English

Erkən Parlament seçkiləri, 4-5 nazirliyin müxalifətə verilməsi

Razi Nurullayev, AXCP sədri



Partiya sədri Razi Nurullayevin partiya üzvləri qarşısında çıxışı

Azərbaycanda gözə görünə bilən iqtisadi islahatlar aparılır. Amma, islahatların geniş spektrdə aparılmasınan baxmayaraq nəticələr zəifdir. Sosial vəziyyət, əmək haqlarının azlığı, iş yerlərinin azlığı ciddi təlatümlər yaradır. Səbəb isə birdir. Iqtisadi islahatların siyasi islahatlarla möhkəmləndirilməməsi. 

Bir misal gətirim. Sentyabr ayında Kanadanın Freyzer İnstitutunun 100-dən çox ölkəni təmsil edən tədqiqatçılarla birgə hazırladığı reytinq mərkəzi hökumət qurumlarının say tərkibi; mülkiyyət hüququnun müdafiəsi və məhkəmə azadlığı; pul siyasətinin sərtlik dərəcəsi; xarici ticarət azadlığı; kreditlərin, məşğulluğun və biznesin tənzimlənməsi meyarlarına əsaslanaraq iqtisadi cəhətdən azad ölkələrin siyasını açıqlayıb.

İqtisadi azadlıq reytinqinin ilk onluğunda Gürcüstan 7-ci sırada qərarlaşıb. Azərbaycan iqtisadi azadlıq reytinqində 106-cı yerdə qərarlaşıb. Ermənistan 29-cu, Türkiyə 86-cı, Rusiya 87-ci, İran 130-cudur.

Bu Gürcüstanda aparılan köklü islahatların nəticəsidir. Hakimiyyətdə təmsil olunan bir şəxsin başqa vəzifə uilə mükafatlandırılması, birinin vəzifədən alınıb, yerinə digərinin təyin edilməsi də islahat deyildir.

Siyasi islahatların aparılmasını vacib sayırıq və nələri təklif edirik:

Birincisi, siyasi hakimiyyət hökumətdə müxalifətin də təmsil olunmasına şərait yaratmalıdır. Iqtidarla müxalifət arasında social, iqtisadi, siyasi və xarici məsələlərdə müzakirələrin olması vacibdir. Ən azından 3-4 nazirliyin müxalifətə verilməsini məqbul sayır, o cümlədən növbədənkənar Parlament seçkilərinin keçirilməsini faydalı görürük. Yeni Parlamentin rolu ölkədə social, iqtisadi və siyasi islahatların keçirilməsinə yardım göstərməlidir. Parlamentin bir siyasi partiyanın hegemonluğundan çıxarılmasında, həmçinin ayrı-ayrı məmur təbəqəsinin maraqlarına xidmət etmə səylərinə son verilməlidir. Parlament xalqın tribunadan eşidilən səsinə çevrilməzsə, ölkənin hərtərəfli pluralizm şəraitində inkişafından söhbət gedə bilməz.

Ikincisi, siyasi məhbus qismində adı çəkilən, ictimai əsayiş üçün heç bir təhlükə kəsb etməyən insanlar azadlığa buraxılmalı, ən azından azadlığı ev şəraitində məhdudlaşdırılmalıdır. Ölkəmizin davamlı olaraq adının siyasi məhbuslarla bol ölkə kimi hallandırılması Azərbaycana sərmayələrin yatırılmasına ciddi əngəldir və demokratik ölkələrdən turist axınına da ciddi maneçilik törədir.

Əlavə olaraq deyim ki, ölkədə siyasi problemlərin olması, azadlıqların məhdudlaşdırılması, hakimiyyətə tərəfindən müxalifətə qarşı qeyri-ənənəvi münasibətin sərgilənməsi xarici ölkələrə səfər edən vətəndaşlarımıza da mənfi təsir göstərir. Ən azından Azərbaycan pasportuna hörmət göstərilmir.

Deyilənlərin əksinə olaraq Azərbaycan-Avropa münasibətlərinin yüksək səviyyədə olması fikrində deyiləm. Azərbaycan və Avropa arasında enerji razılşaması var və bu yöndə məsələlər rahatdır. Iqtisadi, social və siyasi sahələrdə isə ciddi durğunluq var. Bildiyimiz kimi, Azərbaycan Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı çərçivəsində Assosiasiya Sazişini imzalamaqdan imtina edib və yerinə iki tərəfli strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasını təklif edib. Bu sahədə də irəliləyişlər yoxdur.

