Interviews

Dinin siyasətdə yeri olmamalıdır

Axar.az tanınmış siyasətçi Razi Nurullayevlə müsahibəni təqdim edir.

– Razi bəy, siz partiya rəhbərisiniz, siyasi iddialarla çıxışlar edirsiniz. Amma stolunuzun üstündə Azərbaycan Respublikasının Konstitusiyası yox, Qurani-Kərim var.

– Düzü, Azərbaycan Konstitusiyası mənim kompüterimdə var. Hər gün konstitusiyamızın müəyyən müddəalarına baxıram. Amma iradınızı da qəbul edirəm, buna cavab olaraq, yəqin ki, bir neçə gündən sonra stolumun üstündə inşallah, Azərbaycan Respublikasının Konstitusiyası da olar.

– Bəs Quran nə üçün stolüstü kitabınızdır?

– Mən hər gün Quranı mütaliə edirəm, dinə bağlı insanam. Amma dünyəvi dinin tərəfdarıyam. Mənim dinlə bağlı öz düşüncələrim var və inşallah, bizim hakimiyyətimiz dövründə islam dininin Azərbaycanda hansı yönümdə inkişaf edəcəyi ilə bağlı açıqlamalarımız da olacaq, proqram təqdim edəcəyik. Bəlkə buna görə bizi düşmən elan eləyə bilərlər, bizə qarşı cihad da elan eləyə bilərlər, amma istənilən halda mən dinin Azərbaycanda inkişafını tamamilə, yüz faiz başqa səmtdə görürəm.

– Məsələn, hansı səmtdə? Necə görürsünüz?

– Bunu indi açıqlamayacağam. Çünki indidən debatlara rəvac vermək istəmirəm. Proqramımız hazırlansın, təqdim olunacaq. Bircə onu deyə bilərəm ki, islam inkişaf və elm dinidir. Ancaq təəssüf ki, Azərbaycanda belə deyil.

– Bilirsiniz ki, dindarların hansısa mitinqdə, piketlərdə iştirakı hər zaman cəmiyyətdə sərt şəkildə tənqid olunub. Fikirlər səslənir ki, müxalifət liderləri dindarlardan istifadə edir, onların hesabına siyasi iddialarını həyata keçirməyə çalışırlar. Bəs siz siyasi məqsədlər üçün dindarlardan bir vasitə kimi istifadə edilməsinə necə baxırsınız?

– Kimin xoşuna gəlir-gəlsin, gəlmir də gəlməsin, bildiyim odur ki, dinin siyasətdə yeri olmamalıdır. Din, dinçilər siyasətə qarışırsa, orda fəlakət olacaq, orda parçalanma olacaq. Siyasət elastikdir. Dini isə elastikləşdirmək, dəyişmək mümkün deyil. Yəni sən Quranın müddəalarını dəyişə bilməzsən. Və yaxud hər hansı bir məhzəbə qulluq edən insanın məhzəbini dəyişə bilməzsən. Bəlkə o insanı 10-15 il qabağına qoyub maarifləndirəsən, universitetdə oxudasan, psixoloji vasitələrdən istifadə edəsən ki, onun beynini dəyişəsən, məncə, bu da mümkün görünmür. Amma siyasətçi siyasətini dəyişə bilir, proqramını, tərəfdaşlarını, dostlarını dəyişə bilir. Düşməni ilə dost ola bilir, dostu ilə düşmən ola bilir. Məhz bu fərqliliklər üçün də dinlə siyasət heç vaxt dost ola bilməz.

