Statements

Azadlığa çıxanlara aydın səma və təlatümsüz həyat arzulayıram

“Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı təqsirləndirilən 36 nəfərdən 21 nəfəri ev dustaqlığına buraxılıb. Azad olunanlar içərisində xeyli müxalif siyasətçilər var. Bu doğru yanaşma oldu.

Qarabağ azadlığına qovuşur və belə bir gözəl gündə onların həbsdə qalması doğru olmazdı. Doğru yanaşma, doğru tövsiyyə və doğru nəticə. Bu gün ölkədə siyasi proseslərin doğru idarə olunması və zamanında atılan addımlara görə şadam. 21 nəfər siyasi fəalın PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti nəticəsində azad edildiyini güman edirəm. Belə də olmalı idi.

İndi yeni siyasi konfiqurasiya yaranır və biz bu yanaşmanı daha da inkişaf etdirməli və keçmişə sürüklənməkdən qaçmalıyıq. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə sonlanmasından sonra qarşımızda daha böyük siyasi, geopolitik və regional çağırışlar var. Onun üçün də bizim dəyərlərə, dövlətçiliyə, qanunlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağımız zəruridir.

İnanıram ki, siyasi mədəniyyətin də günü-gündən daha sıx oturuşduğu bir cəmiyyətin parçası olaraq, dövlət və xalq üçün daha səmərəli fəaliyyət göstərə biləcəyik. Azadlığa çıxan bütün şəxslərə aydın səma və təlatümsüz həyat arzulayıram.

Related Articles

Back to top button