Artıq Moldova, Ukrayna və Gürcüstan bu saziş nəticəsində Avropa Bilriyi ölkələrinə vizasız gedə bilirlər. Onlar özlərini mədəni dünyanın bir parçası hiss etməyə başlayıblar, Avropa bazarları onların üzünə açılıb, onlar artıq orada özlərinə iş də tapa bilərlər.

Azərbaycanda nə baş verir? Çox təəssüflər olsun ki, bizim vətəndaşlarımız Avropa Birliyi ölkələrinin və digər Qərb dünyasını təmsil edən dövlətlərin səfirliklərnin qarşısında boyunlarını büküb onlardan imdad gözləyirlər. Biznesimiz azad inkişaf edə bilmir, məhsulunu sata bilmir, Avropa ölkələrindən ucuz kreditlərə çıxışı əngəllənir. Səbəb birdir. Azərbaycan Avropa Birliyi ilə onların irəli sürdüyü şərtlərə uyğun çərçivə sazişi istəmir.

Çünki, o zaman ölkədə bütün siyasi və iqtisadi azadlıqlar təmin edilməli və Azərbaycan Ümümdünya Ticarət Təşkilatına üzv olmalıdır. ÜDT-yə üzvlükdən sonra Azərbaycan Avropa Birliyinin təklif etdiyi və biznes üçün nəhəng iqtisadi imkanlar açan DCFTA adlanan, yəni Dərin və Müfəssəl Azad Ticarət Zonası razılaşmasından yararlana bilər. Hakimiyyət bunu etmir, çünki, ÜDT-na üzv olmaq təbii yolla inhisarların aradan qaldırılması və azad iqtisadi mühitinin yaradılmasıdır. Bu o deməkdir ki, seçilmiş şəxslər milyonlar qazana bilməyəcək, bazara diktə etməyəcək. bu o deməkdir ki, formalaşan azad iqtisadi münasibətlər həm də siyasi mühtin sağlamlaşdırılmasına və real müstəqil orta biznes sinfinin – belə demək olar ki, milli burjuaziyanın yaranmasına vəsilə olacaq.

Azərbaycan Rusiya ilə də iqtisadi və siyasi sahələrdə zəif münasibətlərə malikdir. Bizim vətəndaşlarımız Rusiyada da normal işləyə bilmir, məhsulunu da azad və ucuz şəkildə Rusiya bazarına çıxarmağa əziyyət çəkir. Çünki, MDB-dən başqa digər qurumlarda üzvlüyümüz yoxdur. Azərbaycan həm Qərbə, həm də Rusiyaya qarşı eyni məsafədə dayanmaq yolunu seçir. Bu özü-özlüyündə yaxşı olsa da, iqtisadi cəhətdən bərbad siyasətə çevrilib. Nə Avropa Birliyindən, nə də Ruisyanın imkanlarından yararlana bilirik. Bizi Avropadan da, Rusiyadan da qovurlar. Bir çoxları orada gizli və qeyri-qanuni yollarla işləyir və onlara münasibət qula qarşı olan münasibətlə eynidir.

Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, yaxın vaxtlarda əsaslı dönüş görünmür. Əsaslı dönüş o zaman baş verəcək ki, Minsk Qrupuna daxil olan ölkələrin – ABŞ, Fransa və Rusiyanın dövlət başçıları saəviyyəsində  Ermənistana təzyiq edilsin. Əgər Ermənistan Dağlıq-Qarabağdan kənar rayonlardan bir neçəsini belə qaytarmaq istəmirsə, danışıqlar boş vaxt itkisidir. Azərbaycan bu sahədə dost və qardaş ölkələrin siyasi və beynəlxalq gücündən istifadə edərək dönüşə nail ola bilər. Dost və qardaş ölkələrin dövlət başçılarının həmsədr ölkələrin başçıları ilə birbaşa təması və Dağlıq-Qarabağ məsələsini beynəlxalq gündəmə çevirməsilə irəliləyiş əldə etmək olar. Nə qədər ki, bu münaqişənin səs-küyü regiondan kənara çıxmayıb və dövlətlər arasında sürtüşmə yaratmayıb, münaqişənin həllində gözə çarpan nələrsə olmayacaq.

31 oktyabr 2018-ci il, BMM zalı

AXCP-nin qrup toplantısı

Related Articles

Back to top button