Mən əminəm ki, hansısa bir mitinqdə iştirak edən dinçilər orda səslənən fikirlərlə, şüarlarla qətiyyən razı deyil. Çünki Azərbaycan dinçiləri Avropaya inteqrasiyanın tərəfdarı deyil. Amma müxalifət olaraq biz və eyni zamanda ənənəvi müxalifət Avropaya inteqrasiyanın tərəfdarıdır, Avropa ilə oturub-durmaq istəyir. Və həmin siyasətçilər xarçpərəstlərlə, yəhudilərlə, buddistlərlə və s. dost olmağın, bir boşqabdan yeməyin, bir stəkandan içməyin tərəfdarıdır. Mitinqə gələn dinçilər isə bu düşüncənin tamamilə əleyhinədir. Ona görə də həmin siyasətçilərlə bu dinçilərin dostluğu müəyyən məqamlarda baş tutsa da, həlledici anda parçalanma qaçılmazdır.

İnanın, bəzi dini düşüncəli müxalifətçilər var ki – şükür, onların sayı azdır – onların əlində hakimiyyət olsa, bizim hamımızı divara dirəyib güllələyərlər.

– Deyirsiniz ki, din siyasətə qarışmaz, qarışarsa fəlakət olar. Bəs sizcə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz siyasətində dindən, dindarlardan istifadə etmirmi?

– Ərdoğan dünyada yeganə insandır ki, dinlə siyasətin uzlaşmasını tapa bilib. Və bu prosesi idarə eləməyi də bacarır. Bu da əksər Türkiyə vətəndaşlarının dini baxışlarının dünyəviliyindən irəli gəlir. Məsələn, Ərdoğan belə bir siyasəti İran, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrində yürüdə bilməzdi. Bu mənada mənim Ərdoğana böyük hörmətim, rəğbətim var. Çünki o, güclü bir Türkiyə yarada bilib. Türkiyəni həqiqi mənada dünyanın lider dövlətlərindən birinə çevirə bilib. Lazımı anda müxalifəti də öz ideyaları ilə birlikdə hərəkət etməyə inandıra bilir. Lazım olanda qəti qərarlar verə bilir. Türkiyə xalqının də kifayət qədər məhəbbətini qazanıb. Və bütün bunların nəticəsi kimi, Türkiyədə siyasi anlamda böhran yoxdur.

– Sualı bir qədər konkret qoymaq istəyirəm: Millətçi Atatürk, yoxsa dinçi Ərdoğan?

– Mən Türkiyənin dünyəvi dövlət olmasının və dinin Türkiyə siyasətində sıfıra düşməsinin tərəfdarıyam. Bu baxımdan Atatürkün yanındayam. Türkiyə cəmiyyətinin özündə dünyəvi dinə bağlılıq var. Türkiyədə din ölkəni texnoloji cəhətdən inkişaf etdirilməsində əngəllər yaratmır. Sadəcə, mədəni və mənəvi irsin inkişafında problemlər yaradır. Amma Ərdoğan bu gün hər tərəfdən əhatələnmiş, məhv edilməyə məhkum olunmuş Türkiyəni külün ortasından alovlandırıb böyük bir ölkəyə çevirdi, iqtisadiyyatını gücləndirdi, lider dövlət elədi. Bu baxımdan isə mən Ərdoğanın yanındayam. Və düşünürəm ki, Ərdoğanın qurduğu Türkiyə Atatürkün Türkiyəsindən daha güclüdür və bu da təbiidir. Çünki Atatürkün dövründə Türkiyə Birinci Dünya müharibəsindən məğlub ayrılmışdı.

– Maraqlıdır, Azərbaycan dövlətinin Nardaran siyasətinə münasibətiniz necədir? Sizcə, düzgün bir addım atıldımı?

