Articles

Azərbaycanda kiçik “knyazlıq”lar yarana bilər. Əgər…

Rusiya Dövlət Dumasının təhlükəsizlik komitəsinin sədr müavini Gennadi Qudkov sensasyalı çıxış edib. Deyib ki, hər ay korrupsiya hər bir Rusiya vətəndaşına – qocadan cavana qədər 5,5 min rubla ($180 yaxın), başa gəlir və korrupsiyanın illik dövriyyəsi 300 milyarda çatır. RBC TV-də çıxışını davam etdirən Qudkov daha sonra qeyd edib ki, əgər vəziyyəti dəyişmək üçün elə bu gün işə başlamasaq, o zaman Rusiya yox olacaq, ya da ayrı-ayrı hissələrə parçalanacaq və onlar öz aralarında münasibət quracaqlar. Qudkov ehtiyat edir ki, Rusiya müasir dövrün tələblərinə cavab verməzsə, iqtisadiyyatı dağılacaq. Əlbəttə, Azərbaycan daxil əksər post-sovet məkanına daxil olan respublikaların iqtisadiyyatı korrupsiya piramidası üzərində qurulub. Baltikyanı dövlətlər isə istisnadır. Qudkov Rusiya üçün iki-üç illik proqnoz verib və korrupsiya aradan qalxmazsa, dediklərinin baş verəcəyinə əminliyini də vurğulayıb.

Bu maraqlı açıqlamaya üç kontekstdən yanaşmaq istərdim. 1-ci Gennadiy Qudkovun söylədiklərinin pərdə arxası, 2-cisi Azərbaycan Qudkovun dedikləri kontekstində və nəhayət 3-cüsü, qlobal ismarıc.

1-ci kontekst – Modernizm, yüksək texnologiyalar Köhnəliyə qarşı

Gennadiy Qudkov 2012-ci ilin martında keçiriləcək seçkilərə eyham vurub. Artıq sirr deyil ki, prezident Dmitriy Medvedev ilə baş nazir Vlaidimir Putun arasında gizlin mübarizəyə start verilib. Kreml daxili qüvvələr də ikiyə bölünməkdə davam edir və bu tendensiya daha da intensivləşəcəkdir. Qudkov isə prezident Medvedevin komandasındadır. O demək istəyir ki, Putunlə korrupsiyanın kökünü kəsmək olmaz və iqtisadiyyatı innovasiyalar üzərində qurmaq, modernləşdirmək də müşkül işdir. Rusiyanın problemi Vladimir Putindir. Doğurdan da əgər 2012-ci ildə Putin yenidən prezident seçilərsə, bu zaman Rusiyanın modernləşdirilməsindən söhbət belə açmağa dəyməz. Onun seçilməsiylə ölkədə daxili münaqişələr böyüyəcək və federasiya subyektləri bir-birinin ardınca ən azı iqtisadi müstəqillik uğrunda mübarizə aparacaqlar. Onları cəzalandırmağa qalxan Rusiya prezidenti isə ölkə boyu narazılıqların daha da güclənməsinə və nəticə etibarı ilə Qudkovun dediklərinə gətirib çıxaracaqdır.

Xatırlatmaq istərdim ki, bu yaxınlarda prezident Medvedev “Rusiya, irəli!” adlı məqalə ilə çıxış etmiş və orada ölkənin modernləşdirilməsiylə bağlı prinsiplərə toxunmuşdur. Məqalədə o Rusiyanın ancaq xammal iqtisadiyyatına söykənən geridə qalmış bir ölkə olduğunu bildirib və vəziyyətdən çıxmaq üçün ölkənin modernləşdirilməsinin vacibliyini irəli sürmüşdür. Bu adın zənginliyini və çəkiciliyini duyanlardan biri də elə Gennadiy Qudkov olmuşdur. O “Rusiya, irəli!” hərəkatının yaradılması təşəbbüskarlarından biridir. Kiçik bir haşiyə çıxmaq istərdim ki, Qudkov “Ədalətli Rusiya” partiyasını təmsil edir. “Ədalətli Rusiya” isə son zamanlara kimi baş nazir Vladimir Putinin başçılıq etdiyi hakim “Vahid Rusiya” partiyasını dəstəkləsə də, artıq bu praktikasından 180 dərəcə bucaq altında kənara çəkilib. Maraqlısı odur ki, “Ədalətli Rusiya” partiyasının lideri S. Mironov istefa verib və lider kimi qalacağını bəyan edib. Artıq yeni sədr partiyanın parlament fraksiyasının rəhbəri Nikolay Leviçevdir və onun prezidentliyə namizədlyi heç müzakirə də olunmur. S. Mironov özü də prezidentliyə iddialı kimi görünmür. Digər tərəfdən, o bəyan edib ki, “Ədalətli Rusiya” prezident seçkilərində hakim “Edinaya Rossiya” (“Vahid Rusiya”) partiyasının namizədini dəstəkləməyəcək. Artıq “Ədalətli Rusiya” “Vahid Rusiya”ya qarşı sərt müxalifətdə olduğunu söyləyib. Bu o deməkdir ki, “Vahid Rusiya” partiyası 2012-ci ildə baş nazir Vladimir Putinin namizədliyini irəli sürsə də, “Ədalətli Rusiya”nın dəstəyini ala bilməyəcək. Demək ki, “Ədalətli Rusiya” partiyası hazırkı prezident Dmitriy Medvedevin namizədliyini dəstəkləyəcək və partiya özü də qərbyönümlü siyasət yeritməyə başlayacaq. Rusiyada iki hakimiyyətlilik, demək olar ki artıq başlayıb.

