Xalq “Azəriqaz”ın yalanlarını eşitməkdən yorulub – Baş Nazirə məktub
Azərbaycan Respublikasının Baş Naziri Cənab Novruz Məmmədova
Hörmətli Baş Nazir!
Bu məktubla Sizə daha öncə – havalar nisbətən isti keçən zaman və xaricə qaz satan ölkəmizdə süni şəkildə qaz qıtlığı yaradılan zaman müraciət etməli idim. Lakin problemin sizə müraciət olunmadan bəlkə də həlli mümkündür deyə bir neçə dəfə bu problemi ictimailəşdirdim, həyacan təbili çaldım və cavabdeh qurumu ölkə əhalisinə qarşı həyata keçirdiyi laqeydliyə son qoymağa çağırdım.
Hər gün minlərlə vətəndaş da həm mətbuatda, həm də sosial şəbəkələrdə hökuməti ciddi ölçülər götürməyə dəvət edir. Lakin heç nə dəyişmədi və dəyişmir. “Azəriqaz” rəhbərliyi əhalinin sanki heysiyyatıyla oynayır. O zaman yazdığım mətnin yalnız bir keçidini (https://m.facebook.com/story.php?story_fbid=477826039404522&id=133779493809180) də əlavə edirəm ki, sadə vətəndaşların da nə yazdığı, nə düşündüyü haqqında aydın təsəvvür yaransın. O zaman da demişdim “Azəriqaz” ölkəni xaosa, çaxnaşmaya sürükləyir. Bu məsələ hazırda da aktuallığını saxlayır. Yaşadığım Novxanı kəndində və yaşayış massivlərinə verilən təbii qazın təzyiqi o qədər aşağıdır ki, nəinki kombi istilik sistemini işlətmək, heç bir qazan yeməyi də bişirmək mümkün deyil. Novxanı və Bakının digər kəndlərində istilikxanalar işlədən kiçik sahibkarlar da ciddi itkiyə məruz qalırlar. Kiçik, arxasız və ancaq özünə güvənməyə əlacı çatan sahibkarlar ailəsini dolandırmaq üçün istixanalarda pomidor, xiyar yetişdirirlər. İstilik yoxsa, istixanalarda məhsullar da məhv olur.
Cənab Baş Nazir!
Yaşadığım Novxanı massivində vətəndaşlar mobil telefonuma zəng edir, evimə gəlirlər, yolda qarşıma çıxıb kömək istəyirlər. Məlumunuz olsun ki, mən yalnız Novxanı kəndini misal çəkirəm, amma demək olar ki, əksər Bakı kəndləri bu vəziyyətdədir. Axı, bu vətəndaşlar hər gün televizorda eşidir ki, xaricə qaz satırıq. Əgər hökumətin cavabdeh qurumu öz vətəndaşını normal qazla təmin edə bilmirsə, xahiş edirəm ki, bu tipli məlumatlar da televiziyalardan və çıxışlardan götürülüsün ki, insanlar daha da qıcıqlanmasın.
Siz hökumətin fəaliyyətinə, hökumətin xalqa xidmət etməsinə məsulsunuz. Basdırılmış minaya bənzəyən bu və digər sosial problemləri həll etmək və bunu süni şəkildə yaradanların cəzalandırılmasına nail olmaq birbaşa sizin vəzifəniz və səlahiyyətini daxilindədir. Əgər müvafiq qurumlar bu problemi həll etmirsə, Sizdən ölkə Prezidentinə ölkənin normal qazla təmin edilməsi ilə bağlı verilən məlumatların yanlış olması haqqında məlumat verməyinizi xahiş edirəm. Sizin doğru və real məlumatınız əsasında Cənab Prezident də ona verilən yanlış və yalan məlumatlara görə ciddi hesab sormalı olacaq. Bu şəxsi məsələ deyil, bu birbaşa dövlətçilik məsələsidir, dövlətə qarşı işləyən və xalqı narazı salaraq ixtişaşlar yaratmaq istəyən qüvvələrin vaxtında təyin edilməsidir.