– Doğrusu, bu suala hər siyasətçi çətin ki, səmimi fikir bildirə bilsin, amma mən cavab verəcəm. Nardaran hadisələrinin bu səviyyəyə gəlib çıxmasına göz yummaq lazım deyildi. O kəndin üzərində Azərbaycan bayrağı ilə yanaşı, başqa bayraqlar da dalğalanırdı. Amma bura Azərbaycan dövlətdir və onun hər bir yerində ancaq Azərbaycan bayrağı dalğalana bilər. Azərbaycanda qəbul eləsən də, eləməsən də ancaq Azərbaycan Konstitusiyası işləyə bilər. Azərbaycanın da, Nardaranın da prezidenti eyni şəxsdir. Nardaranda və eləcə də Azərbaycanın hər bir yerində Azərbaycan dövlətçiliyi olmalıdır, bəyənsən də, bəyənməsən də. Ölkənin hər yerində Azərbaycan qanunları işləməlidir, xoşuna gəlsə də, gəlməsə də. Allahın qanunları ilə iqtidara meydan oxumağı qəti düzgün saymıram və belə bir şey mümkün də deyil.

Təbii ki, mən Nardaranda dünyasını dəyişən hər bir azərbaycanlıya görə məyusam, bir nəfərin də barmağının qanamasını istəməzdim. Həbs olunanların da azadlığa çıxmasını arzulayıram. Amma hər bir insanın qəlbində Azərbaycan dövlətçiliyi, Azərbaycan Konstitusiyasından irəli gələn müddəalar olmalıdır. Bundan kənar fikirlər heç kimin qəlbində də, düşüncəsində də ola bilməz. Azərbaycan dövlətçiliyinə qarşı atılan hər bir addım xəyanətdir.

– Razi bəy, bizim hazırda yaşadığımız Azərbaycan dövlətinin mənəvi sahibi kimi hesab edirsiniz? Bu dövləti kim qurdu, kim yaratdı? Fikirləriniz maraqlıdır…

– Hər bir ölkənin başkəsəni də olur, yüz minlərlə insanın qanının axıdılmasında günahkarı da olur, amma həmin dövlət onu özünü qəhrəmanı kimi təqdim edir, böyük heykəli də qoyur, turistlər də gedib qabağında şəkil çəkdirir. Çünki o şəxs o xalqın milli qürurudur. Məsələn, Napoleon milyonlarla insanın ölümündə günahkar bir sərkərdədir, imperatordur. Yaxud İngiltərə kralları nə qədər böyük qırğınlar törədiblər, başlar kəsiblər. Amma bu gün o ölkələrdə həmin insanlara qarşı böyük sayqı, hörmət var. Məsələn, bir fransıza deyə bilməzsən ki, Napoleon cinayətkardır. Çünki üstündə Napoleonun şəkilləri olan suvenirləri evlərində saxlayırlar.

Bu baxımdan biz də millətimizin dünya tərəfindən tanınmış şəxsiyyətlərinə qarşı məkrli siyasət yürüdə bilmərik. Artıq iqtidar da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı ciddi bir addım atdı. Məhəmməd Əmin Rəsulzadə və onun tərəfdaşları dəyərini almalıdır. Onlardan sonra isə bu ölkənin azadlıq hərəkatının başında dayanan Əbülfəz Elçibəy dayanmışdı. O da dəyərin almalıdır, alır da. 1990-cı ildə Azərbaycanda 20 Yanvar hadisələri baş verəndə Heydər Əliyev buna qarşı ən ciddi şəkildə etiraz edən bir şəxsiyyət olub. O bu soyqırıma qarşı üsyan etmişdi. Buna görə Moskvadan uzaqlaşdırıldı, vəzifəsini itirdi. Sovet imperiyasının Azərbaycan xalqına qarşı yürütdüyü siyasətin bir qurbanı da Heydər Əliyev oldu.

Rəsulzadə də, Əbülfəz Elçibəy də, Heydər Əliyev də Azərbaycanın tarixə düşən, unudulmaz şəxsiyyətləridir. Bunların heç birinin üzərindən xətt çəkmək mümkün deyil. Bu gün Heydər Əliyevin bütün heykəllərini götürsələr də, 15 ildən, 20, 30, 40, 50 ildən sonra xalq, bizdən sonra gələn nəsillər ona yenə heykəl ucaldacaq, xalq onu yenə ziyarət edəcək. Eləcə də Rəsulzadəni və Elçibəyi də xalqın yaddaşından silmək mümkün deyil.

– Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, Bir kərə yüksələn bayraq bir daha enməz. Amma 23 aydan sonra bayrağımız endi. Yaxud dünyada nə qədər xalqların bayrağı birdəfəlik endirilib…

– Bilirsiniz, səslənən fikirlər ritorik də ola bilər. Məmməd Əmin Rəsulzadə Allah olmayıb ki… Rəsulzadə Quran baxıcısı, ekstrasens deyildi ki… Əmrləri Allahdan almırdı ki, dediyi fikirlər də ilahi söz kimi dəqiq olsun. O, sadəcə, qəlbindən gələn istəyi ifadə eləmişdi və tarix də göstərdi ki, bayrağımız ensə də, təzədən qalxdı.

Bu gün insanlar var ki, Quranda yazılan bir çox müddəaları dartışır. Quranda deyilib, amma real həyatda baş verməyən şeylər var. Məsələn, dəqiq yadımda deyil, Quranda bir ayə vardı, o, keçən il baş verməli idi. Ən çox İŞİD-çilər ümid eləyirdilər ki, keçən ilin həmin günü tarixi bir dönüş yaranacaq və müsəlmanların xristianlar üzərində qələbəsi baş verəcək. Məhz İŞİD-çilər o günə ümid eləyirdilər, amma olmadı. Buna görə də İŞİD-çilərdə ruh düşkünlüyü yarandı.

– Bu yaxınlarda Zərdüşt Əlizadə müsahibəsində “siyasi Şeyx Nəsrullah” adlandırdığı Əbülfəs Elçibəyin böyük türk dünyası haqqında çıxışlarına qulaq asan camaatı siyasi savadsızlıqda ittiham etmişdi…

– Zərdüşt bəyin fikirlərində qətiyyən həqiqət görmürəm. Doğrudur, Əbülfəs Elçibəy küçə nümayişlərindən hakimiyyətə gəlmişdi, təcrübəsi az idi. Amma o zaman Azərbaycan xalqını mübarizəyə inandırmaq, xalqın milli ruhunu oyatmaq, insanların içərisindəki 70 illik pası təmizləmək lazım idi. Xalqa demək lazım idi ki, hardan gəlib, hara gedəcəksən, məqsədin nə olmalıdır? Xalq meydanda hansı sözləri eşitməyi tələb edirdisə, Elçibəy də onları deyirdi. Elçibəy xalqın qəlbi istəyəni xalqa deyirdi. Elçibəy lap prezident olmaya da bilərdi, bir başqa birisi hakimiyyətə gələrdi. Amma o bu sözləri mütləq xalqa çatdırmalı idi. Çünki o, böyük bir xalq hərəkatının lideri idi.

Elçibəy ya vəlvələdən, ya zəlzələdən prezident olandan sonra təbii ki, siyasətində müəyyən düzəlişlər etməli idi və etdi də. Çünki o, artıq Azadlıq Meydanında beş yüz minlərin qabağında danışan lider deyildi, prezident idi. Başa düşürdü ki, hansı sözü harda və necə demək lazımdır. “Ayaqqabılarımı Hind okeanında yuyacam, Azərbaycanın şimalından cənubuna bir milyon kilometr olacaq, Rusiya da Azərbaycanın tərkibinə qatılacaq, İranı da alacağıq, Təbriz bizim paytaxtımız olacaq” və s. – Elçibəy prezident olandan sonra heç zaman bu fikirləri səsləndirmədi və çox düzənli şəkildə, nümunəvi bir prezident oldu. Buna görə də Zərdüşt Əlizadə doğru danışmır. Xalq hərəkatının başında duranlar istənilən sözü deyə bilər, amma kreslonun başında oturandan sonra bu məsuliyyəti hiss eləyirsən. Elçibəy də hiss eləyirdi, anlayırdı…

– Razi bəy, müsahibəmizə başlamamışdan əvvəl dediniz ki, siyasətçi öz təbliğatı üçün şouya da getməlidir. Fikriniz maraqlı gəldi. Nədir siyasi şou?

