da şərtdir. Eyni zamanda, bir neçə xarici ölkədə beynəlxalq konfranslara qatılmışam. Bu konfranslarda da Azərbaycanı siyasi həyatı, iqtidar-müxalifət münasibətləri barədə geniş və əhatəli danışmış və görüşlər keçirmişəm. Hakimiyyətin yaratdığı qeyri-demokratik mühiti, müxalifətin gücsüzlüyünü, hakimiyyətin isə represiyalarını tribunalardan söyləmişəm. Nəhayət, daha fəal və düzənli siyasi fəaliyyət göstərmək üçün son nəticəyə gəlmişəm.
– Bundan sonrakı fəaliyyətiniz üçün planlarınız nədir?
– Planlar çoxdur. Ən böyük istək isə Azərbaycanda yeni nəsil siyasətçilərin və siyasi təşkilatların formalaşmasına dəstək olmaqdır. Tural Abbaslının təşəbbüsü ilə yaradılan “Ağ Blok”u bəyəndim və sevindim. Nəhayət ki, yeni nəsil meydanlara axışmalı və siyasətdə öz sözünü deməlidir. Çünki, indiki müxalifət hazırkı formatda iqtidara sərf edir. Aralarında siçanpişik oyunu gedir. Buna son qoyulmalıdır və xalqın inamını da bərpa etməyin yolu bundan keçir. Gözü yağır edən, yoran, illərin əzabını, hiyləsini, fitnə-fəsadını, yalanlarını, kifləmiş vədlərini, zaman kimi qocalmış, dişi tökülmüş və ən nəhayət qozbelliyi simasına çökmüş siyasətçilərdən azad olmağın vaxtıdır. Onlar insan kimi gözəldirlər, dost kimi bəlkə də münasibdirlər, ziyalı kimi faydalıdırlar, amma artıq dəyişmək istəyən Azərbaycana uyğun siyasətçi deyillər. Bunun üçün təşkilatlanırıq və nəticələrimiz də var. 2015-ci il bir çox fitnə-fəsadı, yalanları və hiyləni simasında daşıyan siyasətçilərin son ili olacaq. Yeni siyasətçilər və zamanın axarını tutub gedə bilən yeni nəsil onları sıxışdırıb çoxdan oturmalı olduqları məkana göndərəcək.
– Parlament seçkiləri az müddət qalsa da, siyasi sferada aktivliyin olmaması səbəbi nədir?
– Çünki siyasi sfera dediyiniz məkan çoxdan sıradan çıxıb və ya çıxarılıb. Heç siyasətlə məşğul olanların və böyük-böyük bəyənat verənlərin də heç bir inamı qalmayıb. Sadəcə, rahat həyatlarını və kreslolarını qorumaq üçün ara-sıra “burdayam” deyə səs çıxarırlar. Təbii ki, xalq da bunu görməmiş deyil, elə ona görə də onlardan da dəstək yoxdur və təbii ki, ənənəvi siyasətçilərə olmayacaq da. Hazırda bu vəziyyəti dəyişmək iqtidarında olan yeni nəsil siyasətçilərin formalaşma və meydana çıxma mərhələsi getməkdədir. Həm də proses çox sürətlə gedir. İnanıram ki, dəyişiklik yaratmaq üçün ilkin zəminləri çox qısa zamanda ortaya qoya biləcəyik.
– Siz özünüz parlament seçkilərinə qatılacaqsınızmı?
– Təbii ki, qatılacağam. Dairə ilə bağlı qəti qərarım yoxdur. Elə dairə seçmək istəyirəm ki, orada çoxlu inzibati və hakimiyyət tərəfindən süni şəkildə yaradılan maneələrlə qarşılaşmayım. Yaxud, “təyinat”ı şübhə doğurmayan başabəla namizdələrlə üz-üzə gəlməyim. Qərarım sona kimi mübarizə aparmaq və çoxdan haqq etdiyimiz tribunaya qalxaraq doğruları xalqa və seçicilərə söyləməkdir.
– Müxalifətin seçki öncəsi durumunu necə qiymətləndirirsiniz?
– Çox pis, çox bərbad və çox ümidsiz. Məgər müxalifət qalıb ki? Bütöv sistem oyunların və çirkin dartışmaların qurbanı olub. Müxalifət çoxdan polis rejimi yaradan və demokratiyanı boğan, tapdalayan, günahsız insanları həbsə atan iqtidarı unudaraq öz arasında savaş edir. Səhnədə tək güclü qalmaq imitasiyası yaradıb hakimiyyətdən daha çox pul almaq və qaranlıq işlərlə məşğul olmaq həvəsi var ortada. Bir dəfə qeyd etmişdim bunu. Hər bir siyasi partiya, təşkilat və digər siyasi qurumlar wi-fi sistemi kimi yalnız 50-100 kvadrat metr əraziyə, yəni bu çevrədə olan insanlara səsini çatdıra bilirlər.
Həmin çevrədən kənarda isə onların mübarizəsini, fəallığını heç kim görmür və heç görmək də istəmir. Uzun illərdir seçkilərdə namizədliyini irəli sürənlər, siyasi debatlara qatılanlar eyni simalardır. Əgər 2013-cü il prezident seçkilərinə nəzər yetirsək, 2010-cu ildə siyasi səhnədə olan insanların təkrarını görərik. Habelə, 2008-ci ili 2005, hətta 2003-cü illə müqayisə etsək, yenə də tanış üzlər, analoji çağırışlar, bəyanatlar, məğlubiyyətlər və məşəqqətlər göz önünə gələcək. Bu mənzərə təbii olaraq, insanların böyük bir qisminin siyasətə, müxalifətə marağını öldürüb. Xalqla siyasətçilər arasında dərin uçurum yaradıb. Hazırda, yeni nəsil daha sürətlə yerini bərkidir və bu seçkilərdə ənənəvi müxalifətdən fərqli olaraq, fərqli danışan və fərqli siyasət aparan daha çxo insan olacaq. Xalq onları tanıyacaq və elə buna görə də deyirəm ki, 2016-cı ilə bir çox köhnə siyasətçilər “sağ” çıxmayacaqlar.