AnalysisArticles

Qarabağ müharibəsinin qələbə formulu – Siyasi Baxış

Razi Nurullayev 10Bu yazıda Dağlıq-Qarabağ münaqişəsinin potensial həlli variantı barədə fikirlərimi irəli sürmüşəm. Hər kəsin fikir və düşüncələrini də dinləmək istərdim. Şərh bölümündə, Facebook səhifəmdə yaza bilərsiniz.

Hörmətlə,

Razi Nurullayev, AXCP sədri

Hazırkı hərbi, siyasi və sosial durum: şəhid verməliyikmi?

Dağlıq Qarabağ münaqişəsinin Rusiya tərəfindən həll edilməsi heç zaman real olmayıb. Ermənistan prezidenti Sarkisyanın Bloomberg agentliyinə verdiyi müsahibədə “Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır” fikri Ermənistanın asanlıqla boyun əyməyəcəyi anlamına gəlir. Onsuz da Rusiyanın Ermənistana yetərli təzyiq göstərəcəyi gözlənilən deyildi. Bununla Rusiya ilə bağlı olmayan ümidlər də suya düşdü.

Rusiyanı Ermənistana qarşı daha sərt mövqe tutmağa və Ermənistanın işğalçı rejimini sülhə vadar etmək üçün Azərbaycanın 4 günlük müharibədə əldə etdiyi üstünlük görünür ki, kifayət etməyib. Əgər belə olmasaydı, Ermənistan müharibənin yenidən başlanmasından qorxuya düşərdi. Görünən budur ki, Ermənistana keçilən hərbi dərs kifayət etməyib. Hazırda Ermənistan hərbi boşluqlarını doldurmaq üçün çalışmaqdadır. Bu isə onu deməyə əsas verir ki, torpaqlarını azad etmək üçün çarpışan Azərbaycan ordusu üçün itkilərdən qaçmaq çətin olacaq. bacarArtıq işğalçı rejimin sərhəd bölgəsinə qadın snayperlər yerləşdirilməsi ilə bağlı məlumatlar da gəlməkdədir.

Amma məşhur deyim kimi: Topraq uğrunda ölən varsa Vətəndir! Vətənin bir qarışını belə azad etmək üçün şəhid verməyə də, hər birimiz əlində silah şəhid olmağı da bacarmalıyıq!

Bu gün sosial şəbəkələrdə, mətbuat səhifələrində ardı-arda müharibəyə çağırışlar edilir. Təbii ki, işğal altında olan torpaqların müharibəsiz azad oluması müşkül məsələdir, elə buna görə də mən də düzgün planlaşdırılmış, itkilərin minumuma endiriləcəyi və perspektivi aydın müharibənin tərəfdarıyam. Buna isə uca Allahdan başqa heç kim zəmanət verə bilməz. Çünki, düşmən də ov tüfəngi ilə silahlanmayıb. Düşmənin də bizim bilmədiyimiz gizli silahları ola və ya sonuncu dörd günlük müharibədən sonra ölkəyə gətirilə bilər.

Biz itkilər verməyə, aylarla davam edə biləcək (müharibənin nə qədər sürməsinə heç kim zəmanət verə bilməz) müharibəyə, onun yaratdığı iqtisadi şəraitsizliyə, daxili siyasətin dondurulmasına, hətta sosial şəbəkələrin belə ciddi nəzarət altına alınmasına və hər kəsin yaza biləcəyinə məhdudiyyət qoyulmasına, söz və fikir azadlığının məhdudlaşdırılmasına hazırıqmı? Yoxsa, müharibə gedə-gedə yalan məlumatlar yaymaq, şişirdilmiş statistika və faktlarla gözlənti yaratmaq, hər şəhid torpağa basdırılanda siyasi hakimiyyəti qınamaq kimi peşəmizdən əl çəkməyəcəyik?

Müharibənin öz qanunları var və bizi gözləyən aqibət barədə arqumentlərimi əsaslandırmaq istərdim.

Müharibədə itkilər

Azərbaycan nə qədər müasir silahlara malik olsa da, kifayət qədər itki verməsi qaçılmazdır. Çünki, Ermənistan hazırda olduğu mövqelərdə qalmaq üçün atəş açacaq, Azərbacyan ordusu isə işğal altında olan torpaqları azad etmək üçün hücumda olacaq. Hücum edən tərəf hər zaman daha çox canlı qüvvə və texnika itkisi ilə üzləşir. Şəhər və rayonlara hər gün onlarla şəhid gələndə buna dözümümüz olacaqmı? Yoxsa yenə də, Dağlıq Qarabağı, şəhidləri, torpaq sevgisini siyasi, şəxsi və digər çirkin məqsədlər üçün istifadə edəcəyik? Xalq olaraq buna hazırıqmı? Xalq olaraq, umu-küsünü kənara qoyub, ərazi bütünlüyümüzün təminatı üçün şəxsi zəmində belə qurbanlara hazırıqmı?

