Razi Nurullayev: "İndiki halda yönümüm daha çox AXCP-nin siyasi kursuna uyğundur"
Qeyd edək ki, AXCP İdarə Heyətinin son toplantısında, həmçinin tanınmış politoloq Razi Nurullayev partiyaya üzv qəbul olunub.
R.Nurullayev bununla bağlı qəzetimizə açıqlamasında bildirdi ki, onun bu seçimi bir çoxlarında təəccüb yaratsa da, burada qeyri-adi heç nə yoxdur: "Mənim siyasi seçimim heç də partiyalardan gedib-gələnlərin sayı və orada perspektivin olub-olmaması ilə bağlı deyil. Uzun müddət siyasi proseslərdə olan şəxs kimi seçimimi müəyyənləşdirməliydim. İndiki halda yönümüm daha çox AXCP-nin siyasi kursuna uyğundur. Ona görə də bu partiyanın sıralarında olmaq barədə qərar qəbul etdim və müraciət etdim. Sağ olsunlar ki, müraciətimə müsbət cavab verdilər. Partiya üzvü kimi, nə tapşırıq verilsə, canla-başla onu icra etməyə hazıram".
Partiya sıralarına "əliboş" gəlmədiyini deyən Nurullayev müəyyən təkliflərinin, ideyalarının olduğunu söylədi: "Bu təklif və ideyaları, hələ ki, bölüşməmişəm. Yaxın vaxtlarda sədrlə görüşüb fikirlərimi bölüşəcəm".
Ruslan XƏLİL
http://baki-xeber.com/2009/09/08/get=33145