Buradan belə nəticəyə gəlmək olar ki, prezident seçkiləri yaxınlaşdıqca, Medvedevin ətrafında modern və proqressiv siyasətçilərin təmərküzləşməsi baş verəcək. Qərb də onlara mühüm dəstəyini əsirgəməyəcək. İki fərqli qütb arasında gedən mübarizə belə xarakterizə olunaraq seçicilərə çatdırılacaq: seçim edin, bir tərəfdə prezident Medvedevin timsalında modernləşmə, yüksək texnologiyalar, müasir, bütöv, azad, korrupsiyasız və Qərbin dəstəyini almış Rusiya, digər tərəfdə isə, baş nazir Vladimir Putinin timsalında parçalanmış, korrupsiya içində boğulan. Qərbin dəstəyindən mərhum olan və kiçik “knyazlıq”lara parçalanan, və nəticədə nüfüzdan düşən Rusiya.

2-ci kontekst – Azərbaycan və özünəməxsus Korrupsiya

Azərbaycanda korrupsiyanın çiçəkləndiyi heç kimə sirr deyil. 2010-cu ildə Beynəlxalq “Transparency İnternational” təşkilatı Azərbaycanı korrupsiya indeksinə görə, 178 ölkə arasında 134-cü yerə qoymuşdu. Azərbaycan 2007-ci ildə 180 ölkə arasında 150-ci sırada, 2008-ci ildə 180 ölkə arasında isə 159-cu sırada yer almışdı. Bu statistikaya baxaraq, ökənin hansı duruma düşdüyünü görmək olar. Bu ilin yanvar ayında iqtidarın başladığı anti-korrupsiya tədbirləri korrupsiya hallarını səngitsədə, onun kökünə zərbə endirmək gücündə deyil. Hamıya məlumdur ki, korrupsiya piramida şəklində qurulub və yüksək səlahiyyət sahibləri tərəfindən kordinasiya olunur.

Əslində, Azərbaycanda qurulan bu sistem birbaşa milyonların əldən-ələ rüşvət halında ötürülməsi demək deyildir. Iqtisadi sistem elə qurulub ki, o korrupsiya olmadan işləyə bilməz. Korrupsiya şəklində toplanan pullar, həm də iqtisadiyyata yatırılır. Məhz, bunun nəticəsidir ki, 2000-ci ildən bəri ölkədə tikinti bumu çiçəklənməyə başladı. Çünki, 11 sentyabr hadisələrindən sonra bank hesabları ciddi nəzarətə götürüldü və nəticədə korrupsiya pulları daxili investisiya şəklində ölkəyə yatırıldı. Maraqlı bir faktı qeyd etmək istərdim: bu yaxınlarda bir xarici diplomatla söhbət edən zaman bu məsələləri dartışdıq və o dedi ki, Azərbaycan Afrika deyil. Sizin bəxtiniz gətirib ki, toplanan pullar investisiya şəklində yenidən ölkəyə yatırılır. Xarici offşor məkanlarda şirkətlər yaradılır və onların da adından ölkəyə külli miqdarda pullar yatırılır. Xarici şirkət adı altında öz pullarınız ölkənin iqtisadiyyatına xidmət edir. Düzdür, təbii ki, diplomatın bu mövqeyini paylaşmadım, amma bu məni düşünməyə vadar etdi. Bu düşüncəmin möhkəmlənməsində və aydınlaşmasında isə Gennadiy Qudkovun fikirləri mühüm rol oynadı.