Canab Baş Nazir!
Bilməyinizi istəyirəm ki, hər gün xalqla təmasda olan bir şəxs kimi – siyasətçi olaraq, vətəndaş olaraq çox narahatam. Azərbaycan dövlətçiliyi üçün narahatam, onun əsaslarını qazıyanların iş başında olmasından narahatam. Bəzi sahələrdə olduğu kimi əhalinin istiliyə olan tələbatında da bu yanlış davranış özünü göstərir. Əhaliyə normal qaz verilişinin olmaması çox ciddi narazılıqlar yaratmaqdadır və ötən illərdə də dəfələrlə vətəndaşlar buna müxtəlif formada öz etirazlarını bildiriblər, yolları bağlayıblar, müraciətlər ediblər. Nəticə o olub ki, bir neçə gün qazın təzyiqi yüksəlib və sonradan yenə də əvvəlki vəziyyətinə qayıdıb. Cəsur vətəndaşlarımızın qanı bahasına qazandığımız müstəqilliyimizə, sabitliyə qarşı sabotaj edən və ölkə vətəndaşlarını narazı salan təbəqə bizi çox narahat edir.
Vətəndaşlar qazın olmamasına, təzyiqinin aşağı olmasına o halda dözər ki, dövlətin buna gücü çatmır, maliyyəsi yoxdur, enerji ehtiyatları tükənib. Azərbaycan güclü dövlətdir, enerji ehtiyatlarımız yetərincədir. Nəinki özümüzü, bütün Cənubi Qafqazı təmin etmək gücündədir. Belə bir halda nəyə görə mən evimdə donduğum və mənimlə bərabər on minlərlə ölkə vətəndaşı soyuqdan donduğu halda, sahibkarların istixanalarda çəkdiyi zəhməti hədər gedə-gedə aidiyyatı qurumlar ağız dolusu qaz təminatının yüksək olduğundan və xarici ölkələr qaz satdıqlarından fəxrlə danışmalıdırlar?
Cənab Baş Nazir!
İndi mənim bu müraciətim dərc olunduqdan sonra inanıram ki, qaz təminatı normallaşacaq, təzyiqi yüksələcək. Bir neçə gün istilik sistemləri evləri qızdıracaq. Amma bir neçə gündən sonra yenə də əvvəlki vəziyyətə qayıdacaq. Bu o deməkdir ki, kifayət qədər qaz ehtiyatı var, amma ya oğurlanır, ya da bizim bilmədiyimiz başqa üsullarla mənimsənilir.
Hesab edirəm ki, burada çox böyük korrupsiya halları və qanunsuzluqlar var.
Bu məsələnin ciddi araşdırılması üçün dövlət komissiyasının yaradılmasına ehtiyac var. Cənab Prezidentin iştirakı ilə qaz təminatına və digər sosial xidmətlərə dair müşavirə keçirilməsinə ehtiyac yaranıb. Güman edirəm ki, yaradılan komissiya yoxlamalara başlasa ciddi korrupsiya faktları aşkara çıxaracaq. Mən mümkün olan bütün vasitələrlə bu sirlərin üstünü açmaq üçün fərdi olaraq fəaliyyətə keçdiyimi bəyan edirəm. Bu dövlət bizimdir, vətəndaşlar bizimdir və imkan vermək olmaz ki, dövlətçilik nədir bilməyənlər min əzab-əziyyətlə yaradılan və qorunan bu dövləti dağıtsınlar.
Mən Sizdən cavab gözləyirəm və “Azəriqazın” heç bir vədinə, bəyanatına, sözünə güvənim yoxdur! Xalq yalan eşitməkdən yorulub!
Razi Nurullayev, AXCP sədri, 3 dekabr 2018-ci il