– Əfsus ki, siyasi şounu müğənnilərin yaratdığı şou kimi başa düşmək cəhdləri var. Siyasi şoular Amerikada, Rusiya, Türkiyə kanallarında da göstərilir. Siyasi şou siyasətçilərin bir-biri ilə disskusiyasıdır. Sadəcə, bir az şou xarakterlidir. İki nəfər üz-üzə dayanıb bir-biriləri haqqında, hətta müğənnilərin üslubunda ifadələr işlədirlər. Məsələn, siyasi şounun ən böyük nümunəsini Hillari Klintonla Donald Tramp yaratdı. Hətta Tramp Hillari Klintona canlı yayımda “fahişə” də dedi. Belə şoular İngiltərə, Fransa siyasətində də baş verir.

– Belə şoular Azərbaycanda da mümkündürmü?

– Xeyr. Azərbaycanda bu cür şouları özünə rəva bilmək əxlaqsızlıqdır, mədəniyyətsizlikdir. Mən bu cür şouları qəbul etmirəm. Siyasətdə də əxlaq olmalıdır. Mən əxlaqlı siyasətin tərəfdarıyam. Siyasi şounu o zaman məqbul hesab edirəm ki, sənin etdiyin hərəkət dövlətçiliyə xidmət edir. Məsələn, Krımın ilhaq edilməsi Putin tərəfindən həyata keçirilən iyasi şou idi. Və yüksək səviyyəli bir şou idi. Əyləncə tərkibli, zarafat, komiklikdən uzaq bir şou idi. Və bu şou nəticəsində Putinin reytinqi 99 faizə çatdı.

– Maraqlıdır, seçkiqabağı sizdən də şou gözləməyə dəyərmi?

– Mənim elə bir planım yoxdur. Əgər spontan olaraq dilimdən hanısa bir söz çıxarsa, o sözün ucundan tutub ucuzluğa gedərlərsə, şou yarana bilər.

– Açıqlama vermişdiniz ki, prezident seçiləcəyim təqdirdə hər bir ailəyə 10 min manat pul verəcəyəm. Bu da bir şou deyilmi?

– Xeyr, şou deyil. Bu barədə açıqlamalar da vermişəm ki, hər bir azərbaycanlı ailəsinə 10 min manat ona görə verilir ki, o, öz biznesini yaratsın.

– Hər bir ailəyə 10 min təxminən, 20 milyard manat eləyir…

– Bəli, 20 milyard Azərbaycanın real iqtisadiyyatına qoyulmuş investitsiyadır. Hansı ki, 4-5 ildən sonra o pullar artıqlaması ilə dövlət büdcəsinə qayıdacaq.

– Razi bəy, siz İsa Qəmbərlə dostsunuz?

– İsa Qəmbərlə mənim həmişə normal münasibətim olub. Ona həmişə hörmətim olub, bu gün də o hörmət-izzət qalır.

– Xəstəxanada ona baş çəkmişdinizmi?

– Mən zəng eləyib iki dəfə Arif Hacılı ilə danışdım, dedi ki, gəlmək məsləhət deyil, həkimlər icazə vermir, içəri buraxmayacaqlar. Dedi, özüm sizə zəng edəcəm. Amma Arif Hacılı zəng eləmədi. Mən üçüncü dəfə zəng elədim, telefonu başqa bir adam götürdü. Yenə dedi ki, yanına buraxmayacaqlar, özümüz əlaqə saxlayarıq. Bir dəfə isə artıq xəstəxanaya çatırdım, yarı yoldan məni geri qaytardılar.

– Kim qaytardı?