Azərbaycanı nə gözləyə bilər?

Maraqlıdır ki, Azərbaycanın bölgələri nazirliklər və ona bənzər qurumlar arasında bölünüb və həmin şəxslər özləri üçün kiçik “knyazlıq”lar yaradıblar. Ölkədə külli miqdarda qeyri-standart yolla varlanmış nazirlər, komitə rəhbərləri, icra başçıları mövcuddur və onlar dövlət büdcəsindən ayrılmış pulları da şəxsi vəsaitlərinin xərclənməsi kontekstində əhaliyə sırıyırlar. Bu iqtisadi piramida Azərbaycanı çıxa bilməyəcəyi bataqlığa sürükləyir. Necə ola bilər ki, dövlət büdcəsindən ayrılan pulların xərclənməsi ayrı-ayrı nazirlərə tapşırılsın və onlar həmin ərazidən məsul olsunlar? Bu məgər böyük əyintilərə, korrupsiyaya, özbaşınalığa yol açmırmı? Dövlət investisiyaları dövlətin özü tərəfindən tənzimlənməlidir. Qorxulu fakt odur ki, bu cür bölünmə ölkədə sosial ayrı-seçkilik mühiti yaradır və artıq demək olar ki, Azərbaycan qeyri-rəsmi iqtisadi subyektlərə çevrilməkdədir. Bir iqtisadi subyektdən digər iqtisadi subyektə axın başlayır. FHN Kəmaləddin Heydərovun nəzarətində olduğu iddia edilən şimal-qərb zonası daha sürətli iqtisadi templə inkişaf edir, amma mərkəzi aran rayonları isə səfalət içində boğulur. Doğrusunu deyim ki, bu zonaların kimin nəzarətində olduğu iddia edilən şəxsin kimliyi barədə məlumatım yoxdur. Amma, görünən odur ki, şimal-qərb zonası ilə aran zonası arasında elə bir uçurum yaradılıb ki, onu doldurmaq üçün illər lazımdır. Belə bir bölüm ölkəni iqtisadi cəhətdən inkişaf etdirə bilərmi? Xeyr. Belə bir inkişaf ölkə ərazisində kiçik “knyazlıq”ların yaranmasına gətirib çıxara və nəticədə iqtidarın özü öz içindən dağıla bilər.

Qlobal İsmarıc və Dirənişin Bədəli

Dünya dəyişir. Dünyanın həm iqtisadi, həm də siyasi palitrası dəyişir. Dəyişmək istəməyən liderlər də dəyişir. Hətta, Fidel Kastro da dəyişir. Artıq 1959-cu ildən bəri ilk dəfə olaraq vətəndaşlara əmlak sahibi olmağa icazə verilib. Iqtidar bütün siyasi isteblişmentini tam istefaya göndərərək, dövlətin yüyənini yeni nəsil siyasilərin əlinə verməkdədir. Mərakeş kralı ölkədə ciddi siyasi azadlıqlar yaratmaqdadır. Suriya 63-cü ildən bəri davam edən fövqəladə rejim vəziyyətini ləğv etdi. Misir demokratiyaya doğru addım atdı. Liviya həm dəyişir, həm də dağılır. ABŞ xarici siyasi kursunda kardinal dəyişiklik edərək xalqlarla işləmək kursu tutdu. Iqtisadi qurum kimi yaddaşlara həkk olunan Avropa Birliyi tam siyasiləşdi. İndi o siyasi liderlik uğrunda mübarizə aparmaqdadır və hətta, kosmosda ABŞ asılılığından qurtarmaq üçün “Qaliley” adlı süni peyklər şəbəkəsini 2015-ci ilə kimi orbitə çıxaracaqdır.

Dünya dəyişir. Biz də dəyişməliyik. Biz dəyişməsək, bizi dəyişəcəklər. Dəyişək, inkişaf edək!

 

http://qafqazinfo.az/AZ%C6%8FRBAYCANDA_KI%C3%87IK_%E2%80%9CKNYAZLIQ%E2%80%9DLAR_YARANA_BIL%C6%8FR._%C6%8FG%C6%8FR%E2%80%A6-9024-xeber.html

Related Articles

Back to top button