Müharibə varsa, şəhidlərin sayı onlarla, yüzlərlə olacaq. Bu qədər şəhid verməyə dözüm varmı? Müharibədə hər şey olur. Udmaq da var, uduzmaq da. İşğaldan torpaq azad etmək istədiyimiz yerdə, çərxi-fələyin dövranı döndü və biz yeni torpaq itkisi ilə üzləşdik. Buna ehtimal vermirəm, amma ehtimallar hər zaman qalmaqdadır. O zaman nə baş verəcək? Deyəcəyik ki, hakimiyyət torpaqları satdı, İlham Əliyev torpaqları ermənilərə verdi? Prezidentin, siyasi hakimiyyətin zəmanəti varmı ki, xalq qəzəbini ona qarşı yönəltməyəcək? Hansısa siyasilər bundan hakimiyyətə gəlmək və populizm üzərində qəhrəmanlıq qurmaq istəməyəcək? Kim verir o zəmanəti?

Müharibə və daxili durum

Müharibə etmək üçün ciddi hazırlıqlar tələb olunur. Bir boşluq belə saxlanılırsa, həmin boşluq problem yaradır. Onun üçün də müharibə zamanının qaydaları, amma imitativ olmayan müharibə şəraitində tətbiq olunmalıdır. Hesab edirik ki, hakimiyyət real və sözün tam mənasında torpaqların azad olunması üçün müharibə edəcəksə və torpaqları azad edəcəksə, bütün siyasi partiyalar öz fəaliyyətini məhdudlaşdıracaq. AXCP başda olmaqla, ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların əsas məqsədi Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır. Amma hakimiyyət müharibə şəraiti adı altında öz dominantlığını gücləndirmək, siyasi institutların, ictimai institutların fəaliyyətini dondurmaq yolunu tutacaqsa, təbii ki, adekvat cavab – müqavimətlə rastlaşacaq.

Eyni zamanda müharibə aparan ölkədə mətbuatın da eyni mövqedən çıxış edəcəyinə və özünün fəaliyyətinə daxili senzura tətbiq edəcəyinə qəti əminik. Hətta dövlət nəzarəti olmasa belə, sosial şəbəkə istifadəçisi olan şəxslər sülh dövründə olduğu kimi fəaliyyət göstərməyəcək. Təbii ki, istisnalar mümkündür. Ölkəmizi istəməyənlər, müharibə şəraitindən istifadə edib öz məkrli planlarını gerçəkləşdirmək istəyənlər də olacaq və bu kateqoriyaya daxil olanların isə müharibə qanunları ilə cəzalanacağı da şübhəsizdir. Dövlət onları cəzalandırmalıdır. Eyni zamanda ictimaiyyət də bu tipləri ictimai qınağa çəkəcək və onlar sosial müdafiəsiz qalacaqlar.

Dörd günlük müharibə zamanı yaramaz bir siyasi fəal yazmışdı ki, Azərbaycan tərəfdən çoxlu şəhid var və onları Beyləqan xəstəxanasına kamazlarla daşıyırlar. Bu cür davranışın və təfəkkürün inikası müharibə dövrü üçün xəyanətkarlıqdır və müharibə qanunlarına görə də cəzası güllələnmədir.

Biz xalq olaraq, millət olaraq müharibənin ağır şərtləri altında yaşamağa, azadlıqlarımızı, gündəlik həyatımızın düzənini məhdudlaşdırmağa, müharibə qanunları ilə cəza almağa razıyıqmı? Elə hesab edirik ki, cəmiyyətin bütün sağlam qüvvələri buna hazırdır, təki torpaqlarımız işğaldan azad olunsun.

Cəmiyyətin müharibə davranışı 

Azərbaycan cəmiyyətində nə birinci Qarabağ müharibəsi, nə də ikinci Qarabağ müharibəsi (dörd günlük müharibə) zamanı cəmiyyətimizin müharibə davranışı olmayıb. Hər halda dörd günlük müharibə zamanı cəmiyyət birinci müharibəyə nisbətən daha mütəşəkkil toparlana bildi. “Mühteşem Yüzyıl” serialına baxan zaman Sultan Süleymanın bir kəlməsini heç zaman unutmuram: “Hər şeyin fazlası zarardır”. Vətənpərvərliyin, torpaq sevgisinin də cahilcəsinə aşırı olması zərərlidir. Yağışdan sonra göbələk kimi artan internet üzərində fəaliyyət göstərən mətbuat Azərbaycan ordusunun Şuşanı azad etdiyini, Xankəndini azad etdiyini və artıq İrəvana doğru irəlilədiyini belə yazdı. Whatsup vasitəsilə audio, video yazılar paylaşıldı və Qarabağın tam azad edildiyini gözüylə görənlərin olduğu deyildi.