– Arif Hacılı. Dedi ki, gəlməyin, xəstə adamın yanına gedəndə kimsə ona infeksiya sala bilər, narahat ola bilər. Mən də qəbul elədim. Amma İsa bəyə baş çəkəcəm.

– Bir açıqlamanızda İsa Qəmbəri və özünüzü dağıdıcı siyasətçi hesab etmədiyinizi demişdiniz. Dağıdıcı siyasətçi necə olur ki?

– İsa Qəmbər nəyi dağıdıb ki? O, Əbülfəz Elçibəydən sonra Azərbaycan müxalifətini birləşdirəcək, onun başında dayanacaq və Elçibəy səviyyəsinə qədər yüksələcək intellektə sahib bir insan idi. Təəssüf ki, ya zəlzələdən, ya vəlvələdən Elçibəy səviyyəsində yüksələ bilmədi. Bunun da ən öndə duran səbəbi 2003-cü il seçkilərində baş verən hadisələr oldu. Sonrakı mərhələdə isə siyasi uğursuzluqlar, heç bir nəticə əldə eləyə bilməməsi müəyyən problemlər yaratdı və artıq özü Müsavat Partiyası sədrliyindən çəkildi. Amma bu gün də düşünürəm ki, İsa Qəmbərin müəyyən hörmət-izzəti var, yenə də dağıdıcı yox, birləşdirici olmaq şansı daha çoxdur.

– Qarşıdan prezident seçkiləri gəlir. Siz də namizədliyinizi verəcəyinizi demisiniz. Namizədliyinizin qeydə alınıb-alınmaması problemi ola bilərmi?

– Əlbəttə… Heç kim bundan sığortalanmayıb.

– Namizəd olmaq üçün 40 min imza toplaya biləcəksinizmi?

– Bəli… Bizim partiyanın 100 min imza toplamaq imkanları da var. Mən özümdə belə bir problem görmürəm. Parlament seçkilərində də təcrübə toplamış insanlarıq. Məsələ imza toplamaqda deyil, o imzaların qəbul olunub-olunmamasındadır.

– Partiyanızın rəsmi qeydiyyatdan keçməməsi seçkilərdə iştirakınıza mane ola bilərmi?

– Yeni Konstitusiyamıza görə 18 yaşdan yuxarı olan hər bir vətəndaş prezident seçkilərinə namizədliyini verə bilər. Mən isə təşəbbüs qrupu və blok şəkildə də namizədliyimi verə bilərəm, bununla bağlı müəyyən işlər də aparıram. Amma yenə də təbii ki, mən insanlara XCP sədri, Əbülfəz Elçibəyin davamçısı kimi müraciət edəcəm.

– Razi bəy, yəqin, özünüz də bilirsiniz, haqqınızda fikir formalaşıb ki, sizin məqsədiniz prezident olmaq deyil. Deyilənə görə, özünüzü hökumətin gözünə ucaldıb və gələcəkdə heç olmasa, parlament partiyası olmaqdan o yana bir məqsədiniz yoxdur.

– Mən əgər bu düşüncədə olsam, özümü ən cılız bir insan hesab edərəm, özümü məqsədsiz, məramsız, kiçik arzularla yaşayan bir zavallı hesab edərəm. Həyatım boyu zavallı bir adam olmamışam, olmaq da niyyətim yoxdur. Kifayət qədər güclü iradəyə malikəm, kifayət qədər qətiyyətim var. Və bəzən özümü də təəccübləndirən qətiyyətli addımlarım olur. Amma vəziyyətə uyğun hərəkət etməyi, yüz ölçüb, bir biçməyi də bacaran adamlardanam. Seçkiyə gedirəmsə, tam gücümlə gedirəm, məqsəd isə seçilməkdir.

Tarix
2018.01.24 / 09:19
Müəllif
Kəramət Böyükçöl

Related Articles

Back to top button