Azərbaycanda yeni siyasi dövr başlayır
2010-07-16
Yaranmaqda olan AXCP-Müsavat blokunun pozitivləri barədə
Nəhayət ki, uzun müddətdən bəri müxalifətin baş qaxıncı olan birləşmək problemi aradan qalxmaqdadır. AXCP və Müsavat birləşmə məsələsini qarşılarına məqsəd qoyaraq, bütün böyüklü-kiçikli maneələri aşmağa başlayıblar. Fakt özü sevindiricidir.
***
Əvvəla, bütöv cəmiyyətdə gedən bölünmə, parçalanma prosesinə rəğmən istənilən siyasi qüvvənin birləşmənin əhəmiyyətini qəbul etməsi artıq nəticədir. Heç kimə sirr deyil ki, Azərbaycan cəmiyyəti uzun müddətdən bəri müxalifətdə olan siyasi qüvvələrin birləşə bilməməsini haqlı olaraq bu düşərgənin ciddi nöqsanı kimi qiymətləndirir və bu fakt, cəmiyyətin özündə əksini tapır, proses sanki cəmiyyətin digər zümrələri arasında məntiqi davamını sürdürürdü. Azərbaycan vətəndaşının-seçicinin iqtidar düşərgəsinə münasibəti artıq aydındır. Lakin gözünü müxalifətə çevirən seçicinin heç olmasa bir seçki prosesində belə ortaq məxrəcə gələ bilməyən qüvvələri görüncə hansı depressiv əhval-ruhiyyəyə düçar olduğunu təsəvvür etmək çətin deyil. O baxımdan da bununla bağlı müxalifətə yönəlik tənqidlərə haqq qazandırmamaq olmurdu.
Digər bir məsələ bu arqumentdən əks düşərgənin – iqtidarın və onun müxalifətdəki əlaltılarının fürsətgirliklə istifadə etməsi idi. Psixoloji cəhətdən bu da tam izahlı bir vəziyyətdir: adam özü fəaliyyətsizdir və ya dağıdıcı fəaliyyətlə məşğuldur, elə isə öz işləri barədə hesabat verməkdən yayınmaq üçün ən optimal yol başqalarının daha pis olduğunu sübuta yetirməkdir. Parlamentdə boş-boşuna kürsü zəbt etmək olmaz, nə isə danışmaq lazımdır axı? Elə isə müxalifətdə nöqsan axtarmaq, onu söymək həyati məsələyə çevrilir. Diqqət yetirsəniz, iqtidar nümayəndələrinin və onların əlinə baxan saxta müxalifət “işçilərinin” real müxalifəti tənqid edərkən söykəndikləri yeganə ciddi arqument birləşmək məsələsi idi.
***
Bu dəfəki birləşmə cəhdində ən ümidverici məsələ məqsədə doğru gedən yolda maneələrin düzgün müəyyən edilməsidir. Belə ki, bu dəfə hər iki tərəf indiyədək əməkdaşlıq etdikləri partiyalara münasibətdə düzgün xətt tutublar: böyük məqsədlərə çatmaq üçün kiçik maraqlardan imtina etmək.
Açıq etiraf etmək lazımdır ki, indiyədək həm AXCP ilə Müsavatın, həm də bütövlükdə müxalifət düşərgəsinin birləşməsində əsas maneələrdən biri məhz kiçik partiyaların müxtəlif situasiyalarda cürbəcür şərtlərlə çıxış etməsi idi. Təsəvvür edin, hər hansı seçki ərəfəsində bütün siyasi hesablamalar üzrə belə bir nəticə ortaya çıxır ki, böyük gücə malik partiyalar birləşməlidirlər. Başqa sözlə desək, bu, sosial sifarişə çevrilir. Elə bu məqamda partiyalardan biriylə münasibətləri yaxşı olmayan kiçik partiyalardan biri əməkdaşlıq etdiyi tərəf qarşısında şərtlərlə çıxış etməyə başlayır. Hər iki tərəfdə də eyni situasiya: nəticə isə birlik-blok alınmır. Üstəlik düşərgə daxilində mübahisə qızışır və düşərgədəki görüntü eybəcərləşir. Bu isə seçicisinin gözündən yayınmır.
Başqa bir məqam isə seçki ərəfəsində çox aktuallaşan “siyasi bazarlaşma” təhlükəsidir.
***
Fikirlərimi bir qədər konkretləşdirmək istərdim. Hələ bir müddət öncədən AXCP ilə müttəfiqliyin mümkünsüzlüyünü deyib, Müsavatla sətiraltı da olsa, şərtlə danışan KXCP sədri Mirmahmud Mirəlioğlu seçki yaxınlaşdıqca öz müttəfiqlərini belə heyrətləndirən açıqlamalar verdi. Iqtidar düşərgəsinin işinə yarayan bu açıqlamalarda AXCP sədri Əli Kərimli hədəf götürülməklə yanaşı, dövlət başçısı Ilham Əliyevdən sitat gətirmək kimi jestlər edilməsi və bu açıqlamaların məhz iqtidaryönlü mediada üzə çıxması son vaxtlar müxalifətdə bir qədər ənənə halını almış və daha çox siyasi çəkisi olmayan insanların obyekt olduğu “açıq bazarlıq” prosesinin təzahürləri idi. Səmimi deyirəm, Mirmahmud MIrəlioğlundan bu qədərini gözləmirdim. Bu məsələ üzərində bundan artıq şərh vermək istəmirəm. Çünki mövzunun özəyi deyil. Sadəcə olaraq seçkidə ciddi qələbəyə təminat ola biləcək bir prosesin-birləşmənin qarşısında maneə olan məsələlərin təhlili baxımından bu məsələyə də toxundum.
***
Lakin AXCP və Müsavatın seçki bloku yaratması istiqamətində gedən prosesdə müttəfiqlərlə bağlı təqdiredici məqamlar da var. Bu, Liberal Partiyasının rəhbəri Lalə Şövkətin AXCP-Müsavat blokunun yaradılması məsələsinin mahiyyətini anlayaraq, prosesə loyal yanaşması və siyasi etika nümayiş etdirərək xeyir-dua verməsi oldu. Bu addımıyla Lalə xanım bir daha peşəkar siyasətçi olduğunu ortaya qoydu və hazırki situasiyada bütövlükdə müxalifətin uğur qazanmasını partiya maraqlarına qurban vermədiyini sübut etdi. Lalə xanım digər müttəfiq partiyalara örnək olmaqla yanaşı, bütövlükdə cəmiyyətə ciddi bir müxalif seçki blokunun yaranmasından Azərbaycan xalqının udacağı mesajını vermiş oldu.
url: http://azadliq.info/siyaset/2304.html