Cəmiyyətdə böyük bir gözlənti yarandı. Məlum olanda ki, 8 post və bir neçə strateji yüksəklik azad olunub,  aşırı vətənpərvərlik nifrətə döndü. Bir çoxlarının sevinci qursağında qaldı, siyasi hakimiyyət pis vəziyyətə düşdü və bundan bəzi siyasətçilər öz nüfuzlarını qaldırmaq üçün istifadə etdilər. Budurmu müharibə davranışı?

Müharibə olan ölkədə təntənəli toy mərasimləri keçirilə bilməz. Müğənnilər istədikləri kimi toy sifarişləri qəbul edə bilməz. Əyləncə mərkəzləri, bütün gecə əxlaqsız qız və oğlanların cingildəyən səsi və papiroslarının tüstüsü ilə dolu barlar at oynada bilməz. Bir şəhid anası, atası, bacı və qardaşı yasa batdığı zaman, qonşusu toy edə bilməz. Təbii ki, yas və toy qardaşdır. Amma, müharibə zamanı toy edən də müharibə əhvali-ruhiyyəsi ilə toy etməlidir. Pulu var deyə, adambaşına 100-300 manatlıq toy süfrəsi açan şəxsin hərəkəti vətənə, millətə, dövlətə və şəhidlərin ruhuna xəyanətdir.

Siyasi hakimiyyət övladlarını cəbhə xəttinə göndərməyə hazırdırmı?

Qələbə üçün kasıbın uşağının şəhid olması yetərli deyil. Cəmiyyətdə birliyə nail olmaq üçün hər kəsin övladı cəbhə üçün çalışmalıdır. Əgər pullu şəxslər – biznesmenlər, nazirlər, digər yüksək çinli dövlət məmurlarının övladları xaricdə təhsil alacaqsa, işləyəcəksə, yaşayacaqsa və ya digər səbəblər üzündən ölkədən çıxarılacaqsa, “hər şey cəbhə üçün, hər şey qələbə üçün” intizamı pozulacaq. Hər kəsin dilindədir ki, müharibədən qaçan varlı və məmur övladları bu ölkənin naz-nemətindən, təravətindən, təbiətindən, əyləncə və istirahət mərkəzlərindən daha çox yararlanıblar. Qayğısız həyat sürüblər. Yağışda ayaqları palçığa, yayda toza batmayıb. Ən bahalı ləziz yeməkləri yeyiblər, ən keyfiyyətli ərzaqları alıblar. Əksəri də pullarını halal yolla qazanmayıb. Rüşvət, korrupsiya, özgəsinin mülkünü, malını ələ keçirməklə qazanıblar. Belə olan halda, onların da bu vətən uğrunda şəhid olmağa hazır duruşu olmalıdır.

Bu olmaycaqsa, qələbə də olmayacaq! Qələbə olsa da, hər kəsin üzü gülməyəcək.

Vahid Qərar Şurası (VQŞ)

AXCP olaraq, Vahid Qərar Şurasını təklif etmişik. Bu Şura yuxarıda deyilən çətinlik və çatışmazlıqlara son qoymaq məqsədi güdür. Təklifimizin qısa formulu budur:

Bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, ictimai birliklərin, ziyalıların və digər söz sahibi olan təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vahid mövqe sənədinin olması vacibdir. Bu, eyni zamanda Azərbaycan dövlətinin və prezidentin danışıqlarda qətiyyətli olması, verdiyi qərarların ölkədə daxili sabitliyin pozulmaması və yaranmış situasiyanın hakimiyyət uğrunda çəkişməyə çevrilməyəcəyinə inancı üçün vacib olduğu qədər də, işğal olunmuş ərazilərin geri qaytarılması, sosial-iqtisadi durumun yaxşılaşdırılması, ölkənin qaçqın-köçkün problemindən xilas olması üçün çox vacib məqamlardandır.

VQŞ-nın tərkibi tanınmış ictimai xadimlər, ölkədə nüfuz malik olan müxtəlif ictimai qurumlar, bütün siyasi partiyalar, o cümlədən nizamnaməsində Qarabağla bağlı müxtəlif fikir və məramlar qeyd edilən ictimai birliklər, işğalda olan rayonların millət vəkilləri və həmin rayonlarda ictimaiyyət arasında xüsusi nüfuza malik ziyalı və ağsaqqallar, 20-25 nəfər tanınmış KİV rəhbərlərindən ibarət geniş tərkibli heyətdən təşkil edilir. VQŞ haqqında daha ətraflı isə burada oxuya bilərsiniz: http://cebhe.info/oxu/17502

Related Articles

Back to top button